Şəhid anası: "Fəsillər dəyişdikcə dolabındakı geyimlərinin yerini hələ də dəyişirəm..."

 

Bu dəfə şanlı Vətən müharibəsinin daha bir şəhidi Məmmədli Cəmil Habil oğlunun evini ziyarət edib, onunla bağlı xatirələri ailəsi ilə birlikdə yad etdik.

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakültəsində ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.

2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.

Şəhidimizin anası Məmmədova Aygün Kamal qızı deyir ki, Cəmil uşaq vaxtından bilirdi ki, mən gülləri çox sevirəm. Yazda alaq otların dərib mənim üçün gətirirdi:

"O, çox diqqətçil idi. Ailəsini, dostların çox sevirdi. Həmişə böyük- kiçik yeri bilən övald olub. 5-6-cı sinifdən yay tətillərində işləyirdi, pulunu gətirirdi qəpiyinə kimi mənə verirdi. Pullarını mən yığırdım. Həmişə deyirdi, ana, bacıma, özünə nəsə al. Heç vaxt özü üçün nəsə almağı xoşlamırdı. Axırıncı dəfə gödəkçəsi çox köhnəlmişdi, birini xoşladı. Oğluma şalvar, köynək, gödəkcə aldım. Geyindi, getdi, çox sevinirdi. Yayda əsgər getməmişdən öncə balamın ayaqqabısı cırılmışdı. Deyirdi mənim üçün ucuz ayaqqabı alın, onsuz da əsgər gedirəm. Getdim ən yaxşı ayaqqabını aldırdım. Əsgər gedəndən sonra ayaqqabısını atasına verdim ki, geyinsin. Cəmil şəhid olandan sonra qoymuram atası o ayaqqabını geyinsin. Fəsil dəyiçdikcə onun dolabındakı geyimlərinin yerini  hələ dəyşirəm. Elə bilirəm balam gələcək...

Məhlədə həmişə qürurla onun qoluna girib gəzərdim. O, mənim başımı daha da uca etdi. Məni şəhid anası etdi.

Həmişə deyirdim ki, istəyirəm ali təhsilli olasan. Çox istəyirdim Cəmilin yaxşı işi olsun. Çox əziyyət çəkmişdi balam. Gündüz oxuyurdu, axşam işləyirdi. Yoldaşları hamısı çox istəyirdi onu. Cəmil universitetlə bağlı deyirdi ki, mən biznes quracağam, bu unversiteti anamın xətrinə oxumuşam.

Əsgərlikdə olanda deyirdim, Allah qorusun, bala, səndən çox narahatam. Əsgərliyinin iki ayını Ağcabədidə oldu. Biz telefonla danışanda deyirdi ki, mövcud pandemiyaya görə vəziyyət yaxşı deyil. İnşallah yanıma hərbi hissələrə bölünəndə gələrsiniz. Avqustun 22-də oğlumun yanına getmişdik. Zəng etdim, dedim biz burdayıq Ağcabədidə sizin hərbi hissənin yanında. Bir neçə saniyə sanki bir sükut oldu, gördüm birdən cəld çıxıb gəldi yanımıza. 15 dəqiqə görüş aldıq, balamla görüşdük. Onun gözlərində bir həsrət vardı, bir  sağollaşıb gələndə, maşının dalınca bizə əl etməyini heç vaxt unutmaram. (Red: ağlayır) Əsgərlikdə onları paliqona aparıblar onları , zəng edib deyirdi ki, ana, mənə Milli qəhrəman Mübariz İbrahimovun silahından veriblər. Atıcılıq onun qəhrəmanlıq şücaətində böyük rol oynadı. Çox möhtəşəm atıcı idi, çox sərrast atırdı. Uşaqlıqdan elə dəqiq uşaq idi.

İnanın, o müharibədə olanda bizə heç danışmırdı. Bir gün danışanda mənə dedi,ana, inşallah Qarabağa gedəcəyik. Deyirdi, buralar cənnətdir, erməniləri qovub çıxaraq, qəhrəman kimi gəlim gedəcəyik Qarabağa!

Oğlum şəhid olanda ora gələn adamlar ondan çox-çox yaşlı insanlar idi. Ora gələn min adamın 30-40-nı tanıdım. Hansı ki, Bakıdan gedən insanların çoxu Cəmilin dostları idi. Burdan durub 200 kilometr dəf edib, gəlmişdilər dəfndə iştirak etməyə".

Şəhid atası Məmmədov Habil deyir ki, Cəmil çox qapalı uşaq idi: "Hər şeyi danışmağı sevməzdi. Bizim Türkiyədə yaşayan bir ailə dostumuz var. Olcay xanım əslən türk idi. Bizim ailəmizi çox sevirdi. Cəmili balası kimi istəyirdi. O xanım mənə dedi ki, Cəmil ona da deyib ki, bu torpaları biz alacağıq!  Cəmil müharibədə olduğunu demirdi bizə. Mənimlə telefonda danışanda deyirdi ki, ata, bizi aparmırlar. Biz burda silah doldururuq, daşıyırıq. Sən demə, o bizi narahat etmək istəmirdi. Çünki o lap qabaqda olub. Anası, bacsı narahat olmasın deyə bu cür deyirdi".

Aygün xanım yekun olaraq deyir ki, həmişə bizim torpaqların qurbanları olub. Şükür Allaha ki, bu torpalar azad oldu. Təki  gənclərimiz həmişə savadlı olsunlar, sərhəddə möhkəm dayansınlar. Biz analar heç vaxt istəmirik ki, bundan sonra başımıza qara bağlayaq. Heç bir ana daha onu istəmir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə cansağlığı versin. Uca Allah balalarımızın yanına üzü getməyi nəsib etsin. Onların ruhları da bacı-qardaşları, ailələri, övaladalarına yardımçı olsun!

Hazırda İsmayıllıda yaşadığı küçə şəhidimizin adına verilib. Həmçinin İsmayıllı rayon Mican kəndində şəhidin adına bulaq kompleksi tikilib. Səbail rayonu 163 nömrəli məktəbdə baralyefi və məktəbin içində büstü var. Cəmil bu məktəbin yeganə şəhidir. Ailəsinin arzusudur ki, məktəb şəhid Məmmədli Cəmil Habil oğlunun adına adlandırılsın. Bundan əlavə ailəsinin şəxsi vəsaiti hesbına İsmayıllı rayonundakı evlərində və  Səbail rayonunda adına xatirə barleyf kompleksi inşa edilib. Şəhid anası Məmmədova Aygün bildirib ki, hazırda şəhid Məmmədli Cəmil Habil oğlunun adına film çəkilir. Filmin əvvəl İsmayıllıda daha sonra Bakıda təqdimatı olacaq.

Məmmədli Cəmil Habil oğlu 2020-ci il oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları cə III dərəcəli "Vətənə xidmət" ordeni ilə təltif edilib.

Ruhun şad olsun, Azərbaycan Ordusunun qəhrəman əsgəri!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2022.- 9 dekabr.- S.16.