Səhnə və ekran
sənətimizin fəxri
Xalq artisti Ağasadıq
Gəraybəylinin anadan
olmasından 125 il ötür
Bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz
rolları ilə milyonların sevimlisinə
çevrilmiş, unudulmaz
sənətkarımız Ağasadıq
Gəraybəylinin anadan
olmasından 125 il ötür.
AZƏRTAC xəbər verir ki, ömrünü
Azərbaycan teatr və kino sənətinə
həsr edən Ağasadıq Gəraybəyli
bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını
Azərbaycan teatr və kino tarixinə
böyük həriflərlə
yazdırmağı bacarıb.
Hər zaman onun adı
çəkiləndə insanların
gözü önündə
bir-birindən maraqlı
obrazlar canlanır.
Şamaxıda dünyaya göz
açan sənətkar
Bakıya gələrək
Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb.
Məktəbdə Cəfər Cabbarlı
ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud
Kazımovskidən dərs
alıb. Hüseyn Ərəblinskinin
sayəsində “Nicat”,
sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv
olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər”
pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində
teatr kursuna yazılıb.
Milli teatrımızın
klassiklərindən, fədailərindən
olan Ağasadıq Gəraybəylinin səhnə
fəaliyyətinə aid faktları
xatırlayanda heyrətlənməyə
bilmirsən. O, 200-dən çox
müxtəlif rollarda,
qrimlərdə, qiyafələrdə
səhnəyə çıxıb:
Nəriman Nərimanovun
“Nadir şah”, Üzeyir
Hacıbəylinin “Arşın
mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə
Azərbaycan SSR-in Xalq
artisti fəxri adına layiq
görülüb. Teatrla yanaşı
kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində
Rüstəm bəy bu obrazlardandır.
Ağasadıq Gəraybəyli xatirələrində
deyir: “1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda
anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə
az. Ən çətin
anlarımda yaradanımız
imdadıma yetişdi.
İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin
dedikləri hələ
də qulaqlarımda səslənir: “Get, a bala,
canın zəlzələdən
qurtaracaq. Əlin Allahın ətəyində
olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq
idim. Tanımadığım bir darvazanı
döydüm. Gülərüz,
mehriban baxışlı,
nurani, ahıl bir kişi
qapını üzümə
açdı. Elə bil
məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?”
Kimsəsiz olduğumu ona
danışdım. Qəfil
dilləndi: “Ay qız,
Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən
Əlisəttar kişidən
atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm.
Məktəbə gedəndə də
bəxtim gətirdi.
Sonralar yazıçı-dramaturq kimi
tanınan Cəfər
Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı
Hüseyn Ərəblinskidən
çox mətləbləri
öyrəndim. Mirmahmud Kazımovskinin
təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim
1905-1907-ci illərdə oldu.
Ermənilər Bakıda,
bakılılara divan tuturdular.
Yaxşı ki, niyyətlərinə
çatmadılar. Haqq qalib
gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda
teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin
sayəsində “Nicat”,
sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim.
İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim
bəy Haqverdiyevi
1913-cü il martın 15-də gördüm.
Sərt xasiyyətli adam idi.
Əhvalı yaxşı olanda
isə üz-gözündən
nur yağardı.
İlk oxucularından biri də mən olmuşam”.
Ağasadıq Gəraybəyli dahi
Üzeyir Hacıbəylinin
adı çəkiləndə
ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı: “Üzeyir bəy peyğəmbər xislətli
şəxsiyyət, düha
sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı,
musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər”
pyesində kefli İsgəndərin monoloqunu
söyləyib səhnədən
düşəndə məni
yanına çağırdı.
Əllə görüşdü, üzümdən öpdü,
saçımı tumarladı.
“Sənin kimi azərbaycanlılarla fəxr
etmək lazımdır”
– dedi. Üzeyir bəyin qayğısı
sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım,
mənə birotaqlı
mənzil verdilər.
Ailə qurdum. Toy günü
xeyirxahımın dediyi
kəlamı dönə-dönə
xatırlayıram: “Ailə
qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.
Onun yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb.
Xalq şairi Səməd Vurğun yazıb: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”. Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: “Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi”.
91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü.
Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.
Ağasadıq Gəraybəyli təvazökar
insan, nümunəvi ailə
başçısı idi. 1933-cü ildən
ömrünün son
gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında
çalışmış, alqışlarla qarşılanan
səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində,
Xaqani küçəsi 19-da
yaşayırdı. Görkəmli müğənni
Bülbüllə, Xalq
yazıçısı Mirzə İbrahimovla,
Xalq şairi Süleyman Rüstəmlə qonşu
idi. Bir gün Süleyman müəllim
ona deyib: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara
can, nəfəs verən aktyor,
niyə iş yerinə piyada
gedib-gəlirsən? Sabahdan mənim xidməti
maşınım səni teatra aparıb gətirəcək”.
Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki,
ayaqlarım sözümə baxır. Bir
də qardaş, mənim doğma
xalqımdan nə gizlinim? Teatrın
binasından evimə gələnəcən yüzlərlə
adam mənə salam verir, əhvalımı soruşur.
Bundan da böyük şərəf, şöhrət
olar?!”
AZƏRTAC
Hərbi And.- 2022.- 18 mart.- S.13.