"Qızımızın qırxı
çıxan
gün, o şəhid oldu"
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Şöhrət Şakir oğlu Qasımov haqqındadır.
Şöhrət Şakir oğlu Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olub. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olub.
Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlib.
2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilib. O, tibb xidməti rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərərkən 29.09.2020 tarixində Suqovuşanda şəhid olub. 9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda", "Vətənə xidmətə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
İlayda...
Otağın bir tərəfində Şöhrətin həyat yoldaşı Türkanə ilə oturmuşuq. O, astadan keçmiş günlərdən danışır. Onun fikrini o biri otaqdan yuxudan oyanıb ağlayan, qızı İlaydanın səsi dağıdır. Tez-tez çevrilib yan otağa baxır. Ordakı qohumuna deyir, geyindir gətir, qucağımda otursun. Şöhrətin divardan vurulan şəklinə, gülümsəyən simasına baxıram. Gülümsəməsində xoşbəxtlik, məmnunluq, ancaq xəfif nigarançılıq da var. Özlüyümdə düşünürəm, görəsən, o, nə zamansa belə erkən dünyadan köçəcəyini, üstəlik də şəhid olacağını ağlına gətirmişdi? Gətirməmişdisə, niyə belə şən, məmnun gülüşün içərisindən nigarançılıq boylanır? Türkanın evi, indiki həyatı kimi tənha səsi məni fikirdən ayırır:
- Biz 2006-cı ilin bu günündə tanış olmuşuq. Nə zamansa ağlıma gəlməzdi ki, onunla tanış olduğumuz günün ildönümlərinin birində Şöhrətin ölümündən danışacağam...
- Necə tanış olmuşdunuz?
Şöhrət səkkizinci sinfə keçəndə,
bizim sinifdə oxuyub. Əvvəllər dost kimi
yanaşırdı, amma on birinci sinfə keçəndə,
mənə olan hisslərini bildirdi. Sonra biz universitetə daxil
olduq. 2013-cü ildən münasibətimiz yarandı. 2015-ci
ildə nişanımız odu. Bir il sonra isə toy...
Bizim aramızda heç kimdə olmayan sevgi olub. Mən hələ
də elə bilirəm ki, o, mənimlədi. İndiyə qədər də onun mənə
yazdığı məktubları, mesajları saxlayıram.
Onun mənə evlənmək təklif etdiyi
videonu da saxlamışdım. Təəssüf
ki, necə olubsa, silinib, amma şəkillərimiz qalıb.
Dörd il ailəli olduq. Qızımızın
qırxı çıxan gün, Şöhrət şəhid
oldu. Oğlumun isə üç
yaşı vardı.
Verilən söz...
- Necə
insan idi, yadınızda nələr qalıb?
- O, əlli
yaşlı kişilər kimi təmkinli, fərasətli adam idi. Hər işini
özü qurub yaratmışdı. Bu
günə qədər kimsə deyə bilməz ki, bizim ailəyə
maddi, mənəvi hansısa köməklik edib. Hər işini özü qururdu. İşdə də elə idi. O, baş
leytenant idi. Briqadanın xidmət rəisi vəzifəsində
işləyirdi. O, vəzifəyə yüksəlmək
üçün insanlar on, on beş il
çalışırlar. Şöhrət üç il ərzində artıq bu vəzifəyə
keçdi. Kiçik əsgərindən
tutmuş, zabitinə qədər kimsə deyə bilməz ki,
Şöhrət bizə pislik edib və yaxud da biz ondan
incimişik. O, öz cibindən əsgərlərə
siqaret alıb verirdi. Onun işi cəbhə
bölgəsindən kənar idi. Müharibə
başlananda, döyüşə yollananda da, mən
arxayın idim. Düşünürdüm
ki, o, həkimdir. Onun vəzifəsi tibb
xidmətini təşkil etmək, yaralıları qəbul etmək,
diaqnoz qoymaqdan ibarətdir. Həm də o,
mənə söz vermişdi. Ermənilərə
hədsiz nifrəti vardı. Həmişə
mənə deyirdi ki, sənə söz vermişəm, yoxsa, sərhədi
keçib, onları qıraram. Ailəcanlı,
dostcanlı, mehribanlığı bir tərəfə, amma
onun ermənilərə olan nifrəti bir başqa idi. O,
Qarabağı görməmişdi, amma çox vətənpərvər
idi. Hər il Xocalı faciəsinin
ildönümü gələndə, çox əsəbləşirdi.
Qanı qaralırdı.
Türkan söhbət edir, digər otaqda olan
qızının səsi isə səngimək bilmir. Qapını
açıb qızını onun yanına gətirirlər.
Anasının sinəsinə başını
qoyan İlayda yavaş-yavaş sakitləşməyə
başlayır. Türkan onu şirin sözlərlə
ovudur: Ağlama, ana səni axşam parka aparacaq.
Axtarış...
- Şöhrət necə şəhid olub?
- Həmin
hadisə baş verən gün xəbər gəlib ki,
Talış-Suqovuşan istiqamətində yaralı var.
Şöhrət və başqa könüllülər ora
yollanır. Amma o, getməyə də bilərdi.
Onlar hadisə yerinə çatanda, güllə
yağış kimi yağırmış. Sonra da erməni tankı ilə üz-üzə gəliblər.
Mən bildiyimə görə o tərəfdən
də itkilər olub, biz tərəfdən də. Eləcə də Şöhrət şəhid olub.
On gün biz onun nəşini tapmadıq. Oktyabrın 8-nə qədər onu hər yerdə
axtardıq. Axırda dedilər ki,
tanınmayan şəhidlər var. Valideynləri DNK analizi
versinlər. Elə də elədik. Üç nəfər tanınmayan şəhid
vardı. Biz hər gün allaha dua edirdik
ki, onlardan biri çıxmasın.
-
Çıxdı?
- Hə,
onlardan biri Şöhrət idi. Oktyabrın 9-da
biz onu Sumqayıtda dəfn etdik.
- Son
gedişini necə xatırlayırsınız?
-
Ümumi səfərbərlik başlamışdı. Anamgildə idik. Sentyabrın 24-də
gəldi bizi götürməyə. Yolboyu
qarşısına çıxan qohum, tanışların
hamısı ilə sanki vidalaşırdı. Yadıma
gəlir, kiminləsə, görüşəndə də
dedi ki, başımızın üstündəki bu qara
buludlar çəkilsin, mütləq bura istirahətə gələcəm.
Sonra mənə dedi ki, təlimlər başlayıb, qorxma,
heç nə yoxdu. Uzağı beş-on günə
hər şey bitəcək. Sonra 26-da zəng vurdu, biz
yaşadığımız şəhərciyin
boşaldılacağını, mənim də
yır-yığış etməli olduğumu dedi. Mən
onda hiss etdim ki, təlim məsələsi deyil, nə isə
məsələ ciddidir. Amma əlim gəlmirdi,
nə isə eləməyə. Sonra bizi
götürməyə taksi ilə gəldi. Yolboyu oğlumuz Murada baxırdı. Bu
dünyada Şöhrətin ən çox sevdiyi adam Murad idi. Murada baxdı, baxdı, sonra mənə
dedi ki, Türkan, qoy Murad kişi kimi
böyüsün. Onun bu sözlərindən elə pis
oldum... Dedim, niyə elə deyirsən ki, sən mənə
söz ver ki, heç nə olmayacaq. Heç nə
demədi. Mən dedim ki, söz verməsən, mən
heç yerə getməyəcəm. Dedi, yaxşı, mən
özüm sizin arxanızca gələcəm, mənə
heç nə olmayacaq. Qorxma. Sonra taksidən düşüb öz
maşınına keçəndə, bizimlə
sağollaşdı. İlayda onda otuz
günlük idi. İlaydanı
öpüb qoxladı. Muradı çoxlu
öpdü, mənimlə vidalaşdı. Ayın 29-da o, şəhid olur. Axşam
gördüm ki, hamı bizə yığışır.
Hamı maraqlanırdı. Amma heç kim bilmirdi, mənim atamdan, Şöhrətin
atasından başqa. Atama zəng vurdum,
açmadı. Sonra həyətə qaçdım,
gördüm qayınatam stolda oturub, amma o oturmaq deyildi, sanki
çökmüşdü. Məni gördü
yanında oturan adama dedi ki, sən de. Sonra
özüm internetdə Şöhrətin şəhid olma xəbərini
oxudum. Qayınanam da bilmirdi mənim kimi qayınatam ona
dedi ki, oğlun gəlir. O, başa düşmədi, dedi hara
gəlir. Kişi dedi ki, oğlun şəhid olub gətirirlər.
Həmin gün atamgil getdilər hospitala. Mənim halım pis oldu, iynə vurdular yatdım.
Necə möhkəm yatmışdımsa, yuxuda
gördüm ki, Şöhrət gəlib, mənimlə
görüşür. Əlini mənə
toxundurdu, sonra da getdi. Yuxudan ayıldım, dedim
Şöhrəti gördüm, mən yatmamışdım. O
yuxu elə bil real həyat idi.
“Çıx, qatar yoluna”
Beləcə onlar sağollaşıb bir-birindən
ayrılır.
Türkan uşaqlarına sığınıb
rayona, Şöhrət isə vətən sevgisi döyünən
ürəyi ilə cəbhəyə yollanır. Yolboyu ən çox sevdiyi, daim Türkanla birgə
dinlədiyi “Çıx qatar yoluna” adlı musiqini dinləyir.
Sonra, bir neçə gündən sonra Şöhrət şəhid
olma xəbəri gələndə, dərddən, kədərdən
ağlını itirmiş Türkan, sanki yuxudan ayılır
və ətrafındakı adamlara deyir:
Şöhrətin
nəşini “Çıx, qatar yoluna” mahnısının
müşayiəti ilə gətirsinlər:
- Bilirdim
ki, o, mahnı onun ən çox sevdiyi mahnı idi. Maşınında da həmişə qulaq
asırdı. Ona görə elə
xahiş etdim. İnanırdım ki, onu
ruhu şad olacaq.
Gələcək mənim üçün qəribə
gəlir. İstəyirəm uşaqlarım tez
böyüsün. Onsuz da hamımız
öləcəyik. Amma hər ötən
gün bilirəm məni ona daha da yaxınlaşdırır.
Sadəcə istəyirəm ki, uşaqlarım
böyüsünlər, Şöhrətin arzularını
yerinə yetirsinlər. Oğlum indi nələrisə
anlamağa çalışır. Bir də
görürsən, mənə deyir, ana, bu gün yenə sənin
başın ağrıdı, həkim gəldi? Bunlar mənim məsuliyyətimi artırır.
Düşünürəm ki, onları
dünyaya gətirmişəmsə, böyütməyə də
borcluyam. Onların mənə ehtiyacı
var.
- Onunla
bağlı ən çox nəyi unutmursunuz?
İlayda hələ anadan olmamışdı, mən
hamiləliyi rahat keçirmirdim, çox hərəkətə
həkimlər icazə vermirdi. İş görmək
istəyəndə, məni qoymurdu. Deyirdi,
dincəl, biz qocalanda, rayona köçəcəyik, orda ikimiz
bir-birimizə qulluq edərik. Sonra bir dəfə də
iki fincan alıb gətirdi, dedi, bunu saxla, biz qocalanda, bunda
çay içərik. Rayona gedib, Kürün
kənarında gəzərik. Həmişə
deyirdi ki, Muradı pianoya qoyaq, biz qocalanda, bizim
üçün “Alagözlüm” mahnısını ifa edər.
İndi fikirləşirəm ki, bizim doğrudan
da qocalıq yaşımız gəlib çatacaq, amma mən
tək qalacam.
Samirə
Əşrəf
Hərbi And.- 2022.- 8 iyul.- S.12-13.