Kaş o
çıraq sınmayaydı
Tanıyanlar bilir, mən belə şeylərə inanan deyiləm. Amma xalqın inancıdı, hörmət
etməliyik, təbii.
İnanca görə, evdən
gəlini çıxaranda
dünya görmüş
nənələr, analar,
onun yanında güzgü götürən,
çıraq tutanlara
ehtiyatlı olmağı
tapşırardılar. Çünki çox məsuliyyətli iş sayılırdı. Gəlinin
çırağının sönməsi, güzgüsünə
nə isə xətər gəlməsi
yaxşı əlamət
sayılmazdı.
Həmin
gün gəlin maşından düşüb
heç iki metr aralanmamışdı
ki, qəfildən çırağın şüşəsi
çartıltı ilə
partlayıb, çilik-çilik
olub dağılmışdı...
***
Mənim
əmim qəribə adam idi,
yaxşı mənada.
İstər nəvələrinə, istərsə də qohum-əqrəbanın balaca
uşaqlarına Dədə
Qorqud kimi adlar qoyardı.
Məsələn, nəvəsinin birini “Xınalı” adlandırmışdı,
mənim bacımı
isə nədənsə
“Püskürmə” deyib
çağırardı. Qardaşı nəvəsini “Meçi”.
İlk oğul nəvəsinə
öz adını qoymuşdu: Fikrət. Amma həm özü, həm də qohum-qonşu onu babasının dediyi kimi “Qoqili” deyib
çağırırdı. Əslində, bu adların,
ləqəblərin konkret
mənası yox idi. İndi yaşı qırxı keçmiş bacım hələ də bilmir, o niyə “Püskürmə” imiş.
“Qoqili”ni
mən elə böyük görmüşdüm.
Bəlkə də bu cümlə sizə qəribə görünəcək.
Hə, mən qohumcanlı deyiləm. İllərlə heç kimi
axtarıb-aramamışam. Sadəcə,
son illər gedib-gəlirəm.
Elə onu da son illər
tanımışdım. Ömrünün son iki ilində.
Bir dəfə
həyətlərindəki hovuzun kənarında durub ordan-burdan danışırdıq. Deyəndə
ki, 2016-cı il aprel döyüşlərinin iştirakçısı
olub, inanmamışdım.
Bu arıq, çəlimsiz
uşaq iştirakçısı
olduğu döyüş
səhnələrindən bəhs
edəndə əlim üzümdə qalmışdı.
Bir qədər
sonra mən onun nişanında iştirak etdim. Hətta bir
dəstə gül də bağlatdırıb
getmişdim kəndə.
Çox
xoşuna gəlmişdi.
Azı
min dəfə “sağ
ol, əmi” demişdi. Və biz onun toyuna hazırlaşırdıq...
Toy günü də
Ucar üçün
ideal vaxta təyin edilmişdi, noyabr ayına. Səhv etmirəmsə, 16-ı. Hamı, bütün kənd, qohum-əqrəba
həmin günü gözləyirdi. Toy günü
isə elə bir hadisə baş vermişdi ki...
Qohumu
Sahib Məmmədov bir
dəfə yazmışdı:
“Bizim Müsüslü
kəndindəki hazırda
heç kəsin yaşamadığı evimizin
həyətinə girmək
üçün əvvəlcə
ümumi darvazadan keçmək lazımdır. Bu darvazadan keçdikdən sonra dörd həyətə giriş
var. Hamımız qohumuq.
Həmin
məhəllədə Fikrətin
toy çadırı qurulmuşdu.
Onun özündən başqa
bir bacısı da var. Körpə vaxtlarında analarını
itirdilər. Anaları uzun
sürən xəstəlikdən
sonra vəfat etmişdi. Ramazan bayramında bizim
tərəflərdə qəbiristanlığa
gedib rəhmətlikləri
yad edirlər.
6-7 yaşlarında olan
qardaş və bacının analarının
məzar daşını
qucaqlayıb acı-acı
ağlamaları heç
zaman gözümün
önündən getmir...
Toyuna bir gün qalmış
hamımızı şoka
salan bir xəbər aldıq.
Eyni həyətdə bizimlə
qonşu olan əmioğlu Əlvan qəflətən vəfat
etmişdi. Əlvan bütün
el-oba üçün
əziz bir insan idi. Hamının xeyir-şərində birinci özünü çatdırardı. Belə alındı
ki, bir həyətdə
daha başqa çadır quruldu.
Toy və hüzr çadırlarının arasında
50 metrdən az
məsafə olardı.
Toya gələnlərin hamısı
əvvəlcə hüzr
yerinə gəlirdi, daha sonra toya.
Musiqisiz,
gülüşsüz, rəqs
olmayan toya”.
Hə, o gün
toy yasa çevrilmişdi. Və taleyin işinə bax, düz bir
il sonra
biz onun öz yasına yığışası
olacaqdıq.
***
Vətən müharibəsinə könüllü
yollanmışdı. Təzə evli
olsa da. Heç bir tərəddüd etmədən. Xocavənd
istiqamətində döyüşürdü,
Oktyabrın 31-də 31 nəfər
döyüş yoldaşı
ilə Şuşa
istiqamətində düşmənlə
döyüşə girirlər.
Onlardan 8
nəfəri düşmənin
minaatandan açdığı
atəşə tuş
gəlir, 7 nəfər
həmin andaca şəhid olur. Fikrət isə ayağından ağır yaralansa da, sonacan döyüşür.
Yanında olan döyüş
yoldaşı onu çiyninə alaraq, bir az aparır,
sonra isə Fikrət yoldaşına
"üşüyürəm, məni yerə qoy",- deyir.
Döyüş yoldaşı onu
yerə qoyur. Çoxlu qan itirən Fikrət gözlərini əbədi yumur. Fikrətin şəhid xəbəri gec gəlir. Noyabrın
11-i cənazəsi doğulub-böyüdüyü
Müsüslü kəndinə
gətirilib dəfn edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına
əsasən Fikrət
Məmmədov ölümündən
sonra 4 medalla, "Vətən uğrunda"
, "Cəsur döyüşçü",
"Xocavəndin azad olunmasına görə","Füzulinin
azad olunmasına görə" medalları
ilə təltif edilir.
***
Bu gün yenə
insanlar axın-axın
onun anadan olduğu evə gəlib atası Elşada baş sağlığı verəcək,
səbir diləyəcəklər. Çünki bu gün onun
ad günüdür. Cənnətdə keçirdiyi ikinci ad günü. 25 yaşı tamam olur.
“Ata, mənimlə fəxr
edəcəksiniz”. Bu onun atasına dediyi son sözlər idi, telefonla danışanda.
Bütün şəhidlərimiz kimi cənnətdədi, “Qoqili”. Bəs görəsən,
onu cənnətə aparan mələklərdən
soruşdumu, niyə, niyə belə bir tale yazıldı onun bəxtinə? Elə babasını orada görsə, ondan da soruşdumu, niyə “Qoqili”?
Hə, lap unutmuşum. Yuxarıda yazmışdım
ha, gəlin köçəndə
çırağı sınan
gəlin.
Bax, o, “Qoqili”nin anasıydı…
Səbuhi Sədəf
Hərbi And.- 2022.- 8 iyul.- S.10.