Şəhidlik Vətən sevgisinin zirvəsidir

 

Düşmən qarşısında inamla dayanıb torpaqlarımızı erməni işğalından azad edən igidlərimizdən Milli Aviasiya Akademiyasının məzunları olan, İkinci Qarabağ savaşında torpaqlarımız uğrunda döyüşüb qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn dörd məzun tələbəmizdən biri Şahin Azər oğlu Ağayevdir.

Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, əxlaq, əqidə var. Elə buna görə onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Ona görə şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür, Vətənə can fəda etməkdir. Vətən millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq, əsla unudulmayan insanlardır şəhidlər. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər. Ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır şəhidlər.

Qorxu duymadan, üzərində böyük vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Şahin Azər oğlu Ağayev əslən Masallı rayonundandır, 1993-cü il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 2011-ci ildə Yeni-Yasamaldakı 286 saylı məktəbi fərqlənmə attestatı ilə bitirib. 286 saylı məktəbdə oxuduğu dövrdə yaxşı oxumağı ilə yanaşı, həm də fəal ictimaiətçi kimi məktəb kollektivinin sevimlisinə çevrilb. Şahin Ağayev 2011-ci ildə Milli Aviasiya Akademiyasının Hava nəqliyyatı fakültəsinin Uçuş mühəndisliyi ixtisasına qəbul olunub və 2016-cı ildə helikopter pilotu ixtisası üzrə MAA-nı fərqlənmə diplomu ilə bitirib. Akademiyada oxuduğu illərdə yüksək intellektual səviyyəsi və ictimai işlərdə fəal iştirakına görə rəhbərliyin dərin hörmətini qazanıb, təhsil aldığı Hava nəqliyyatı fakültəsinin tələbə-müəllim kollektivinin sevimlisinə çevrilib.

 

Hərbi And.- 2022.- 25 fevral.- S.10.