YARALI
SİLAHDAŞINA ÖZÜNÜ YETİRƏRKƏN
HƏYATINI QURBAN VERƏN İGİD...
Önündə diz çöküb baş əyirik biz,
Can verib
can verdin daşa, torpağa.
İndi
ürəklərdir sənin Vətənin,
Döndün könüllərdə enməz bayrağa.
Şair-publisist Elxan Yurdoğlunun müəllifi
olduğu “Haqqınızı halal edin, şəhidlər”
adlanan şeirdəki bu misralar şəhidlik zirvəsinə
ucalan mərd oğulların keçdikləri şərəfli
yola dərin ehtiram duyğusu ilə yazılıb. Həqiqətən də hər
bir şəhidin üzərimizdə böyük haqqı var.
Onlar Vətənin toxunulmazlığı, elin qeyrəti naminə
canlarını fəda etməklə düşmən tərəfindən
öldürülən, əsir götürülən, yurdlarından
didərgin salınan, doğma obaları viran qoyulan
soydaşlarımızın qisasını gələcək nəsillərə
saxlamadılar, bütövlükdə, qalib xalq
adımızı öz qanları ilə tarixə yazdılar.
44 günlük Vətən müharibəsində Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi
heyətinin keçdiyi döyüş yolu şücaət
nümunələri ilə zəngindir. Respublikamızın
ərazi bütövlüyü uğrunda döyüşlərdə
son nəfəsinədək hərbi anda sadiq qalmış cəsur
hərbi qulluqçularımızdan biri də şəhid
baş çavuş Nadirov Elçin Nadir oğludur.
Elçin
1987-ci il dekabrın 5-də Şəki
şəhərində anadan olub. Ailənin
ikinci övladı idi, Ülkər adlı bacısı var.
Anası Rəmziyyə Nadirovanın övladlarının
boya-başa çatması və tərbiyəsində zəhməti
xüsusi qeyd olunmalıdır. O, fədakar ana kimi Vətənə
layiqli oğul yetişdirib. Şəki Dövlət
Regional Kollecində musiqi müəlliməsidir. Oğlunun da musiqiyə marağı olub, Şəkidəki
2 saylı uşaq musiqi məktəbində qarmon üzrə təhsil
alıb. Bununla yanaşı, Elçin Şəkidəki
Mirzə Fətəli Axundov adına 2 saylı, habelə 5 və
7 saylı orta məktəblərdə oxuyub, sonra şəhərdə
yerləşən Fizika-riyaziyyat və humanitar təmayüllü
liseyə qəbul olunub, 2005-ci ildə buranı bitirib.
YARALI
SİLAHDAŞINA ÖZÜNÜ YETİRƏRKƏN
HƏYATINI QURBAN VERƏN İGİD...
Yeniyetməlik illərində Elçin doğma şəhərində
idmanın karate növü ilə məşğul olub,
sağlam həyat tərzinə, fiziki
hazırlığının inkişafına, idmançı
məharətinin artırılmasına xüsusi diqqət
yetirib. Azərbaycan
Respublikası Karate-do Federasiyaları Assosiasiyasının
Şəki Regional Şöbəsi tərəfindən
keçirilən imtahanlarda müvəffəqiyyət qazanaraq ağ, sarı və yaşıl kəmərlərə
layiq görülüb, ona müvafiq dərəcəli
diplomlar verilib.
Doğmalarının bildirdiklərinə görə,
Elçin böyük-kiçiyə hörmətlə
yanaşan, xoşxasiyyətli, səbirli, ailəcanlı, qurub
yaratmaq həvəsli, əməksevər gənc idi. Onun taleyinə
hələ yeniyetmə ikən həyatın bəzi çətinlikləri
ilə üzləşmək yazılıb. Bu amil də onun şəxsi keyfiyyətlərində
iz qoyub. Xeyirxah və yardımsevər
olması onu tanıyanlarda şəxsinə rəğbət
yaradıb. Uşaq yaşlarından gələcəkdə
polis olmaq istədiyini deyib.
2006-cı ilin yanvar ayında Elçin müddətli həqiqi
hərbi xidmətə çağırılıb. Daxili
Qoşunların Hacıqabul rayonu, Bakının Xətai rayonu
və Gəncə şəhərində yerləşən
“N” saylı hərbi hissələrində hərbi xidmət
keçərək, 2007-ci ilin iyul ayında tərxis olunub.
2007-ci ildə Şəki Dövlət Texnologiya
Texnikumunun (hazırda Şəki Dövlət Regional Kolleci)
Mühasibat uçotu fakültəsində qiyabi təhsil
almağa başlayıb. Ancaq ailənin maddi imkanının məhdud
olması səbəbindən təhsili yarımçıq
qalıb. Bir müddət müxtəlif
yerlərdə işləyib.
2009-cu ilin aprel ayında Elçin həyatının
mühüm qərarlarından birini verib. Vətənpərvərlik
əqidəsi və hərbi xidmətə marağı səbəbindən
Daxili Qoşunların sıralarına qayıdıb. Müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu kimi Bərdə rayonunda yerləşən
“N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində
snayper, atıcı vəzifələrinə təyin edilib.
2011-ci ilin mart - 2015-ci ilin yanvar aylarında
Zaqatala rayonundakı “N” saylı hərbi hissənin ayrı
yerləşən əməliyyat taborunda taqım komandirinin
müavini-manqa komandiri, həmin taborun xüsusi vasitələrin
tətbiqi bölməsində baş atıcı,
atıcı-sanitar, texnik vəzifələrində xidmət
edərək geniş təcrübəyə yiyələnib.
2015-ci ilin yanvar ayından Qəbələ
rayonunda yerləşən “N” saylı hərbi hissəyə
keçirilib, burada xüsusi vasitələrin tətbiqi dəstəsində
heyət rəisi vəzifəsinin öhdəsindən
bacarıqla gəlib. Həmin ilin oktyabr
ayından isə yenidən Zaqatala rayonundakı “N” saylı hərbi
hissədə hərbi xidmət keçərək, xüsusi
təyinatlı dəstədə
atıcı-istehkamçı vəzifəsini yerinə
yetirib. Hərbi xidməti dövründə
tutduğu vəzifələrdə komandanlığın
etimadını doğruldub.
YARALI
SİLAHDAŞINA ÖZÜNÜ YETİRƏRKƏN
HƏYATINI QURBAN VERƏN İGİD...
2015-ci ilin fevral ayının 9-dan mart ayının 7-dək
baş çavuş E.Nadirov Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin təşkil etdiyi “Əsas
humanitar minaaxtarma kursu”nu keçib. Bununla əlaqədar
ona müvafiq şəhadətnamə verilib.
Nümunəvi xidməti nəzərə alınaraq, hərbi
qulluqçu dəfələrlə
mükafatlandırılıb. 2018-ci ilin iyun
ayının 26-da III dərəcəli “Qüsursuz xidmətə
görə” medalı ilə təltif olunub.
Zaqatala
rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı
dəstənin komandiri, Vətən müharibəsi
iştirakçısı mayor Sahib İbrahimov bildirdi ki,
baş çavuş E.Nadirov nizam-intizamlı, funksional vəzifələrinin,
qarşıya qoyulan tapşırıqların öhdəsindən
gəlməyi bacaran, öz döyüş
hazırlığının yüksəldilməsinə
çalışan, ona təhkim olunan silah və xüsusi
vasitələrdən mükəmməl istifadə edən, dəstənin
təlimlərində fəallıq göstərən peşəkar
hərbi qulluqçu kimi şəxsi heyətin
yaddaşında qalıb. Dəstənin hərbi
qulluqçusu kimi öz məsuliyyətini daim düzgün dərk
edib. Silahdaşlarının hörmət
və inamını qazanıb.
Komandir nəzərə çatdırdı ki,
Elçin Vətən müharibəsinin ilk günlərindən
düşmənə qarşı cəsurluqla vuruşub. Ön cəbhənin
ayrı-ayrı istiqamətlərində silahdaşları ilə
birgə döyüş tapşırıqlarını mətinliklə
yerinə yetirib.
Quba
rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı
dəstə komandirinin müavini-qərargah rəisi, Vətən
Müharibəsi Qəhrəmanı kapitan Nicad
Bədəlov məlumat verdi ki, Elçinlə səkkiz il
birgə xidmət edib. Xüsusi təyinatlının
qeyrətli və vətənpərvər hərbi
qulluqçu kimi həmişə xatırlanacağını
vurğuladı. 2020-ci il sentyabrın
27-dən etibarən Kəlbəcər istiqamətində,
Murovdağda döyüşə başladıqlarını
dedi. Sonra Cəbrayıl və Füzuli
rayonlarının ərazilərində
işğalçılara qarşı birgə vuruşublar.
Düşmənin müdafiə xəttinin
yarılması, mövqelərinin ələ keçirilməsi,
onun canlı qüvvəsinin məhv edilməsində
Elçin döyüşçü şücaəti
göstərib.
Zabit
bildirdi ki, Elçin 2020-ci il oktyabrın 15-də, təxminən
gündüz saat 3 radələrində Füzuli şəhəri
ərazisində ağır yaralanan yoldaşına kömək
etməyə cəhd göstərərkən ermənilərin
minaatandan açdığı atəş nəticəsində
ölümcül yaralanıb. Nicad onu
çiyninə alıb və təhlükəsiz yerə
aparıb. Son nəfəsində Nicada deyib
ki, komandir, özünüzü qoruyun, qisasımızı
alın, torpaqlarımız düşmən tapdağında
qalmasın.
Zaqatala rayonunda yerləşən “N” saylı hərbi
hissənin xüsusi təyinatlı dəstəsində snayper
yarımqrupunun komandiri, Vətən müharibəsi
iştirakçısı baş çavuş Samir Mirzəyev
Füzuli şəhəri ərazisində Elçinlə eyni
gündə yaralanıb. Samir yaralı olaraq həmin gün
Elçinin cənazəsi ilə eyni avtomobildə təxliyyə
edilib. Söylədi ki, yaxın dostu
olmuş Elçin barədə danışmaq onun
üçün ağırdır.
Silahdaşının döyüşlərdə yaralananlara
yardım göstərməyə can atdığını,
qorxmaz bir xüsusi təyinatlı olduğunu dedi. Öndə gedən döyüşçülərdən
biri olub. Dediyinə görə, oktyabrın 15-də
Füzuli şəhərinin çıxacağında,
“Daş karxanası” adlanan yerdə partlayan minaatan mərmisinin
qəlpələri çavuş Mədəni Poladın
sağ ayağının dizdən aşağı hissəsini
qoparıb, bud nahiyəsi ağır dərəcəli zədələnib.
Yaralıya yetişmək və atəş
altındakı ərazidən çıxarmaq
üçün heç bir tərəddüdsüz özlərini
riskə atan iki döyüşçüdən biri olan
Elçin düşmənin minaatan mərmisinin
partlayışından ağır yaralanıb, ilk tibbi
yardım göstərilsə də, onun həyatını
xilas etmək mümkün olmayıb. Digər
döyüşçü çavuş Ceyhun Abbasovu da həmin
məqamda mərmi qəlpələri yaralayıb.
Həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində
atıcı-radiotelefonçu, Vətən müharibəsi
iştirakçısı çavuş Şamil Qədirov
danışdı ki, Elçini yaxından
tanıyırdı, onun özünə tələbkar
yanaşdığını, yerini bilən, yoldaşlıqda
diqqətli və qayğıkeş olduğunu
vurğuladı. Geniş dünyagörüşünə
malik Elçindən yoldaşları bəzi məsələlərdə
məsləhət alıblar.
Məlumat
verdi ki, Vətən müharibəsindən
əvvəl Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin
tərkibində xüsusi təyinatlıların təlimində
iştirak ediblər. Vətən müharibəsinin ilk
günlərində Murovdağ döyüşləri
zamanı işğalçıların bir neçə postunu
ələ keçirdiklərini dedi. Cəbrayıl
və Füzuli rayonlarında da ağır döyüşlərin
getdiyini, müharibənin hər əziyyətinə
dözdüklərini söylədi. Elçin
silahdaşlarına mənəvi cəhətdən dəstəyini
əsirgəməyib.
YARALI
SİLAHDAŞINA ÖZÜNÜ YETİRƏRKƏN
HƏYATINI QURBAN VERƏN İGİD...
Şamilin sözlərinə görə, Elçinin
istehkamçı kimi praktiki hazırlığı
döyüş tapşırıqlarının yerinə
yetirilməsində vacib rol oynayıb. Döyüşlərdən
birində onun çantasında olan, düşmənə
pusqu qurmaq üçün nəzərdə tutulan minaya
güllə dəyərək istiqamətini dəyişib.
Həmin anda təhlükə sovuşub.
Ancaq başqa bir döyüşdə yaralı
silahdaşına köməyə özünü yetirərkən
mərmi qəlpələrindən onu heç nə
qorumadı...
Vətən müharibəsi qazisi, ehtiyatda olan baş çavuş İbrahim Əhmədov qeyd etdi ki, “N” saylı hərbi hissədən səhhəti ilə bağlı ehtiyata buraxılıb. Xüsusi təyinatlı dəstənin hərbi qulluqçusu kimi Murovdağ silsiləsi və Cəbrayıl rayonu ərazisində Elçinlə birgə erməni işğalçılarına qarşı döyüşüb. Cəbrayıl rayonu istiqamətində döyüşlərdən birində İbrahim yaralanarkən Elçin ona yardım edərək, atəşə tutulan ərazidən çıxarıb. Döyüş meydanından təxliyyəsində Elçinin rolunu vurğulayaraq, onun fədakarlığını heç vaxt unutmayacağını dedi.
2020-ci il oktyabrın 23-də tərtib edilən ölüm haqqında şəhadətnamədə baş çavuş E.Nadirovun 15.10.2020-ci il tarixdə, Füzuli rayonunda, “hərbi əməliyyat nəticəsində digər növ partlayışlar və qəlpələrlə törənmiş zədələnmələr” səbəbindən həlak olduğu barədə qeydlər öz əksini tapıb.
Şəhid Şəki şəhərinin Məzahir Abbasov küçəsində yerləşən qəbiristanlıqdakı Şəhidlər məzarlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş E.Nadirov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Anasının təşəbbüsü ilə şəhidin xatirə guşəsi və barelyefi düzəldilib. Şəki rayonunun Qoxmuq kəndində yaradılan şəhid bulağı və fotostenddə Elçinin də şəkli var.
Rəfiqə Sadıqovanın müəllifi olduğu “Əbədi yaşayanlar. Şəki şəhidləri” kitabında şəhid hərbi qulluqçumuz barədə məlumat verilib. “Polis” və “Şəki təhsili” qəzetlərində silahdaşımız haqqında məqalələr dərc edilib.
2011-ci il sentyabrın 5-də Elçin Svetlana xanımla ailə qurub. Bu xoşbəxt ailədə Arzu və Zaur adlı övladları dünyaya gəliblər. Svetlana xanım qeyd etdi ki, Elçin üçün ailəsi çox dəyərli idi. Hərbçi ailəsi olduqlarından həmişə qürur duyublar. Qızının göz həkimi, oğlunun isə hərbçi olmasını arzulayırdı. İnanıram ki, uşaqlar böyüyərək atalarının arzularını həyata keçirəcək, qalib ölkəmizin gələcəyinə onun adına layiq töhfələrini verəcəklər.
Allah rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist
Hərbi And.- 2022.- 25 fevral.- S.8.