“Qorxudan cənazəsinə yaxın
düşə bilmədim...”
Şəhid polkovnikin xanımı: “O ananı görəndə öz dərdimdən utandım”
Lent.az yeni silsiləyə başlayır. Saytımızın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edəcəyik.
***
Qapıdan girib salamlaşıram. “Çərşənbəniz mübarək!” Bayaq tonqal üçün taxta daşıyan uşaqların havasındayam, həm də qonaq olduğum evə xoş əhvalla qədəm qoymaq istəyirəm. Ev sahibəsi “yalançı çərşənbədir” deyir. Bu ilk çərşənbəyə yalançı çərşənbə dediklərini sonradan öyrənirəm. İndən belə bu evdə bir xeyli belə olacaq: yalançı çərşənbələr, yalançı bayramlar...
Sevinc xanımın məni içəri ötürdüyü, divardan Raqufun portretinin asıldığı qonaq otağında səssizliklə qarşılaşanda Sevinc xanım izah edir:
“Hamı evdədir indi. Anam da buradadır, iki
oğlum da. Elə bilməyin ki, sizə
görə belə sakitlikdir. Yox. O
gündən bəri hər gün belə sakitlikdir. Hər kəs bir yerə çəkilib. Bir bağ, bir həlqə qopub. Düşmənimə
də arzulamıram bu sakitliyi...”
Aprel döyüşlərində şəhid olmuş əfsanəvi
kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun evindəyəm. Həyat
yoldaşı Sevinc xanımla Raqufdan danışacağıq.
O Raqufdan ki, əsir düşmüş əsgərləri qaytarmaq üçün
böyük qəhrəmanlıq göstərmiş, bir
neçə düşməni əsir götürmüş
və bizim əsgərlərlə dəyişməyə nail
olmuşdu. Və bu, onun qəhrəmanlıqlarından
yalnız biri idi. O Raquf Orucovdan ki, briqada
komandiri ola-ola ermənilərin içərisinə dəfələrlə
tək, bəli, tək, kəşfiyyata
gedib-qayıtmışdı. O Raqufdan ki,
adı “Murov qartalı” kimi əbədiləşmişdi.
Divardakı portretə baxıram. Niyəsə
ilk olaraq Raquf Orucovun atası İbrahim kişini soruşuram.
“Raqufgil dörd qardaş,
bir bacı olublar. Raqufun anası şəhid
olanda Raqufun bacısının 7 yaşı olub. Yetim qalıblar. El-oba dağılıb,
qaçqınlıq... Onlar gəlib Sumqayıtda
bir yataqxanaya yığışıblar. Hətta
yaşayış yeri belə olmayıb, qaldıqları yer
klub olub. Arada düşünürəm
ki, insan bu qədər əzabı bir ömrə necə
sığdıra bilib? Raqufun atası indi də yataqxanada kiçik
oğlu ilə qalır. Heç hara da getmək istəmir,
deyir mənə məzar da çoxdur, oğlumdan sonra nə mənası
var ki?...”
Bu cümlədən sonra ağır bir sükuta yol verməmək
üçün tələsik nəsə soruşuram. Sevinc xanım
cavab verir. Deyəsən, necə tanış
olduqlarından danışır.
Eşq
Təsadüfi tanışlıq olub. Ailələri
belə bir-birini tanımırmış. Amma
bu bağ o qədər güclü olur ki, Sevinc xanım ona
sözün əsl mənasında həyat yoldaşı olur,
Raqufun hərbçi həyatına yoldaşlıq edib, onun
xidmət etdiyi yerlərdə yaşayır. Və bu 17 illik evlilik müxtəlif evlər,
ayrılıqlar, görüşlər, yollarla dolu bir
sevgililik olur. Bu yerdə Sevinc xanımla xatirələrlə
başlayıb, sükutla qırılan söhbətimizin ən
qısa dialoqu keçir:
- Sevinc
xanım, bu 17 ilin neçə ilini birgə keçirə
bildiz?
- 4 il olmaz.
Nikah
andlarında belə bir cümlə var: “Ölüm bizi
ayıranadək”. Deyəsən, ölüm də ayıra
bilməyib:
“Bu halımla heç vaxt həyatıma görə
peşman olmadım. Bir də həyat verilsə, sonunu bilə-bilə yenə
bu həyatı, onunla bu 17-cə il birgə
yaşadığımız bu həyatı seçərəm”.
Ardınca “Raqufda nə sizi heyran etdi?” soruşuram. Göz-gözə
danışdığımız Sevinc xanım bir anlıq mənə
baxa-baxa qarşısında Raquf Orucovu görür: “Mavi
gözləri vardı....”
Komandir
Handan-hana
bir əlavə daha: “Hərbi libas ona çox
yaraşırdı. Dürüst idi, saf idi.
Kişi kimi kişi idi... O qədər
ayrı qaldıq. Bir zəngi toy-bayram idi. Evə gələndə harasa getmək, əylənmək
ağlımıza da gəlməzdi. Eləcə
onun bizim yanımızda olması xoşbəxtlik idi. Başqa heç nə arzulamırdıq. Mülki həyatı sevmirdi. Baxırdı
televizora, buradakı insanlara deyirdi elə bil bir ölkənin
insanları deyilik. Deyirdim, bura paytaxtdı,
mərkəzdi, fərqlidir. Deyirdi yox, buralar mənlik
deyil... Çox dedim, axır vaxtlar lap
çox deyirdim. Heç vaxt da qəbul etmədi.
O heç bizimlə burada qala bilmirdi, darıxırdı”.
Bir
insanı sərt hərbçi həyatına, təhlükə
ilə üz-üzə olan bir yerdə, soyuq Murovda usanmadan xidmət etməyə
nə bağlayırdı? Müharibə ilə öz
haqq-hesabı var, itirdiyi vətən torpağı, şəhid
anasının xatirəsi... deyə
düşündüyüm yerdə Sevinc xanımdan bir
başqa cavab da alıram: “Deyirdi ki, mən sizlə burda necə
bayram edə bilərəm? Orda əsgərlərim var,
xalqın balası mənə əmanət olunub...” Raquf Orucovun bir ailəsi də orda imiş. Daim
təhlükədə olan bir ailəsi: əsgərləri. Danışırdımı onlardan? Suallarımı
sanki gözlərimdən oxuyur Sevinc xanım:
“Çox da danışmazdı əsgərlərindən. Deyirdi, onlar əmanətdilər.
Bir dəfə gülümsəyə-gülümsəyə
özü danışmağa başladı. Əsgərlərindən birindən xəbər gələr
ki, intihar etmək istəyir. İpdən
özü açır. Özünə gələndən
sonra söhbət edir, danışdırır. Öyrənir ki, gənc əsgərin sevgilisi var, həm
də öz əmisi qızıdır. Amma
qızı başqasına verirlər. Xəbəri alan əsgər çıxış yolunu
intiharda görüb. Raquf uşağı dinləyəndən
sonra zəng edib oğlanın əmisini də, atasını
da çağırtdırır. Nigaranlıqla
özünü yetirən iki qardaş salamatlıqdan
arxayın olan kimi Raquf söhbəti açır və rəsmən
elçilik edir. Qızn “hə”sini
alır”.
Sevinc xanımın çöhrəsi payız səması
kimidir. Arada xatirələrdən işıqlanır, amma
tez də buludlar işığın qarşısını kəsir,
göz yaşı... sonra yenə bir xatirə
işığı buludlar arasından boylanır. Belə
olur deməli bir adamın yoxluğu...
“Deyirdi ki, qədrimi bilirlər mənim, narahat olma. Haqlı
imiş. Təsəvvür edin, ən
sevdiyim insanı itirmişəm, onu aparırlar, mən
xalqın qorxusundan ona yaxın düşə bilmirəm.
O qədər insan var, hamı onu ağlayır. Həm iynələrin təsirindən keyləşmişdim,
həm də bu qədər insan məni elə təəccübləndirdi
ki. Öz-özümə dedim ki, mənim
deyilmiş Raquf. Heç vaxt da mənə məxsus
olmadı. Elə aparanda da gördüm.
Kimin üçün yaşayırdısa, kimlər
üçün döyüşübsə, onlar da alıb
aparırdılar. Əllərində
götürüb bir-birinə ötürürdülər.
O anda mən ağlamağıma görə utandım. Deməli, bu insanları o özü qazanıb, bu
sevgini damla-damla yığıb.”
Oğul
Yutubda Raquf Orucov haqda videolardan birində onun düşmən
tərəfə keçib Ağdama, anasının qəbrini
ziyarətə getdiyi haqda söhbət keçir. Dəfələrlə
düşmənlərin nəzarət etdiyi tərəfə
keçmiş kəşfiyyatçı üçün bu
çətin olmazdı. Sevinc xanım bu
barədə nə bilir?
“Ölümündən qabaq soruşdum bir dəfə. Dedim, sən olasan, getməyəsən
ananın qəbrinə ziyarətə? Dedi ki nə bilirsən
getməmişəm? O, çox cəsur idi. Durub
heç nə düşünməzdi. Gözünü
qırpmadan gedərdi təhlükəyə... Onu heç nə
saxlaya bilməzdi... Danışmaqla, bəzəməklə
qəhrəman olmaq olmaz. Qəhrəmanlıq
genetikadır, ruhdur. Raquf da elə idi.
Yəqin Raquf olmaq üçün torpağın
işğalda olmalıdır, anan şəhid
olmalıdır...
Bir dəfə yenə onun yanına getmişdik. O yerdə ki bizim daimi
yaşamağımız mümkün deyildi, onda gedirdik
yanına iki-üç gün qalırdıq
qayıdırdıq. Yenə getmişdik. Bir türk filmi gedirdi televizorda. “Çinar
ağacı”. Anasını bir-birinin
üstünə atan övladlardan bəhs edirdi. İşığı söndürüb
baxırdı. Amma hiss etdim ki ağlayır...”
Yuxu
“Yuxularım həmişə çin çıxır. Həmin
gün narahat idim. Mayor Elnur Əliyevin
şəhid olduğunu eşitdim. Təlaş
yarandı ki, bu adi atışma deyil, nəsə başqa bir
şeydi. Narahat idim və gec yatdım.
Bir yuxu gördüm. Bir
xalçamız var idi, qırmızı rəngdə. Heç vaxt da açmazdım o xalçanı.
Nə bilim, evin, əşyaların rənginə
düşmürdü. Yuxuda gördüm
ki, o xalçanı açmışam. Ev
də heç vaxt bizə gəlməyən adamlarla doludu.
O heç vaxt bizim qapını açmayan adamlardan biri də
dayanıb xalçanın ortasında. İnanın
ki, həmin o dəhşətli gün qapını
açıb o adamı görəndə ürəyim
düşdü. Xəbəri bildik.... Özümdə
olmamışam, iynə vurublar mənə. Bir də
otağa baxanda gördüm ki, həmin xalçanı
açıblar cənazəni qoymaq üçün...”
Xəbər
“Elə arxayın idim ki, Raqufa heç nə olmaz. İllərini
verib hərbiyə, peşəkardı. Şəhid
olmasını ilk Murovda biliblər. Axı
orada çox xidmət edib. Oğlu MAXE işləyən
bir tanış həkim var idi. O xanım,
sən demə, bilirmiş. Mənə də zəng
edib ki, görsün bilirəmmi? Mən də
ona deyirəm ki, Raquf yaxşıdı, sən oğlundan xəbər
bil. Ondan muğayat ol. Görüb
ki, mən bilmirəm. Qayınlarıma zəng
edib deyib.
...Heç
hazır deyildim. Düşünməzdim ki tək
qalacam. İndi hər şey xatirədir.
Hara dönürəmsə, nəyə toxunuramsa...”
Ata
Bir atanın övladı qarşısında
missiyası nədir? Kimdən soruşsaq, deyəcək ki,
uşağın təhsili, ona yaxşı şərait
yaratmaq. Amma 10 yaşlı Nihada, 18
yaşlı Aqşinə baxanda bir atanın övladına verə
biləcəyini Raqufun öz övladlarına artıq verdiyini
düşünürsən. Şərəfli
ad, dürüst yol, qəhrəman ata.
“Deyirdi ki, ay bala, oxuyursan, yoxsa yalandan kitaba baxırsan? Qəbul
olmayan kimi əsgər göndərəcəklər,
özü də hara düşsən, deyəcəklər bu
komandir oğludu, daha çox incidəcəklər səni.
İstəyirdi Aqşin oxusun. Bu uşaqların təhsili mənim üstümdə
idi. Aqşinin universitetə qəbul
olunmasını çox istəyirdim. Amma
Raqufdan sonra onun qəbul olunması xəbərinə belə
sevinmədim. Sadəcə, üstümdən
bir yük götürüldü. Onun
oxumağına mən məsul idim.
Heç yadımdan çıxmaz, Nihadı dərs
oxumaq üstündə danlamışdım. Bilirsiz... Nihad
bir başqa bağlıdır ona. İndi
də onu sağ qəbul edir. Bir də
gördüm uşaq yoxdur. Girib
çarpayının altında hərbidə olan atasına məktub
yazıb. Açıb oxuyanda gülməyim tutmuşdu:
“Raqufun ən sevimli oğlusundan atasına...” Ardınca
da yazır ki, anam məni belə danladı, amma məndən
narahat olma. Oxuyuram. Amma əsgər
də olacam.”
Borc
“Biz elə Raqufun sağlığında insanlarla görüşürdük. El-obayla. Raquf şəhid olandan sonra bu 6 ayı adlamaq asan olmadı. Adamlarla bir dərd ortağı kimi görüşürük. Bir az yüngüllük gətirir. Bir dəfə Xaçmazın Əbilyataq kəndində bir ata-ana gördüm. Tək övladını itirmişdi. Üç ay evli imiş uşaq, gəlin çıxıb gedib. İnanın o ananın halını izah edə bilmərəm. Mən öz dərdimdən utandım onu görəndə...
Sonra istədim ki, vətən üçün
canlarından keçən insanlar unudulmasın, onların
xatirəsini yaşadaq. Nəsillərə ötürək,
adları xatırlansın. Bu məqsədlə
Şəhid Ailələrinə Dəstək İctimai
Birliyini yaratdıq. Əvvəlcə bir Raqufsevərlər
klubu kimi yaranmışdı. Sonra şəhid ailələrinin
siyahısını tutduq. Çalışdıq ki, onlara mənəvi
dəstək göstərək, hüquqi cəhətdən,
gücümüz çatarsa, maddi cəhətdən dəstək
olaq. Dövlətdən çox, cəmiyyətin vəzifəsini xatırlatmaq
üçündür bunlar; Əgər bu dövlətdə
yaşayıramsa, bir iş qurub qazanc əldə edirəmsə,
bunu mən dövləti qoruyan şəhidə borcluyam. Bu borcu hiss etmək vacibdir. Türkiyədə, İranda da belə presedent var.
Şəhid ailələrinin yükünü yalnız
dövlət yox, ayrı-ayrı şirkətlər, vakflar, cəmiyyətin
içindən olanlar çəkir. Kənardan
elə görünür ki, bizdə belə şirkət və
ya belə adamlar yoxdur. Amma var. “Azman Holdinq”in
icraçı direktoru İlham Raquf şəhid olandan sonra
bizi axtarıb tapdı: “Mən nə edə bilərəm?” Biz bu imkanları digər şəhid ailələri
üçün şaxələndirdik. “Veysəloğlu”
şirkəti var, onlar da qəhrəmanları unutmur,
unudulmağa qoymur. Onlar haqda filmlərin
çəkilməsinə dəstək olurlar.
Bilirsiz, hər kəsin öz haqq-hesabı var. Kimsə deməsin ki, bəs nə yaxşı o etmir, mən edirəm? Ya o getmir, mən gedirəm? Raquf da getməyə bilərdi. Başqaları getmirdi ki, hərbi işini bitirib, mülki həyatını yaşayır. Amma o getdi. Bu, onun şəxsi işi idi. Şəxsi seçimi. Vətənə öz borcu. Eləcə də hər kəsin öz borcu var. Mənim də, sizin də, onların da...”
Aliyə Elsevər
Hərbi Ana.- 2022.- 8 aprel.- S.8-9.