Üzeyir bəyin ilk
musiqi müəllimi
Kərbəlayi Ələkbərin iki arvaddan doqquz övladı vardı: Şirin (dahi bəstəkarımızı Üzeyir bəy Hacıbəyovun anası), Əziz, Mustafa, Ağalar, Bahadur, Sadıq, Əzət, Gövhər və Ziba. Yüksək musiqi duyumu və səs sarıdan Allah-Taala onların hamısına anadangəlmə istedad bəxş etmişdi. Bu uşaqların həm gözəl səsləri vardı, həm də hərəsi bir musiqi alətində çalmağı bacarırdı. Əliverdibəyovlar ailəsi Şuşanın musiqi aləmində kiçik bir ansamblı xatırladırdı.
AZƏRTAC tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevin Ağalar bəy Əliverdibəyov haqqında məqaləsini təqdim edir.
Ağalar bəy Kərbəlayi Ələkbərin dördüncü uşağı, məşhur Vəzirovlar nəslindən olan ikinci arvadı Telli xanımdan doğulmuş ilk övladı idi. Son dərəcə ağıllı və dərrakəli olan Ağalar bəy mollaxanada oxuyarkən fars dilini və Quranı az müddətdə mənimsəmiş, gözəl avazı ilə həm şəriət müəllimini, həm də şagird yoldaşlarını ovsunlamışdı... Sonra o, rus-tatar məktəbinə daxil olmuş və buranı da əla qiymətlərlə bitirmişdi...
Ailədə ad günləri keçirmək, əlamətdar hadisələri qeyd etmək dəbdə olduğundan oğlunun rus-tatar məktəbini qurtarması münasibətilə Kərbəlayi Ələkbər evində böyük bir ziyafət düzəltmişdi. Ağalar bəyin dayısı, dövrünün mükəmməl təhsil görmüş mütərəqqi ziyalısı, Qarabağın köklü bəylərindən olan Seyid Mirbaba Mirabdulla oğlu Vəzirov da (görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin atası) başının dəstəsi ilə məclisə təşrif buyurmuşdu. Poeziya, musiqi, xüsusilə də, muğam aşiqi olan Seyid Mirbaba məclisin daha şən, təmtəraqlı, dolğun və maraqlı keçməsi üçün özü ilə sazandalar dəstəsi də gətirmişdi. Onun keçmiş şagirdi, böyük muğam ustası Hacı Hüsü, tarzən Sadıqcan da onların arasında idi.
...Musiqi və şeirlə başlanan məclis Hacı Hüsünün ifasında “Kürdü-Şahnaz” muğamı ilə başa çatandan sonra Seyid Mirbaba üzünü qonaqlara tutaraq:
-Bacıoğlum Ağaların gözəl səsi, xoş avazı var, özüm dəfələrlə qulaq asmışam. İzn versəniz, o, öz məharətini sizin qarşınızda da göstərər. Hacı, bir diqqətlə qulaq as, gör, ağlın nə kəsir? - deyə Ağaları yanına çağırdı.
Ağalar bəy şəstlə musiqiçilərə yaxınlaşdı. Hacı Hüsü ondan hansı mahnını bildiyini soruşanda uşaq təzəcə öyrəndiyi “Qaçaq Nəbi” havasını oxuyacağını bildirdi. Sadıqcan tarını dilləndirdi, Ağalar bəy böyüklərə məxsus bir tərzdə qavalı götürüb oxumağa başladı. Arada bir boğaz da muğam dedi. Onun səsi məclis əhlinin alqış sədaları altında eşidilməz oldu. Qonaqlar hamısı bir-bir Ağalar bəyi qucaqlayıb bağrına basdı. Hacı Hüsü üzünü Seyid Mirbaba bəyə tutub dedi:
-Ustad, bacınız oğlu olduğuna görə demirəm. Çox gözəl səsi var. Düzdür, hələ lap balacadır, amma gələcəyi indidən görünür. Onun səsini qorumaq lazımdır, tez-tez oxudub, yormaq olmaz...
Həmin gecə kiçik Ağaların yaddaşına ömürlük həkk olundu. Axı o, ilk dəfəydi ki, böyüklər qarşısında çıxış edirdi, ilk dəfəydi ki, məşhur musiqiçiləri görürdü...
Ağalar bəy Şuşa Realnı Məktəbinə hazırlaşırdı. Bu orta təhsil ocağına daxil olmaq üçün artıq kifayət qədər hazırlığı, biliyi, dünyagörüşü vardı. O, 1891-ci ilin yay qəbulu imtahanlarından uğurla çıxıb məktəbə girdi.
Şuşa Realnı Məktəbi XIX əsrin axırlarında Qafqazın bütün orta təhsil müəssisələri arasında seçilir, ən nümunəvilərindən hesab olunurdu. Məktəbin böyük, zəngin kitabxanası, çox mükəmməl fizika kabinəsi, müxtəlif tədris ləvazimatı vardı. Ağalar bəy məktəbin bu imkanlarından lazımi qədər istifadə edərək biliyini daha da artırmağa çalışır, böyük həvəs və maraqla mütaliə edirdi. O, burada alman və fransız dillərini də mükəmməl öyrənmiş, rus dilini daha mükəmməl mənimsəmişdi. Məktəb kitabxanası ilə yanaşı, fransız dili müəllimi Əhməd bəy Ağayevin şəhərdə açdığı qiraətxana, dayısı oğlu Əbülhəsən Vəzirovun şəxsi kitabxanası, abunə yazıldığı qəzet və jurnallar da Ağalar bəyi xeyli məlumatlandırmış, geniş dünyagörüşlü, müasir bir gəncə çevirmişdi.
Ağalar bəyin bacı-qardaşları, dostları, qohumları tez-tez axşamlar böyük bacısı Şirin xanımgilə toplanır, günlərini şən və mənalı keçirməyə çalışırdılar. Bura yığışanlar da ondan oxumamış əl çəkməzdilər. O da uşaqların xahişini həmişə məmnuniyyətlə yerinə yetirər, öz səsi ilə onların könlünü oxşayardı. Ağlar bəyi isə tarda kiçik qardaşı Bahadur bəy müşayiət edərdi. Bu gecələrdə onun bacısı uşaqları da həvəslə iştirak edərdilər. Xüsusən də, Zülfüqar və Üzeyir bəy Hacıbəyov qardaşları dayılarının “konsert”lərini diqqətlə dinləyər, onlardan dübarə çalıb-oxumalarını dönə-dönə xahiş edərdilər. Eyni zamanda, kiçik Üzeyir Ağalar bəyə musiqiyə aid müxtəlif suallar verər, cavab almayınca əl çəkməzdi. Bir sözlə, Əliverdibəyovların və Hacıbəyovların övladlarının günləri belə maraqlı və qayğısız keçərdi. Aralarında beş yaş fərqi olan dayı-bacıoğlu dostluğu da elə həmin günlərdən başlamış, ömürlərinin sonlarına qədər davam etmişdi. Üzeyir bəy çox-çox sonralar dayısının istedad və ustalığını yüksək qiymətləndirir, onu özünün ilk musiqi müəllimi adlandırırdı.
Ağalar bəyin dayısı Seyid Mirbaba da elə həmin vaxtlardan bacısı oğlu ilə fərdi məşğul olur, onda xalq yaradıcılığına, muğamlara xüsusi məhəbbət aşılamağa çalışırdı. O, Ağalar bəyə muğamların yaranma tarixindən, sirlərindən, ifaçıların şəxsiyyətindən, hikmətli muğam dünyasından geniş söhbət açır, bu gənc istedadı sirli-sehrli musiqi aləminin dərinliklərinə aparıb çıxarırdı. Dayısından artıq musiqi nəzəriyyəsini də öyrənən Ağalar bəy praktiki cəhətdən musiqi savadını artırmaq və zənginləşdirmək üçün dövrün tanınmış xanəndəsi Muxtar Bədəlbəylinin yanına gedib-gəlirdi. Onun səsinin cilalanmasında, muğam vərdişlərinə tam yiyələnməsində Muxtar Bədəlbəyli ilə yanaşı, tarzən Cavad Xanəzəyskinin və Şükür Aruzanzadənin xidmətləri də böyük idi. Ələkbər bəy oğluna muğam dərsi keçmək üçün bu musiqiçiləri evinə dəvət etmişdi. Elə bunun nəticəsi idi ki, Ağalar bəy 1896-cı ildən başlayaraq Azərbaycan və eləcə də müxtəlif Şərq xalqlarının musiqi tarixinə aid materiallar toplamağa başladı və bu materiallar da sonralar “Rəsmli musiqi tarixi” adlı əsərini yazarkən karına gəldi.
Ağalar bəy Realnı məktəbdə oxuyan vaxt şəhərin ədəbi, mədəni, ictimai həyatında da fəal iştirak edir, müntəzəm olaraq konsertlərə, teatr tamaşalarına, şeir və musiqi məclislərinə gedirdi. O, bacısı Şirin xanımla birlikdə Xan qızı Natəvanın “Məclisi-üns” ədəbi dərnəyinin məşğələlərində dəfələrlə iştirak etmişdi. Artıq Şuşada musiqisevər, teatrsevər bir gənc kimi tanınan Ağalar bəy tez-tez teatr tamaşalarında kütləvi səhnələrdə çıxış etməyə dəvət olunurdu. 1896-cı ildə Əbdürrəhim bəy Haqverdiyevin yerli teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuş «Dağılan tifaq» faciəsinin ilk tamaşasında o, Üzeyir bəy və başqa şagird dostları ilə birlikdə məktəblilər nəğməsini oxumuşdu. Bir il sonra 1897-ci ilin avqustunda isə Şuşanın mədəni həyatında bütün şuşalılar üçün, o cümlədən də Ağalar bəy üçün, ömürlük yaddaqalan yeni, əlamətdar bir hadisə baş verdi. yenə də Əbdürrəhim bəyin bilavasitə təşəbbüsü, rəhbərliyi və redaktorluğu ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin məşhur poeması əsasında hazırlanmış «Məcnun Leylinin qəbri üstündə» adlı musiqili səhnəcik göstərildi. Böyük uğurla keçən bu tamaşada Məcnun rolunu görkəmli xanəndəmiz Cabbar Qaryağdıoğlu oynayırdı. tamaşanın xorunda isə digər məktəblilərlə yanaşı, Ağalar bəy və Üzeyir bəy də oxuyurdu. Bu tamaşa hər ikisinin qəlbində dərin və təsirli bir iz qoydu. Üzeyir bəydə «leyli və Məcnun», Ağalar bəydə isə “Harun ər-Rəşid” adlı muğam operalarını yaratmaq fikri oyatdı.
Bir neçə ildən sonra Ağalar bəy Əliverdibəyovun qayğısız, xoş günləri arxada qaldı. 1901-ci ildə Şuşa Realnı Məktəbini bitirib, tam orta təhsil alan gənclərdən biri də Ağalar bəy oldu. O, hiss edirdi ki, orta təhsil, bu illər ərzində aldığı bilik hələ kifayət deyil. Təhsilini davam etdirmək lazımdır. Ona görə o da bir çox şuşalı gənclər kimi ali təhsil ardınca Peterburqa yollandı, texnologiya institutuna daxil oldu, rabitə yolları mühəndisi ixtisasına yiyələndi. Burada da dərslərini əla oxumaqla yanaşı, keçirilən bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı oldu. Müsəlman tələbələrin təşkil etdikləri müxtəlif musiqili, ədəbi gecələrdə, müsamirələrdə, teatr tamaşalarında, xüsusi bir həvəs və coşqunluqla iştirak etdi. Bu məclisləri öz mahnı və təsnifləri ilə daha da bəzədi, daha da şənləndirdi.
Peterburqda ali təhsilini başa vurandan sonra Ağalar bəy və kiçik qardaşı, Xarkov Tibb İnstitutunun məzunu Bahadır bəy öz biliklərini daha da zənginləşdirmək və təcrübələrini artırmaq məqsədilə Varşavaya yollandılar. Elə ilk günlərdəcə qardaşların başlarına gözlənilməz və maraqlı bir əhvalat gəldi. Bahadur bəy Varşava Tibb İnstitutuna qəbul imtahanı verərkən latın dilindən qeyri-qənaətbəxş qiymət aldı. Bu, hər iki qardaşa çox pis təsir elədi və onlar pəjmürdə halda kirayədə qaldıqları evə qayıtdılar. Milliyyətcə yunan olan xeyirxah, mehriban, qayğıkeş ev sahibi Salamgirey onların bu dilxor və qanqaraldıcı vəziyyətlərini biləndə canıyananlıqla:
- Sənə nə olub, dəryada gəmin batıb? Cavan uşaqsan. İndi olmasın sonra olsun, gələn dəfə imtahan verib daxil olarsan. Kefini pozmağa dəyməz! - deyə Bahadur bəyə təsəlli verməyə çalışaraq belə bir təklif elədi: -Durun gedək, bir az gəzək, eyniniz açılsın, fikriniz dağılsın, - deyə onları dilə tutaraq yola gətirdi...
Salamgirey uşaqları Visla çayına qayıqla gəzməyə dəvət elədi. Bahadur bəyin sədəfli tarı da onlara yoldaşlıq edirdi. Qayıqla xeyli gəzəndən sonra o, tarını kökləyib, “Segah” üstündə gəzişməyə başladı. Ağalar bəy isə pəsdən zümzümə edirdi. Sanki onlar elə bil ki, Cıdır düzünün yalçın qayaları üstündə oturaraq çalıb-oxuyurdular. Bəlkə də ömründə nə Bahadur bəy belə təsirli tar çalmışdı, nə də Ağalar bəy belə kədərli və yanıqlı oxumuşdu. Salamgirey isə dinməz-söyləməz qardaşların “konsertinə” tamaşa edirdi. Xeyli gəzib, fikirlərini dağıdandan sonra onlar evə qayıtdılar...
Həmin gün gecəyarısı qardaşların kirayədə qaldıqları evin qapısı bərkdən döyülməyə başladı. Ev sahibi hövlnak durub qapını açarkən orda üç nəfər jandarmın durduğunu gördü.
-Gecənin bu vaxtı xeyirdirmi?! - deyə qorxa-qorxa soruşdu.
Jandarmların biri dilləndi:
-Narahat olmayın, cənab, xeyir olmamış nə olacaq ki?! Sizdəki qonaqlar bizimlə getməlidirlər. Bir nəfər həmyerliləri onları görmək istəyir.
Salamgireyin ürəyi yerinə gəldi və bu xəbəri hər ikisinə çatdırdı. Üçü də dinməz-söyləməz jandarmların qabağına düşüb getdi.
Onları böyük, zəngin Azərbaycan xalıları ilə bəzədilmiş bir evə gətirdilər. Qonaqları üzdən qafqazlıya oxşayan bir nəfər qarşıladı. Olduqca mədəni və kübar görünən həmin adam qardaşların haradan gəldiklərini, burada nə işlə məşğul olduqlarını soruşdu. Biləndə ki, qonaqlar azərbaycanlı və özü də şuşalıdırlar, bu dəfə onlarla çox səmimi görüşərək qucaqlaşıb-öpüşdü. Şəfi bəy adlı bu adam Qarabağ xanları nəslindən olduğunu, Şuşada doğulub boya-başa çatdığını və çoxdan burada kök salıb yaşadığını bildirdi. Sən demə, onlar qayıqda çalıb-oxuyarkən bu şuşalı bəy ona doğma olan musiqi səsini eşitmiş, qardaşların yaşadıqları ünvanı öyrənmiş, onları qonaq çağırmağı qərara almış imiş...
Həmin gündən Əliverdibəyov qardaşları Şəfa bəyin evinin ən istəkli və arzuolunan qonaqlarına çevrildilər. Varşavada oxuduqları müddətdə o və milliyyətçə polyak olan həyat yoldaşı da həmişə onların qulluğunda canla-başla durur, darıxmağa, xiffət etməyə qoymurdular. Bahadur bəyin latın dilindən imtahan verib ali məktəbə daxil olmasında Şəfa bəyin də az köməyi olmadı.
1913-cü ildə Varşavada təhsilini başa çatdıran Ağalar bəy taleyini həmişəlik Bakı ilə bağladı, ixtisası üzrə şose və dəmir yolları idarəsində işə başladı. Həmin ilin yayını vətənində keçirən Ağalar bəy Şuşada istirahətə gəlmiş ziyalılarla əl-ələ verərək əvvəlki illərdə olduğu kimi yenə də xüsusi şövq və həvəslə şəhərin gündən-günə canlanan mədəni həyatında yaxından iştirak etməyə başladı. Azad bəy Əmirbəyovla birlikdə sənətsevər cavanların qüvvəsi ilə bir neçə tamaşa və müsamirə təşkil etdi, əldə olunan maddi vəsaiti kasıb şagirdlər və tələbələr fonduna verdi. Ağalar bəyin həmin ildəki yay fəaliyyətini sonralar Həmidə xanım Cavanşır öz xatirələrində işıqlandırmış və ondan böyük məhəbbət və razılıqla söhbət açmışdı...
Ağalar bəy Bakıda yaşayarkən də həmişə bir ziyalı kimi öndə gedir, tez-tez musiqili ədəbi gecələr təşkil edirdi. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir bəy Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Bülbül, Asəf Zeynallı, Səid Rüstəmov kimi musiqiçilər tez-tez onun evinə toplaşır, xalq musiqimizin inkişafından, onun problemlərindən söhbət açırdılar. Ağalar bəyin mənzili sanki poeziya məclislərini, musiqili gecələri xatırladırdı.
Ağalar bəy Əliverdibəyov Azərbaycan xalq mahnılarının əsl təbliğatçısı idi. O, Şuşada başladığı işi davam etdirərək böyük həvəs və maraqla musiqi folkloru toplayır, unudulub getməkdə olan xalq mahnılarının və təsniflərin mətnini yazıya köçürürdü. Yeddi yüzdən artıq folklor nümunəsi məhz onun sayəsində bu günümüzə gəlib çıxmışdır. Bir çox bəstəkarlar öz əsərlərini yazarkən onun irsindən istifadə etmişlər. Təsadüfi deyil ki, bəstəkar Renold Qliyer “Şahsənəm” operasını yazarkən Ağalar bəydən məsləhət almış, onun köməyinə ehtiyacı olmuşdur.
Ağalar bəy Əliverdibəyov Azərbaycan tarixinə ilk mükəmməl musiqi əsərinin müəllifi kimi daxil olmuşdur. 1896-cı ildən başlayaraq müxtəlif Şərq xalqları, o cümlədən Azərbaycan musiqisi tarixi üzrə materiallar toplayan tədqiqatçı 1944-cü ildə əlli il üzərində işlədiyi “Rəsmli musiqi tarixi” adlı əsərini tamamlamışdır. Lakin təəssüflə deməliyik ki, uzun illər çap olunmayan bu əsər məqsədli şəkildə elmi ictimaiyyətdən gizlədilmiş və bəzi “alimlər” müəllifini göstərmədən ondan gen-bol istifadə etmişlər. Ancaq bu qiymətli əsər xeyirxah adamların təşəbbüsü və köməyi ilə 2001-ci ildə işıq üzü görmüşdür.
Görkəmli musiqişünas alim Ağalar bəy Əliverdibəyov (!880-1953) uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində muğam dərsi tədris etməklə öz biliyini, savadını gənclərə öyrətmişdir.
“Ot kökü
üstə bitər” atalar sözünü
işlətmək burada yerinə düşür. Ağlar
bəyin oğlanları Nazim bəstəkar,
Kazım dirijor, Rasim
skripkaçı, qızı Nüşabə isə musiqişünas kimi
atalarının yolunu ləyaqətlə davam etdirmiş və
respublikamızın tanınmış musiqiçiləri
sırasında olmuşlar.
AZƏRTAC
Hərbi And.- 2022.- 6 may.- S.10-11