VƏTƏN
ƏSİRİ
(Gülməmmədov Amin Mayis oğlunun ad gününə həsr olunub.)
Vətən boyda ürək… Bu cümlənin mənəvi böyüklüyü, dəyəri elə vətən boydadır. Bəs bu ürəyin döyüntüsünə şahid olanlar kimdir? Hər kəs o döyüntünü duya bilərmi? “Xeyir” – dediyinizi duyar kimi hiss etdim. Nə hər kəs vətən boyda ürək daşımaz, nə də hər kəs o döyüntünü hiss etməz. Torpaq Aminin vətən üçün çırpınan ürəyinin son dəfə döyüntüsünü hiss etdiyi kimi Aminin də ruhu şəhid həsrəti ilə döyünən qəlbimin döyüntüsünü hiss etdi. O an oradaca zamanın durmasını istədim.
Hər dəfə Aminin adını duyduğumda sanki illərlə tanıdığım bir insandan söhbət gedirmiş kimi hiss edirdim. Bu həm qəlbimdə yer edən şəhid sevgisindən irəli gəlirdi, həm də Aminin ailəsinin doğmalığından. Dərdləri nə qədər böyük olsa da qəlblərinə sevgi ilə sakin etmişdilər məni Şəhid atası və Şəhid anası. Onları tanıdıqca Aminin vətən sevgisinin təməlinin hardan qaynaqlandığını daha aydın sezirdim. Belə valideynlərin övladı da elə Amin kimi qəhrəman olmalı idi.
Gülməmmədov Amin Mayis oğlu bir bacıdan sonra dünyaya göz açan əkiz qardaşlardan biridir. Qardaşı Ramindən 20 dəqiqə sonra dünyaya göz açdığı üçün valideynləri Amini sonbeşik övlad kimi əzizləmişdirlər.
31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində dünyaya göz açan Amin və Raminin həm bənzər, həm də fərqli cəhətləri olmuşdur. Amin daha çılğın, mehriban, gülərüz xüsusiyyətləri ilə fərqlənməyə bacarmışdır. Qəlbə tez yol tapmağı onun özünəməxsusluğundan irəli gəlmişdir.
2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qədəm qoyan şagirdlər sırasında əkiz qardaşlar da yer almışdılar. Çevik, cəld, biraz da dəcəl olan Amin səmimiliyi ilə məktəbdə də hər kəsin qəlbinə yol tapmağı bacarmışdır. Gözlərinin gülüşü ilə ətrafını gözəlləşdirməyi bacaran bu oğul vətən nisgilinə ürəyinin ən dərinində ruhu ilə keşik çəkmişdir.
Amin də vətən dərdi ilə bərabər böyümüşdür. Naxçıvanın hər daşında, qayasında düşmənin açdığı sağalmaz yaraları çox görmüşdür. Hər dəfə ata-anasına vətənlə, Qarabağla bağlı suallar verəndə gözlərindən yan qaçan baxışların ondan gizlənən göz yaşları olduğunu bilsə də bəlli etməmişdir. Ancaq bir gün o gözlərə dik baxmaq üçün bütün gəncliyini, gələcəyini vətənə fəda edəcəyini bilərəkdən hərbçi peşəsini seçmişdir.
Şərəfli yolun başlanğıcı 2010-cu ildə başlamışdır. Amin Heydər Əliyev adına Hərbi liseyə ilk addım atdığı zaman o yolun dönüşünün olmayacağını təxmin etmişdir. “Son nəfəsimə qədər vətənin keşiyində duracam.” deyən Amin sözünü tutdu.
İntizar ana Aminə daha çox jurnalist peşəsini
yaraşdırırmış. Hər dəfə
oğluna kənd-kənd, şəhər-şəhər gəzib
verlişlər hazırlayaraq insanları
tanıtmağını istədiyini deyirmiş. Ancaq Amin özü bir qəhrəman kimi
tanındı.
Amin hərbçi peşəsini seçdiyi gündən
ailəsinin həsrəti başlamışdır. O həsrət hər kəsə
ağır gəlirdi. Ata-ana artıq
övladlarının vətənlə izdivac
bağladığını gözəl bilirdilər. Ancaq Amindən ayrı düşən əkiz
qardaşı Ramin üçün bu həsrət daha
ağır idi. Amini özünə
sirdaş bilən Aminə üçün də
qardaşından uzaq yaşamaq asan deyildi. Ancaq bu həsrətin
əbədi ayrılıqla nəticələnəcəyini
heç kim düşünmür və ya
düşünmək istəmirdi.
Amin
2013-cü ildə Heydər Əliyev adına
Hərbi liseyi uğurla bitirdikdən sonra Azərbaycan Ali Hərbi
Məktəbinə qəbul olmuşdur. Öhdəliklərini
bilən, bütün addımları düşünüb
atan Amin vətənə layiqli zabit olmaq üçün hər
vəchlə çalışmışdır. Dörd illik hərbi təhsilini 2017-ci ildə
leytenant hərbi rütbəsi alaraq tamamlamışdır.
Vətən səngəri – əsil vətən
övladlarının özlərinə ev-eşik
saydıqları ünvan. O evin isti döşəməsi
olmur. Ancaq nəm torpaq o qədər doğma gəlir
ki, sanki ən yumşaq yataqmış kimi hiss edirsən.
Qaranlıq gecələrdə göydə
süzən ulduzlar tək sirdaşı olur vətənlə
əhd – peyman bağlayan vətən əsirinin. Amin də
üç il vətən səngərində
gecə-gündüz demədən ömür
sürmüşdür. Füzuli rayonunun Alxanlı kəndində
düşmənlə üz-üzə dayanıb vətənə
sipər olan Amin daha sonra Şükürbəylidə yerləşən
N saylı hərbi hissədə xidmət etmiş, daha sonra təkrar
Alxanlı kəndində yerləşən N saylı hərbi
hissədə xidmətini davam etdirmişdir. Aminin
öndə amalı təslim olmaq yox, təslim etmək
olmuşdur.
2019-cu il fevralın 5-də Amin 1 aylıq məzuniyyətə
göndərilmişdir. Ancaq məzuniyyətinin
1-ci həftəsində tabeliyində olan əsgərin şəhid
olmasını eşidən an məzuniyyətini
yarımçıq saxlayıb işinə geri
dönmüşdür. O gediş Aminin evindən son
gedişi olmuşdur.
Aminin ön cəbhədə düşmənlə
üzbəüz dayandığını bilən ailəsi hər
zaman narahat olmuşdular. Ancaq Amin heç zaman arxa cəbhədə
xidmət etməklə razılaşmamışdır. “Hər əsgər bir ailənin oğludur. Mən də onlardan biriyəm. Mən
olmasam digər əsgər düşmənlə üz-üzə
duracaq. O əsgərin də yolunu gözləyənlər
var.” deyən Amin çətinliyə sinə gəlmişdir.
Amin Gülməmmədov hər zaman xidməti vəzifəsini
layiqincə icra etmişdir. Elə bunun nəticəsi idi ki, o
2020-ci ilin may ayında baş leytenant hərbi rütbəsinə
layiq görülmüşdür. Cəbhədə
günbəgün artan gərginliyin müharibə ilə nəticələnə
biləcəyini də düşünən Amin təlimlər
zamanı hər bir əsgərin hərbi biliyinin
artırılması üçün
çalışmışdır.
26 sentyabrda Amin doğmalarına zəng edib. Hər kəs
ilə tək-tək danışıb və hər şeyin
yaxşı olduğunu deyib. Əslində
isə o zəngi etməkdə məqsəd vida etmək olub.
Amin bilirdi ki, ilk hücuma keçən
onların dəstəsi olacaq. Elə də
olub. 27 sentyabrda müharibə başlayan
ilk andan Amin öndə gedənlərdən biri olub. Füzulidən başlayan döyüş yolu Cəbrayıl,
Qubadlı, Xocavənddən keçib Şuşaya
çatıb. O yolda Amin yaralanmasına baxmayaraq
döyüşlərə davam edib.
29 sentyabrda Gülməmmədovlar ailəsinin yeni
üzvü dünyaya göz açıb. Həmin
gün Amin zəng edib bacısını ana olmağı
münasibəti ilə təbrik edib. Körpənin adına Əli adını
yaraşdırdığını deyib. Həmin
gün Amin ilk dəfə Mayis müəllimə vəziyyətin
nə qədər gərgin olduğunu bu sözlərlə
deyib. “Ata, hər xəbərə hazır
ol. Anama və bacı-qardaşına bu barədə
bir kəlmə də demə. Ancaq bu bizim son
danışığımız ola bilər.”
Amin döyüşün ən sərt üzünü
görənlərdən biri olub. Oktyabrın 6-da
onların dəstəsi mühasirəyə düşüb.
4 – gün mühasirədə qalan Amin və
dəstəsi mühasirədən çıxmağı
bacarıb. Döyüşlərdən birində
Amin qolundan yaralanıb. İlkin tibbi
yardım göstərildikdən sonra o israrla təkrar
döyüşlərə qayıdıb. Qolunun
yaralı olduğu səbəbindən silah tuta bilməsə
də çoxsaylı yaralıları və şəhidləri
ərazidən çıxarmağa nail olub. Oktyabrın
20-də ailəsinə zəng edən zaman telefonunun zədələndiyini
deyib. Bəlkə də elə telefon onu həmin an xilas edibmiş.
Döyüş gedən vaxt oktyabrın 14-də Amin
bölük komandiri təyin edilib. Hər kəsin güvənini qazanan
Aminin getdiyi yolda ardınca gedən əsgərlər bir an belə tərəddüd etməyiblər. Onlar Aminin necə bir komandir olduğunu yaxşı
biliblər. Elə ona görə də ən
öndə gedən Aminin dəstəsi olub.
Amin noyabrın 1-də zəng edən zaman “Ata,
Şuşaya 2 km məsafə qalıb. 3-4
günlük işimiz qalıb. Bitirib
dönəcəyik.” deyib. O gündən sonra Amindən
bir daha zəng gəlməyib. Sonradan məlum
olub ki, Amin bir neçə silahdaşı ilə bərabər
noyabrın 2-də Qırmızıbazar istiqamətində
şəhid olub. Ancaq bu xəbər
çox uzun müddət sonra təsdiqini tapıb. O
zaman kəsiyində isə Mayis müəllim eşitdiyi təzad
yaradan xəbərlərlə günbəgün yaralanır.
Ancaq o bu xəbərlər təsdiqini tapmadığı
üçün heç kimə bu barədə heç bir
söz demir. Oğul axtarışına
çıxan atanın gecəsi gündüzlə yer dəyişir.
Dekabrın 4-də ataya zəng edərək
Aminin şəhid olduğu və düşmən nəzarətində
olan istiqamətdə olduğu deyilir. Dekabrın
9-da Amin və digər şəhidlərin nəşləri
götürülür və Füzuliyə gətirilir.
10 dekabrda Mayis müəllim həyatın ən
çətin anı ilə üz-üzə qalır. Amini görən anda oğlu olduğunu bilsə də
prosedur qaydalarına uyğun olaraq DNK analizi verməli olur.
Oğlunun şəhid olduğunu bildiyi halda 15
gün o analizin cavabını gözləmək Mayis müəllim
üçün izah edilə bilməyəcək qədər
çətin olur. Analiz verdikdən sonra Naxçıvana
geri dönən ata gördükləri və
yaşadıqları barədə heç kimə heç bir
söz demir. (Bu qəlb yükünü necə
daşıdınız, Şəhid atası?) Biçarə halda oğlundan xəbər gözləyən
İntizar anaya qəlbi yana-yana yenə də ümid verməyə
çalışır Mayis müəllim. Ancaq 25 dekabrda gələn zəng zamanı səbri
çarmıxa çəkilən Şəhid anası
telefona özü cavab verir. “Amin şəhid
olub. Bütün nəticələr bunu təsdiq
etdi.” sözlərini duyan ana bir anda sanki uçuruma
yuvarlanır. (Həmin gün
yaşanılan duyğuları nə ailənin
danışmağa gücü yetmədi, nə də mənim
yazmağa sözüm yetməz.)
28 dekabrda vətən ağırlıqda bir şəhid
cənazəsi Culfa rayonunun Saltaq kəndinə yol alır. Sinəsindən
3 güllə yarası alaraq şəhid olan Amin
torpağın sinəsində sağalmaz yara açır.
Onu sevənlərin qəlb yarası kimi dərin və
sağalmaz yara…
Baş
leytenant Gülməmmədov Amin Mayis oğlu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə şəhadətindən sonra “Vətən uğrunda”
medalı, “Cəsur döyüşçü” medalı və
“Xocavəndin azad olunmasına görə medalı” ilə təltif
edilib.
Amin şəhidlərin ölməzliyini, ruhən bu həyatda
var olduqlarını hər zaman hiss etdirir. İlk dəfə
2021-ci ildə Ramazan ayının 27-ci günündə
atası onun cənnət qoxusunu duyub və nəfəsini hiss
edib. Dəfələrlə Namaz vaxtı Amini yanında
hiss edən Şəhid atasının yeganə təsəllisi
elə o varlığı hiss etməkdir. Amin əkiz
qardaşı Raminə də varlığını hər
zaman hiss etdirir. Canlı – canlı sanki bir yarısını dəfn
edən Ramin o həsrəti iliklərinə qədər hiss
edir. Bir əkiz üçün əkiz
tayını itirmək çox çətin və
dözülməzdir. Bir də gözü yollarda qalan
şəhid anası var. Kim o anaya Amin ola
bilər ki? Aminin bənzərini böyüdən
Aminə isə bir gün Əlinin Amin kimi bir qəhrəman
olacağı xəyallarına tutunub. Hər
kəsin həyatında Aminin yeri boş qalıb. O
boşluq heç bir zaman dolmayacaq.
Həyatda heç zaman görmədiyimiz insanla da
doğmalaşmaq olar. Hətta onun məzarının həsrətini çəkmək
və həmin məzarı gördüyün an
sanki bir doğma insanına sarılırmışsan kimi hiss
edirsən. Bir də o məzar önündə
şəhid qoxulu ata – anaya sarılırsan. O an ürəkdə
həm kədər, həm sevinc eyni anda baş
qaldırır.
VƏTƏN
ƏSİRİ
Bu vətənin
ömrünə ömür biçməyim gəlir,
Amintək
şəhid olub candan keçməyim gəlir,
Şəhadət
şərbətindən yaman içməyim gəlir,
Kaş
arzuma çatardım şəhid olanlar kimi
Şəhidlərim
hiss edir mənim şəhid sevgimi.
Bir məzardan
boylanır Aminin eşq əsəri,
Ağlı
kəsən ilk gündən oldu vətən əsiri,
Vətən
imtahanında qalmadı bir kəsiri,
Allah verdi şəhidə qiymətlərin əlasın
İgid o oğullardı yurdu darda qoymasın.
Bilərək
addımladı azadlığın yolların,
Vətən
boynuna sardı son nəfəsdə qolların,
Haqqı
ödənə bilməz Amintək oğulların,
Biz min kərə
doğulub min kərə ölsək belə
Heç vaxt çata bilmərik şəhid ucalan yerə.
Azadlıq
oldu hər vaxt Aminin has qayəsi,
Xocavəndin
köksünə hopub qaldı nəfəsi,
Saltaq kənddə
ucalan bu şəhid məqbərəsi,
Mənim,
sənin, bizlərin əbədi and yeridir
Şəhidlər əmanəti azadlıq əsəridir.
MANYA SƏXAVƏTQIZI
Hərbi And.- 2022.- 5 avqust.- S.8-9.