“Yalvardım, tabutu açdırıb
üzünə baxdım...” – Şəhid komandirin
xanımı son günün dəhşətini
danışır
Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid zabitimiz Mühüd Orucova həsr olunub.
Mühüd Qurban oğlu Orucov. 1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1999-2002–ci illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2002-ci ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. 2006-2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün ezam olunur və müvəffəqiyyətlə bitirir. Qısa zaman içində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinə qədər yüksəlir. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə “Talış yüksəkliyi”ndə qəhrəmancasına şəhid olub. 9 aprel tarixində Fərəhli kənd qəbiristanlığında dəfn edilib.
Mühüd Qurban oğlu Orucov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Üç nəfər
Üç nəfər idilər. Bir ana, iki oğul. Əvvəlcə sakitcə analarının yanında əyləşmişdilər. Aprel döyüşlərində şəhid olmuş kapitan Mühüd Orucovun ailə üzvlərinin əhatəsindəyəm. Şəhidin xanımı danışmağa çətinlik çəkir. Əlində hazır saxladığı dəsmalla tez-tez nəmlənən gözünü qurulayırdı. İki oğul balası isə yanında əyləşib, sükut içində analarına baxırdılar. Həyatlarında baş verən dəyişikliyi, itirdikləri atanın qəhrəmanlığı ilə yanaşı, yoxluğunu dərindən anlayır və hiss edirdilər. Şəhidin xanımı övladlarının yanında özünü şax tutur, həyat yoldaşını, qəhrəmanını xatırlayır:
- Bunlar körpəydilər, heç məktəbə də getmirdilər. Amma Mühüd onların gələcəyinə, təhsilinə görə narahatlıq keçirirdi. Mühüd özü xeyli uğurlu əməliyyatlarda iştirak etmişdi, hamısından da sağ-salamat qayıtmışdı. Bu gün də mən təsəvvür edə bilmirəm ki, o yoxdur. Hamımız üçün onun yoxluğu inanılmaz gəlir. Bu ola bilməz deyirik...
Mühüd Qazağın Fərəhli kəndində doğulub. Bu kənd düşmənlə həmsərhəd olduğundan onun uşaqlığı güllələrin, mərmilərin altında keçib. Həmişə deyirmiş ki, Qarabağ Fərəhlinindir. Hələ 7-8 yaşı olsa da, “tez böyüsəydim, döyüşə gedərdim” - deyirmiş. Elə 15 yaşı tamam olan kimi də anasına deyir ki, mən sənədlərimi hərb məktəbinə verəcəm.
Qumru xanım da bunu təsdiqləyir:
- Cəmşid Naxçıvanski adına məktəbdə oxumaq onun öz seçimi olub. Mühüd qorxunun nə olduğunu bilməyib. O, bizə işi barəsində heç vaxt heç nə danışmazdı. Mən indi onun haqqında danışılanlardan eşidirəm, bilirəm. Və fikirləşirəm ki, gör, mən kimin həyat yoldaşı olmuşam. O, həmişə öndə getməyi xoşlayıb. Yaşından böyük işlər görüb. Bu gün onun cəbhə dostları deyirlər ki, əməliyyat olanda hamı can atırmış ki, onun qrupuna düşsün, əməliyyata onunla getsin. Taborundakı əsgərlərə, gizirlərə can yandırır, onları öz doğması kimi çox istəyirdi. Mühüdün adı çəkilən yerdə hansısa əməliyyatın alınmaması qeyri-mümkün idi. Onun şəhidlik məqamı ilə təbii ki, hamımız qürur duyuruq. Amma həm də onun üçün burnumuzun ucu göynəyir, səsini eşitmək, üzünü görmək istəyirik. Üstəlik də bilirsən ki, bu artıq mümkün olmayan, əlçatmayandı...
Hədiyyə
Mühüdlə Qumru xanımın tanış olmasında valideynlərinin rolu olub. Onlar bir-birləri ilə ilk dəfə qarşılaşsalar da illərin yaxını, doğması kimi ilk gündən bir-birlərinə sığınıblar. 2009-cu ildə Qazaxda toyları olur, üç gün sonra isə Mühüd həyat yoldaşını da götürüb, Bakıya gəlir. İşi ilə əlaqədar evdə az-az olsa da Qumru xanım deyir ki, onun yolunu, işdən, əməliyyatlardan qayıtmasını həmişə səbirlə, inamla gözləyib. Uzun illər kirayədə qalan ailə 2010-cu ildə ev sahibi olub. Bundan isə Qumrunun xəbəri olmur. Mühüd yaşadıqları evi Qumru xanıma 8 mart hədiyyəsi edir. Qumru xanım gənclik xatirələrini yada salır:
- Mühüdlə bir-birimizə qısa zamanda öyrəşdik. Getdikcə ailədə də olduqca təmkinli, mehriban oldu. Bir insan ailəsini nə qədər sevə bilərsə, Mühüd də bizi elə çox istəyirdi. Düzdür, cəmi altı il birlikdə olduq. Amma bu altı ildə o, bizi bir ömür yetəcək qədər sevgi ilə sevdi. O, həmişə evə gələndə çalışırdı ki, bizimlə ola bilmədiyi vaxtların əvəzini çıxsın, bizə daha çox vaxt ayırsın. Ailəsini xoşbəxt etməyi bacarırdı. Ona görə də mən həmişə arzulayıram ki, onun övladları da atalarına oxşasınlar. Mühüd özü də uşaqlara sevgini, vətənpərvərlik hissini ötürməyə çalışırdı. Mən deyirdim ki, uşaqlar hələ balacadırlar, vətən anlayışını, hərbə dair məsələləri qavraya bilməzlər. Deyirdi, yox, onların beyni ağ kağız kimidir. Hər şey onların beyninə indidən yazılır.
Evdə olanda uşaqlara işğal olunmuş torpaqlar haqqında, Qarabağ barəsində məlumatlar verir, vətənpərvərliyi təbliğ edirdi. Böyüklə böyük, kiçilə kiçik kimi davranardı.
Səssizlik
Mühüd Orucovun oğlanları Anar və Vuqar 3-cü sinifə gedirlər. Onlar analarından uzaqlaşıb o biri otaqda səssizcə cizgi filminə baxsalar da bizim söhbətimizə qulaq asdıqlarını hiss edirəm. Qumru xanım oğlanlarının danışmasını istəmir. Qorxusunu dilə gətirir:
- Hər dəfə atalarının adı gələndə üzümə baxırlar, onun yoxluğunun cavabını mənim üzümdə axtarırlar. Mənsə üzümü, baxışlarımı onlardan gizlədirəm. Bilirəm ki, özləri hər şeyi başa düşürlər, atalarının bir daha qayıtmayacağını anlayırlar. Ona görə də istəmirəm bir də bu haqda onların balaca qəlbinə əziyyət verim. Nəsə soruşsaq da, heç nə danışmayacaqlar. Ancaq fikrə gedib susacaqlar, bunu da mən istəmirəm, yəqin ki, heç Mühüd də istəməzdi.
Bilirsiniz,
elə şeylər var ki, insan onları həmin an bilmir. Amma sonradan hiss edirsən ki, baş verənlər
sanki bir xəbərdarlıq idi. Mühüd
sonuncu dəfə evə martın 27-də gəldi, əmisi
oğlu ilə görüşməyə getmişdi. Onda mənim içimə qəribə bir
narahatlıq doldu. Dedim, getmə. Ertəsi gün də təlimə yola düşməliydi.
İstəyirdim bizimlə çox vaxt
keçirsin. Elə dəqiqələri
sayırdım ki, bizim yanımızda çox olsun.
Düşünürdüm ki, nə qədər çox
qalsa, bizim üçün yenə də sonra az
olacaq. Ancaq o, əmisigilə getdi. Mən sonradan bildim ki, vidalaşmaq üçün
gedibmiş. Hətta əmioğlusunu kənara
çəkib deyib ki, “uşaqların saçı çox
uzanıb, mən gedirəm, amma sən imkan elə, onları bərbərə
apar”. Evə qayıdanda da hiss etdim ki, kefsizdir. Gecəni qaldı, səhərə yaxın saat
beşdə mən onu sonuncu dəfə yola saldım.
Gediş
O, həmişə
təlimdən evə qayıdanda uşaqlardan biri mütləq
xəstə olurdu. Bu dəfə isə heç
kəs xəstələnməmişdi. Amma çox qəribədir
ki, Mühüd gedənə yaxın balaca oğlum yuxudan
ayılıb ağladı, dedi başım ağrıyır.
Mühüd bir neçə vaxt onunla uzandı,
hətta boğazına dərman da vurdu. Sonra
nə qədər elədiksə, uşaqlar yatmadılar.
İndi xatırlayıram ki, həmin gün biz
hamımız çox narahat idik. Böyüklərin
hiss etməsini təbii hesab edirəm, amma heç nə
anlamayan uşaqların da sonrakı gün olacaqları
duyması qəribədir. Mühüd sonuncu dəfə
uşaqlarının hər ikisini bağrına basdı.
Uşaqlar ona dedilər ki, ata özünü
qoru, tez gəl.
Bu bizim onunla son görüşümüz oldu. Hərdən
mənə elə gəlir ki, zaman keçdikcə uşaqlar
nələrisə unudarlar, amma indi görürəm ki. Yox, hər şey yadlarında qalıb, hər
şeyin fərqindədirlər.
Mühüdün xəbəri gələndə elə
vəziyyətə düşmüşdüm ki, uşaqlar mənə
baxıb qorxurdular. İndi onlar yaşlarından çox
böyükdürlər, məni incitməmək
üçün suallar vermirlər. Hər bir proses
şüuraltı gedir. Hiss edirəm ki, onlar hər
addımlarında məni incitməməyə
çalışırlar. Mən də göz
yaşımı onlardan gizlətməyə
çalışıram. İstəyirəm
ki, onlarla çox vaxt keçirim, söhbət edim.
Aprelin 1-də axşam saatlarında Qumru xanım
televiziya vasitəsi ilə cəbhədə vəziyyətin
pisləşməsini öyrənir. Ertəsi gün
Mühüdə zəng vurur, ancaq telefonu götürən
olmur. Lakin bu cavabsızlıq ona qorxu gətirmir.
Düşünür ki, həyat yoldaşı
artıq evə qayıdır. Ayın 2-də
gecə Mühüd xanımına mesaj yazıb, hər
şeyin yaxşı olduğunu bildirir. O, bu mesajla Qumruya
dünyanı bağışlayır. Amma..
... Amma bir neçə saatdan sonra Qumrunun qorxduğu və
gözləmədiyi vəziyyət yaranır. Mühüd Orucov şəhid olur. “Qara xəbər tez yayılır” - deyiblər.
Yol
- Əmisigil gəldilər. Gördüm, nəsə
sözlü adama oxşayırlar. Mənə
dedilər Mühüddən xəbərin var? Dedim hə,
bir neçə saat əvvəl mesaj yazmışdı ki,
yaxşıyam. Onlar elə bil mənim
sözümdən ürəklənib toxtadılar,
çıxıb getdilər. Amma bir
neçə saatdan sonra yenidən daha çox adamla bizə
qayıtdılar. Çay dəmləmək istədim,
Mühüdün əmisi qoymadı, dedi, otur səninlə
söhbətimiz var. Onda yadıma gəlir ki,
yıxıldım, amma birtəhər ayağa qalxdım,
özümü ələ aldım. Mühüdün əmisi
qızı məni daldaya çəkib dedi ki, -
özünü ələ al, uşaqlara
hiss etdirmə. Mühüd yaralanıb, Gəncə
hospitalına aparıblar, yığış gedək ora.
Onlar məni aldadırdılar, mən də
onlara inandım. İnanmaya bilməzdim,
başqa əlacım yox idi. Amma
ağlamağıma qonşular gəldi, pal-paltarlarımı
yığmağa köməklik etdilər. Məni birtəhər maşına mindirib,
apardılar. Yolda sürücü Gəncəyə
yox, Qazağa sürdü. Mən Tovuz yolunda
ayılıb özümə gələndə şübhələndim,
dedim axı siz demişdiniz Mühüd Gəncədədir. Onda da dedilər ki, Qazağa aparıblar. Hər şeyi dumanlı, yuxu kimi xatırlayıram.
Çoxlu sakitləşdiricilər vermişdilər
mənə. Uşaqların
qışqırığı bu gün də qulaqlarımdan
getmir. Mənim ağlıma da gəlməzdi
ki, günün birində bu hadisələri
yaşayacağıq.
Qumru xanım bəd xəbər alsa da, hələ heç
nəyə inanmır. Qohumlarına qoşulub Gəncəyə
yola düşür. Mühüdü
görmək, onun səsini eşitmək arzusu ilə. Lakin sonrakı hadisələr hər şeyin istiqamətini
dəyişir.
Nigarançılıq
- Elə
bilirdim, rayona təkcə biz gedirik. Sən demə,
bizim maşının ardınca 10-15 maşın gəlirmiş.
Sumqayıtda, Bakıda yaşayan qohumlar
hamısı Mühüdgilə axışırlar. Anamgilin evinin yanında düşdüm ki,
uşaqları onlara qoyum. Gördüm
maşınlar hamısı ard-arda dayandı. Onda başa düşdüm ki, nəsə ciddi məsələdir.
Qohumlarıma dedim ki, məni Gəncəyə aparsınlar. Fikrimi yayındırırdılar. Biri dedi
maşının sənədlərini götürməyib,
başqası dedi hava qaralıb, sabahı gözləyək və
s. Dəli olmaq həddinə çatmışdım. Sonra bacımın yoldaşı məni bacımla Gəncəyə
apardı. Ora çatanda kimdən
Mühüd Orucov soruşduqsa, başını
aşağı salıb susdu. Amma
ölüm xəbəri də verən olmadı. Bir onu öyrənə bildik ki, Mühüd Gəncədə
deyil. Qazağa qayıdıb, ayın 8-nə
kimi ümidlə gözlədik. Mühüdlə
birgə 12 nəfər neytral ərazidə
qalmışdı. Aprelin 8-də xəbər
verdilər ki, cənazəni təcili yardım gətirir.
Bu müddət ərzində Qumru xanımın ən
böyük qorxusu uşaqlarla bağlı olub. Onları
baş verən faciədən uzaq tutmağa
çalışır, gah anası, gah qardaşıgildə
qoyurmuş.
Dəhşətli, amansız günlər bir-birini
qovduqca, Mühüdlə, onun bayrağa sarılmış
tabutu ilə də görüş vaxtı azalır, ana,
bacı, qadın ahı göyə ucalır. Göz
yaşları sel olurdu. 9 aprel tarixi Mühüdün ailəsinin,
qohumlarının, onu sevən insanların yadında
Mühüdlə son vida günü kim
qaldı Bu, həm də bir qəhrəmanın, bir igid Azərbaycan
kişisinin şəhidlik məqamına ucaldığı
gün idi.
Son arzu
Aprelin 9-da Mühüd öz kəndlərində dəfn olunmaq üçün evdən aparılanda Qumru xanım, bütün qadağalara baxmayaraq, son dəfə Mühüdün üzünü görməyə, onunla vidalaşmağa nail olur:
- Mollaya dedim ki, din adamısınız, ola bilməz ki, siz mənə onu son dəfə görməyə icazə verməyəsiniz. Ev, həyət adamla dolu idi. Mən mollaya belə deyəndən sonra bir də gördüm ki, molla nə isə işarə verdi və adamların arasından bir cığır açıldı. Tabuta yaxınlaşıb, Mühüdün üzünü gördüm.
Diqqətimi otağın baş tərəfindən qoyulmuş iri bir portret cəlb edir. Üzərində işıq yanan tortun ətrafında Mühüd və iki oğlu dayanıb. Şəkilin tarixi barədə xəbər alıram. Qumru xanım deyir ki, şəkil qəhrəmanımızın ad günündə Qumru xanım tərəfindən çəkilib. Sonradan onun üzünü bir rəssam köçürərək, şəhidin övladlarına bağışlayıb.
Uşaqlar o biri otaqdan çıxıb, yanımıza gəldilər. Diqqətlə həm analarına, həm də ataları ilə olan fotoya baxırlar. Anaları Mühüdün son ad gününü xatırlayıb gülümsəyəndə uşaqlar da analarına baxıb gülürlər. Həmin günləri xatırlayıb, atalarını yad edirlər.
Rəsmdəki qəhrəmanımız da arxada qoyub getdiyi vətənin, onun üzərində yaşayan oğullarının, xanımına bəxş etdiyi şəhidlik adının ləyaqətlə qorunacağına əmin halda gülümsəyir...
Şəhidimizin ailəsi ilə
sağollaşıb ayrılanda Qumru xanım deyir ki, əgər
yenidən dünyaya gəlsəydim, Mühüdlə yenə
cəmi altı il ömür sürəcəyimi bilsəydim,
yenə də onunla ailə qurardım: “Bu altı il mənim
üçün uzun bir ömrə bərabərdi”.
Samirə Əşrəf
Hərbi And.- 2022.- 9 dekabr.- S.12-13.