“Dedim, tabutu açın, görək həqiqətən
odurmu...”
Şəhid Milli Qəhrəmanın
film kimi həyatı
Lent.az
-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edilib.
Versus.Az xəbər
verir ki, layihənin növbəti yazısı şəhid
Milli Qəhrəman Yusif Mirzəyevin ailəsindən
hazırlanıb.
Mirzəyev Yusif Vəli oğlu. 1958-ci il mayın
23-də Babək rayonunun Böyükdüz kəndində
dünyaya göz açıb. 1975-ci ildə 1
saylı Naxçıvan orta məktəbini bitirib, hərbi
xidmətə yollanıb. Qayıdandan sonra
isə Naxçıvan Rabitə Qovşağında əmək
fəaliyyətinə başlayıb. İşləyə-işləyə
Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad
Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibatlıq
fakültəsini bitirir və Bakıdakı bankların birində
müfəttiş vəzifəsinə təyin edilir.
1988-ci ildə Xalq Hərəkatına qoşulur. 1991-ci ilin
sonlarında isə könüllü kimi Qarabağ müharibəsinə
yollanır. 1993-cü il fevral
ayının 19-da Ağdərədə gedən qeyri-bərabər
döyüşlərin birində silahdaşlarını
mühasirədən çıxararkən qəhrəmancasına
həlak olub.
Ailəli idi. Bir qızı var.
Azərbaycan
Respublikası Prezidentinin 27 mart 1993-cü il
tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli
oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adı verilib.
Naxçıvanda Şəhidlər Xiyabanında dəfn
edilib. Naxçıvanda yerləşən məktəblərdən
biri və Bakının Nəsimi rayonundakı 44 saylı orta
məktəb qəhrəmanın adını
daşıyır.
27 il…
1992-ci ilin yayı idi. Yenə
qaçaqaç, köçhaköç
başlamışdı. Artıq həm rayona atlan top mərmilərinin
səsinə, onun gətirdiyi faciələrə öyrəncəli
olmuşduq, həm də mərkəzdən uzaq kəndlərdəki
tanışlarımızın, qohumlarımızın evlərinə
getməyə. Budəfəki
köçümüz rayonun Cocuq Mərcanlı kəndinə
idi. Axşam tərəfi böyüklər
stolun ətrafında dövrələmə əyləşib
çay içir, həm də açıq pəncərənin
sürahisinə qoyulan ağ-qara televizordan xəbərlərə
baxırdılar. Operator kameranı
danışmaq, söz demək istəyən əsgərlərin
üzünə tuşlayır, hamısının səsini,
sözünü, nişanələrini bir-bir kameranın
yaddaşında dondururdu. Qarabuğdayı,
şəvə kimi saçları, qalın bığı
olan oğlan ürəklə danışır,
gülürdü. Müharibənin
od-alovu, dəhşətləri onun bu
gülüşünün yanında heçə
çevrilib, yox olurdu. Güldükcə ətrafa
nikbinlik, qələbə əhval-ruhiyyəsi
paylayırdı. Atamla anam onun
simasını görən kimi səs-səsə verib – “Yusif,
bu Yusifdir” dedilər. Atam təəccüb dolu
baxışlarını ekrana zilləyib, dedi:
- O, necə
gedib çıxıb Ağdərəyə?
Sualı kimin necə, nə cür cavablandırması
yadımda qalmayıb. Bir onu bildim ki, Yusif dedikləri oğlan
tez-tez bizim rayona müfəttiş kimi gəlib gedir, yoxlamalar
aparırmış. Rayon əhalisi ilə
qədim dostluğu da varmış.
Müfəttiş
Uşaq yaddaşı güzgü kimi tərtəmiz
olur, deyirlər. Elə o vaxtdan Yusifin siması yadımda
qaldı. Niyə o qədər əsgərin,
döyüşçünün içərisində onu
yadımda saxlamışdım, onu da bilmirəm. Mən Yusifi bir də 2018-ci ildə yenidən
şüşə arxasından gördüm. Bu dəfə isə “Nizami” kino mərkəzindəki
nəhəng ekrandan. Rejissor Nizami
Abbasın ekranlaşdırdığı “İgid əsgər”
sənədli filmin nümayişi zamanı Yusifin
simasını görən kimi tanıdım. Əvvəllər elə bilirdim ki, Yusifi
özümdən uydurmuşam. O, mənim uşaq
vaxtı, müharibənin ən pis vaxtlarında
gördüyüm adam deyil. Amma
bu reportaj hazırlanan zaman Yusifin bacısı ilə söhbət
edəndə Nailə xanım da təsdiqlədi ki, Yusif həqiqətən
də bir müddət müfəttiş işləyib,
rayonlara uzun müddətli yoxlamalara gedib.
Yusifin müfəttiş işlədiyi vaxtdan çox
illər keçmişdi. Ölümündən isə 26 il. Bu qədər vaxtda qardaş və ata
itkisinin, yoxluğunu dərindən yaşayan iki insanla Yusif
Mirzəyevin bacısı Nailə xanımla və atasının
üzünü heç zaman görməyən, o rəhmətə
gedəndə cəmi altı yaşı olan qızı
Nurlana xanımla görüşəndə hər ikisinin də
həyəcanlı, həm də ürəyi dolu
olduqlarını hiss etdim.
Tale
Nailə xanımın evindəki dairəvi masanın ətrafına
yığışanda həmişə qıvraq, çevik tərpənən
Yusif sanki çərçivəyə salınmış
şəklində darıxır, hövsələdən
olurdu. O,
şəkilindən bizə boylanır, bizimlə həmsöhbət
olmağa çalışırdı. İlk olaraq söhbətə
isə Nailə xanım özü başlayır:
“Müharibə başlanandan sonra çəkdirdiyi şəkillərin
çoxunda elə hərbi paltarda olurdu. Həm bu geyimə
olan münasibəti, həm də vaxtsızlıq
ucbatından belə olurdu. Yusif mənə
həm qardaş olub, həm də ata. Nəinki
mənə, o biri bacı-qardaşlarıma da. Biz ailədə yeddi uşaq olmuşuq. Yusif gəncliyində çox
çılğın, hamıya qarşı istəkli,
istiqanlı oğlan idi. O, özünü sevdirməyi
bacarırdı.”
Bu istiqanlı oğlan orta məktəbi bitirən kimi hərbi
xidmətə yola düşür. Hərbi xidmətdən
evlərinə qayıtdıqdan sonra isə poçtda işə
düzəlir. Öz zəhməti ilə dolanan, ailəsinə
qarşı həddindən artıq mehriban,
qayğıkeş insan olan Yusifin ən böyük arzusu ali məktəbə daxil olmaq idi. Bir neçə
il ard-arda o vaxtkı Xalq Təsərrüfatı
İnstitutuna sənəd verən Yusif hər dəfəsində
imtahandan kəsilərək Naxçıvana geri
qayıdır. Bu inadkarlığın
ardında isə Yusifin qonşu qızına olan məhəbbəti
dayanırmış. İstədiyi
qıza elçi göndərən Yusifin aldığı
cavab onu məyus edir. Ailə Yusifin ali
təhsilli olmamasını bəhanə gətirib,
qızı ona vermir. Yusif özünə olan
münasibətdən daha çox bacı dediyi anasına
qarşı hörmətsizlikdən məyus olur. Anasına tapşırır ki, bir də o
qızın qapısına elçiliyə getməsin. Həmin gündən qarşısına məqsəd
qoyan Yusif gecələri oxuyur, gündüzləri isə
işləyir. Prinsipiallığı onu
arzusuna çatdırır. Yusif növbəti il Xalq Təsərrüfatı Universitetinə
daxil olur. 1984-cü ildə isə anasını
başqa qapıya elçi göndərir. Görüb bəyəndiyi qızla ailə həyatı
qurur. Bu nikahdan onların Nurlana adlı
qız övladları dünyaya gəlir. Nailə
xanım qardaşının toy gününü belə
xatırlayır:
“Yusifin toyu olan gün gəlini evə gətirəndə
işıqlar söndü. Hər tərəf
qaranlığa qərq oldu. Hamımız
çox pis olduq. Həmin qaranlıq elə
bil Yusifin taleyinin qaranlıq olmasına, ömrünün
yarımçıq qalmasına işarə idi. Anam əllərini dizinə vurub ağladı. Mənim ürəyimə nəsə xal
düşdü. Amma Yusif heç kimə əhəmiyyət
vermədi. Məşəl düzəldib,
yandırdılar, gəlini də məşəl
işığında otağa apardıq. Bir
ildən sonra onların bir qızı oldu. Biz onda dağa qalxmışdıq. Ordan qayıdanda bu xəbəri eşitdik. Yusif Ruslan adını çox sevirdi, çox istəyirdi
ki, oğlu olsun, adını da Ruslan qoysun. Həmişə deyirdi ki, kaş mənim birinci
oğlum olaydı. Amma sonra mənim
oğlum dünyaya gələndə Yusif onu həmişə
“Ruslan” deyə çağırdı.”
Ayrılıq
Cəmi bir qız övladı olan Yusifin taleyində ilk
uğursuzluq başlanır. Qızının bir
yaşı tamam olmamış həyat yoldaşı ilə
Yusifin yolları ayrılır. Yusif
Bakıya köçür. 1988-ci ildən
ölkədə siyasi vəziyyət gərginləşir.
Yusif Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və
20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı
şəhər komendantı tərəfindən həbs
edilir. Həbsdə işgəncələr
gördüyü üçün böyrəkləri zədələnir.
Cəbhəyə, Qarabağa gedən yol da elə
bu zədələrdən başlanır.
Nailə
xanım yaddaşının dolanbaclarına işıq tutaraq
keçmiş günləri xatırlamağa başlayır:
“Günlərin bir günü Yusif gəldi ki,
bacımgil bilməsin, mən cəbhəyə gedirəm. Onda onun
Bakıda işi, vəzifəsi, restoranı vardı. Mən çox cəhd etdim ki, onu müharibədən
saxlayım, razılaşmadı. Dedi, orda qanlı
döyüşlər gedir, mənim burda oturmağım
düzgün deyil. Demək olar ki, hər
şeyini ataraq könüllü müharibəyə
yollandı. Sonralar Bakıya ancaq bir məqsədlə
gəlirdi ki, burdan əsgərlərə siqaret, ət, kolbasa
alıb aparsın. Hamısını da
öz pulu ilə alırdı. Bizə
tapşırırdı ki, onları qablaşdıraq.”
Ana
Yusifin cəbhəyə
gedişindən az sonra onun anasına bu barədə
xəbər çatır. Elə həmin ərəfədə
də Yusif yüngülvari yaralanır. Ana
qarşısına məqsəd qoyur ki, cəbhəyə
oğlunun yanına getməlidir.
“Anam qardaşımla birgə cəbhə bölgəsinə
çatanda ordakı hərbçilərin hamısı dəhşətə
gəlir. Anama deyirlər ki, - ay ana, bura ana-bacı yeri deyil.
Burda quş quşluğu ilə qanad sala bilmir,
ağır müharibə gedir. Yusif həmin
vaxt Ağdərədə ön cəbhədə olub. Ona xəbər çatanda ki, posta bir qadın gəlib
səni axtarır. Yusif deyir ki, o qadın ancaq mənim
anam ola bilər. Elə həmin
gün Yusif arxa cəbhəyə qayıdır. Anamı görən kimi sevindiyindən
qucağına alıb fırladır. Həmin
gün bəlkə də Yusifin həyatında ən xoşbəxt
günü olur. Çünki o, anamı dəhşətli
dərəcədə çox istəyirdi.”
Yusifin
qızı Nurlananın həyat yoldaşı, hərbçi
Samir bəy söhbətimizə qoşulur:
“1992-ci ildə Ağdərə əməliyyatı
keçirilir və işğaldan azad olunur. Yusiflə bərabər
onun batalyonundan olan on dörd nəfər Ağdərədən
çıxmırlar. Yusif deyir ki, biz
Ağdərədən çıxmayacağıq, buranı
saxlamağa çalışacağıq. Həqiqətən də çıxmırlar.
Gecələri bütün rayonun
işıqlarını yandırıb, şəhərin
müxtəlif yerlərində tonqal qalayırlar. Ratsiya vasitəsi ilə bizimkilərdən yuz əlli,
iki yüz nəfərlik xörək sifarişi verirlər.
Beləliklə də Ağdərənin erməni
tərəfindən işğal olunmasına imkan vermirlər.”
Son
güllə
Nailə
xanım qeyd edir ki, Yusif həmin əməliyyatdan sonra
Bakıya gələndə Ağdərə əməliyyatı
zamanı ölümdən xilas olduğunu
danışırmış:
“Ağdərə
əməliyyatından sonra bizə gələndə dedi ki, bəlkə
də məni anamın qıldığı namazlar, etdiyi
dualar xilas etdi. Əsir düşsəydim,
özümü vuracaqdım. Ondan sonra
özü ilə həmişə bir güllə gəzdirirdi.
Bir dəfə paltarlarını səliqəyə
salanda həmin patronu Yusifin cibindən tapdım. Özündən soruşdum ki, bu nə
üçündür? Dedi, sən bilməzsən, qoy
yerinə. Onda möhkəm ağladım.
Yusif məni aldatdı, dedi ki, ehtiyat üçün
saxlayırıq, hamımızda olur. Bu patron son
məqamda bir düşmən də olsa vurmaq
üçündür. Sonralar isə dedi ki, həmin
patronu özüm üçün saxlayıram. Son məqamda ələ
keçməmək üçün... Biz onun
üçün narahat olanda əsəbiləşirdi. Deyirdi mənim üçün narahat olmayın,
körpə-körpə uşaqlar gedib ön cəbhədə
qırılırlar. Əsgərlərinə
qarşı çox diqqətli, həssas idi.”
Atasızlıq...
Bayaqdan
sakitcə bizi dinləyən Nurlana xanım hiss olunur ki,
danışılanların fonunda hərdən kövrəlir.
Nəsə demək istəsə də
susmağa üstünlük verir. Atanızı necə
təsəvvür edirsiniz sualımdan sonra isə bir az da kövrəlir:
“Atamla anam bir-birlərini sevib ailə qurublar. Amma sonralar
müxtəlif səbəblərdən onlar ayrılmalı
olublar. Mən atamın üzünü
heç vaxt görməmişəm. İki
yaşım olanda atam müharibəyə gedib, altı
yaşım olanda da şəhid olub. Amma həmişə
içimdə belə bir hiss olub ki, sanki mən onu
görmüşəm, tanımışam, sonra itirmişəm.
Atamı yuxularımda da tez-tez görürəm.
Toyum olanda o, yuxuda mənə xeyir-dua vermişdi.
Bunu dəqiq xatırlayıram. Tək qalanda, köməyə ehtiyacım olanda həmişə
atamı arzulamışam, onu axtarmışam. Mənə elə gəlir ki, atasız insan
sıradan, adi bir insandır. Atasızlığın
ağrısını çox yaşamışam. Hərdən ondan inciyirəm də. Fikirləşirəm ki, nə olur olsun, kaş ki, məni
qoyub getməyəydi. Bibilərim ondan
danışanda, elə bilirəm məndən bəhs edirlər.
Xasiyyətimizdə oxşarlıqlar çoxdur.
Hiss edirəm ki, yenilməzlikdə, inadkarlıqda,
prinsipiallıqda ona bənzəmişəm. Amma
bütün hallarda mən atamı daha çox şəkillərdən
görüb tanımışam.”
Nailə
xanım qardaşının son yadigarı olan Nurlananın
sözlərini ürək ağrısı ilə dinləyir,
hərdən işini çəkib, ağlamsınır:
“Ölənə
yaxın Yusif elə yaraşıqlı olmuşdu ki... Baxmayaraq xəstə idi, böyrəklərindəki
ağrılar onu incidirdi, amma çox qəşəngləşmişdi,
kökəlmişdi. Yanvarın 28-də
Yusif oğlumun ad gününə gəlmişdi. Ertəsi gün cəbhəyə getdi. Mən Yusifi son dəfə fevralın 4-də
gördüm. Çox sevincliydi.
Deyirdi, Nailə, nə qədər kəndimizi geri
qaytarmışıq, hər şey yaxşı olacaq. Amma ona qədər Şəmistan (Şəmistan Əlizamanlı
- S.Ə.) mənə zəng edib demişdi ki, Yusifi Bakıda
işə düzəltmişik. Həkimlər
də deyirlər ki, səhhəti ona cəbhə bölgəsində
olmağa imkan vermir. Yusif isə cəbhədən
qayıtmaq məsələsi ilə razılaşmadı.
Son günlər daha da prinsipial olmuşdu, deyirdi
bu erməni dığalarını yox edəcəyik.
Son döyüş
Arzusunu sona qədər yerinə yetirə bilmir. Bakıda ona təklif
olunan vəzifədən imtina edir. Böyrəklərindəki
ağrılar şiddətlənsə də, xəstəxanada
uzun müddət qalmır, yüngül müayinədən
sonra yenidən qarlı-şaxtalı cəbhə bölgəsinə,
qanlı döyüşlərə yollanır.
1993-cü il fevralın 18-də tabeliyində
olan döyüşçülərə son
tapşırıqlarını verir. Döyüş
yoldaşı İlqar Həsənova deyir ki, burdakı
uşaqların başından bir tük əskik olsa, səni
o dünyada bağışlamayacam. Bu
sözlərin üzərindən cəmi bir gün
keçir. Fevralın 19-da Yusif sonuncu əməliyyatını
həyata keçirərkən şəhid olur. Onun ölümünü ailə üzvlərindən
ilk bilən şəxs Bakıda yaşayan qardaşı Asif
olur. Xəbəri Nailə xanıma
çatdırmaq da onun ailəsinin boynuna düşür.
Nailə xanım həmin günləri dəhşət və
ağrı ilə yada salır:
“Fevralın
19-da qardaşımın yoldaşı zəng vurub dedi ki, Asif
xəstələnib, bizə gəl. Taksi tutub
onlara getdim, amma yolboyu Yusifi fikirləşdim. Bütün yolu ağladım. Mənə
Asif xəstədir deyiblər, amma mən qorxurdum ki, birdən
Yusifə nəsə olar. Ayın 20-də
Yusifi qara qutuya qoyub, Naxşıvandakı evimizə gətirdilər.
Ürəyim durmadı, qardaşıma dedim ki, bəlkə
yalan deyirlər, tabutdakı Yusif deyil? Ona dedim ki, tabutu
açaq baxaq, görək orda yatan həqiqətən də
Yusifdirmi? Tabutu açanda qardaşım
qoymadı mən Yusifin üzünə baxım, elə
özümün də ürəyim gəlmədi. Ancaq ayaqlarını görə bildim. Yusifin ayağında həmişə onu incidən dərin
yara yeri, mozol vardı. Əlimlə
yoxladım, həmin yara yerini tapdım (ağlayır).
Anam din adamı idi. Amma Yusifin ölümü onu çox sarsıtmışdı. O, neçə dəfə özünü asmaq istəmişdi. Deyirdi ki, mən Yusifdən sonra yaşamaq istəmirəm. Ondan sonra toy səsi eşitsəm, diyar-diyar baş götürüb, qaçaram. Yeməkdən, içməkdən kəsildi. Atam deyirdi ki, bala, ananız özünü asıb öldürəcək, gözünüz üstündə olsun. Yusifin ili çıxandan sonra balaca qardaşımız avtomobil qəzasında həlak oldu. Ondan sonra anam sağ qalan övladlarından yana qorxdu. Dedi, mən çox kürlük etdim, allaha asi çıxdım. Qardaşımın qırxı çıxandan sonra anam xalama dedi ki, evdə xına var, get, onu islat, gətir balalarımın boynunun arxasına çək. Allah onları bir gecədə əlimdən alsa, mən neyləyərəm? Qorxu anamı yaşatdı. Amma Yusifin dərdi bu günə kimi də onun ürəyindədi. Yusif kimi oğulu itirmək ana-bacı üçün asan iş deyil. Əvvəllər mən özüm də Yusifdən danışanda çox ah-vay edirdim. Aradan xeyli vaxt keçib. İndi sanki Yusiflə fəxr ediləsi məqama çatmışıq. Hər zaman onun ruhundan kömək istəyirəm.
Yusif səliqə-sahmanı, qayda-qanunu çox
sevərdi. Onun
çox gözəl yumor hissi vardı. Pianinoda
çox gözəl ifa edirdi, yaxşı səsi vardı,
arada mahnılar oxuyurdu. Gəncliyində
musiqi qrupunda da çıxış etmişdi. Evimizdə pianinoda akkord tutub çalırdı,
Şəmistan da oxuyurdu. Sonra da qəhqəhə
çəkib, gülürdü. Elə
ürəkdən gülürdü ki, gözlərindən
yaş gəlirdi. Amma təkliyə çəkiləndə
çox qəmgin olurdu. Həmişə də
çoxlu siqaret çəkirdi.
“İgid əsgər”
Nurlana xanım atasını daha çox şəkillərdən
və çəkilmiş video görüntülərdən
tanıdığını desə də, xəyalında bir
ata portreti, ata obrazı yarandığını da
vurğulayır.
“Şəmistan
Əlizamanlı ilə atam yaxın dost olublar. Sonralar o,
atamın istəyi ilə sözləri və musiqisi Şahin
Musaoğluna aid olan “İgid əsgər” marşını
atamın xatirəsi üçün ifa edir. Şəmistan
müəllim atam haqqında danışanda həmişə
yaxşı təəssüratlarla danışıb.
Bu həyatda ən böyük təəssüfüm
onu görməmək, tanımamaqdır. Bu gün atam sağ
olsaydı, inanıram ki, mənə qayğı göstərərdi,
uşaqlarımı gəzməyə aparardı, çətin
anlarımda məni köksünə sıxardı... Amma inanıram ki, onunla nə zamansa görüşəcəm.
Ona görə də yaşadığım
müddətdə yaxşı işlər görməyə
çalışıram. Fikirləşirəm
ki, cənnət, ya cəhənnəm deyilən yer varsa, o,
mütləq cənnətdədir və mən bir gün onu
orda görəcəm. Onuna söhbət
etməyə ehtiyacım var. Çünki atasızlığın
əziyyətini çox, lap çox çəkmişəm.
Amma atamın adı mənim üçün həmişə
işıq olub. Onun adını kim
harda eşidibsə, həmişə mənim
üçün, ailəm üçün əlindən gələni
ediblər. İstər maddi, istərsə də
mənəvi cəhətdən atamın adı həmişə
dadıma çatıb. Onun dostları da mənə
həmişə hörmətlə yanaşıblar.
Onlar artıq iyirmi beş ildən
çoxdur ki, atamdan ayrılıblar, amma bu qədər illərin
ardında qalan dostluğu itirməməkdə bir
böyüklükdür.
Anam da həmişə deyirdi ki, atam anasını həddindən
artıq çox istəyirmiş. Nənəm Naxçıvandan
Bakıya atamın yanına gələndə onun
üçün gətirdiyi bağlamalara görə nənəmə
acıqlanırmış ki, niyə belə ağır
yüklə o qədər yol gəlmisən. Ümumiyyətlə,
atam qohumcanlı, ailəcanlı adam olub. Mərhəmətli insan olub. İndi
mən kiməsə kömək etmək istəyəndə mənə
deyirlər ki, sən Yusifə oxşamısan. Ana nənəm həmişə deyir ki, uşaq
olanda mən həmişə atamın canına and
içirdim. Bunu, doğrusu, heç
özüm də xatırlamıram.
Nişanə...
Əvvəllər kimin qızı olmağım mənə
tam aydın deyildi. Amma universitetə qəbul olandan,
özümü tanıyandan sonra onun qəbri üstünə
getməyə, onu axtarmağa başladım. İndi qəbrinin üstünə gedəndə
şikayətlənirəm də. İnanıram
ki, o, məni qoruyur, pisliklərdən, çətinliklərdən.
İndi deyəcəklərim, təbii ki,
heç zaman real həyatda mümkün olmaz. Çünki atam bu dünyada yoxdur, yaşamır.
Amma onu görsəydim, deyərdim ki, məni qoyub getməsin...
Oğlunun adını Yusif qoyan Nurlana xanım deyir ki,
atamın nəvələri indi onunla fəxr edirlər.
“Məktəbdə
öz babasının şəklini görüb, hamıya onun
nəvəsi olduğunu desə də balaca Yusifə əvvəlcə
heç kim inanmır. Amma sonradan hamı
ona yaxınlaşmağa, onun dost olmağa can atır.”
Diktofona
yazılan son səslər isə balaca Yusfin kövrək səsi
olur: “Mən də babam kimi hərbçi olacam, onun yolunu davam
etdirib, torpaqlarımızı qoruyacam!”
Samirə Əşrəf
Hərbi And.- 2022.- 10 iyun.- S.10-11.