Sinəyə dəyən güllə...
Dostlarını atəş altından çıxarıb
özü şəhid olan Əli
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə işi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Əli Aydın oğlu Tağıyev haqqındadır.
Əli Aydın oğlu Tağıyev 7 avqust 1997-ci ildə İmişli rayonunda anadan olub. Bakıda 162 saylı orta məktəbdə oxuyub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətdə olan zaman başlanan aprel döyüşlərində qəhrəmanlıqla iştirak edib. Xidməti başa vurub evə qayıtdıqdan sonra sevdiyi qızla nişanlanıb. Binaların havalandırılması üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Əli Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub.
"Onu dəfn etməyə aparanda yerə qan dammışdı" - ŞƏHİD ƏMANƏTİ
"O, şəhid olan anda qızım ona “Əlvida, ata” yazmışdı" - ŞƏHİD ƏMANƏTİ
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
6 şəhid
Telefonun o başından narahat, hər şeydən qayğılanan qadın səsi gəlir. Səs ciddi cəhdlə mənə görüşəcəyimiz ünvanı izah edir:
- Bax, gəldin Əlinin şəklinin yanına, orda dayan, heç hara getmə. Gəlib özüm götürəcəm səni.
Narahatlığını aradan qaldırmaq üçün onu əmin edirəm:
- Narahat
olmayın, siz deyən yerdə dayanacam.
20-ci dairəyə çatıram. Altı şəhidin
şəkli vurulmuş divarın yanında dayanıram. Şəhidlərin şəkillərinin altından
yazılmış təvəllüdlərinə və
gülümsər simalarına baxıram. Hər
birinin ürəyində arzuları, istəkləri olan bir gənclər
indi həyatda yoxdular. Onlar arzularını
özləri ilə götürüb harasa çox uzaqlara
gediblər.
Telefonuma zəng gəlir. Məlum olur ki, mən
səhv yerdə dayanmışam. Tərslikdən
də hava bərk soyuyur, şaxta iliklərimə qədər
işləyir. Təranə xanımı
görkəmindən tanıyıram. Bütün
şəhid anaları kimi saçları ağarıb,
saç boyası qoymasının üstündən artıq
bir ildən çox vaxt keçib. Əynində qara
paltar, başında da qara örpək... O, nigaran
baxışlarla ora-bura boylanıb məni axtarana qədər,
mən onu tapıb, yaxınlaşıram.
Mənzilbaşına çatanda qapının
qarşısındakı qara mərmər lövhənin
üzərindən Əlinin gülümsər siması
boylanır. Onun şəklini çəkmək istəyəndə,
Təranə xanım əlindəki dəsmalla mərmərin
kənarlarındakı toz, yağışdan qalma
palçıq ləkələrini silir. Mənzilə
keçirik, bizi Əli yox, onun şəkilləri
qarşılayır. Sürfə başında
Əlinin nənəsi Şamama xala, atası Aydın bəy də
əyləşir. Söhbətə Elə
Aydın bəy özü başlayır.
-
Çox yaxşı, səmimi uşaq idi Əli. Boş vaxtlarında da mənə kömək edirdi.
Mənim avtobusum vardı. Tez-tez
onun təmirinə kömək edib, əl atırdı. Üç oğlum olub. Əli
digər iki oğlumdan şən idi, fərqliydi. Onunla bağlı ən çox yadımda qalan bir
xatirəm var. Mən evə gələndə, o, əllərini
cibinə qoyurdu, əynində də Qalatasaray
komandasının forması olurdu. Evdə
o baş, bu başa gedib deyirdi, ata, sənə nə kömək
lazımdı, nə eləyim.
Ürəyədamma...
Birinci Qarabağ müharibəsi
iştirakçısı olan Aydın bəy deyir ki,
İkinci Qarabağ müharibəsi başlananda,
oğlanlarının hər üçü cəbhəyə
könüllü getməyi arzulayırlar, ancaq
çağırış Əliyə gəlir. Əli də çoxdan
arzuladığı günün çatmasına, düşməndən
qisas alacağı anın yaxınlaşmasına sevinir:
-
Müharibə başlamışdı, mən müharibə
görmüş adamam. Bilirdim ki, gedib
qayıtmaya da bilər. Onu özüm hərbi
komissarlığa apardım. Qucaqlaşanda,
elə bil hiss etdim ki, onu bir də görməyəcəm.
Amma özümü o yerə qoymadım, qoya da
bilməzdim. Əli sentyabrın 29-da yola
düşdü. Onunla vidalaşıb evə
gəldik. Ümumiyyətlə, Əli
müharibənin başlamasından qətiyyən narahat
deyildi. Bu yaxınlarda qardaşım mənə
deyir ki, Əli ilə nə vaxt oturub söhbət edirdiksə,
mütləq Qarabağ mövzundan danışardı. Nə qədər istəyirdim ki, onu bu mövzudan
çəkindirim, amma mümkün olmurdu. Amma bununla yanaşı ailəcanlı uşaq idi.
Heç vaxt nə mənim, nə
anasının sözündən çıxmazdı. Nə siqaret çəkərdi, nə içki
içərdi. Axşam hava qaralan kimi
Əli də, elə o biri qardaşları da evdə
olardı.
Bizim bu yaxınlıqda mağazamız var. Cəbhəyə
gedəndə, Əli gəldi evə, mənimlə birgə
dükana getdik. İnandırım səni gedəndə
o qədər şən əhval-ruhiyyədə idi ki, elə
bil toya gedirdi. Amma getməmişdən əvvəl
mağazada dedi ki, mən şəhid olacam.
- Sizə
dedi?
- Hə.
Mən də dedim, Əli bəsdir, elə demə. Yanımda
Nərgiz adlı rəfiqəm vardı, o, əlini dizinə
çırpdı, dedi ki, Əli niyə elə deyirsən?
Dedi Nərgiz xala, bir sözdür də, mən deyirəm. Amma yadımdadır ki, mənə sonuncu sözü
bu oldu. Atamdan muğayat ol. O, şəhid
olanda, cəbhə yoldaşı Bilal Əli şəhid
olandan sonra mənə zəng vurdu. Onda o, mənə
demədi, Əlinin şəhid olduğunu. Amma sonralara
dedi, Təranə xala, sağ-salamat qayıdım gəlim,
görün, Əlidən sizə nələr
danışacam. Amma təəssüf ki, Bilal da
Şuşada şəhid oldu.
Sevgi...
Ancaq müharibəyə yollanmazdan əvvəl sevib
seçdiyi qızla nişanlanır. Tez-tez onun
görüşünə yollanmaq üçün Gəncəyə,
nişanlısının yaşadığı şəhərə
gedir. Təranə xanım həmin günləri
xatırlayır:
- Əli
nişanlısı ilə Bayraq meydanında təsadüfən
görüb tanış olmuşdu. Əsgər
getməzdən əvvəl qızın anası mənə zəng
vurub dedi ki, biz sizin oğlunuzun fikrinin ciddiliyinə əmin
olmaq istəyirik. Dedim, mənim oğlum istəyirsə, ona
xoşdursa, mənə də xoşdur. Əli əsgərdən
gələndən sonra ad günü ərəfəsi idi.
Ona dedim ki, Əli, sənə nə hədiyyə edim, nə
alım? Dedi, heç nə istəmirəm, qızgilə
elçi gedin. Qayda-qanunla elçi getdik, nişan
qoyduq. Sonralar da Əli gedirdi,
görüşürdü. Düz üç il yarım nişanlı oldular. Qız
universitetdə təhsil alırdı. İndi
deyirəm ki, kaş, ailə qurardılar, balamın bir
yadigarı qalardı. Əli şəhid
olanda onlar da çox ağladı, sızladı. Amma qismət, tale belə gətirdi.
Biz söhbət etdikcə, söhbətimizə astadan
müdaxilə edən, aram-aram qoşulan Şamama xanım,
Əlinin ata nənəsinin həsrəti məni mütəəssir
edir. Əli
necə yadınızda qalmışdı sualını verəndə,
nənənin gözlərinin bulağı
açılır:
- Bu
üç uşaq mənimlə birgə böyüyüb. Gecə düşdü, onlar gəlmədilərsə,
mənim gözümə yuxu getməzdi, İllah da Əli.
Bu özünü istədən uşaq idi
(ağlayır). Xəstələnəndə,
Əli gəlirdi, corablarımı geyindirirdi, kürəyimi
ovxalayırdı. Bir dəfə zəhərlənmişdim,
bayırda halım pis oldu. Girdi qoluma gətirdi
məni evə, həkim gələnə qədər
yanımdan çəkilmədi. Dedi, nənə səni
tək qoymaram, yanındayam qorxma (ağlayır). Onun yanımcıllığı heç yadımdan
çıxmır. İndi şəkillərinə
baxıram, elə bil hamısı canlıdı, dil
açıb danışacaq.
Əsgərə gedəndən sonra hər gün gecə
dururdum, çıxırdım bayıra, yata bilmirdim. Əlimi
qaldırıb allahın dərgahına yalvarırdım ki,
balama, bütün balalara kömək etsin. Bir gün
Əli zəng vurdu, hamı ilə danışdı, dedi, ver
nənəmə. Danışdım, dedi, nənə
yaxşı ol. Sonra səs kəsildi,
sözüm yarımçıq qaldı. Bir az keçdi yenə zəng vurdu. Nənə özündən muğayat ol deyə-deyə
sağollaşdı.
Əlinin şəhid olma xəbəri ailədə
birinci Aydın bəyə çatır. Qardaşı
Firavan bəy ona zəng vurub deyir ki, Əli yaralanıb.
Amma nədənsə, ailədən heç kim
bu xəbərə inanmır. Xüsusilə də Şamama
xala:
- Həyətdə
oturub Firavanla söhbət edirdim, gördüm ki, sözlü
adama oxşayır. Dedim, Əliyə nəsə olub? Dedi, hə,
yaralanıb, gətirirlər. İnanmadım.
Dedim, məni aldadırsan, Əli şəhid olub. Dedi, yox,
vallah, yaralıdı, get, anasına xəbər ver. Sən demə
hamı bilirmiş, bir bizdən başqa. Mən
də bu xəbəri hamıdan qabaq bilmişdim.
Dua...
- Necə
bilmişdiniz?
- Əlinin xəbəri hələ
çıxmamışdı, qonşularla həyətdə
oturub söhbət edirdik. Birdən elə bil
ürəyimdən güllə ilə vurdular. Çığırdım, ağladım. Dedilər, niyə belə edirsən? Dedim, mənim balama nəsə olub. Məni gətirdilər evə, iki-üç dərman
verdilər. Axşama qədər
ağladım. Öz-özümə təskinlik verdim,
dedim, ay Allah ağlayaram, birdən Allaha ağır gedər. İki gündən sonra Əlinin xəbəri
çıxdı. Əli dəfn olunandan
sonra bir gün özümü saxlaya bilmədim,
ağlaya-ağlaya getdim onun çarpayısına tərəf.
Ürəyim də artıq neçə gün
idi ki, çox pis ağrıyırdı. Əlinin
yatağını qoxladım, inan Allaha elə bil gül qoxusu
gəlirdi yataqdan. Sonralar hər gecə
gedib onun boş çarpayısının yanında oturub
ağlayırdım. Elə bil onun yerindən
behişt qoxusu gəlirdi. Onunla da ürəyimin
ağrısı keçdi. Elə bil gəlib,
əlini kürəyimə çəkib getdi (ağlayır).
Təxminən eyni hal elə Tahirə xanımın da
başına gəlir. Müharibənin ən dəhşətli, ən səksəkəli
günlərində cəbhədə övladları olan
analar nə hislər keçirirlərsə, o, da onun eynisini
yaşayır:
- Mənə
xəbəri oğlum gətirdi, dedi, Əli yaralanıb, otur
maşına, mən də gəlirəm. Dedim, məni aldatma,
Əli bu dünyada yoxdur. Ona görə ki,
üç-dörd gün idi ki, məni sanki qara
basırdı, gözümün qabağından cənazə,
insanlar gəlib keçirdi. Qonşuluqda
Cavidan adlı oğlan şəhid oldu, onu gətirəndə,
mən bir hallara qaldım ki, Allah heç kimə göstərməsin.
Uşaqlara dedim ki, Aydına deyin, bu tərəflərə gəlməsin.
İstəmirdim, Aydın gəlib görsün.
Allaha yalvarırdım ki, bizim
günahlarımızı bağışla, balama heç nə
olmasın. Əlini gətirəndə, məni
görən adamlar sonradan deyirdilər ki, sən elə bil ayaq
üstə ölmüşdün. Çünki
ona qədər də mən çox ağlamışdım.
Hər gün işdən gələndə,
xörək bişirib uşaqlarının
qarşısına qoyurdum, amma özüm yeyə bilmirdim.
Yalandan yeyirdim ki, uşaqlar narahat olmasınlar.
Hiss edirdim ki, Əli mənim deyil artıq.
Təsəlli
Əli doğmalarının da ürəyinə
damdığı kimi Hadrut döyüşləri zamanı
sinəsinə dəyən güllə qəlpəsindən
şəhid olur. Bir az keçəndən sonra isə
Əlinin komandiri də şəhid olur. Ancaq
şəhidlik məqamına qədər Əli
yaralıların daşınmasında, şəhidlərin
neytral bölgədən çıxarılmasında ciddi
köməklik göstərib. Təranə xanım
söhbətimizin sonunda oğlunun ölümünün təsəllisini
az da olsa, torpaqlarımızın
işğaldan azad olunmasında tapdığını deyir:
- Bir ana
balasını canı ağzından çıxan son ana qədər
unuda bilməz. Mən hər gün, hər an
Əliyləyəm, onu düşünürəm, onunla
bağlı xatirələrimi yada salıram. Tez-tez yadıma
düşür ki, evə gələndə çənəmdən
tutub başımı qaldırır, ya alnımın
ortasından, ya da başımdan öpüb deyirdi ki, bir az gül. Təsəllini bizə
Allah verir. Təsəllim odur ki, indi balam
Allahın yanındadır. Bir də
torpaqların işğaldan azad olunması ağrımıza
su səpir. Torpaqlar alınmasaydı,
balalarımız hədər yerə şəhid olardı.
Şükür ki, balam alnımızı
açıq edən oğlanların arasında,
sırasında oldu.
Samirə
Əşrəf
Hərbi And.- 2022.- 20 may.- S.12-13.