VƏTƏN
TORPAĞINI MÜQƏDDƏS EDƏN ÜZƏRİNƏ
TÖKÜLƏN ŞƏHİD QANIDIR
Yaxşı
ki, var idin bu dünyada sən,
Hər zaman sevildin öz əməlinlə.
Böyüyə,
kiçiyə öz hörmətinlə
Qoydun qəlblərdə iz, əziz qardaşım.
Şəhidlər haqqında çox şeir
yazılıb.
Bu şeirlərdə məzmunca bir-birinə
oxşar cəhətlər tapmaq olar, ancaq duyğuları ifadə
edən bədii çalarları fərqlidir. Aysel Mehdiyevanın əmisi oğlu, şəhid
silahdaşımız Surxay Mehdiyevə həsr etdiyi şeir də
belədir. Məqalənin əvvəlində
yazdığım misralar məni təsirləndirən həmin
şeirdəndir. Müəllif şəhidə
xitabən “yaxşı ki, var idin bu dünyada sən” sözlərini
şeirdə xüsusi vurğulayıb. Bəli,
bu dünyada nə yaxşı ki, Surxay kimi qeyrətli və mərd
oğul yaşayıb. Xalqımızın
onun kimi oğulları bu gün də var, gələcəkdə
də olacaqlar. Vətən
torpağını müqəddəs edən onun uğrunda
canını qurban verən hər bir şəhidin
döyüş meydanında tökülən qanıdır.
Hərbi zəfər şəhidlik olmadan
qazanılmır.
Daxili
İşlər Nazirliyi Daxili Qoşunlarının 44
günlük Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalan 66 nəfər hərbi qulluqçusundan
biri olan baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun
ömür yoluna dair məlumatlar topladım. O, 1985-ci il dekabrın 7-də Ağdam rayonunun
Xıdırlı kəndində anadan olub. Zülfi
Mehdiyev və Rəsmiyyə Mehdiyevanın qurduğu ailənin
üç övladından biri, ortancılı olan
Surxayın bacısı və qardaşı var.
VƏTƏN
TORPAĞINI MÜQƏDDƏS EDƏN ÜZƏRİNƏ
TÖKÜLƏN ŞƏHİD QANIDIR
Mehdiyevlər
ailəsi 1993-cü il iyulun 23-də
Ağdam rayonu işğal olunduqdan sonra məcburi
köçkün həyatını yaşamağa
başlayıb. Əvvəlcə Bakıya
köçüblər, sonra isə Quba rayonunda məskunlaşıblar.
Doğma yurdun düşmənin əlinə
keçməsinin yaratdığı sarsıntı və məcburi
köçkün həyatının əziyyətləri
uşaq yaşlarından Surxayın yaddaşında silinməz
iz qoyub.
Qeyd edim ki, Surxayın babası Surxay Mehdiyev II Dünya
müharibəsində iştirak edərək, faşistlərə
qarşı vuruşub, bir sıra orden və medallara layiq
görülüb. Müharibədən qayıtdıqdan
sonra uzun müddət məktəb direktoru vəzifəsində
çalışıb, Xıdırlı kəndinin hörmətli
ağsaqqallarından biri olub.
Birinci Qarabağ müharibəsi zamanı Surxayın bəzi
qohumları könüllü olaraq ön cəbhəyə,
torpaqlarımızın müdafiəsinə yollanıblar,
onların arasında şəhidlik zirvəsinə ucalanlar
var.
Surxay Quba
şəhərində yerləşən şəhid
Hacıbaba Əliyev adına 1 saylı tam
orta məktəbin məzunudur. Məktəb illərində
idmana xüsusi maraq göstərib. İdmanın
kikboksinq, karate və taekvondo növləri ilə məşğul
olub, bacarıqlı idmançı kimi yetişib, müxtəlif
yarışlara qatılaraq qalib yerləri tutub, diplom, fərman
və medallarla mükafatlandırılıb. Bundan əlavə, o, həvəslə şahmat
oynayıb. Özündən yaşca
kiçik qardaşı Elmiri şahmat üzrə fəaliyyətində
dəstəkləyib.
Ailəsinin
verdiyi məlumata görə, Surxay xaraktercə təmkinli, təvazökar,
cəsarətli, yoldaşları ilə
qarşılıqlı hörmətə əsaslanan
münasibətlər quran, müəllimlərinə və məşqçilərinə
ehtiramla yanaşan, zərərli vərdişlərdən uzaq
duran, heç kimdən öz köməyini əsirgəməyən,
şəxsi ləyaqətini uca tutan, doğmalarına
qayğı göstərən bir gənc idi.
2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel
ayınadək Surxay Daxili Qoşunların sıralarında
müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət
borcunu vicdanla yerinə yetirib. Hacıqabul
rayonunda yerləşən “N” saylı hərbi hissənin
komandiri tərəfindən onun valideynlərinə təşəkkür
məktubu göndərilib.
Hərbi xidmətdən tərxis olunduqdan sonra o, bir
müddət mühafizəçi işləyib, idman fəaliyyətini
davam etdirib.
VƏTƏN
TORPAĞINI MÜQƏDDƏS EDƏN ÜZƏRİNƏ TÖKÜLƏN
ŞƏHİD QANIDIR
2009-cu ilin sentyabr ayının 26-da Surxay Daxili
Qoşunların sıralarına müddətdən artıq həqiqi
hərbi xidmətə qəbul olunub. Həyatını hərbi
xidmətə bağlamaq qərarı onun vətənpərvərlik
əqidəsindən irəli gələn seçimi idi.
Özü də vaxtilə əsgəri
olduğu qoşunların tərkibində hərbi xidmətə
qayıtmaq gənc üçün ruhlandırıcı amilə
çevrilib.
Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi
xidməti bütünlüklə Quba rayonundakı “N”
saylı hərbi hissədə keçib. Xüsusi təyinatlı
dəstədə atıcı, pulemyotçu, yarımqrup
komandiri vəzifələrinə təyin edilib, “baş
çavuş” hərbi rütbəsinədək yüksəlib.
Nümunəvi xidməti ilə
komandanlığın etimadını doğruldub. Şəxsi işində onun dəfələrlə
mükafatlandırılması barədə qeydlər öz əksini
tapıb. 2012-ci ilin mart ayının 10-da “Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi”
yubiley döş nişanı, 2018-ci ilin iyun ayının
26-da isə III dərəcəli “Qüsursuz xidmətə
görə” medalı ilə təltif olunub.
Xüsusi təyinatlı olaraq daim özünü
döyüş tapşırıqlarının yerinə
yetirilməsinə hazırlayıb. Torpaqlarımızın
işğaldan azad olunması uğrunda döyüşlərin
başlayacağı günü səbirsizliklə gözləyib.
Ən böyük arzusu Ağdama qayıtmaq,
azğın düşməndən qisas almaq idi.
2012-ci ildə atasının doğma yurda qovuşmadan vəfat
etməsi Surxayın qəlbindəki ağrı-acını
daha da artırıb. Texnik-mexanik işləmiş zəhmətkeş
atasının nəsihətlərini o, ömrünün
sonuna kimi unutmayıb. Atasının
ölümündən sonra ailə qayğılarının əsas
ağırlığı onun üzərinə
düşüb.
Vətən müharibəsi ərəfəsində
Surxay və xidmət etdiyi bölmənin digər hərbi
qulluqçuları xüsusi təyinatlıların təlim
toplanışında iştirak ediblər. Bu təlim
toplanışında onların praktiki hazırlığı
digər bölmələrdən heç də geri
qalmayıb.
2020-ci ilin sentyabr ayının 27-də Silahlı Qüvvələrimiz
erməni işğalçılarının təxribatlarına
cavab olaraq ön cəbhə boyu əks-hücuma keçib. Vətən
müharibəsinin ilk günündən Daxili Qoşunların
xüsusi təyinatlıları düşmənə
qarşı döyüşə başlayıblar.
“N” saylı hərbi hissədə xüsusi təyinatlı
dəstənin hərbi qulluqçuları ön cəbhədə
ayrı-ayrı qrupların tərkibinə bölünərək
müxtəlif istiqamətlərdə döyüş
tapşırıqlarının yerinə yetirilməsinə cəlb
olunublar. Surxayın döyüş yolu Füzuli, Cəbrayıl
və Xocavənd rayonlarının ərazilərindən
keçib. Düşmənin müdafiə
xəttinin yarılması, onun mövqelərinin ələ
keçirilməsi, bir sıra yaşayış məntəqələri
və yüksəkliklərin işğaldan azad olunması
uğrunda döyüşlərdə qətiyyətlə
vuruşub, avtomat silahı ilə onlarla
işğalçını məhv edib. Nəzarətimizə
keçən ərazilərdə mövqe tutduqları
postların müdafiəsində o və silahdaşları
möhkəm dayanıblar.
VƏTƏN
TORPAĞINI MÜQƏDDƏS EDƏN ÜZƏRİNƏ
TÖKÜLƏN ŞƏHİD QANIDIR
Vətən
müharibəsi iştirakçısı, Quba rayonunda yerləşən
“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə
komandirinin tərbiyə işləri üzrə müavini
kapitan Əhməd İsmayılov məlumat verdi
ki, Surxay hərbi xidməti dövründə əzmkarlığı,
icraçılığı, özünə qarşı tələbkarlığı
ilə fərqlənib, silahdaşlarının hörmətini
qazanıb. Təhkim olunan silahların
xüsusiyyətlərini mükəmməl bilib, atəş və
fiziki hazırlığının təkmilləşdirilməsi
üçün daim öz üzərində
çalışıb.
Zabit bildirdi ki, Surxay mayor Şixamir Qaflanovun (Vətən
Müharibəsi Qəhrəmanı) rəhbərliyi
altında erməni işğalçılarına
qarşı cəsurluqla döyüşüb. Son nəfəsinədək
hərbi anda, xüsusi təyinatlı məsləyinə sadiq
qalıb.
Vətən
müharibəsi iştirakçısı, “N” saylı hərbi
hissədə xüsusi təyinatlı dəstənin
istehkamçı yarımqrupunun komandiri - baş
istehkamçı, müddətdən artıq həqiqi hərbi
xidmətdə olan baş çavuş Kənan Kərimov
danışdı ki, 2011-ci ilin oktyabr ayından Surxayla birgə
xidmət ediblər. Onun xüsusi təyinatlı
üçün gərəkli bütün keyfiyyətlərə
malik olduğunu vurğuladı. Yaxşı
nəticələrinə görə yarımqrup komandiri vəzifəsinə
irəli çəkildiyini söylədi. Vətən
müharibəsi zamanı Surxayın düşmənin üzərinə
qorxmadan irəlilədiyini, ilk döyüşdən son
döyüşədək ruh yüksəkliyi ilə
vuruşduğunu dedi.
“N” saylı hərbi hissədə xüsusi təyinatlı
dəstənin xüsusi həmlə qrupunda
atıcı-qumbaraatan, müddətdən artıq həqiqi hərbi
xidmətdə olan baş çavuş Şəhriyar
Abdullayevin də Vətən müharibəsi
iştirakçısı kimi Surxay haqqında fikirlərini
öyrəndim. O qeyd etdi ki, Surxay döyüşlərdə heç
bir tərəddüdsüz güvənilə bilən
silahdaş olub. Düşmənin mövqelərinin
darmadağın edilməsində şücaətlər
göstərib. Həmişə deyərdi
ki, onu uşaq ikən kəndindən didərgin salan
düşmənin torpağımızda izi-tozu
qalmayacaqdır. Ağdam istiqamətində
də döyüşməyi arzulayırdı.
Bakının Xətai rayonundakı “N” saylı hərbi
hissədə xüsusi təyinatlı dəstənin
xüsusi həmlə qrupunda atıcı-radiotelefonçu,
müddətdən artıq həqiqi hərbi xidmətdə
olan çavuş Orxan Abdullayev də Vətən müharibəsinin
iştirakçısıdır. Surxayı 2018-ci ildən
tanıdığını, xüsusi təyinatlı dəstədə
birgə xidmət etdiklərini, yarımqrup komandiri kimi onun fəaliyyətinin
böyük komandirlər və rəislər tərəfindən
müsbət xarakterizə olunduğunu bildirdi. Vətən müharibəsində Surxayın dəfələrlə
təhlükəli anlar yaşadığını, öz
iradə və dözümlülüyü ilə
seçildiyini, yaralı silahdaşlarına kömək etmək
üçün özünü yetirdiyini, vətənpərvərliyi
ilə hamıya örnək olduğunu vurğuladı.
Döyüşçü
yoldaşlarının verdikləri məlumata görə,
baş çavuş S.Mehdiyev 2020-ci il oktyabrın 19-da
Füzuli-Xocavənd istiqamətində (bəzi
döyüşçülər bu ərazinin Cəmilli kəndinin
yaxınlığında olduğunu deyirlər) gedən
döyüş zamanı onun və digər hərbi
qulluqçularımızın yerləşdikləri
mühüm mövqenin düşmən tərəfindən
müxtəlif çaplı silahlardan şiddətli atəşə
tutulması nəticəsində güllə və mərmi qəlpələrindən
ağır yaralanaraq şəhid olub. Həmin
döyüşdə qoşunların “N” saylı hərbi hissəsindən
mayor Ş.Qaflanov, baş çavuş Sahib Məmmədov,
çavuş Sənan Ələsgərzadə də şəhidlik
zirvəsinə ucalıblar.
2020-ci il oktyabrın 25-də tərtib edilən
ölüm haqqında şəhadətnamədə
Surxayın 19.10.2020-ci ildə Füzuli rayonu ərazisində,
hərbi əməliyyat nəticəsində odlu silahla törədilmiş
zədələnmələr, bud arteriyasının
travması səbəbindən şəhid olduğu
yazılıb.
2020-ci il oktyabrın 24-də Quba şəhərindəki
Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan
Respublikası Prezidentinin imzaladığı 15.12.2020-ci il,
24.12.2020-ci il tarixli müvafiq sərəncamlarla baş
çavuş S.Mehdiyev ölümündən sonra “Vətən
uğrunda” və “Cəbrayılın azad olunmasına görə”
medalları ilə təltif edilib.
Quba şəhərindəki küçələrdən
biri şəhidin adını daşıyır.
“Qələbə şəhidləri”, “Qarabağ Azərbaycandır! Zəfərə
yolumuzdur”, “44 günlük tarixi möcüzə (Qubanın Vətən
müharibəsi şəhidləri)” kitablarında Surxay
haqqında məlumatlar öz əksini tapıb. Şəhid haqqında bir neçə şeir
yazılıb, mahnı da bəstələnib.
Surxayın dayısı oğlu Vüsal Mustafayev və
xalası oğlu Əli Mustafayev də Vətən müharibəsi
iştirakçılarıdır.
Mərhum hərbi qulluqçumuzun anası,
qardaşı, xanımı və övladları Quba rayonunun
Dəvədabanı yaşayış massivində
yaşayırlar. Qızı Ayşə və oğlu
Zülfi onun yadigarlarıdır. Ayşə
1-ci sinif şagirdidir, qardaşı isə 2
yaşındadır. Doğmalarının
yeganə təsəllisi odur ki, Surxay düşməndən
qisasını aldı, onun kimi oğulların fədakarlığı
başımızı uca edən qələbəmizə yol
açdı. Bu gün həm də
Ağdam rayonu işğaldan qurtulub, məcburi
köçkünlük həyatının acısı arxada
qalıb.
Allah rəhmət
eləsin!
Yalçın
Abbasov
DİN-in
Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalis
Hərbi And.- 2022.- 22 aprel.- S.5.