"Qardaşım dedi
ki, get, balan səni tabutda gözləyir..."
Lent.az-ın
və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik. Layihəmizin növbəti
yazısı 44 günlük Vətən müharibəsi
şəhidi Xaqani Səfa oğlu Əsgərov
haqqındadır.
Əsgərov
Xaqani Səfa oğlu 1995-ci il avqustun 27-də
Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Xudat şəhərində yerləşən 2
saylı orta məktəbdə təhsil alıb. Məktəbi başa vurandan sonra hərbi xidmətə
yollanan Xəqani sonradan elə həbr sahəsində fəaliyyət
göstərmək qərarına gəlir.
"Onun
şəhid xəbərini eşidəndə eyvandan tullanmaq
istədim" - ŞƏHİD ƏMANƏTİ
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qadın...
Metrodan çıxıb deyilən istiqamətdə dayanıram. Xaqanin həyat yoldaşına zəng vururam. Deyir, heç yerə getməyin, qayınanam gəlib sizi götürəcək.
Şəhid ailələri görüşmək çətindir. Amma şəhid anası ilə görüşmək ikiqat ağır və dözülməzdir. Bəzən ilk sualdan dünyadan köçmüş balasını xatırlayıb hönkür-hönkür ağlayan şəhid anaları ilə rastlaşmışam. Bəzən isə soyuqqanlı, dərdini astadan, həzin-həzin çəkməyə çalışan analar da görmüşəm. Uzaqdan ətrafa narahat-narahat boylanan qarapaltarlı, qarayaylıqlı qadını görən kimi onun Xəqaninin anası olduğunu anladım. Yaxınlaşıb tanışlıq verəndə, təəccübləndi.
- Məni necə tanıdın qızım?
Susdum. Onları, şəhid analarını tanımaq o qədər də çətin deyil demək istədim. Amma sözləri ürəyimdən geri qaytardım.
- İnternetdə şəkilləriniz görmüşəm dedim.
Evdə bizi Xəqanin həyat yoldaşı Bəyaz xanım və iki qız övladı gözləyirdi. Divar boyu Xəqaninin şəkilləri vurulmuşdu. Eynəkdə, hərbi paltarlarda, övladları, ailəsi birlikdə olan şəkillər. Lalə xanım şəkillərə diqqətlə baxdığımı görüb oğlu haqqında danışmağa başlayır:
- Xəqani evin sonbeşiyi, həm də tək
oğlu idi. Ondan başqa iki qızım var. Xəqani haqqında
çox şey danışaram. Amma əvvəldən
bunu vurğulayım ki, o, mənə allahın hədiyyəsi
idi. Əlbəttə bütün analar
övladlarını tərifləyərlər. Ancaq bütün Xudat və Xaçmazda yaşayanlar
bilir ki, o, necə oğul idi. Tərbiyəsi,
əxlaqı öz yerində, böyük kiçik yeri bilən
oğul idi. Atanın, ananın, qədrini
bilən, ailəcanlı idi. Düzdür,
mən onu 21 yaşında, tez evləndirdim.
Əmanət...
- Niyə
elə tez?
- Nə
bilim, elə bil, ürəyimə dammışdı, ki, nəsə
olacaq. Ona görə də öz-özümə
həmişə tələsirdim, deyirdim ki, səni tez evləndirəcəm.
Nə yaxşı ki, tez evləndirdim, iki
yadigarı qaldı. Çox vətənpərvər
uşaq idi. Yadıma gəlir, uşaq
vaxtı 20 Yanvar, Xocalı hadisələri haqqında məndən
soruşardı. Mən də yorulmadan
oturub, o faciələrin hamısının tarixini
danışardım. Hərbi xidmətdən
gələndən sonra mən onu Rusiyaya yolladım. O,
orada iki aydan artıq qalmadı. Dedi, mən hərb sahəsinə
qayıtmaq istəyirəm.
- Yəqin
ki, etiraz etdiniz?
- Əlbəttə. Əvvəldən
Naxçıvanskiyə gedəndə, etiraz etdim. Amma ikinci dəfə dedi, mənim
yolum hərb sahəsidir. Gedəcəm. Onda etiraz edə bilmədim. Məni
çox istəyirdi, amma atasına daha çox bağlı
idi. Xəqani mənim qardaşım
qızı ilə ailə qurub. Biz valideyn
kimi məsləhətimizi verib, kənara çəkildik.
Onlar evlənmək qərarını özləri
verdilər. O, qız övladını çox sevirdi. İkinci qızı olanda, sevincindən bilmirdi nə
etsin. Gəlinim Bəyaz da mənim dediklərimi
təsdiq edə bilər.
Dayaq...
Bəyaz
qayınananın, həm də bibisinin sözlərinin
davamı kimi iki qızının atası, həyat
yoldaşı haqqında, onunla keçirdiyi günlər barədə
xatırlamağa çalışır:
- Xəqani
kənardan çox ağır, qaraqabaq görsənirdi. Amma o, evdə mənim həm atam, həm anam, həm
də qardaşım olub. Xəstələnəndə
də qulluğumda durub. Yəni tamam
başqa cür olub mənə qarşı. Mən elə bilirdim, bütün kişilər elədir,
amma onu itirəndən sonra onun dəyərini daha yaxşı
başa düşdüm. Toya, məclisə
getməyi çox sevirdi. Həmişə
mənə deyirdi ki, qardaşlarının toyu olanda, səndə,
mən də dəst geyinərik.
Bəyaz deyir ki, Xəqani məclis adamı olmaqla
yanaşı, meyxananı və futbolu da çox sevib. Hətta
meyxanaçılardan ən çox Ruslanı, bir də Rəşad
Dağlını çox sevirdi. Xəqani
şəhid olanda isə onun ailə üzvləri Rəşada
zəng vurub Xəqaninin ona olan pərəstişkarlığından
danışıblar. Rəşad isə Xəqaninin
qırx mərasiminə gələrək onun ailəsi ilə
görüşür, məclisdə iştirak edir:
- Amma ən
çox Rəşad Dağlıya qulaq asırdı, onun vurğunu
idi. Bəzən Xəqani növbədən
çıxıb birbaşa Rəşad Dağlının
iştirakı ilə keçirilən meyxana məclislərinə
gedər, səhərə qədər ona qulaq asardı.
Şəhid olandan sonra sağ olsun, özü
ilə digər meyxanaçıları gətirərək gəlib
bizim qırx məclisimizdə də iştirak etdi. Sonra da bir dəfə gəlib ailəmizə baş
çəkib.
-
Qayınananız deyir ki, qızlarına hədsiz bağlı
olub...
- Elədir.
Mən onun qədər qız
uşaqlarını sevən ikinci bir ata görmədim.
Hərdən deyirdi ki, dünya bir yana,
Aylin qızım bir yana. Aylin bizim böyük
qızımızdı. Hərdən
yoldaşları bizə qonaq gələndə, birinci Aylini
soruşardılar. Çünki onların
yanında çox danışmışdı Aylin
haqqında. Bəzən mən deyirdim ki,
üçüncü övladımız oğlan olar.
O, isə etiraz edirdi ki, yox, üçüncü də
qız olsun, adını da Əsma qoyum. Bizim onunla
son söhbətlərimiz elə bu mövzularda olurdu.
Bilirsiniz, biz bir-birimizin dərdindən ölən
cütlük olmamışıq. Yəni Leyli və Məcnun
deyildik, amma bizim qəribə, izah olunmaz bir
bağlılığımız olub. O, öz
uşaqlarını necə qoruyurdusa, məni də elə
qoruyardı. İnsan övladını necə
çox istəyirdisə, məni də elə istəyirdi.
Mən də onu uşaqlarımdan
ayırmamışam. Həmişə
deyirdim ki, mənim iki yox, üç övladım var.
Vətən
sağ olsun!
Lalə xanım deyir ki, müharibə başlamazdan əvvəl,
Xəqani hərbi paltarda şəkil çəkdirib
anasına yollayır, altında isə bu sözləri
yazır. Ana, əgər oğlun şəhid olarsa, qəm yemə,
bil ki, oğlun vətən uğrunda gedib. Sən də
mənim ölüm xəbərimi eşitsən, denən vətən
sağ olsun:
- İnanırsınız, mən o, sözləri
oxuyanda, nə qədər məyus olmuşdum ki, bu uşaq niyə
ölüm arzulayır. Sonra bir dəfə də bu sözü mənə evdə
ikimiz olanda dedi. Onda yadıma gəlir ki, çəkələyimi
ona tulladım. Gülə-gülə evdən
çıxıb qaçdı. Onun şəhid
xəbəri gələndə, biz Rusiyada idik. Oradan bura bir günə gəlib çıxa bildik.
Bizə görə Xəqani tabutu evdən ən
çox qalan şəhid oldu. O qədər ki, oğlum
evindən, ailəsindən doymamışdı, sanki allah da həmin vaxt onu evində çox
saxladı. Mən təyyarədən
düşüb evimizə gələndə, gördüm
hamı ağlaşır, qışqırır. Qapıdan içəri girəndə, Xəqaninin
tabutunu gördüm, yadıma onun həmin sözləri,
gülümsəməsi düşdü. Dedim,
oğul vətən sağ olsun. Bacım məndən
arxada dayanmışdı. Gördüm
deyir ki, bu dəli olub, bacım havalandı. Amma bir neçə gündən sonra mən
qohumlarıma izah etdim ki, bunu məndən Xəqani özü
istəmişdi (ağlayır).
Balan
tabutda gözləyir...
Lalə xanım danışdıqca, daha çox xatirələr
yada düşür. Ana bir sözü qoyub, o birinə
keçir. Oğlunun ən yaxşı
xatirələrini, xüsusiyyətlərini sadalamağa
çalışır. Bu xatirələrin içində
ən kədərlisi isə oğlunun şəhid olma xəbərini
alması olur:
-
Yoldaşımın telefonuna zəng vurdular. Xəqaninin
adını çəkəndə, mən əvvəl elə
bildim yaralanıb. Sonra gördüm,
yoldaşım qışqırır. Onda
bildim ki, şəhid olub. Elə ona da
birbaşa oğlunuz şəhid olub demişdilər. Sonra Rusiyadakı dostlarımız məni
aldatmağa çalışdılar ki, Xəqani
yaralıdı, mən inanmadım. Amma
insan bilirsən də, ümidlə yaşayır. Biz
Rusiya sərhədini keçəndən sonra qardaşım mənə
dedi ki, bilirəm, bura qədər ürəyində nəsə
ümid qalmışdı. Amma deyim ki,
hazırlıqlı ol. Balan səni tabutda
gözləyir. Onda tam əmin oldum ki,
oğlum yoxdur (ağlayır).
Söhbətin bu yerində Bəyazın gözlərinin
dolduğunu görürəm. Hiss edirəm kİ,
danışılanların fonunda keçmişi, ağır
günü yada salmaq onun üçün də dözülməzdir.
Ancaq o, da keçirdiyi ağır günlərinin yükünü üstündən
atmaq istəyir:
- Sonuncu dəfə
evə gələndə, mənə müharibənin
başlanacağını demişdi. Səhərlər
gedəndə, o, heç vaxt məni durğuzmurdu. Bu dəfə də səhər beşin
yarısında özüm yuxudan oyandım. Gördüm getməyə hazırlaşır.
Dedi, Aylini oyat, onu görüm gedim. Amma Aylin
oyanmadı. Sonra o, Aylini çoxlu
öpdü, qoxladı. Qapıdan
çıxanda, məni də qucaqladı,
sağollaşdı. Mən də onun
boynundan öodüm. Sentyabrın 27-də
onu döyüş bölgəsinə apardılar. Həmin gün mən çoxlu ağladım.
Nə uşaqlara baxdım, nə onların yeməyini
hazırlaya bildim. Anam şahiddir ki, elə
həyətdə bir daşın üstə oturub
hönkür-hönkür ağlayırdım. Hiss
edirdim ki, ona nəsə olacaq. Son dəfə onunla
danışanda, dedi, Füzulidəyəm. Onun mənə
son sözü bu oldu. Qardaşımla
danışıb ona demişdi ki, uşaqlarımdan muğayat
olun. Həmin ərəfədə mən
rayonda anamgildə idim. 29-da axşam
hamı evimizdə özünü şübhəli
aparmağa başladı. Hiss edirdim ki, hamı harasa tələsir,
gedir, gəlir. Bir az keçdi, bibim, bibin
qızı, birdə bir tibb bacısı gəldi. Ayaqyalın həyətə qaçdım. Yadıma gəlir ki, paltarımı tərsinə
geyindim, həyətdə ayağımı daşlar əzirdi,
amma hiss etmirdim. Bibimə çatıb dedim,
niyə gəlmisiniz?
Aldanış...
Dedi, Xəqani
yaralıdı, səni istəyir. Sonra məni
hospital adı ilə maşına mindirdilər. Yolda gördüm maşın Xudata tərəf
gedir. Dedim, ora niyə aparırsınız axı məni?
Cavab verən olmadı. Artıq
bilirdim ki, Xəqaniyə nə isə olub. Yolboyu Allaha yalvarırdım ki, o, lal, kar, şikəst
olsun, amma sağ qalsın ki, Aylin məndən atasını
soruşanda, atan nəfəs alır deyə bilim. Yoldaşımgilin həyətinə çatanda
gördüm həyət doludu adamla. Evə
girəndə, atam qaçdı üstümə. Orda mənə
dedilər ki, dul Bəyaz
gəlir, get, əyninə qara paltar geyin. Ölsəm,
qəbrimin üstə oy bitsə, həmin sözlər mənim
yadımdan çıxmaz. Onda çox
ağladım, havalı kimi olmuşdum. Mənə
iynə vurdular. O qədər ağlamışdım ki,
Xəqanini gətirəndə, ağlamağa halım yox idi. Birdən gördüm ki, adamlar hərəkətə
gəldilər. Kimsə dedi ki, Xəqanini gətirirlər.
Təcili yardım maşınının
qapıları açıldı, onun tabutunun ucunu
gördüm. Tabutu gətirib evinin
ortasına qoydular. Tabutu iyləməyə
başladım ki, bəlkə onun qoxusunu ala bildim. Gördüm taxta iyir gəlir. Tabutu
da mismarlayıblar. Dedim, Xəqani qapalı yerdə
ürəyi qısılan, soyuqdan üşüyən
adamdı, tabutu açın, o, bir az
isinsin. Açmadılar. Sonra kimsə mənə
dedi ki, Xəqaninin boynu qırılıb, ona görə
aça bilməzlər tabutu. Onda
başladım özümü söyməyə ki, mən evdən
son dəfə çıxanda niyə onun boynundan öpdüm
(ağlayır). Amma sonra tabutun
qapağını açdılar, üzünü yox. Dedilər, üzünü aça bilmərik, əl
vurmaq olmaz. Mən isə
qışqırırdım ki, yox, üzünü
açın, üzündən son dəfə öpüm,
ondan halallıq alım. Qayınatam
qoymadı. Sonra da əlimdən alıb
apardılar. Mən onda bildim ki, ondan həmişəlik
ayrıldım.
Dözüm...
Lalə xanım da deyir ki, o, yuxulu kimi olub. Hadisənin bütün təfərrüatı
ona üç gün sonra çatır:
- Mənə
o qədər iynə vurmuşdular ki, yuxulu kimiydim. İndi də onun ölümü mənə
çatmır. Yadıma gəlir ki,
bacım neçə dəfə qolumu möhkəmdən
sıxdı ki, özümə gəlim, gələ bilmirdim.
Hələ də anlaya bilmirəm ki, Xəqanini
aparanda mən necə olub ki, onun ardınca
qaçmamışam, tabutdan yapışmamışam. Hər şey hələ də yuxu kimi gəlir mənə.
Övladımın acısına dözmək
çətindir, canımın bir parçasıdır.
Hətta bir ara intihar etmək, evdən çıxıb
getmək istədim. Evimizin yanında meşə vardı. Onun
ölümündən sonra dedim, gedim, o meşədə məni
vəhşi heyvanlar parçalasın. Amma sonra onu yuxuda onu
gördüm. Narahat, qəmgin idi. Dindar yaxınlarım da mənə
dedilər ki, özünü öldürsən, o, dünyada
balanı görə bilməyəcəksən. Ona görə də allahdan, dözüm
arzulayıram özümə. Deyirəm, allah, bu ömrü mənə
sən vermisən, sona çatdırmağa dözümü
də sən ver. İndi balaları ilə təsəlli
tapıram. Çox az təsəllidir, amma yenə də
yaxşı ki, nəvələrim var. Bu həyatda mənim
ən çox istədiyim onlardılar. Balamın əmanətləridilər.
Samirə Əşrəf
Hərbi And.- 2022.- 17 iyun.- S.12-13.