Əfsanəvi gizir - Pərvin İmanov

 

 

Vətən, torpaq, yurd deyəndə öncə onu yaşadanları düşünürsən. Əsrlərlə başı bəlalar çəkən Azərbaycanı əsrlərlə yaşadanları - canını fəda edənləri düşünürsən. İkinci Qarabağ savaşının şəhidlərini, döyüşçülərini, qazilərini düşünürsən.1991-ci il iyunun 16-da Tərtər rayonunun Seydimli kəndində dünyaya gələn Pərvin Amin oğlu İmanov kimi oğulları düşünürsən.

Pərvin İmanov orta təhsilinə Seydimli kənd 1 saylı məktəbdə başlayıb. Ailəsi Sumqayıta köçdüyündən sonra Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbdə oxuyub. 2008-ci il məzunudur. 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Füzulidə 706 nömrəli hərbi hissədə müddətli hərbi xidmət keçib. sonrakı ömrünü hərbiyə bağlayıb. 2012-ci ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində çavuş kursunda oxuyub. Kursu bitirdikdən sonra 2012-ci ilin aprelində Abşeron rayonunun Perekeşkül qəsəbəsindəki 877 saylı hərbi hissədə kəşfiyyat manqa komandiri vəzifəsinə təyinat alıb. 2013-cü ilin dekabrında XTQ- kurs keçmək üçün 052 nömrəli hərbi hissəyə ezam olunub. Sonra "Gizir hazırlığı" kursunu bitirib. 2014-cü ilin iyun ayından 052 hərbi hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı olur gizir Pərvin İmanov. 2013-cü ildə həm Bolqarıstanda Amerika dəniz piyadaları ilə kəşfiyyat təlimlərində iştirak edir. 2015-ci ildə isə Xüsusi təyinatlı qrup kursunu, 2018-ci ildə Türkiyə Özəl Qüvvələrinin antiterror kursunu bitirir.

Bu, Pərvinin öz peşəkarlığını artırmaq üçün etdikləridir. 2020-ci ilin sentyabrında başlayan Vətən savaşında da ön sıralarda oldu Pərvin. Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Horadiz uğrunda döyüşlərdən keçdi qəhrəmanımız.

Pərvin döyüş xatirələrini bölüşərkən belə deyir: "Həlledici döyüşlərdən biri Horadiz əməliyyatı idi. 7-8 saat aramsız atışma baş verdi. Bu döyüşlərdə komandirimiz, həm əməliyyat zabiti kapitan Elçin Mübariz oğlu İsmayılov yanımda şəhid oldu. Bizə dəstək üçün gələn tankları yönləndirirdi. Snayperlə vurdular. Çox dəyərli zabit idi. Devran Naibov, Abdullayev Şəhriyar kimi oğullar şəhid oldu... Kimi deyim? Ən ağrılısı döyüş yoldaşlarını itirməkdi. Torpaqlarının düşmən əlində olması isə daha ağırdı. Hər birimiz şəhid olmağa hazır idik. Ali məqsədimiz vardı: düşməni torpaqlarımızdan çıxarmaq. 7 gün Hadrut uğruna döyüşdük. 1400 yüksəkliyi uğruna 4 gün mühasirədə qaldıq. Bitkilərlə qidalanıb, şehləri su əvəzi içdik. Amma qalib olduq. Mühasirədən çıxdıq düşməni məhv elədik".

Elşən Novruzəli oğlu Əliyev hazırda hərbi xidmətdədi. XTQ-in seçilən kəşfiyyatçılarından biridir: "2014-cü ildən Pərvinlə bir yerdəyik. Bütün post tapşırıqlarda birlikdə olmuşuq. Hücum qruplarında olmuşuq əsasən. 2016-cı ilin Aprel döyüşlərində birlikdə idik. İkinci Qarabağ savaşına da birlikdə qatıldıq. Pərvinin bacarıqlı, peşəkar, savadlı hərbçi olduğunun illərdir şahidiyəm. Qorxmazdır, igiddir, həmişə öndə olub, həmişə birinci olub. Öz üzərində həmişə çalışıb. Hər an döyüşə hazır bir hərbçidir. Onun peşəkarlığı hamımıza kömək olub. Verdiyi düzgün qərarlardan çox yararlanmışıq. Bir neçə dəfə yaralansa da, döyüşdən çıxmayıb, Vətəni qorumaqdan bir an belə vaz keçməyib".

Səhhətiylə bağlı ehtiyata buraxılıb Pərvin. 4 gün fasiləsiz döyüşdən sonra Füzulidə yuxarı Yağləvənd istiqamətində hücum zamanı mərmi atəşinə məruz qalır döyüşçülərimiz. Bu zaman Pərvin də ağır yaralanır. Kəllə-beyin travması alan Pərvin Füzuli Mərkəzi Klinik Xəstəxanasına təxliyyə olunur. Komaya düşür, vəziyyəti ağır olduğundan Gəncəyə, daha sonra Bakıya hərbi hospitala köçürülür. Hazırda səhhətiylə bağlı ehtiyatdadır. "Azərbaycan Bayrağı" ordeni, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavəndin azadlığına görə, "Şücaətə görə" medalları ilə təltif olunub.

Onun işinə məsuliyyəti, vətən sevgisi, cəsurluğu barədə döyüş yoldaşları çox danışır. Özü isə deyir: "Bu tək mənim qələbəm deyil ki. Müharibədə həmrəylik, birlik olmasa, qalib olmaq olmaz. Qələbənin başlıca səbəblərindən biri də nizam-intizamdır. Bütün əsgərlərimiz cəngavər kimi döyüşürdülər. Biz öz borcumuzu yerinə yetirirdik".

Müharibənin taleyini həll edən Horadiz əməliyyatında da baş kəşfiyyatçı kimi fərqlənir XTQ-in giziri Pərvin İmanov. Və düşmən tamamilə məhv edilir bu əməliyyatda. Sübhdən başlayan döyüş zamanı aramsız 8 saata yaxın atışma qələbə ilə bitir. Bundan sonra Hadrut əməliyyatı və yenə qələbə.

 

İgidlərimiz hamısı eyni sözü deyirdi: erməniləri döyüş meydanından qaçmağa məcbur etmək üçün vuruşurduq. 30 ilin həsrətinə son qoymaq üçün - Qələbə üçün vuruşurduq.

Pərvin danışır, döyüş yoldaşları danışır, sən isə qulaq asırsan. Bütün ruhunla dinləyirsən onları. "Əfsanə Pərvin" deyilən qəhrəmanımın döyüş yoldaşları ilə yazdığı əfsanə kimi görünən həqiqətləri təsəvvür etməyə çalışırsan. Onları bağrına basmaq, yaralarına məlhəm olmaq, yüz dəfə, min dəfə təşəkkür etmək istəyirsən. Elə bil ürəyini oxuyur, baxışlarını anlayır: "Biz təşəkkür üçün döyüşməmişik. Biz ləyaqətimiz, məğrur duruşumuz üçün vuruşmuşuq. Azərbaycanımız üçün vuruşmuşuq. Əsl vətən oğlunun, əsl hərbçinin heç bir umacağı olmur kimsədən, yalnız vicdanı, sevgisi və vətən borcu olur". 

 

Sənsə yenə düşünürsən: bəs biz borcumuzu necə verək?!.

 

 

Kamalə ABİYEVA

 

Hərbi And.- 2022.- 4 fevral.- S.14.