Qeyrətli və fədai oğul
kimi xatirələrdə YAŞAYACAQ...
Biz dövlət və xalq olaraq onillikləri əhatə edən bir dövrdə torpaqlarımızın itirilməsi acısını yaşamışıq. Elə xalqlar olub və var ki, belə taleləri ilə barışıblar, mübarizə yolundan çəkiliblər. Ancaq biz torpaqlarımızın işğal olunması ilə heç vaxt barışmamışıq, canımız və qanımız bahasına doğma yurdlarımızı düşmən tapdağından azad edəcəyimizə həmişə inanmışıq. Bu müqəddəs yolda iki müharibədən keçmək, say-seçmə oğullarını qurban vermək xalqımız üçün çox çətin bir sınaq idi.
44 günlük Vətən müharibəsində bizi qalib edən amillər sırasında vətənpərvərlik, fədakarlıq və döyüşkənlik xüsusi yer tutur. Hərbi qulluqçularımızda gördüyümüz bu keyfiyyətlər elə bir soydaşımız yoxdur ki, onu qürurlandırmasın. Döyüşçü fədakarlığının ən uca məqamı şəhidlikdir.
Hərbi zəfərimizə layiqli töhfə verən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularından biri baş çavuş Məmmədov Şahlar Şahin oğludur. Şahların ömür yoluna nəzər saldıqda maraqlı məqamlar üzə çıxır. Xarakteri, dünyagörüşü etibarilə fədai bir gəncin taleyini araşdırdım. O, 1995-ci il noyabrın 1-də Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Şahin Məmmədov və Əzizə Məmmədova iki övlad böyüdüblər, ailənin sonbeşiyi olan Şahların bir bacısı var. Mehriban və zəhmətkeş ailədə boya-başa çatan Şahların öz həyat məramlarından biri valideynlərinə, nəslinə, el-obasına layiq olmaq idi.
Qeyd edim ki, gəncin anası tərəfdən qohumları arasında II Dünya müharibəsində iştirak edərək itkin düşənlər var. Şahların əmisi Əfqanıstan və Birinci Qarabağ müharibələrində döyüş yolu keçib. Məmmədovlar ailəsinin Birinci Qarabağ müharibəsində bir nəfər, 44 günlük Vətən müharibəsində isə dörd nəfər qohumu şəhid olub.
Ə.Məmmədovanın bildirdiyinə görə, Şahlar əvvəlcə doğma kəndində Seymur Süleymanov adına tam orta məktəbdə, 5-ci sinifdən isə Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə oxuyub. Müəllimlərinin və şagird yoldaşlarının hörmətini qazanıb. Təhsilində fəal olub, maraq göstərdiyi fənləri daha əhatəli öyrənməyə çalışıb. Orta məktəbdən sonra ali təhsil almağı arzulayırdı və buna hazırlaşırdı. Yeniyetmə çağından idmana həvəslə yanaşıb, aykido ilə məşğul olub.
Anası söylədi ki, oğlu dürüst, təmkinli, sakit xarakterli, ədəb-ərkanlı, öz mənliyini qoruyan, sözünü-sirrini, düşündüklərini heç də hər kəslə bölüşməyən, qayğıkeşliyi ilə seçilən, hər yerdə səliqəli və yerini bilən bir gənc kimi onu tanıyanların yaddaşında qalıb. Kiminsə onun barəsində iradını, gileyini eşitmədiyini, həmişə övladına güvəndiyini vurğuladı.
Ali məktəbə qəbul olunmaq üçün Şahlar qabiliyyət imtahanından uğurla keçib, digər əsas imtahanda isə həyəcanlanması səbəbindən tələb edilən balı toplaya bilməyib. Beləliklə, onun fövqəladə hallar üzrə xidmət sahəsinə dair ali təhsil almaq arzusu reallaşmayıb. Buna baxmayaraq, Şahlar Bakı Texniki Kollecinə imtahan verərək qəbul olunub və burada yol hərəkətinin təşkili ixtisası üzrə təhsil almağa başlayıb. Anasına deyib ki, ali məktəbə qəbul olunmaması onu məyus etməsin. Əlavə edib ki, onun arzularını həyata keçirmək üçün öz səylərini əsirgəməyəcək. Kollecdə öz ixtisası üzrə biliklərə bacarıqla yiyələnib. Ancaq müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq kollecdə təhsilini dayandırıb.
2014-cü ilin yanvar ayından 2015-ci ilin iyul ayınadək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət borcunu vicdanla yerinə yetirib, bir neçə dəfə həvəsləndirmə qaydasında mükafatlandırılıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra Şahlar əsas diqqətini özünə uyğun bir iş tapmağa, ailəyə maddi cəhətdən kömək etməyə yönəldib. Kollecdə orta ixtisas təhsilini isə işləyərək, qiyabi formada davam etdirməyi düşünürdü. Lakin həyatındakı müəyyən dəyişikliklər səbəbilə bu niyyəti baş tutmayıb.
Bir il altı ay hərbi xidmətdə olması Şahlarda hərbçi peşəsinin xüsusiyyətləri haqqında müəyyən təsəvvür yaratmışdı. Xüsusi təyinatlıların xidməti barədə məlumatlara daha çox maraq göstərirdi. 2016-cı ilin aprel döyüşləri bu marağını daha da artırmışdı. Yoldaşlarından birinin hərbi xidmətə qəbulla bağlı sənədlər toplamasına köməklik edərkən Daxili Qoşunlarda xidmət barədə təklif alıb. Beləliklə, həmin məqam bununla bağlı qərar qəbul etməsinə təkan verib.
2016-cı ilin aprel ayının 23-də Şahlar Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlayaraq, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda heyət nəfəri vəzifəsinə təyin edilib. Sonra həmin dəstənin atəş təminatı qrupunda tuşlayıcı və xüsusi həmlə qrupunda pulemyotçu vəzifələrində xidmət edərək komandanlığın ona göstərdiyi etimadı doğruldub. Funksional vəzifələrini məsuliyyətlə yerinə yetirərək, təlimlərdə öz döyüş hazırlığını daim təkmilləşdirib. Təhkim olunmuş silah və xüsusi vasitələrdən məharətlə istifadə etməyi bacarıb. Hərbi xidməti dövründə xüsusi təyinatlı kimi özünü döyüş tapşırıqlarının icrasına hazırlayıb. İstər xidmətdə, istərsə də xidmətdənkənar vaxtlarda hərbi qulluqçu adının nüfuzunu qoruyub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, ölkəmizin müdafiəsinə səfərbər olundu, ordumuzun mənəvi dayağı missiyasını üzərinə götürdü. Ayrı-ayrı qoşun növlərinə məxsus hərbi hissələrin şəxsi heyəti, o cümlədən, xüsusi təyinatlı bölmələr düşmənə qarşı rəşadətlə vuruşdular, yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər.
Daxili Qoşunların xüsusi təyinatlılarının qarşısında qoyulan müxtəlif döyüş tapşırıqlarını onlar ləyaqətlə yerinə yetiriblər. Hacıqabuldakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin şəxsi heyəti müharibə başladıqda həyəcan siqnalı ilə qaldırılaraq qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində yerləşdirilib. Burada bir müddət ehtiyat qüvvə qismində qalıblar, döyüş əməliyyatlarına hazırlıq görülüb. Bütün silahdaşları kimi Şahlar da həmin vaxt döyüşə atılacaqları günü səbirsizliklə gözləyirdi. Oktyabrın 16-da onları Cəbrayıl rayonuna göndəriblər. Beləliklə, ürəyi Vətən sevgisi ilə döyünən Şahların döyüş yolu bu istiqamətdən başlayıb.
Vətən müharibəsi iştirakçısı, Hacıqabuldakı “N” saylı hərbi hissədə “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Anar Rizvanov bildirdi ki, Şahlar və digər şəhid hərbi qulluqçularımız döyüş meydanında şücaət göstəriblər, onlar haqqında saatlarla danışmaq olar.
Komandirin sözlərinə görə, Şahlar mərd döyüşçü olub, ruh yüksəkliyi ilə vuruşub, müharibənin bütün əziyyətlərinə dözüb, pulemyot silahı ilə müdafiədə və hücumda olduğu ərazilərdə düşmənə tutarlı atəş zərbəsi endirib. İşğaldan azad edilən Cəbrayıl şəhəri və ətraf kəndlərin müdafiəsi, hərbi obyektlərin düşmənin diversiya-kəşfiyyat qruplarından mühafizəsində Şahlar öz qətiyyəti, ayıq-sayıqlığı ilə fərqlənib.
Oktyabrın 29-da xüsusi təyinatlılarımız Füzuli rayonu istiqamətindəki mövqelərdə cəmləşdiriliblər. Oktyabrın 31-də isə buradan Xocavənd rayonunun Hadrut qəsəbəsinə gəliblər.
Polkovnik-leytenant A.Rizvanov məlumat verdi ki, xüsusi təyinatlılardan ibarət qruplar Hadrutdan Tuğ, Köhnə Tağlar kəndləri və Şuşa istiqamətində hərəkət ediblər. Bir neçə gün ərzində keçdikləri ərazilərdə təcavüzkarın müxtəlif silahlardan atəşinə məruz qalıblar. Noyabrın 2-də Şuşa yaxınlığındakı mühüm bir yüksəkliyin ətrafına çatıblar. Bu yüksəkliyin ələ keçirilməsi, Laçın dəhlizinin, İsa bulağına gedən yolun nəzarətə götürülməsi, Ermənistandan Şuşaya dəhliz vasitəsilə canlı qüvvə göndərilməsinin qarşısının alınması, bu istiqamətdə düşmənin təchizatının pozulması, eləcə də digər döyüş tapşırıqlarının icrası Şahlar və neçə-neçə silahdaşının igidliyi, peşəkarlığı sayəsində mümkün olub. Daşaltı kəndi tərəfdə işğalçıların yolun üzərindəki postlarının darmadağın edilərək atəş nöqtələrinin susdurulmasında da Şahların cəsurluğunu dəstə komandiri xüsusi vurğuladı. O qeyd etdi ki, ermənilər bizim mövqe tutduğumuz mühüm yüksəkliyin əhəmiyyətini nəzərə alaraq, onu geri qaytarmaq üçün oranı artilleriya, tanklar, müxtəlif çaplı atıcı silahlardan şiddətli atəşə tuturdular. Noyabrın 4-də yerləşdikləri yüksəkliyin müdafiəsində dayanan Şahlar düşmən snayperinin gülləsindən şəhid olub.
Hacıqabul rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar çavuş Bəxtiyar Qasımov da Vətən müharibəsi iştirakçısıdır. Şahlarla birgə xidmət və döyüş yolu keçdiklərini dedi. Yoldaşının vətənpərvər, hərbi anda sadiq, cəsarətli bir hərbi qulluqçu olduğunu nəzərə çatdırdı. Döyüşlər zamanı Şahlar pulemyot silahının sursat ehtiyatını özü daşıyırdı, kiminsə əziyyət çəkməsini istəmirdi. Pulemyotla düşmənin canlı itkisini artırmaqla yanaşı, bir neçə avtomobilini də sıradan çıxarmışdı. Xüsusi təyinatlı söylədi ki, Şahlar bir gün söhbət zamanı qeyri-adi hissiyyatından danışıb, bu müharibədə şəhid olacağını deyib. Şuşa uğrunda döyüşlərdə iştirak etsə də, şəhərin azad olunduğu günü görmək ona qismət olmadı, bunu çox arzulayırdı. Şəhidin nəşini təhlükəli ərazidən Bəxtiyarla əsgər Elmir Tahirzadə çıxarıblar. Döyüş zonasından şəhidin nəşi bir neçə gün sonra təxliyyə olunub.
Bəxtiyar Şahların öz xeyirxah əməlləri ilə də heç vaxt unudulmayacağını bildirdi. Belə ki, xidmətdə olarkən öz maaşından kimsəsiz və xəstə uşaqlara maddi yardımını əsirgəməyib.
Həmin “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan, Vətən müharibəsi iştirakçısı çavuş Murad Bəşirov da Şahların şərəfli xidmət və döyüş yolu keçdiyini, müqəddəs torpağımızdan düşmənin izini silmək üçün həyatını fəda etdiyini vurğuladı. Qeyd etdi ki, Şuşa uğrunda döyüşlərdə dəstənin digər hərbi qulluqçuları da şəhidlik zirvəsinə ucalıblar. Onlar daim qəlbimizdə yaşayacaqlar.
2020-ci il noyabrın 11-də tərtib edilmiş ölüm haqqında şəhadətnamədə Şahların noyabrın 8-də Şuşada, hərbi əməliyyat nəticəsində ürəyin travması, qəlpələrlə zədələnmələr səbəbindən həlak olduğu barədə qeydlər öz əksini tapıb. Sənəddəki qeydlərlə döyüşçülərin danışdıqları fərqlənsə də, biz müxtəlif mənbələrdən topladığımız bütün məlumatları nəzərə alırıq.
Şəhid hərbi qulluqçumuz Ərəbqardaşbəyli kəndinin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamlarla, həmçinin, müdafiə nazirinin 28.12.2020-ci il tarixli aidiyyəti əmrinə əsasən, baş çavuş Ş.Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. “Qələbə şəhidləri” və “44 günlük müharibə xatirələrdə” kitablarında, bundan əlavə, “Ocaq” qəzetində Şahların döyüş yolu işıqlandırılıb.
Ərəbqardaşbəyli kəndində iş adamı Faiq Süleymanov tərəfindən Şahların və qonşu kəndlərin şəhidlərinin xatirəsinə abidə kompleksi ucaldılıb. Mərhum hərbi qulluqçumuz Ərəbqardaşbəylinin yeganə şəhididir.
Məmmədovlar ailəsinin öz təşəbbüsü ilə yaşadıqları evin önündə şəhidin barelyefi düzəldilib, evin otaqlarından birində isə xatirə guşəsi yaradılıb. Bununla yanaşı, Şahların vaxtilə oxuduğu təhsil ocaqlarında da onun xatirə guşələri mövcuddur.
“Dünya” televiziya kanalı tərəfindən şəhid haqqında süjet hazırlanıb.
Şahlar ön cəbhədə olarkən evə zəng vursa də, ailəsinə döyüşlərdə iştirak etdiyini bildirməyib. Valideynləri elə biliblər ki, Daxili Qoşunlar döyüşlərə cəlb olunmayıb. Qələbə sevincinin ardınca aldığı qara xəbər ailəni dərindən sarsıdıb. Sonuncu dəfə atası ilə danışdıqda Şahlar ondan halallıq istəyib. “Hər bir valideynə Şahlar kimi qeyrətli oğul arzulayıram” – deyən Əzizə ananın onunla bağlı nə qədər arzuları vardı.
Aygül Cəfərzadə və Bədirə Rza şəhid haqqında şeirlər yazıblar. Məqaləni Aygül xanımın şeirindən bir bəndlə yekunlaşdırıram:
İntiqam hissiylə coşurdu qəlbi,
Yolu qəhrəmanlıq salnaməsiydi.
Geri qaytarılan torpaqlarımız
Neçə Şahlarların qələbəsiydi.
Allah rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in
Daxili Qoşunlarının
veteranı,
tədqiqatçı-jurnalist
Hərbi And.- 2022.- 13 may.- S.9.