26 il ömrün 44 günü
Abbasov
Elşən: “Bir anda dağın arxasından düşmənin
iki qırıcısı üzərimizə doğru gəldi”
Abbasov Elşən Hüseyn oğlu 23 may 1996-cı ildə Samux rayonu Alabaşlı qəsəbəsində anadan olub. 2003-2012-ci illərdə Alabaşlı qəsəbə tam orta məktəbində oxuyub. Orta təhsilini başa vurduqdan sonra 2012-2015-ci illərdə Gəncə şəhər Peşə litseyində təhsilini davam etdirib. Peşə litseyini bitirdikdən sonra həmin ilin iyul ayında hərbi xidmətə yola düşüb. 3 ay Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, 15 ay isə Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmətdə olub. Burada olduğu 15 ay ərzində əvvəlcə 6 ay ikinci motoatıcı taborda baş atıcı, sonra 9 ay artilleriya divizionunda baş radiotelefonçu kimi qulluq edib. 2017-ci ilin yanvar ayında hərbi xidmətdən təxris olunub. Evə qayıtdıqdan 5 ay sonra 2017-ci ilin may ayında atası rəhmətə gedib.
Əsgərlikdən döndükdən sonra 1 il 5 ay avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləyib. 2019-cu ilin may ayından isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən qaz idarəsində müqavilə əsasında işləyir.
2020-ci il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında müharibə başladı. Ancaq ondan əvvəl sentyabrın 21-də ölkədə hərbi toplanış elan edilmişdi. Elşən də toplanışa çağırılanlar arasında olub.
Sentyabrın 21-də axşam gələn zəng və..
2020-ci il sentyabrın 21-i axşam saatları idi. Qəsəbə icra nümayəndəsi Elşənin
mobil telefonuna zəng vuraraq Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Samux rayon şöbəsi tərəfindən
adının hərbi təlimlərdə iştirak edənlərin
arasında olduğunu deyib. Yarım saat ərzində
hərbi biletiylə birlikdə icra nümayəndəsinin
binasında olmağını bildirib. O xatırlayır
ki, həmin günü səhər Ermənistan silahlı
qüvvələrinin Şəmkir rayonu üzərində
dronu vurulmuşdu. Zəng barədə evə məlumat
verib. Ondan əvvəl də qonşularından
bir neçə nəfəri aparmışdılar. Ailə üzvləriylə görüşəndən
sonra icra nümayəndəsilə birlikdə və bir
neçə çağırışçıyla Samux
rayon hərbi komissarlığına gediblər. Oradan isə
avtobusla Gəncə şəhərində yerləşən
N saylı hərbi hissəyə aparıblar: “Orada bizim sənədlərimiz
yoxlanıldı, qeydiyyatımız aparıldı. Təxminən bir həftə ərzində orada
qaldıq. Bu müddət ərzində hərbi
hissənin təlim yerlərində hazırlıqlar
keçdik. Bir dəfə də Seyfəli
təlim poliqonuna atışa apardılar. Artıq
26 sentyabrda axşam bütün hərbi hissə ilə birlikdə
Göygöl rayonu istiqamətindən Murov dağına
qalxdıq. Orada biz Buzluq kəndinin
yuxarı hissəsində olduq”.
Parçanın
üzərinə yazılan məlumatlar
Buzluq kəndində bizə silah-sursat və digər
avadanlıqlar paylanıldı, adımıza qeyd olundu. Sonra bizə
bir neçə sm uzunluğunda parça verildi. Bunun üzərinə hər birimizin adı,
soyadı, atamızın adı, yaşadığımız
rayonun Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
ünvanı və qan qrupumuz yazıldı. Parçanı şalvarımızın kəmərinə
bağlamağımızı istədilər. Müharibədən öncə
apardığımız bu prosesdən sonra dərk etməyə
başladıq ki, yəqin nəsə olacaq. Gecə saatlarına qədər bu işlərlə
məşğul olduq. İşlərimiz
yekunlaşdıqdan sonra bir neçə saat yatdıq. Səhər saat 6-da oyandıq və bizə dedilər
ki, müharibə başlayıb. Artıq
atəş səsləri eşidirdik.
Sentyabrın
27-də müharibə başladı
Sentyabrın 27-si tezdən müharibə başlanan
gündən oktyabrın 4-5-nə qədər Murovdağ
istiqamətində Buzluq kəndindən yuxarıda Kəpəz
zirvəsinin ətəyində hərbi hissənin birinci taboru
olaraq müdafiə xəttində olduq. Daha sonra bizi gətirib
Çaykəndə düşürdülər. Artıq biz natəmiz vəziyyətdə idik. Buna görə oradakı hərbi hissədə
yuyunduq və sonra maşınlara oturduq. Bizə
dedilər ki, siz Füzuli istiqamətində döyüşlərə
qatılmaq üçün 2-ci ordu korpusuna ezam olunursuz. Maşınlarla Gəncə-Yevlax yoluyla Füzuli
rayonuna getdik. Füzulidə olan zaman döyüş
mövqeyinə yola salınarkən bir çoxlarının
da tanıdığı polkovnik Abdulla Qurbani ilə
Naxçıvanda hərbi xidmətdə olduğum vaxtda
tanıdığım şəxsi heyətlə ideoloji
iş üzrə rəis, polkovnik Miryas Rüstəmov bizimlə
çox səmimi söhbətlər apardılar. Bizə ürək-ürək verdilər.
Füzulidə
onlara gödəkçə və dəbilqə verildi
Gecə saatlarında getdiyimiz yerə çatdıq -
Əhmədbəyli-Horadiz tərəfə. Murovdağda
olarkən arxa cəbhədə olduğumuz üçün
bizə güllə keçirməyən gödəkçə
və dəbilqə paylanılmamışdı. Səhər açıldı və Füzulidə
bizə bunlar, eyni zamanda digər əlavə silahlar da verildi.
Daha sonra maşın karvanıyla Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində getdik.
Ora çatanda maşından düşərək
piyada yolumuza davam etdik. Cəbrayıl
rayonunun işğaldan azad olunmuş, dağılmış,
viran edilmiş kəndlərinin yanına getdik. Orada özümüzə yer etdik. Hələ bu ana qədər döyüşlərə
qatılmamışdıq. Sadəcə
piyada irəliləyirdik. Biz birinci taborun 82
mm-lik minatan batareyasının tərkibində idik. Düşmənlə çox yaxın məsafəyə
çatdıqda özümüzə mövqe tutduq. Zabitlərimiz kəşfiyyat, ölçü
apardılar. Minaatan
qurğularımızı qurmağa başladıq. Düşmənə endirdiyimiz ilk zərbə Cəbrayıl
rayonunda dağın başında dəmirdən olan
teleqüllə və rabitə qülləsi idi.
Qərargah
rəisi və sürücüsü şəhid oldu
Cəbrayılda bizim taborun iki bölüyü və digər
taborlarla birlikdə motoatıcı olaraq düşmən
üzərinə getdilər. Biz də 82 mm-lik
minaatanlarla onlara arxadan dəstək verirdik. İki-üç gün bu istiqamətlərdə
irəli getdik. Orada ermənilərin
böyük hərbi hissəsi var idi. İşğaldan
sonra bu yerdə Dövlət Sərhəd Xidmətinin qərargahı
quruldu. Biz ora doğru getdik. Ermənilərin böyük əksəriyyətinin
oranı tərk etməsinə baxmayaraq həmin yer uğrunda
da döyüş getdi. Səhəri
gün bizim hərbi hissənin qərargah rəisi
polkovnik-leytenant Babək Ramaldanov və sürücüsü
şəhid oldular. Onlar ermənilərin hərbi
minik avtomobilini qənimət olaraq götürüb gəldikdə
arxadan raketlə vurulmuşdular. Onlarla birlikdə
digər şəhidlərimiz və yaralılarımız da
oldu. Lakin asta tempdə də olsa irəliyə
doğru gedirdik və bunlar hamısı piyada şəklində
olurdu. Böyük ağır yüklərimizlə
- minaatan qurğularımız, onların mərmiləri,
öz şəxsi silahlarımız və güllələrlə
birlikdə. Bir qədər az miqdarda
su və yemək də var idi. Arxa cəbhədən
təminat gəlirdi. Bol olan vaxtlar da olurdu,
kasad vaxtlar da. Bu da başadüşülən
idi. Çünki müharibənin
qızğın vaxtları gedirdi.
Dayanmadan
gedilən 10 km yol
Cəbrayılda bir gün axşam saat təxminən
6-dan başlayaraq dağı ötüb o tərəfə
keçmək üçün dağın başına
piyada doğru qalxmağa başladıq. Gecə saat
3-4-ə kimi demək olar ki, dayanmadan arada sadəcə 5 dəqiqə
fasilə verməklə getdik. Səhərin
açılmasına az qalmışdı
və bizə sonra məlumat verildi ki, siz dayanmadan bu qədər
saatı mərmilər və yüklərlə 10 km-dən
artıq yolu üzü yuxarı getmişdik. Cəbrayıl
rayonunda dağın başında dəmirdən olan
teleqüllə və rabitə qülləsi ikisi bir yerdə
idi. O qüllədə Azərbaycan bayrağını
dalğalandırdıq.
46 nəfərin
yediyi xoruz kababı
Bu da heç vaxt yadımdan çıxmaz ki, Cəbrayılda
erməni evlərinin həyətindən bir xoruz
tapmışdıq. Onu özümüzlə diri halda
saxlamışdıq. Artıq demək olar
ki, Cəbrayıl-Qubadlı sərhədi
yaxınlığında idik. Çünki
bizə demişdilər ki, artıq Qubadlı ərazisinə
keçirik. Orada olduğumuz ilk gündə
yeməyimiz olmadı və yanımızda gətirdiyimiz xoruzu
kəsib kabab bişirdik. Səhər
vaxtı hazırladıq ki, gecə vaxtı ocağın
işığı düşməsin. O kababdan 46 nəfər
şəxsi heyət yedi.
1-2 saat
dincəlmişdik ki...
Beləlikə yolumuza davam edərək irəlilədik. Həddindən
artıq çox yorulmuşduq. Buna görə
bizə dedilər ki, bir günlük burada dayanıb istirahət
edə bilərsiniz. Biz də dayandıq və
rabitə vasitəsilə əlaqəyə
çıxdıq. Bizə quru ərzaq və
su gətirildi, gücümüzü yenidən topladıq.
Amma 1-2 saat dincəlmişdik ki, üzərimizə
dəhşətli dərəcədə mərmilər
yağmağa başladı. Sanki bizi
göydən görüblərmiş kimi artilleriyadan atəşə
tutmağa başladılar. Orada bizim
olduğumuz yerdə ordumuzun sülhməramlı qüvvələrindən
də şəxsi heyət dincəlməyə gəlmişdi.
Onların maşınlarına yanacaq təminatı
üçün maşın gəlmişdi. Nahar vaxtı biz su maşınından su doldurmaq istəyəndə
mərminin biri yanacaq maşınının arxasına
düşdü. Orada rabitə
bölüyünün iki əsgəri şəhid oldu.
Yaxşı ki, mərmi yanacaqla dolu olan
maşına düşmədi. Yoxsa
partlayışdan şəhidlərimizin sayı çox
olardı. Olduğumuz yer
dağıdılmış və dağlıq-dərəlik
bir kənd idi. Hərəmiz tez
qaçaraq dağılmış evlərin divarının
dibində, dərənin dibi və bu kimi gizlənmək
imkanı olan başqa yerlərdə gizləndik. Təxminən
bir saat ərzində heç kim yerindən
çıxmadı. Çünki hədsiz dərəcədə
atəşə tutulurduq. Daha sonra radio
bölüyünün zabitləri əlaqəyə
çıxaraq bu haqda məlumat verdilər. Ondan sonra düşmən susduruldu. Yəqin ki, bizim digər qüvvələrimiz tərəfindən.
Artıq yerimizin bəlli olduğunu bildik. Belə olduğu təqdirdə yerdəyişmə
etmək lazım idi. Lakin bizə
tapşırıq gəldi ki, bunu gün
işığında deyil, gecə qaranlıq
düşdükdən sonra etmək daha məqsədəuyğundur.
Biz də gecə düşəndən sonra irəliyə
doğru getməyə başladıq. Xeyli
gedəndən sonra dayandıq, çünki atışma səsləri
eşidirdik. Bizə dedilər ki, artıq
Cəbrayılı keçmişik və Qubadlı rayonu ərazisindəyik.
Burda da yenə səhər
açıldıqdan sonra döyüşlər
başladı. Gecələr
atışmalar bir o qədər də çox davam etmirdi.
Səhər isə bölüklərimiz tərəfindən
düşmən üzərinə gedildi və biz də onlara
minaatanlarla dəstək verməyə başladıq.
Nazirlikdən
gələn nümayəndə və minaya düşənlər
Qubadlıda olanda Müdafiə Nazirliyindən nümayəndə
gəlmişdi. Bizim bölmənin bu qədər məsafəni
çox az sayda ölüm itkisi və
yaralı ilə qət etdiyimizi Nazirlik səviyyəsində
yaxşı hal kimi qiymətləndirildiyini dedi. Sonra günorta saatlarında bizə avtomobillə
minaatanlar üçün mərmilər gəlmişdi.
Onları götürmək üçün bir
qədər avtomobillə yol getdik. Mühəndis
istehkamçılar bir yol təmizləmişdilər. Ondan kənarda mina işarəli yerlər var idi və
bu yoldan qırağa çıxmaq olmazdı. O yolda
olanda çox güclü artilleriya atəşinə tutulduq. Maşınlarda mərmi olduğu üçün
hamı düşüb aralanmaq istədi. Burda
həyəcana qapılıb yoldan kənara çıxıb
qaçanlar və minaya düşənlər oldu. Bir anlıq ajiotaj və qorxu yaşandı. Atəş dayanmadığına görə biz
çıxış yolunu maşına oturub yolumuza davam etməkdə
gördük. İtkilər olsa da oradan
ayrıla bildik. Yaralılarımızı
da özümüzlə götürdük.
Ermənistandan
atılan mərmilər və Laçın dəhlizinin
başlanğıcı
Sonra olduğumuz bir neçə ərazilərdə
qısa atışmalar olurdu. Bizə dedilər ki,
Qubadlı rayonunun Ermənistanla həmsərhəd olan
Qarakişilər kəndində mövqe tutmalıyıq.
Orda düşmənlə
qarşı-qarşıya bir-birimizi görürdük. Bölüyümüzün arxasında yenə irəliləməyə
davam etdik. Artıq bizə orda tez-tez
artilleriya atəşi olurdu. Həmçinin
gecələr sakitçilik olsa da bəzi halarda
atırdılar. Sonradan bizə dedilər
ki, artıq Ermənistan Respublikasının ərazisindən
atılır. Beynəlxalq qanunların
pozulmaması üçün cavab atəşi endirə
bilmirdik. Buna baxmayaraq Laçın istiqamətində
irəliləməyə doğru davam etdik. Bizə belə bir məlumat deyilmişdi ki, artıq
siz çox yorulmusuz. Ona görə
Qubadlıda mövqe tutacaqsız. Ancaq digər
bölmələr irəliləməyə davam edəcək.
Amma bizim bölməmiz Laçın rayonunun
Güləbird kəndinə qədər irəlilədi.
Bizə deyilmişdi ki, bura demək olar ki,
Laçın dəhlizinin başlanğıcıdır.
Orada bir neçə gün dayandıq. Digər bölmələr isə irəlilədi.
Amma biz artıq Laçın rayonu ərazisindəydik.
Havaya
qalxan düşmən təyyarələri
Noyabr ayının 4-5-də Laçın-Qubadlı
istiqamətində olanda bizə radio əlaqəylə məlumat
gəldi ki, düşmən havaya öz təyyarələrini
qaldırıb. Biz də həmin vaxt meşəlik ərazidə
idik və ağacların altında gizləndik. Hava bir az qaralmışdı. Düşmən
təyyarəsi bizim üzərimizdən uçuş etdi,
ancaq bizi görmədi. Bizdən bir qədər
aralıya raket atıb getdi.
Dağın
arxasından gələn iki qırıcısı
Bundan 1-2
gün sonra bir az da irəlilədik. Artıq meşəlik ərazidən
çıxmışdıq və düzənlik bir yerdəydik.
Bizə bu dəfə radio əlaqəylə
heç bir məlumat verilməmişdi. Bir
anda dağın arxasından düşmənin iki
qırıcısı üzərimizə doğru gəldi.
Bizim öncədən məlumatımız
olmadığı üçün elə bildik ordumuzun təyyarələridir.
Həmin anda çox böyük həyəcana
qapıldıq. Bir nəfər təyyarənin
arxa qanadının üstündə erməni
bayrağını gördü və hamı səpələnməyə
başladı. Çünki toplu şəkildə
olanda həmin yerə ata bilərdilər. Bu
anda ikinci təyyarənin arxa hissəsini bizim bölmənin
zabitlərindən biri vurdu. Qabaqdakı da
dayanmadan Ermənistan ərazisinə uçdu. Vurulan təyyarə onun arxasınca getmək istəsə
də bir qədər getdikdən sonra partlayıb yerə
düşdü.
Əsir
düşmədiyimiz üçün sevindik
Noyabr ayının 9-da səhər saatlarında bizə deyildi ki, irəliyə doğru getməliyik. Bütün əşyalarımızı yığdıq və şəxsi heyətin yarıdan çoxu avtomobillə, 12 nəfər isə piyada getməyə başladıq. Həmin 12 nəfərdən biri də mən idim. Piyada düzənlik, dərəlik, dağ yoluyla tükənmiş halda getdik. Artıq axşam düşmüşdü və avtomobillə gedən şəxsi heyətin yerini tapa bilmirdik. Sanki biz mühasirəyə düşdüyümüzü sanmışdıq. Gecə idi və sakit vəziyyətdə yerimizi müəyyən etmək üçün səhərin açılmasını gözləyirdik. Heç bir radio əlaqə də yox idi. Artıq gecə saat 2-3 radələri idi və bizi nəhayət ki, axtarıb tapdılar. Əsir düşmədiyimizi bilib çox sevindik.
Müharibənin bitmə xəbəri
Bölməmizin yerləşdiyi mövqeyə getdik və minaatanları qurmaq üçün qazıntılara başladıq. Qarşımızda taborun 3-cü bölüyünün şəxsi heyəti, onların arxasında da biz idik. Səhər açıldıqda bizim taborumuzdan bir neçə metr qarşı tərəfdə erməni hərbçilərinin olduğunu gördük. Onların hərəkətlərini məsafə yaxın olduğu üçün binoklsuz aydın görmək mümkün idi. Yəqin ki, onlar da bizi görürdülər. Sol tərəfimizdə də yenə aralıda çoxlu şəxsi heyət var idi. Onlar da orda öz mövqelərini tutmuşdular. İlk öncə bunları öz hərbçilərimiz zənn etmişdik. Səhər tezdən idi və rabitəmiz də işləmirdi. Amma daha sonra binoklla baxdıqda sanki aydın oldu ki, bunlar erməni hərbi qulluqçularıdır. Sağ tərəfdə də binoklla uzaqdan baxanda yenə hərbçilərin olduğu görünürdü. Bunlar da eynilə ermənilər idi. Biz sanki sağımız, solumuz və önümüzdə ermənilər olan yarımada formasında onların içərisinə daxil olmuşduq. Onların ümumi sayı bizim şəxsi heyətdən hədsiz sayda çox idi. Və bir anda bizim arxamızdakı yoldan pikap maşını gəldi. Maşından yüksək rütbəli iki zabit düşdü. Biri mayor, digərisə polkovnik idi. Polkovnik birbaşa Müdafiə Nazirliyinin əməkdaşı idi. Noyabrın 10-u səhər idi. O bizə müharibənin bitdiyini dedi. Biz hamımız ilk öncə bunun zarafat olduğunu sandıq. Deyildi ki, bu zarafat deyil. Gecə Ermənistan kapitulyasiyaya imza atıb və müharibə bitib. Bu gündən bir güllə olsun sizə deyilməsə atmırsız. Əlbəttə biz bu xəbərə çox sevindik.
Elşən noyabr ayının 28-də Laçından Gəncədə yerləşən N saylı hərbi hissəyə qayıdıb. Dekabrın 31-də isə evə buraxılıb.
Medallar və təşəkkür məktubu
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Abbasov Elşən Hüseyn oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Həmçinin döyüşdə iştirak etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşəkkür məktubu da göndərilib.
Bəxtiyar CƏFƏRLİ
Hərbi And.- 2022.- 13 may.- S.6-7.