“Maşınlarda erməni leşləri var idi və əksəriyyəti yanıb gəbərmişdi” - Manqa komandiri

 

Məmmədov Anar: “Bilirdim ki, kənddə xeyli diversantlar qalıb və gecələr çıxırdılar”

Məmmədov Anar Elxan oğlu 25 fevral 1995-ci ildə Gəncə şəhərində anadan olub. Ancaq əsli Şuşalıdır. Çünki atasının babası Şuşada anadan oluborada KQB-də işləyib. Sonra təyinatı Gəncə şəhərinə verildiyi üçün ailəsi ilə birgə bura köçüb. Anarın atası və babası isə Gəncədə doğulub boya-başa çatıb.

Gəncə şəhər 5 nömrəli tam orta məktəbdə təhsil alan Anar 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Dörd il maliyyə ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra 2016-cı il 17 iyul tarixində əsgərliyə gedib. Beyləqanda BMP hərbi hissəsində sıravi əsgər kimi xidmət edib, pulemyotçu (pekaşnik) olub. 2017-ci il iyul ayının 4-də ehtiyata buraxılıb. Əsgərlikdən qayıdandan sonra 1 il 3 ay xırda ticarətlə məşğul olub. 2018-ci ilin sentyabr ayından isə Rabitəbankda işə başlayıb və hazırda orada çalışır.

2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladı. Döyüşlər artıq iki gün idi davam edirdi. Müharibənin elə ilk günündə müzəffər ordumuz bir neçə kəndi düşməndən azad etdi.

Anar cəbhəyə müharibə başlayandan iki gün sonra gedib. Sentyabrın 29-da axşam işdən evə getməyə hazırlaşan zaman zəng gəlib. Zəng edən xanım bildirib ki, Səfərbərlik və Hərbi xidmətdən narahat edir: “Mənə bildirdi ki, bir saata kimi burda olmalısız. Mən isə yalnız 3 saata gələ biləcəyimi dedim. Çünki Şəmkirdə idim və Gəncəyə gəlməyim, hazırlaşmağım vaxt aparacaq. Razılaşdıq. İş yoldaşlarımla görüşdüm və çıxdım. Yolda atama zəng edib vəziyyəti izah etdim. Mən evə çatana kimi artıq bütün qohum-əqraba bizdə idi. İcazə vermirdilər. Çətin də olsa valideynlərimlə görüşdüm. Evdən çıxdım və yola düşdüm”.

Dediyinə görə, əvvəlcə 10 gün Gəncədə hərbi hissələrin birində təlim keçiblər. Sonra Tovuz rayonunun Əlibəyli kəndinə aparıblar. Orda da hər gün təlimlərə davam ediblər: “Ancaqvaxtsa cəbhəyə gedəcəyimiz ağlımıza gəlmirdi. Qeyd edim ki, mən əsgərlikdə pulemyotçu olmağıma baxmayaraq burda mənə artilleriyada rabitə manqa komandiri vəzifəsi verilmişdi. Yenə sakit günlərdən biri idi. Oktyabr ayının 21-də nahar yeməyini yedik. Anidən komandirimizə əmr gəldi - SƏFƏRƏ. Bu komandanın nə olduğunu o ona kimi mən daxil bir çox əsgər yoldaşım bilmirdi. Birgördük komandir gülə-gülə gəlir. Dedi ki, maşınlar gəlir, hər şeyi yığın gedirik. Biz də lazım olan əşyalarımızı topladıq və axşam ordan çıxdıq”.

Yolda digər diviziyonlarımız da onlara qoşulub və ümumilikdə 24 maşın olublar. Karvanın ucu-bucağı görünmürdü.

Anar qeyd edib ki, Tovuzda işıqforda dayananda çox kasıb bir insanın özünü yetirib cibindəki son 5 manatı əsgərlərə verməyini və “məni üzrlü sayın, gücüm buna çatdı” deməyini heç vaxt unutmayacaq. Gecə ilə Şəmkirə poliqona gətiriblər. Oktyabr 21-dən 22-nə keçən gecə orda qalıblar və elə ilk dəfə çöldə yatıblar: “Elə bil bizi yavaş-yavaş bütün çətinliklərə öyrəşdirirdilər”.

Səhər saat 8-də 24 maşınla yola çıxıblar. Rayonlar bir-bir geridə qalırdı. Anar xəritəni yaxşı bildiyindən rayonlardan keçdikcə gözündə xəritəni canlandırırdı. Horadizə çatıblar. Artıq Füzuliyə girdikdən sonra isə müharibəni dərk etməyə başlayıb. Alınmış erməni postlarının yanından keçirdilər.

Anar Cəbrayıl sözünün yanından keçəndə Cəbrayıla çatdıqlarını bilib: “Burda dayandıq dedilər ki, o tərəfə hava tam qaralandan sonra gedəcəyik. 3 saata yaxın gözlədik. Artıq müharibənin necə ciddi bir şey olduğunu dərk etməyə başladım. Çünki artilleriya helikopter atışlarını sərbəst görürdük. Hava tam qaralandan sonra yenidən yola düşdük. Bir diviziyonda 65 nəfər idik, özümüzlə cəmi 35 ədəd quru yemək (suxoy payok) götürmüşdük. Zəngilandan keçdik, ancaq mərkəzi yol bağlı olduğu üçün bizi dağlıq yolla apardılar. Artıq gecə saat 12 idi. Zəngilanda, Qubadlıda hələ döyüşlər gedirdi. Bir müddətdən sonra vurulmuş erməni maşınlarının yanından keçdik. Getdikcə daha da yaxınlaşırdıq. Yenə düşmənin vurulmuş başqa karvanı rastımıza çıxdı. Maşınlarda erməni leşləri var idi əksəriyyəti yanıb gəbərmişdi. Bu yeri keçəndən sonra bizi bir nəfər qarşıladı. Sonradan öyrəndim ki, həmin adam əslən Qubadlıdan olan artilleriya rəisimiz idi. Adam yolu əzbər bilirdi. Ən qabaqda 24 maşını arxasına salıb apardı. Artıq gecə saat 2 olardı. Qubadlının Xanlıq kəndinə yaxınlaşdıq. Bu kənddə hələ döyüşlər getdiyini səslərdən eşidirdik. Təyinat bizi Xanlıq kəndinin yuxarı tərəfindən keçirib üzü erməni tərəfə yerləşdirmək idi. Bir yerə çatdıq ki, artilleriya rəisi bütün maşınların işıqlarını söndürtdü. Sonra bütün karvan dayandı. Özü şəxsən bir-bir maşınların qabağına düşüb fənər ilə təyinat nöqtəsinə yerləşdirib qayıtdı. Gecə saat 4-də növbə bizim maşına çatdı. Bizdən sonra isə 3 maşın qalmışdı. Həmin yerə bizi apardı çatdıq. Çox qəribə mənzərə qəribə hisslər idi. Əkin sahəsindəydik, zülmət qaranlıq. Hansı tərəfin erməni özümüzünkü olduğunu bilmirdik. Ümumiyyətlə, harada olduğumuz barədə bir fikrimiz yox idi. Komandir sonuncu maşını gətirəndən topların istiqamətini çevirəndən sonra bildik ki, erməni hansı tərəfdədir”.

Həmin gecəni yatmadıq, dayanmadan qazıntı işləri apardıq, çünki ətraf açıqlıq idi: “Xanlıq kəndi bizdən 500 metr aralıda idi. Atışma səsləri durmadan gəlirdi. Gün açıldı. Axşam hələ qazıntı işləri gedir, mövqedə möhkəmlənir, atəş əmrinə hazırlanırdıq. Səhər yeməyində verilən yumurta axşam gəldi. Maşın rəisi gizir idi, üzü hələ yadımdadır. Gətirdiyi yumurtanın başında durub bir-bir paylayırdı. Birdən özündən getdi yerə yıxıldı. Həkim çağırdılar, naşatır spirti ilə özünə gətirdilər. Səbəbini soruşanda dedi ki, dörd gündür yatmır. Belə oğullar heç vaxt yadımdan çıxmaz”.

Artıq bizimkilər Xanlıq kəndini təmizləmiş üzü Fərcan dağlarına tərəf qalxırdılar. Oktyabrın 25-dən 26-na keçən gecə ilk atəş əmri gəldi. Xüsusi Təyinatlı Qüvvələr koordinat verdi ATƏŞ: “Ondan sonra hər gün fərqli-fərqli saatlarda atışlarımız olurdu. Qeyd edim ki, artilleriya hər atışdan sonra yerini dəyişməlidir. Lakin biz təxris olunana kimi eyni yerdə qaldıq atəş etdik”.

Anar minalanmış sahənin sadəcə Cəbrayılda gördüyünü söyləyib. Buna baxmayaraq Qubadlıda da ehtiyat edirdilər. Çünki düşdükləri ərazi əkin sahəsi idi: “Komandirlərimiz yüksək hərbi, riyazi savadı olan kadrlar idi. Məhz buna görə diviziyonumuzun dəqiq atəşləri olurdu”.

Açığı yeni düşəndə gecələr az da olsa yata bilirdim. Sonradan bu yatmaqları get-gedə azaltdım: “Silahım çiynimdə əlimdə fənər gecələr sakit vaxtı yarasa kimi ərazini gəzirdim. Çünki bilirdim ki, kənddə xeyli diversantlar qalıb gecələr çıxırdılar. Qorxu var idi, ancaq bilirdim ki, qorxunun üstünə getmək lazımdır. Gündüzlər atış olmayanda yatırdım. Gecə cəmi bir dəfə basqın oldu. Həmin gecə yatdığım günlərdən biri idi. Çadırımızın yanından patrullarımız digər əraziyə atış edirdilər. Gecə həmin yorğunluğun ardından çox şirin yuxuda idim. Silahım dolu vəziyyətdə başımın üstündə idi. Səsə oyandım, təkcə çəkməmi çıxarıb yatmışdım. Silahımı götürdüm, çəkməmi geyindim çölə qaçdım. Gördüm ki aləm dəyib bir-birinə. Çox uzaq məsafədən atış edirdilər. Biz tərəfdən atəş çoxalandan sonra gözdən itdilər. Arxalarınca getmək istədikdə komandir ərazini tanımadığımıza görə icazə vermədi. Düzünü desəm həmin gecə o yuxudan oyandığım an bərk səksənmişdim. Ondan sonra gecələr yatmadım. Gündüz 3-4 saat yuxu bəs edirdi”.

Anar vurğulayıb ki, müharibədə hər bir hissin pikini yaşayırdı. Qorxu, həyəcan, stress bunun yanında qürur fəxr hissləri: “Həyatda bir görərsiz amma o işin qədər düz olduğundan tam əmin olmazsız. Bunun sizə xeyri yoxsa ziyan dəyəcəyini tam dəqiq bilməzsiz. Ancaq müharibədə həyatda gördüyüm ən düz olduğuna əminlik var idi. Mən manqam növbə ilə komandirlə birlikdə əraziyə gedir komanda müşahidə məntəqəsinə baş çəkirdik. Məntəqədə rabitəçi, məsafə ölçən, kəşfiyyatçı tağım komandiri olur. Düşmənlə üz-üzə durub koordinat verirlər. Biz onların verdiyi koordinata atəş açırdıq”.

Qubadlı rayonunun özündə də olan Anar bildirib ki, bəlkə də müharibə 2 gün gec qurtarsaydı onları vuracaqdılar: “Çünki sonlara yaxın düşmənin pilotsuz uçuş aparatlarını görmüşdük”.

Yanımda şəhid və yaralanma kimi hadisələr baş verməyib. Lakin hərbi hissəmizdən çox sayda şəhidimiz oldu: “Mənim zədəm və yaralanmam olmayıb. Ancaq qayıdandan sonra məndə və digər əsgər yoldaşlarımda fəsadlar olub. Birində topa-topa saçları tökülüb, digərində əsəb problemləri. Məndə isə gözümdə və qulağımda problemlər əmələ gəlib”.

Noyabrın 10-da müharibə bitəndən sonra onları heç yerə aparmayıblar. Çünki topların vurma məsafəsini qaldırdıqda sərhəddən o tərəfi də vura bilərdilər. Sərhədlərin tam bəlli olmaması səbəbilə düşmən tərəfindən hər hansı pozuntuya qarşı atəş əmri gələ bilərdi.

Anar 2021-ci il yanvar ayının 2-də təxris olub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Məmmədov Anar Elxan oğluQubadlının azad olunmasına görəVətən müharibəsi iştirakçısımedalları ilə təltif edilib.

Anar müharibədə olduğu müddətdə işlədiyi bankın rəhbərliyi onunla daim maraqlanırdı. Qayıtdıqdan sonra isə təltif və mükafatlandırılıb. Vətən müharibəsində qələbə qazanmağımızın hər ildönümündə də diqqətdən kənarda qalmayaraq mükafata layiq görülür. Çünki o, şanlı müzəffər ordumuzun düşməni darmadağın edən Vətənin qəhrəman övladlarındandır.

 

Bəxtiyar CƏFƏRLİ

Hərbi And.- 2022.- 9 dekabr.- S.8-9.