İki vətəni olub,
qürbətdə can verən qəhrəman
Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra burada bir müddət hərbi rejim yaratmışdı. Bu rejimin mövcudluğu bir çox ağır nəticələrə gətirib çıxardı. Xüsusən Azərbaycanda bəy və ağaların sərvətini talamağa başladılar. Bu talan sadə xalqa heç bir fayda vermədi, talanan sərvət birbaşa Rusiyaya daşındı. Lakin az sonra vəziyyət dəyişməyə başladı. Torpaqları, sərvətləri, hətta qulluqçuları da əllərindən alınan mahal bəylər bölgələrdə silahlı çıxışlar təşkil etdilər. Harada çar məmuru, zabiti görsələr, öldürürdülər. Vəziyyətin gərginləşdiyini Tiflisdəki çar nümayəndəliyinə bildirən yerli məmurlar bir tədbir görülməsini istəyirdilər. Yeni proqrama görə, çarlıq idarə üsuluna tabe olan bəylərin ağaların övladları Peterburq və digər şəhərlərə təhsil almaq üçün gedə bilərdilər. Bu, əsasən hərbi təhsil olurdu. Hərbi təhsili bitirən şəxs isə öz ölkəsinə deyil, imperiyanın ucqarlardakı sərhədlərinə göndərilirdi. Ümumiyyətlə, çar ordusunda əsgər kimi xidmət etmək müsəlmanlara qadağan idi. Azərbaycanlılar 90 il çar işğalından sonra ancaq 1918-ci ildə Milli Ordunun yaranması ilə hərbi xidmət keçə bildilər. Elm sahəsində təhsil imkanı isə ancaq rus məktəblərini bitirən rus və ermənilərə şamil edilirdi.
İstər Azərbaycandan, istərsə də Borçalı elindən əsilzadələrin övladlarının çar hərbi məktəblərində oxuması haqqında arxivlərdə məlumatlar var. Yadigarovlar nəsli də Borçalıda belə öndə gedən, sayılıb-seçilən nəsil idi. Onlar Borçalı elinin Təkəli kəndində yaşayırdılar. Kəndi elə özləri salmışdılar deyə, çox zaman oraya Ağalıq kəndi də deyilibmiş. Zadəgan Yadigarovlar nəsillikcə Çar ordusunda xidmət etmiş, bu nəsildən olan hərbçilər sonuncu dəfə Rus-Yapon müharibəsinin qəhrəmanları olaraq bir sıra medallar almışdılar. Onların sonuncu nümayəndəsi Vəli Bəy Yadigarov isə tək Çar Rusiyası tarixinə deyil, Azərbaycan, Türkiyə, Polşa tarixinə də öz adını qızıl hərflərlə yazdırdı.
Vəli bəy Yadigar 1898-ci ildə Borçalı Mahalının Təkəli kəndində doğulub. Atası Sadıq bəy Yadigar, anası isə Krım tatarı, lakin Polşada doğulan Olqa Koruçibaşeva (Qoruçubaşıyeva) idi. Onun uşaqlıq illəri və Tiflisdə gimnaziyada oxuduğu vaxtlar olduqca qarışıq, Çar Rusiyasının zəiflədiyi, müharibələrin getdiyi dövrə təsadüf etmişdi. Bütün bunlar Vəli bəydə müharibəyə, hərbə maraq yaratmışdı. 1916-cı ildə könüllü olaraq Çar ordusuna müraciət etmiş və birinci dünya müharibəsinin əsgəri olmuşdur. O zaman Vəli bəyi “I Dağıstan Süvari Alayı”na göndərirlər. O, Avstriya-Macarıstan ittifaqına qarşı ordu komandanının da adını daşıyan məşhur “Brusilov” döyüşündə iştirak edir. Burada ordunun ən gənc əsgəri kimi tanındı və döyüşdən sonra Kiyevdə Artileriya məktəbinə dəvət alır. Döyüşdən təhsil üçün Kiyevə gedən Yadigarov bolşeviklər imperiyanı süquta uğratdıqdan sonra bir sıra maneçiliklərə baxmayaraq, çar ordusunda xidmət edən bir çox hərbçilər kimi 1918-ci ildə Azərbaycana qayıdır. Yeni qurulan milli ordunun tərkibində xidmətə başlayır. Qarabağda ermənilərə qarşı aparılan əməliyyatlarda fəal iştirak edir. Həmin vaxt Milli Ordunun tərkibində Yadigarovlar nəslindən 8 nəfər zabit kimi xidmət edirdi. Vəli bəy Yadigarovun da iştirakı ilə üçüncü Şəki Süvari Alayı yaradıldı. Onun bu zaman 22 yaşı vardı və alayda eskadron komandiri kimi xidmət göstərirdi. 1920-ci il martın 20-də, Novruz bayramı axşamı azğınlaşmış erməni dəstələri səpələnmiş halda Qarabağa, Laçın, Şuşa, Xankəndi və digər yaşayış məntəqələrinə hücum etmiş, müsəlman əhalini qətlə yetirmiş, kəndləri yandırmışdılar. General-mayor Həbib bəy Səlimovun rəhbərlik etdiyi ordu hissələri əks-hücuma keçərək, ermənilərə böyük zərbə vurmuşdu. 12 gün davam edən döyüşlərdə erməni quldur dəstələri darmadağın edildi və yenidən Şuşanın ən yüksək təpəsindən üçrəngli bayrağımız asıldı. Həmin döyüşlərdə Vəli bəyin də təmsil olunduğu III Şəki Süvari Alayı da Həbib bəyin rəhbərlik etdiyi qoşun birləşmələrinə ciddi dəstək verdi.
Bu haqda dövrün arxiv materialını üzə çıxaran Şəmistan Nəzirli yazır:
“III Şəki Süvari Alayının komandiri podpolkovnik Tongiyev Qarabağ ərazi qoşunlarının komandanı
general Həbib bəy
Səlimova 26 mart tarixli
məlumatında yazırdı:
“Bu gün - martın
26-da artilleriya və tüfəng hazırlığından
sonra Çaylı və Bürc kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbə
- dağların ətəklərinə
çəkilmişdilər. Ermənilərdən bir neçə
döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə
bir neçə partizan yaralanmışdır.
Məlumat verirəm ki,
sonrakı uğurlarımız
və ermənilər
üzərində qəti
və son qələbəmiz
mənim dəstəmin
nizami hissələr ilə möhkəmləndirilməsindən
asılı olacaqdır.
Ona görə ki, cəbhə xətti böyüyür
və mənim dəstəmdə adam azdır”.
Azərbaycanın işğalı və Cümhuriyyətin süqutu
ilə barışmayan
Milli Ordunun zabitləri 1920-ci ilin 25 mayında Gəncədə
bolşeviklərə qarşı
böyük üsyan hazırladılar. Lakin üsyan 31 mayda
qəddarlıqla yatırıldı.
Vəli bəy Yadigarovun III Şəki Süvari Alayı da itki
vermişdi. O, sağ
qalan azsaylı adamları ilə bərabər Gürcüstana
keçə bildi. Gürcüstanda da bolşeviklərin
təqibi ilə üzləşərək, 1921-ci ildə Türkiyə ərazisinə keçməyə
məcbur oldular.
Türkiyə, Yunanıstan və
Polşa Qafqazdan gələn gənclərə
siyasi sığınacaq
verirdi.
Polşa
həyatı
1922-ci ildə Vəli
bəy Yadigarov Polşaya keçir. Tatar qızı olan anası Olqanın uşaqlığı Polşada
keçmişdi. Burada onların
qohumları vardı.
O zamanlar Polşanın
dövlət başçısı
olan Jozef Pilsudski bir zamanlar Azərbaycanlı
zabitlərlə birgə
xidmət etmişdi deyə, xalqımıza xüsusi hörməti vardı. Onun Vəli bəylə
3 dəfə görüşü
olub. Birinci Varşavada kitabxanada.
İkinci, 1933-cü ildə türk heyəti ilə görüşdə
Vəli bəyi tərcüməçi kimi
dəvət etmişdi.
Üçüncü görüş
isə Pilsudskinin vəfat etdiyi zaman fəxri qaravulun başında Vəli bəyin dayanması zamanı...
Vəli bəy Polşaya gələndə 25 yaşlı
gənc idi. Burada dil
öyrənir, yenidən
təhsil alır.
Süvari hərbi məktəbində
oxuduqdan sonra, 1925-ci ildən Lansuçdakı
10-cu süvari atıcılar
əlahiddə alayında
komandir təyin olunur. Sonra o, Polşa qoşunlarının
ali hərbi
akademiyasına daxil olur və 1932-ci ildə buranı əla qiymətlərlə
bitirir. 1936-cı ildə Lüblində 7-ci
süvari alayına komandir göndərilir.
Qafqaz xalqlarının sovetdən
ayrılması üçün
1925-ci ildə Parisdə
Prometey proqramı təşkil edilir. Bu proqrama marşal
J. Pilsudiski də başçılıq edirdi.
Vəli bəy Yadigarov 1933-cü ildə yazdığı
“Mustafa Axmatoviç adına
tatar ulan alayının hərbi tarixi oçerki” adlı kitabında Polşa, Litva, Krım və Rusiyada yaşayan müsəlmanların Polşadakı
xidmətlərini yazmışdır.
İkinci dünya müharibəsi başlayanda Almaniyanın Polşaya qəfil hücumu burada müdafiə dəstələrinin
təcili toplanmasına
gətirib çıxartdı. Vəli bəy
Armie Krajova xalq ordusunda qərargah rəisi oldu. Bir tərəfdən almanlar, bir tərəfdən
isə sovetlərlə
üz üzə qalarkən məcbur almanlara əsir düşdü. Lakin orada
polyak olmadığına
dair sənəd göstərərək, azad
olmuşdu. 1944-cü ildə polyak üsyanından sonra sovet qoşunları Polşaya hücum edir. Müqavimət göstərə bilməyən qafqazlılar
qərbə çəkildilər.
Buradakı uğursuzluqdan sonra
ailəsi ilə birlikdə Londona, oradan isə Argentinaya köçür.
Ailəsi
Onun Vanda adlı
polyak qızı ilə evliliyindən 1 qızı olmuşdu, adını Züleyxa qoymuşdu. Argentinaya köçdükdən iki
il sonra
Vanda xanım vəfat
edir. Züleyxanın yaşaması və
təhsili üçün
Vəli bəy işləməli idi.
Bir müddət dəniz limanında yükdaşıyan,
sonra toxuculuq fabrikində fəhlə işləyir. O, ki dəfə infarkt keçirmişdi. 1971-ci il 13 dekabrda Buenos-Ayresdə 3-cü infarktdan
vəfat edir. Sağ ikən
qızına azad Polşada müsəlman adətləri ilə dəfn olunmasını vəsiyyət etmişdi.
1990-cı
ildə Züleyxa xanımın istəyi və Polşa dövlətinin dəstəyi
ilə onun və həyat yoldaşı Vanda xanımın
məzarı çıxarılaraq
Polşaya gətirilir
və müsəlman tatar qəbiristanlığında
islam qaydalarına
uyğun, fəxri qarovulun hərbiçi şöhrəti qayaları
ilə dəfn edilir. Mərasim Şopenin “Dəfn marşı”nın sədaları altında keşirilir.
Vəli bəyi Polşada hər zaman xatırlamış və
sevmişdilər. Baş komandan Kazimer Sasnisovski yazırdı:
“O öz ölkəsinin taleyini unutmayan, eyni zamanda Polşa
üçün sədaqətli
oğul idi”.
Bu gün də Vəli bəy Polşada hörmətlə
anılır. Onun adına kitablar
nəşr edilib, filmlər çəkilib,
hətta 2017-ci ildə
xatirə abidəsi də ucaldılıb.
Vəli bəyin qəhrəmanlığı
və Polşaya olan sədaqəti dövlətlərimiz arasında
qırılmaz mənəvi
bağlar yaradıb.
Şəhla Cabbarlı
Hərbi And.- 2022.- 18 mart.- S.11.