Şıxarxda qisas günü: Milli Qəhrəmanın
müqəddəs şəhidlik zirvəsi
– Təcili
müsbət iki qan tapın. Tez ol.
Həkim
alnındakı təri silib, tənzifi Valeh Müslümovun
güllə yarası almış bədəninə
sıxdı. Qanı heç cür dayandırmaq
mümkün olmurdu. O, bir neçə yerindən
yaralanmışdı. Həkim özü də onun sağ
qalmağına böyük təəccüb keçirirdi.
Gör, nə qədər sağlam bədənin ola ki, bu qədər
qan itirəsən, ancaq hələ də həyatla əlaqəni
kəsməyəsən. Bu düşüncələrdən
onu iki cüt göz ayırdı. Qapının ağzında
Valeh Müslümovu gətirən hərbçi
yoldaşları yarı ümid, yarı narahatlıqla gözlərini
ona dikmişdilər. Həkimin ağzından çıxacaq
bir xoş sözə möhtac dilənçi tək gözlərini
ondan ayırmırdılar. O, tez tibb bacısını
çağırdı.
– Xəstəyə
morfin verin. Qan gələn kimi təcili əməliyyat edək...
***
Taledən
qaçmaq olmaz. Bəlkə də elə bu onun taleyi idi. Vətəninin
dar gününə heç cür biganə qala bilmirdi. Yəqin
ki, həyat elə özü Valeh Müslümovu bu yola
hazırlayırdı. Özünü tanıyandan karate ilə
məşğul olmağa başlamışdı. İdmana
olan həvəsinin haradan yarandığını heç
özü də bilmirdi. Ancaq karate ilə məşğul
olmağı o, qədər ürəkdən sevirdi ki, bəzən
məktəbdə dərslərdən qaçıb idmana
gedirdi. Bu sahədə dəfələrlə mükafatlar
qazanmışdı.
Onun
idmançı bədəni, fiziki gücü həmişə
karına gəlib. 1988-ci ildə hərbi xidmətdən
qayıtdıqdan sonra da vətəni üçün
çalışmağa davam edib. SSRİ-nin
dağıldığı həmin günlərdə ölkəsinin
azadlığı uğurunda meydanlara axışan sadə vətəndaşlardan
biri də o olub. Ölkəsinin tapdaq altda qalması ilə
heç cür barışa bilmirdi. Ona görə də rus
KQB-nə, bütün təqiblərə rəğmən
etiraz aksiyalarının, xalq hərəkatının həmişə
ön sıralarında yer alırdı. Gecə-gündüz,
soyuq-isti demədən meydanlarda gecələyir, bəzən
günlərlə evinə belə gəlmirdi. Müstəqil
Azərbaycanı yaratdıqdan sonra da dərdi azalmadı, əksinə
günü-gündən artırdı. Min bir əziyyətlə
qazandıqları müstəqillik, onlara başqa itkilərin
hesabına başa gəlirdi. Mənfur düşmən
ölkədəki xaosdan istifadə edərək, minillik tarixə
məxsus Azərbaycan torpaqlarına göz dikmişdi. Müstəqilliyi
qazanmaq qədər onu qoruyub-saxlamağın da vacib
olduğunu anlayan Valeh Müslümov 1991-ci ildə yenidən cəbhəyə
yollandı. O, həmin ilin avqust ayından Daxili İşlər
Nazirliyinin Xüsusi Təyinatlı Milis dəstəsi tərkibində
Tovuz, Şuşa, Xocalı və Qubadlı rayonlarında xidmət
apardı. Bir sıra dövlət əhəmiyyətli əməliyyatlarda
iştirak edərək çoxlu uğur qazanmışdı.
***
Həyat
missiyasını başa vurmaq üzrə idi. Səngərdə
əli tətikdə qarşı tərəfə-
düşmən cəbhəsinə baxırdı. Ağdərənin
müdafiəsi tapşırılan batalyonun tərkibində
Valeh Müslümovun da vardı. 1992-ci il aprel ayı idi.
Ağdərə uğrunda döyüşlər davam edirdi.
Alnının tərini silib, atəşə başladı.
Düşmən hücuma keçmişdi. Az bir qüvvə
ilə erməni silahlı qüvvələrinin dəstələri
dayanmadan hücum edirdilər. Valeh Müslümov atəşə
başladı, əlini tətikdən çəkmədən
ətrafa göz gəzdirdi. Əsgər yoldaşına
işarə edib, mövqeyini ona tapşırdı. Özü
kiçik təpəciyin arxasına keçdi.
Buradan əlverişli
şərait yaranmışdı. Demək olar ki, hər
gülləsinə bir erməni əsgərini
böyrü-üstə aşırırdı.
Sayı-hesabı yaddan çıxmışdı. Səriştəsiz
düşmən zabitləri qarşılarında düşən
əsgərləri görür, ancaq güllənin haradan gəldiyini
bilmirdilər. Valeh Müslümovun yerini təyin edənə
qədər, artıq 10-a yaxın düşmən əsgəri
məhv edilmişdi. Əsgərlərin kimisi başından,
kimisi çiynindən vurularaq üzüqoylu yerə
uzanırdılar. Ancaq düşmənin ardı-arası kəsilmirdi.
Zabitlərdən biri axır ki, Valeh Müslümovun yerini təyin
edə bilmişdi. Əl işarəsi ilə pulyemont vasitəsilə
oranı atəşə tutmağı tapşırdı.
Valeh
qayanın arxasına sığındı. Pulyemontdan
çıxan iri çaplı güllələr qaya
parçasına dəyir, daşı param-parça edirdi.
Valeh Müslümov burada uzun müddət qala bilməyəcəyini
anlayırdı. Odur ki, nə olursa, olsun buradan çıxmaq
lazım idi. Cibindəki qumbaranı çıxartdıb,
fitilini çəkdi. Qumbaranı əlində saxlayıb,
lazımi zamanı gözlədi. Bir neçə dəqiqədən
sonra sanki bir boşluq yarandı. Valeh Müslümov əlindəki
qumbaranı düşmən tərəfə atmağı ilə,
qayanın arxasından götürülməyi bir
oldu.Qumbaranın partlamağı ilə toz-torpaq bir-birinə
qarışdı. Düşmən əsgərlərinin bir
neçəsinin cansız bədənləri yerə sərildi.
Valeh Müslümov bir neçə addım atandan sonra,
özünü səngərə sala bildi. Özünü
toxtayıb, silahını yoxladı. Qarşıya baxdı.
Qabaqdakı səngərlərdən birində vəziyyət
ağır idi. Müdafiə çox zəifləmişdi. Səngərdəki
Azərbaycan əsgərlərinin sayı azalmışdı.
Müdafiə xəttinin ön tərəfi yarılmaq üzrə
idi.
Valeh
Müslümov oradakı əsgər yoldaşlarına kömək
etmək üçün birdaha silaha sarılıb, atəş
açmağa başladı. Silahın maqazinini dəyişdi.
Uzaq məsafədən hədəfə uğurlu atəş
aça bilmirdi. Məsafə çox olduğundan hədəfi
vurmaq mümkün olmurdu. Odur ki, irəli hücuma keçməyə
qərar verdi. Silahını çiyninə atıb, əlverişli
zamanı qovalayıb, birdən götürüldü. Əyilə-əyilə
özünü ön səngərə çatdırdı.
Səngərdə iki əsgər qalmışdı. İki əsgər
böyük bir batalyonun qarşısını kəsmişdi.
Valeh Müslümov səngərə girər-girməz atəşə
qoşuldu. Yanındakı əsgərlərin
üz-gözü toz-torpaqdan görünmürdü. Bir
müddət düşmənə göz açdırmasalar
da, çox keçmədi ki, erməni əsgərlərindən
biri başlarının üstünü kəsdirdilər.
İki hərbçi yoldaşı artıq şəhidlik mərtəbəsinə
ucalmışdılar. Yuxarıdan-aşağı
atılmış gülələlər Valeh Müslümovun
bədənini parça-parça etdi. Valeh ona sarı dönərək,
atəş açdı. Erməni əsgəri sərrast atəşdən
o andaca yerə uzandı, və oradaca keçindi. Valeh səndələdi.
Kürəyini torpağa söykədi. Əlini qumbarasına
atdı. Düşmənə təslim olmaqdansa,
özünü düşmənlə birlikdə məhv edəcəkdi.
Artıq qərar vermişdi. Heç olmasa bədəninin tikələri
bu torpaqlarda səpələnərdi. Onda bəlkə ruhu
rahatlıq tapardı. Qumbaranı bərk-bərk sıxdı.
Yuxarıdan dayanmadan silah səsləri gəlirdi. Taqəti
qalmamışdı. Gözlənilmədən bir hadisə
baş verdi. Düşündüyü kimi erməni əsgərləri
yox, öz yoldaşları səngərə çatdı.
Onun səngərdən xilas etmək üçün
kiçik dəstə yaradılmışdı. Bu dəstənin
üzvləri yerindəcə düşməni geriyə
oturtmuş, Valeh Müslümovun olduğu səngərə qədər
gəlib çıxmışdılar. Ancaq burada çox
qalmaq olmazdı. Düşmən sayca üstün idi. Mütləq
özündə güc toplayıb hücuma keçəcəkdilər.
İki əsgər Valeh Müslümovu qucağına
alıb, sürətlə arxaya tərəf gəlməyə
başladılar. Dəstənin digər üzvləri atəş
açaraq düşmənə nəfəs almağa imkan
vermir, Valehgilə ərazini rahat tərk etməkləri
üçün şərait yaradırdılar. Çox
keçmədi ki, Valeh Müslümov artıq arxa cəbhədə
idi. Gözləri bağlı olsa da, nəfəsi gedib-gəlirdi.
Onu tez hərbi təcili tibbi yardıma qoyub, rayon hospitalına
göndərdilər.
***
Tibb bacısı əlində qab qanla içəri girdi. Həkim bunu görüb, dərhal əməliyyata başladı. Qan xəstəyə qoşuldu. Qapının arxasında dayanan hərbçilər hər şeyin yaxşı bitəcəyinə ümidli idilər. Çarəsizcə həkimin dayanmadan işləyən əllərinə baxırdılar. Əməliyyat iki saata yaxın davam etdi. Valeh Müslümov son anına qədər vuruşdu, yenidən döyüş meydanına qayıtmaq üçün var gücünü topladı. Ancaq təəssüf ki, onu xilas etmək mümkün olmadı. Bu təəssüf hissi və məyusluq həkimin üzündən oxunurdu. Artıq sözə ehtiyac yox idi. Qapı qarşısında dayanan iki hərbçi hər şeyi anlamışdılar. Dişlərini-dişlərinə qıcayıb, ağlayırdılar...
Valeh Müslümova ölümündən sonra “Milli Qəhrəman” adı verildi.
Emin Piri
Hərbi And.- 2022.- 27 may.- S.16.