"Öncə Vətən" deyən
qəhrəman...
ŞƏHİD
LEYTENANT NURLAN ZEYNALOVUN XATİRƏSİNƏ
Kimdir şəhid? Nədir şəhidlik? Kimə şəhid deyilir? Şəhidin
imtiyazları nələrdir?
Bu suallar Nurlanın ta uşaqlıqdan öz-özünə
verdiyi, araşdırdığı suallar idi. Bunu nə ailəsi bilərdi,
nə də dostları... Kimsə onun qəlbindəki
bu mistik düşüncələrdən xəbərdar
deyildi. Ümumiyyətlə, ailəsinin
sözlərinə görə, çox qapalı, sirli insan
olub Nurlan. Öz hisslərini,
düşüncələrini hələm-hələm
paylaşmaz, elə öz dünyasındaca
yaşarmış. "Dünya"
demiş, ömrünün son bir ilində ən çox
işlətdiyi cümlə isə "mən bu
dünyanın adamı deyiləm, onsuz da çox qalmayacam
burda" olarmış. İndi anlayırlar onun nə
demək istədiyini, indi başa düşürlər gənc
qəlbində qopan fırtınaları...
Vətən müharibəsi şəhidimiz, leytenant
Nurlan Zeynalovdan gedir söhbət. I Qarabağ müharibəsi
qazisi Rəfail Zeynalovun ailəsində dünyaya göz
açan Nurlanın xəmiri vətən sevgisi, Qarabağ həsrəti,
müharibə təşnəsiylə yoğrulmuşdu.
Körpəliyindən silahdan başqa
oyuncağı olmazmış. Alınan
heç bir oyuncağın üzünə baxmaz, silah isə əlindən
yerə düşməzmiş. Əslində sakit, dinməz,
mülayim təbiətinə zidd idi bu silah sevgisi, amma
içində hər gün onunla birgə böyüyən vətən
sevgisiylə necə də uyumlu, necə də bir imiş...
Bunu da ailəsi deyir...
lll
Nurlan Rəfail oğlu Zeynalov 25 noyabr 1989-cu ildə Sabirabad
rayonunda doğulub. Orta təhsilini 1996-2007-ci illərdə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində
alan Nurlan, orta məktəbi əla qiymətlərlə
başa vuraraq elə həmin ildə də Azərbaycan
Memarlıq və İnşaat Universitetinə daxil olur. 2011-ci ildə Universitetin Su təsərrüfatı
və mühəndis kommunikasiya sistemləri fakültəsini
bitirib oktyabr ayında həqiqi hərbi xidmətə
çağırılır.
Hərbi xidmətə
çağırıldığı gün onun həyatının
ən gözəl günlərindən biri olur. Çünki
bu, onun illərdir içində saxladığı arzusu idi.
Axı o, hərbçi peşəsini çox
sevirdi. Hər kəsə də eyni sözü deyərmiş:
"Nə olur olsun, mən əsgərliyə gedəcəyəm.
Əgər bir problem çıxsa, məni
aparmasalar, qaçıb gedəcəyəm". Beləcə fəxrlə, qürurla vətən
borcunu yerinə yetirmək üçün yola
düşür. Gəncə şəhərində yerləşən
N saylı hərbi hissədə, Quru Qoşunlarında xidmət
etməyə başladıqdan az sonra Müdafiə Nazirliyinin
Təlim-Tədris Mərkəzində 4-5 ay müddətində
xüsusi təlimlərdə iştirak etmək
üçün göndərilir. Bu təlimləri
uğurla başa vuran Nurlan Zeynalov leytenant rütbəsinə
yiyələnərək yenidən xidmət etdiyi hərbi hissəyə
dönür. Atası Rəfail kişi,
anası Kəmalə xanım (rəsmi adı Məleykə)
deyirlər ki, leytenant rütbəsi alanda Nurlanın sevincinin həddi-hüdudu
yoxmuş. Onlara zəng edərək "məni təbrik
edin, mən artıq leytenantam", - deyir. Əlbəttə, hər
biri çox sevinirlər, yaxın gələcəkdə bu
rütbənin, bu sevincin onlara baha başa gələcəyindən
xəbərsiz...
İki il müddətində Vətənə
qüsursuz xidmət edən leytenant Zeynalov 2013-cü ildə
ordu sıralarından tərxis olunaraq yaşadığı
Sabirabad rayonuna qayıdır.
2014-2017-cü
illərdə regional ASAN xidmət mərkəzində Notariat
kontorunda aparıcı mütəxəssis kimi işə
başlayan gənc, oğlan burda gələcək həyat
yoldaşı Kübra xanımla tanış
olaraq ailə qurur. 2017-ci ilin may ayından 2019-cu ilədək
isə özəl şirkətlərin birində Kadrlar
şöbəsinin rəisi vəzifəsində
çalışır. 2019-cu ilin iyun ayında
atasının da əməkdaşı olduğu Azərbaycan
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin
Ekologiya İnstitutunda Kadrlar şöbəsinin rəisi kimi
işə başlayır. Mən də
Nurlanı şəhadətindən sonra məhz burada
tanıdım. Agentliyin həyətində onun və
buranın I Qarabağ müharibəsi şəhidinin adına bulaq tikilib. İki il
keçməsinə baxmayaraq, iş yoldaşları, rəhbərlik
hələ də Nurlanı gözəl insan, perspektivli gənc
kadr, məsuliyyətli və bacarıqlı işçi kimi
yad edir, haqqında gözəl sözlər söyləyirlər.
Nurlanın gedişi də bütün Agentlik əməkdaşları
üçün gözlənilməz hadisə imiş. Çox
qısa zamanda burda böyük uğurlar qazanan və gözəl
gələcək vəd edən Nurlan Zeynalov həmin zamanlarda
ermənilərlə sərhədyanı zonalarda vəziyyətin
gərginləşməsindən çox narahat və nigaran
idi. Bütün fikri cəbhədə olan
gənc oğlan müharibə başlanan gün artıq qərarını
vermişdi. Özü iş yerində olsa da, ürəyi,
ağlı Vətənini müdafiəyə qalxan ordunun
yanında, gözü cəbhədən gələn yeni xəbərlərdə,
qulağı telefonda idi. Çağırış gözləyirdi
Nurlan... İrəli atılmaq üçün
bircə çağırış. Axı o, hərbi
kursu boşuna keçməmiş, leytenant rütbəsinə
elə-belə yiyələnməmiş, iki il
səbəbsiz hərbi xidmətdə olmamışdı. Bu günlər üçün idi onun bütün
hazırlığı. Atasına necə
deyirdi? "Ata, görürəm, hərdən
sizə xor baxırlar, sanki Qarabağı siz - o vaxtkı
döyüşçülər vermisiniz, müdafiə edə
bilməmisiniz. Amma elə deyil. Siz o çətin şəraitdə, əliyalın
torpaqlarımızı qorumusunuz. Biz isə
indi - bütün imkanlarımızla Qarabağı geri
qaytaracaq, həm bu problemi həll edəcəyik, həm də
sizin başınızı yerdən
qaldıracağıq".
Cəmi ikicə gün səbr edə bildi Nurlan. 28 sentyabr
2020-ci ildə çağırış gözləmədən
hərbi komissarlığa müraciət edərək
könüllü müharibəyə göndərilməsini
tələb etdi. İsrarlı tələblərindən
sonra Xüsusi Təyinatlı Qoşunların əsgər və
zabitlərindən ibarət olan "Həmlə" taborunda
xidmətə başladı.
Ailəsinin onu Gəncədə təlimlərdə zənn
etdiyi zamanlarda onun döyüş yolu artıq Murovdağ ətrafından
başlayıb, Füzuli, Zəngilan, Xocavənd istiqamətlərinə
qədər uzanmışdı. O, bölük komandiri olaraq çox
ağır, çətin döyüş
tapşırıqlarının yerinə yetirilməsində
misilsiz rol oynamışdı.
İndi Kəmalə
ana yana-yana danışır: "Hərdən zəng edirdi,
arxadan güllə səslərini eşidib, soruşurdum
hardasan, deyirdi təlimdəyik, onun səsidir. Birdən
mənlə danışdığı yerdə hansısa əsgərinə
nəyəsə görə qışqırırdı.
Deyirdim, anan qurban, uşaqların xətrinə
dəymə, müharibə deyil ki, təlimdir də,
qışqırma üstlərinə. Mən
nə biləydim ki, balam odun-alovun içində mənlə
danışırmış, əsgərini qorumaqdan
ötrü qışqırırmış".
Müharibədə onunla çiyin-çiyinə
vuruşan döyüş yoldaşları Nurlanın vətən
sevgisini, komandir kimi məsuliyyətini, cəsarətini,
şücaətini danışa-danışa bitirə bilmirlər. Onun dəfələrlə
ağır döyüş zamanı yaralı əsgərlərinə
ilk tibbi yardım göstərərək təxliyyəsinə
kömək etdiyini, ya da təhlükəsiz zonaya aparıb,
onun sağlamlığından əmin olandan sonra
özünün yenidən döyüşə
atıldığını deyirlər.
Şuşa döyüşləri uğrunda iki dəfə
yaralanan Nurlan döyüş yoldaşlarının
bütün israrlarına baxmadan geri çəkilmir,
döyüşə davam edir. Hətta başqa bir
zabit dostunun "yaralısan, gəlmə" sözlərinə
əsgərlərini göstərərək "bəs
onları kimə əmanət edim?" - deyə
cavab verir. Beləcə müharibənin son
gününə qədər şücaətlə, qəhrəmanlıqla
döyüşür. 9 noyabr 2020-ci il
Xocavənd uğrunda döyüş isə onun son
döyüşü olur. Həmin
döyüşlərdə 71 kənd, 8 yüksəkliyin azad
edilməsində misilsiz igidlik göstərən Nurlan mənfur
snayper gülləsinin qurbanına çevrilir. O tək
güllə onu cəmi 31 yaşında bu həyatdan, ailəsindən,
sevdiklərindən qoparır. Nurlan Zeynalov ta
uşaqlığından maraqlandığı, suallarına
cavab tapmağa çalışdığı o şəhidlik
məqamına ucalır.
Sabirabad
Şəhidlər xiyabanında dəfn edilən Nurlan Zeynalov
şəhadətindən sonra "İgidliyə görə",
"Vətən uğrunda", " Füzulinin azad
olunmasına görə", "Xocavəndin azad
olunmasına görə" medalları, III dərəcəli
"Rəşadət" ordeni ilə təltif olunub.
Son günə qədər onun müharibədə
olduğunu bilməyən ailəsiylə axırıncı dəfə
noyabrın 7-də danışır və tezliklə qələbə
qazanacağımızı müjdələyir. Qohumuna isə
"burda vəziyyət çətindir. Məndən
iki gün xəbər ala bilməsən, bil ki, şəhid
olmuşam" - deyir. Həqiqətən də
iki gün səssizlikdən sonra onun şəhadət xəbəri
gəlir.
Anası Kəmalə xanım Nurlanın tamamilə fərqli insan olduğunu, az yaşına rəğmən, ailəsinin, sevdiklərinin arxa-dayağı, güvənc yeri olduğunu deyir.
Atası Rəfail bəy isə gözlərində buğlanan yaşları boğazının qəhəriylə udub əlavə edir: "31 ildə Nurlandan cəmi bircə dəfə də olsun özümüzə qarşı" eh" sözü eşitmədik, hansısa hörmətsiz hərəkətini görmədik ki, indi onun yoxluğunda yadımıza salıb, heç olmasa iynə ucu qədər də olsa, təsəlli tapaq, ürəyimiz soyusun. Yoxdur. Onun mənfi heç bir xüsusiyyəti, heç bir xatirəsi yoxdur. Elmə, biliyə önəm verən, kitabları özünə ən yaxın dost seçən, hər birimizin ayrı-ayrı qayğısına qalan, bütün yükü öz gənc qəlbinə yığıb, bizə çətinlik hiss etdirməyən oğul idi o. Vətən, Qarabağ isə onun tək amalı, tək arzusu, ən böyük sevgisi idi. Belə bir oğulun son aqibəti elə bu cür də olmalı idi. Ona şəhidlik yaraşardı ancaq".
Bacısı Nuranə xanım mənim "bəlkə də indi hansınızsa ailəsini, balasını, işini arxada buraxıb müharibə getdiyi üçün onu qınayırsınız" sözümə qətiyyətlə cavab verir: "Əsla! Bizim heç birimizin ağlına başqa şey gəlməzdi onsuz da. Biz Qarabağ veteranının evində məhz bu tərbiyədə böyümüşdük: öncə vətən! Zamanında atam da iki övladını qoyub düz 6 il Qarabağda döyüşmüşdü. Bəli, biz onunçün çox darıxırdıq, qorxurduq, amma onun müharibəyə getməyib, yanımızda qalmağı ağlımıza da gəlmirdi. Vətən dardadırsa, mütləq orda olmalı idi. Nurlan da o cür. Biz indi də Nurlan üçün darıxırıq. Amma Nurlan elə orda olmalı idi. Vətən sağ olsun!"
Bu sözün qarşılığında cavab tapmıram. Sadəcə qürurdan, fəxarətdən gözlərim dolur. Başımı qaldırıb qucağında körpə Nurayını əzizləyən Nurlanın şəklinə baxıram və övladlarını bu qeyrətdə böyüdən ananı, atanı minnətdarlıqla süzürəm.
Nurlanın ata-anası kirayədə yaşayırlar. Onların kirayə qaldıqları binanın sakinlərindən İlham bəyin təşəbbüsü ilə cavanlar Nurlanın adına həyətdə bulaq tikiblər. Onlar Nurlanı cəmi 1-2 dəfə ancaq görüblər. Şəkillərdən tanıyır, valideynlərinin onlarla eyni binada qaldıqlarını bilirlər. Bununla belə, şəhidin adını yaşatmaq üçün belə bir nəcib təşəbbüs göstəriblər. İndi bu binaya gələn hər kəsi ilk qarşılayan şəhid Nurlandır. Elə bulağın yanında İlham bəylə də görüşüb minnətdarlığımızı dilə gətiririk.
Bir daha anlayıram ki, "öncə
Vətən" deyən valideynlər, bu tərbiyədə
böyüyən qəhrəman oğullar və onları
unudulmağa qoymayan qədirbilən insanlarımız olduqca bu
vətənin, bu xalqın kürəyi yerə gəlməz!
Şahanə
MÜŞFİQ
Hərbi And.- 2022.- 19 avqust.- S.13.