Xocalı soyqırımı poemalarımızda  

 

30 il öncə - 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında da bu mövzu xüsusi yer tutur. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə Zəlimxan Yaqubun "O qızın göz yaşları", Fəridə Hicranın "Xocalı sülh istəyir", Elbariz Məmmədlinin "Mən savaşa çağırıram", Ələkbər Salahzadənin "Xocalı xəcilləri", Ədalət Əsgəroğlunun "Xocam, Xocalı", Ələmdar Quluzadənin "Şəhid şəhər", Nurəngiz Günün "Xocalı simfoniyası" və s. poemaları göstərə bilərik.

Zəlimxan Yaqubun "O qızın göz yaşları" (2005) poemasında Xocalı uşağının timsalı olaraq Xəzangülün həyat tarixçəsi qələmə alınıb. Həqiqi tarixi hadisəyə istinad edilərək yazılan "O qızın göz yaşları" poemasında real Azərbaycan övladı olan Xəzangülün atası Təvəkkülün, anası Rayanın, bacısı Yeganənin amansızlıqla öldürülməsinin ifadəsi düşmənə nifrət hissini gücləndirir. On yeddi parçadan ibarət olan poemanın özəyini təşkil edən həqiqət barədə müəllif epiqrafda məlumat verib. İlk bölümləri müstəqil şeirlər təsiri bağışlayan poemada üçüncü şeirdən sonra əsas mövzu olan Xocalı soyqırımı haqqında söz açılıb. Əsərə düyün vuran "Qanlı" rədifli qoşmada tökülən qanından qayalara, dağların köksünə xına yaxan türk insanının faciəsindən bəhs edilib. Poemanın son bölümü olan altı bəndlik "Xocalı" rədifli divanidə bu qırğının tarixi səbəblərinə toxunulub.

Bu faciədən bəhs edən Nurəngiz Günün "Xocalı simfoniyası" rekviyemi ingilis və rus dillərinə tərcümə olunaraq 2006-cı ildə kitabça kimi çap edilib. Əsər müəllifin ritorik sualları şəklində publisistik tonda yazılıb. Poema qafiyəli şeirdən daha çox nəsr əsərini xatırladır. "İlahi! Sən Onlara rahatlıq ver..." çağırışı ilə başlayan əsər "İlahi! Sən Onları rahat et..." yalvarışları ilə tamamlanır. Poemanın ilk parçaları Rüzgara müraciətlə başlayır. Ümumiyyətlə, bir sıra canlı və cansız varlıqlar obrazlaşdırılıb. Torpağın altındakı dipdiri ölülərin diksinməyini istəməyən müəllif günahsız qətlə yetirilənlərin "dünyadan axan səsləri" eşitmək istəmədiklərini Rüzgarın diqqətinə çatdırıb. Müəllif ədalətsizliyə üsyanın simvolu kimi mənalandırdığı həmin xoru "Əsrin Simfoniyası - Ölülər himni" adlandırıb. Əsərdə faciəni törədənlərin dini mənsubiyyətini diqqətə çatdırmaq üçün şair Məryəm Anaya, Mariyaya da suallar yağdırıb.

 

Ələkbər Salahzadənin "Xocalı xəcilləri" poeması "xroniki torpaq xəstələri"nin Xocalını Xirosimadan betər günə qoymalarına etiraz əlaməti olaraq yazılıb.

Şair bu qanlı qətliamın Avropada, Asiyada, Amerikada, Afrikada sükutla qarşılanmasını dünyanın "Sus"u yox "SOS"u kimi mənalandırılıb. Bu fəlakəti onlara hayqırmaq istəyən Çingiz Mustafayevin nəticəsiz qalan çabaları əsərin mərkəzi xəttini təşkil edir. Qan naxışlı buz yorğanlar altında susdurulan anasını çağırıb kiriyən balaların dəhşətli aqibətinə Çingizin hönkürə-hönkürə sarsılması əsərdə son dərəcə təsirlidir. Ayı utanıb gizlənən, ulduzları pörtən gecədə planetin Xocalı boyda yanıb sönməsini Çingizin kamera yaddaşına həkk etməsinin ağrı-acıları inandırıcı formada əksini tapıb. Poemada Xocalı-Çingiz Mustafayev-Səfir üçbucağı xüsusilə nəzərə çarpır. Xocalı vəhşiliyin, ədalətsizliyin qurbanı, Çingiz bu vəhşiliyi açıb göstərmək istəyən, Səfir isə ört-basdır etmək istəyən obraz kimi diqqəti çəkir. Şair 20 noyabrlara, 20 Yanvarlara, 26 fevrallara göz yumduqca gec-tez 11 sentyabrların yetişəcəyini Səfirin simasında ədalətsizliyə göz yumanlara bəyan edib. Şair həmişə türkün qanını tökən ermənilərin özlərini dünyaya haqsızlığa uğramış kimi göstərməklərinə münasibət bildirib. Poemanın sonunda şair yenidən Çingizin xidmətlərini xatırlayaraq, hətta onun kamerasının başına gələn müsibətləri, öz xilası bilənlərə tənə ilə yanaşıb: "Qırılan lentlərilə çoxlarını şad elədi kamera, yurd-yuvadan erkən qorxub qaçanları sanki azad elədi". Əsər "XXI əsrin "X" ilinin xronikası" ilə tamamlanır.

 

Ələmdar Quluzadənin "Şəhid şəhər" poeması 1992-1994-cü illərdə yazılsa da, ayrıca kitabça şəklində 1998-ci ildə işıq üzü görüb. Poemanın əvvəllərində Qərvənd, Tuğ, Meşəli, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Qaradağlı kimi yaşayış yerlərinin faciəvi aqibəti canlandırılıb. Zəngibasar, Xankəndi kimi yerlərdən Xocalıya pənah gətirənlərin başdan elənməsi, dərdlərinə çarə tapılmamağı Xocalı faciəsinin təməli kimi əks olunub. Faciənin baş verməsinə zəmin yaradan şəraitin təfərrüatları "Eşidilməyən haray" bölümündə verilib:

 

Evlər də veribdir kürək-kürəyə,

Ocaq küləklərdən odu borc alır.

Səsini bayraqtək qaldırıb göyə

Həyəcan təbili çalır Xocalı.

 

Poema ümumilikdə lirik səpkidə yazılsa da, bəzi epiklik əlamətləri nəzərə çarpır. Bu səhnələr daha çox Xocalıdan olan qızın Bakıya həyəcanla zəng edib yardım istəməsində, rəhbərliyi təmsil edənlərin "Lazım olsa, özüm də şirin candan keçəcəm" kimi bəyanatlarında özünü göstərir. Əsərdə şair öz şəxsi faciəsini də ictimailəşdirib: "Sən mənim atama əl qaldırmısan, Mən sənin atana borcluyam demək". Bu sətirlər müəllifin atasının timsalında erməni vəhşilərin qocalara tutduğu divanı özündə ehtiva edir. Əsərin "Qançiçəyi" bölümündə faciənin real görüntüləri yaradılıb. Şəhidlərimizin qəhrəmanlıqla həlak olmaqları bədii boyalarla verilib. "Əsirlər, girovlar" bölümündə yazılmış "Dili ipə-sapa yatmayanların Ürəyi, böyrəyi xaricdə dollar..." və ya "Əsir düşənləri düşərgələr yox, Hardasa gözləyir qəssabxanalar" misralarında erməni fürsətcilliyinin daha amansız bir tərəfi nümayiş etdirilib. Onların türk insanının cismindən də gəlir əldə etmək üçün vəhşicəsinə istifadə etməyinə hiddətlə etiraz səsi yüksəldilib. Nə qədər ağrılı olsa da, faciənin həqiqətləri çılpaq boyalarla təqdim olunub: "Ananın sinəsi qan çeşməsidir, Körpənin dodağı döş gəzir hələ". Xalqının başına gətirilmiş müsibətdən sarsılmış müəllif öz atasının da həmin gün erməni vandalizminin qurbanı olduğunu daxili iztirabla qələmə alıb:

 

88 ili halal yaşadı,

Halal zəhmət idi imanı, dini,

Allahverdi idi atamın adı,

Bəlkə, Allah aldı öz verdiyini.

 

Erməni qansızlığının qurbanı olmuş qoca atasının cəsədini günlərlə dəfn etmək mümkün olmayıb. "Novruz bayramına bir gün qalanda Atamı torpağa tapşıra bildik" sətirləri 26 fevral və 21 mart tarixləri arasındakı zaman kəsiyinin hansı müsibətlərə şahidlik etdiyini göstərir. Poemanın "Çingiz Mustafayev", "Təlatüm", "Xatın-Xirosima-Xocalı yolu" bölümlərində düşmənin məkri və amansızlığı bütün çılpaqlığı ilə təsvir olunub. Bu müsibətlərin sadəcə bir ölkə tərəfindən yox, Azərbaycanı istismar etmək istəyən müstəmləkəçilərin dəstəyi ilə törədilməsi də əsərdə aydın bəyan edilib. Eyni zamanda həyata keçirdikləri soyqırımları ört-basdır etmək üçün özlərini yardımsevər kimi göstərmələrinə bu cür sətirlərdə kinayə ifadə olunub: "Gözü sərvətimdə olan ölkənin Balası balama paltar göndərir". Digər tərəfdən Ermənistanla Azərbaycana qarşı olan münasibətdəki ayrıseçkilik poemada ifşa hədəfidir.

 

"Qonşum yardım alır mərmini, topu,

Mənə gələn yükdə yuxu dərmanı"

 

- misraları həm həqiqi, həm də məcazi mənanı ifadə edib. Heca vəznində yazılmış əsərin dili son dərəcə poetikdir.

 

Bu mövzulu əsərlərdə qəhrəman telejurnalist Çingiz Mustafayevin obrazına ayrıca yer verilib, onun xidmətləri diqqətdən yayınmayıb. Digər tərəfdən ilk hərfləri eyni olan Xocalı-Xirosima-Xatın şəhərlərinin tale bənzərliyi əksər poemalarda müqayisə edilib. Faciənin baş vermə zamanına və məkanına görə Xocalı soyqırımı daha ağır qətliam kimi təqdim olunub.

 

Gülnar SƏMA

 

Hərbi And.- 2022.- 4 mart.- S.14.