Onun ürəyi vətən üçün döyünürdü
Vətən dünyaya göz
açdığımız doğma od-ocaqdan, məndən, səndən,
bizdən, elə özümüzdən başlanır. Hər
kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini
öz şəxsiyyətində, mənində
yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən
yaşasın. Vətənpərvərlik -özü
üçün deyil, eli üçün yaşamaqdır, bu
gün üçün deyil, gələcək
üçün yaratmaqdır, “Mən üçün” deyil
“Bizlər üçün”, “Xalqım üçün”
düşünməkdir. Bənna külüngüylə,
diplomat siyasətiyə, alim elmiylə, yazıçı,
şair qələmiylə, tarixçi üzə
çıxartdığı doğrularıyla, analar
böyütdüyü nəcabətli
övladlarıyla,şagirdlərimiz təhsiliylə,qızlarımız
nəsilbənəsil bizə miras qalmış ismətiylə,
düşmən çəpəri olan oğullarımız mərdliyi,
qeyrətiylə, əsl vətəndaşlardır.
Qəhrəmanlıq
etmək, adının tarixin salnaməsinə yazılmasına
nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən
irəli gəlir. Bu ali hislərlə böyüyüb
boya-başa çatan, Vətən sevgisinin rüşeymi
ürəyindəki vətənpərvərlik duyğusunda
kök atmış Kənan Quliyevdə belə vətən
övladlarındandır.
Quliyev
Kənan Vaqif oğlu 11 sentyabr 1992-ci ildə Naxçıvan
Muxtar Respublikasının Culfa şəhərində anadan
olub. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu
adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə
daxil olub. Təhsil aldığı dövrdə səmimiliyi,
mərdliyi, vətənpərvərliyi ilə müəllimlərinin
diqqətini çəkib. 2009-cu ildə
məktəbi
bitirdikdən sonra 2010-cu ildə Naxçıvan Texniki Peşə
və Sürücülük məktəbində
sürücülük təhsili alıb və həmin ilin
oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində
həqiqi hərbi xidmətə çağırılıb.
Qəhrəmanımızın ailəsini ziyarətmimizdə
atası Vaqif dayı bildirdi ki, Vətənə olan borcunu ləyaqətlə
yerinə yetirən Kənan 2012-ci il aprel ayında hərbi
xidmətini başa vurub.
Bir
müddət mülkidə sürücü işləsə
də özünü hərb sənətundə görən
el oğlumuz 4 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası
Ordu sıralarında XTQ hərbi qulluqçu kimi xidmətə
başlayıb. "Mülküdə sürücü işlədiyi
dövrdə oğlum ağır qəza keçirdi. Lakin bu qəzadan
Kənan burnu qanamadan sağ-salamat qurtardı. Onun həyatda
qalmağına dəfələrlə şükr etdik. Hardan
biləydik ki, Kənanın qəzadan sağ
çıxmasının səbəbəbi qismətində
şəhidlik olmasıdır."
Kənan
2018 -ci ilin noyabr ayında sevdiyi Aysel xanımla ailə həyatı
qurur. Həyat yoldaşına lazım gəldikdə ata,
lazım gəldikdə qardaş olur Kənan. 2019-cu ilin
oktyabır ayında quliyevlər ailəsinə bir sevinc nəsib
olur. Kənanın bir oğul ovladı dünyaya göz
açır. Lakin körpələri cəmi bir həftə
ömür yaşayır. Oktyabr ayının 26- da cənnətə
köçür.
2020-ci
il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən müharibəsi zamanı
Naxçıvana ilk şəhid gələndə Kənan
şəhid qardaşlarını qarşılamağa gedib.
Ailəsinə " Mən mütləq oraya getməliyəm.
Bu gün o dəfndə iştirak etməsəm sabah mən
çiyinlərdə gələndə heç kim məni qarşılamağa
gəlməz." deyib Kənan. O da bir çox şəhid
qardaşları kimi şəhid olacağını sanki əvvəlcədən
hiss edibbiş. Bir neçə gün sonra könüllü
olaraq döyüş bölgəsinə yollanan Kənanın
anası İlhamə xanım deyir ki, "Oğlum
döyüş bölgəsinə yollandığını
bizdən gizlədib. Biz onu Naxçıvan ərazisində
dağ postlarının birində xidmətdə bilirdik.
İki gün keçdikdən sonra atasına zəng edib
" Bu yolun gedişi var, dönüşü yoxdur. Ata anamla
Aysel sənə əmanətdir. Haqqınızı halal
edin."deyib.
Oktyabr
ayının 22-də Xocavənd-Qubadlı istiqamətində
səhərə yaxın saat 5 radələrində şiddətli
döyüş başlanıb. İstifadəsində olan iri
çaplı silahla döyüşlərdə xüsusi cəsurluq
nümayiş etdirərək 50-dən artıq düşmən
zabitini məhv edib. Düşmən uzun müddət Kənanla
mübarizə aparmağa çalışıb və yalnız
peşəkar snayperlərin atəşi ilə onun
qarşısıbı ala biliblər.
24
oktyabr Tuğ kəndində gedən döyüşlərdə
Kənan düşmənin qəfil gülləsinə tuş
gələrək qəhrəmancasına şəhid olub.
Naxçıvan
əhalisi qəhrəman şəhidini böyük bir
izdihamla qarşılayaraq ,onu Culfa şəhər qəbristanlığında
son mənzilə yola saldı.
Azərbaycan
ərazilərinin işğaldan azad edilməsi uğrunda
aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi igidliyi və şücaəti
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamlarına əsasən
çavuş Kənan Quliyev ölümündən sonra
"Vətən uğrunda", Füzulinin azad olunmasına
görə, "Xocavəndin azad olunmasına görə",
" Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edildi.
Kənan
sağlığında layiq görüldüyü "Hərbi
xidmətdə fərqlənməyə görə"
medalı da şəhid olduqdan sonra ailəsinə təqdim
edildi.
Şəhidimizin
cəmi bir həftə ömür sürmüş və 26
oktyabr 2019-cu il tarixdə cənnətə qovuşan
oğlundan düz bir il sonra 2020-ci il iktyabr ayının 26- da
özü torpağa tapşırıldı. Artıq
ata-oğul cənnətdə birlikdədir. Bunu anasının
yuxusuna gələrək Kənan özü də ailəsinə
əyan edib.
Şəhidin
anası İlhamə xanım: " Kənan mənim hən
övladım həm digər doğmalarımın
yoxluğunu hiss etdirməyən əzizim idi. Atamı itirdim,
atam oldu. Anamı itirdim anam oldu. Qardaşımı itirdum
qardaş oldu. O qədər yanımlı övlad idi ki, indi
yoxluğuna alışa bilmirəm. Tək oğul
övladım olan Kənanım artıq bir ildir ki cənnətdədir.
Onun ailə qurmasına, xoşbəxtliyinə çox
sevinirdim ki. Kənanın Aysellə bağlı çox
arzuları var idi. Nə biləydim ki, o Vətənini valideyinlərindən
həyat yoldaşından çox sevdi. Oğlumun Ayselə
seçib qoyduğu üzüyü o şəhid olduqdan 20
gün sonra gəlinimin barmağına taxdım. Qeyrətli gəlinim
bizi tək buraxmadı. Övladımın qoxsunu gəlinimdən
aldım.
Mən
övladımla sağlığında fəxr etdiyim kimi,
şəhidliyi ilə də fəxr edirəm. Vətən
sağolsun".
Vətən
uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni
qorumaq gənclərin əsas vəzifəsi olduğunu Kənan
kiki oğulların timsalında 44 günlük Vətən
müharibəsundə nümayiş etdirdilər. Vətənpərvərlik
fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının,
hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və
gəncinin simasında özünün ifadəsini tapdı.
Çünki Vətən hər birimizin müqəddəs səcdəgahı,
pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq
məhz Vətən naminə edilib. Hər şeydən pay ola
bilər, amma Vətəndən pay olmaz.
Allah
bütün şəhidlərimizə rəhmət eləsin.
Bəxtiyar ƏLİYEV
Hərbi and.- 2022.- 8 iyul.- S.16.