“74 gündən sonra yuxuma girib dedi, Gəncədə
dənizin dibindəyəm”
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı şəhid mayor Həsənov Elşad Paşa oğluna həsr olunur.
Elşad Paşa oğlu Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalının Babacan kəndində anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. Oranı başa vurandan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2002-ci ildə oranın Motoatıcı qoşunların taktiki komandanlığı ixtisası üzrə başa vurub. 2002-ci ildən 2019-cu ilə qədər ölkənin müxtəlif bölgələrində hərbi fəaliyyət göstərib, zabit olaraq xidmət göstərib. 2020-ci ildə general Polad Həşimovun briqadası ilə birgə Tovuz döyüşlərində fəal iştirak edib.
Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilərək II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
19 ilə böyük həyat sığdıran şəhidin ürək dağlayan HEKAYƏSİ
“Gördüm yağışın altında məni gözləyir” – Şəhid mayorun yoldaşı danışır...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Rəşadət" ordeni və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Aksana xanımla işlərimizi yekunlaşdırıb axşam saatları üçün ancaq görüşə bildik. Hava qaralmışdı, adamlar yorğun ayaqlarını küçələrdən sürüyüb evlərinə, mən isə Aksana xanımgilə tələsirdim. Onlara çatanda onu geyinikli görəndə, bir az təəccübləndim:
– Sizinlə görüşəcəyimi tamam unutmuşdum. Yaxşı zəng vurdunuz, yoxsa, gəlib heç kimi tapmayacaqdınız.
– Yox, mənim yadımdaydı, düşündüm siz də unutmamısınız.
– Əhvalım bu gün çox pis idi. Hazırlaşırdım
ki, Elşadın qəbri üstünə gedim.
O, mənim
təəccüblə baxdığımı görüb əlavə
etdi.
– Əvvəllər yaxında, uzaqda kimsə rəhmətə
gedirdisə, həmin qapıdan on metr aralı keçərdim. Məzarlığa
getməyə, ümumiyyətlə, qorxurdum. Amma indi gecənin bir aləmi ürəyim
sıxıldısa, Elşadın məzarına gedirəm.
– Bu sizi
rahatlaşdırır?
– Əlbəttə, ora mənə hüzr bəxş
edir. Orda gedib onunla ürəyimdə nə qədər dərdləşirəm.
Şəklinə baxıb sakitləşməyə
çalışıram.
Elşad bəyin nə oğlu, nə də qızı
ataları haqqında danışmaq istəmirlər. Mən də
uşaqlar barədə bu kimi məsələlərdə həssas
olduğumdan heç bir şəhid ailəsində bu barədə
israr etmirəm. Bu dəfə də otaqdan
çıxmaq istəməyən, sözü analarına verən
bacı qardaşı narahat etmirəm. Söhbətimi
Aksana xanımla davam etdirirəm.
– Aksana
xanım, Elşadla necə tanış
olmusunuz?
– Biz
onunla uzaq qohumuq. Amma heç vaxt
görüşməmişdik. Elşad bir
toyda məni görmüşdü. Sonra
ailəsi bizə elçi gəldi. 2004-cü ilin may
ayında nişanlandıq. Noyabr ayında isə
toyumuz oldu. Bilirsiniz də, hərbçilərin
o qədər çox vaxtları olmur nişanlı
qalmağa, tez-tez gəlib getməyə, görüşməyə.
Ona görə də fikir versəniz, görərsiniz
ki, hərbçilər nişanlanandan sonra da dərhal ailə
qururlar.
Bizim isə bir-birimizə qarşı çox
böyük sevgimiz olub. Düzdür, əvvəllər mən
onu tanımırdım, o, məni görüb bəyənmişdi.
Amma ailə qurandan sonra mən də ona aşiq
oldum. Çünki çox yaxşı
xasiyyəti vardı. Mədəni insan idi.
Çox vaxt deyirlər ki, hərbçilər
sərt və kobud olurlar. Amma mən bunu
öz ailəmdə, digər hərbçilərin də ailəsində
görməmişəm. Onlar ailəyə
qarşı çox mehriban, diqqətli olurlar. Elşad hər
şeyin yerini bilən adam idi. Bir misal çəkim, biz hərbi şəhərcikdə
yaşayırdıq. Mən
qızılgülləri, ümumiyyətlə, gülü
çox sevirəm. Elşad hər dəfə
işdən gələndə, mütləq mənə
gül gətirərdi. O, kişilərin yanında mənə
gül gətirməyə utanırdı, şəhərciyin
həyətindən yığdığı gülləri
cibində gizlədib mənə gətirərdi.
– Ən böyük arzusu nə idi?
– Elşad Qərbi Azərbaycandan idi. Beş
yaşına qədər orda yaşamışdı. Müharibədən əvvəl təlimlərdə
olanda, mənə bir şəkil yollamışdı. Şəkildə o bir dağın üstündə
dayanıb əlini Bala Göyçə gölünə tərəf
uzadır. Sonra mənə zəng vuranda, dedi, o, şəklə
diqqətlə bax. Tezliklə biz o gölün
yanında olacağıq. Sənə ordan
şəkil göndərəcəm. Bunu o
qədər həsrətlə arzulayırdı ki. Amma bu ona qismət olmadı. Bala
Göyçə gölü işğaldan azad olunanda, mənə
həqiqətən də çox pis təsir elədi. Düşündüm ki, kaş, Elşad bu
günü görərdi.
Aksana xanım
danışdıqca, qəhər onu boğur. Şəkilləri göstərir, fotoların
çəkildiyi əlamətdar günlərin tarixini nəql
edir. Elşad və uşaqları ilə
baş vermiş ən gözəl əhvalatları sıralayıb
nəql etməyə çalışır.
–
Qızımız Aysunun 16, oğlumuz Səidin isə 9
yaşı var. Səid atasına çox bağlı idi. Bu gün də yanımızda olan insanlar
görürlər ki, Səid atasız çox əziyyət
çəkir. Səid nə qədər
yorğun olsa da, atası gəlməmiş yatmazdı.
O, bilirdi ki, atası tez də gəlsə, gec də gəlsə,
onunla oynayacaq, yerdə uzanıb maşın sürəcək.
Bundan əlavə də o, boş vaxt tapam kimi
mütləq bizi gəzməyə aparardı, vaxtını
bizimlə keçirməyə çalışardı.
Onun ən böyük arzularından biri də
uşaqlarının heç vaxt heç nədən korluq
çəkməməsi idi. O, son mesajında da bunu
dönə-dönə məndən istəyirdi. Deyirdi, həyatdı, mən görsəm də,
görməsəm də uşaqlarımın xoş günləri
olsun.
– Aksana
xanım, Elşad sonuncu dəfə evə nə zaman gəldi?
– 2020-ci
ilin Tovuz hadisələrindən sonra onları evə çox
buraxmırdılar. Sentyabrın 15-də Səid
birinci sinfə gedəcəkdi. Onda mənə zəng
vurub dedi ki, mən qızımız Aysun ilk dəfə məktəbə
gedəndə, onun yanında ola bilmədim.
Bu mənim ürəyimdə qaldı ki,
uşağımın əlindən tutub məktəbə
apara bilmədim. Amma Səid
üçün gələcəm. Elə
oldu ki, Səidgilin məktəbinin açılışı
təmirə görə ləngidi. Amma
sentyabrın 14-də Elşad evə gəldi. Mənə
dedi ki, sən gül al, tort al, məktəbli forması
geyindir, biz o günü birgə yaşayaq. Elə bil, o, hiss
etmişdi ki, ona nə isə olacaq. Bəlkə
də şəhid olma ehtimalını
düşünmüşdü. Bilmirəm... Mən onun dediklərinin hamısını elədim.
Hətta Səidin müəlliminə gül
bağışladıq. Evdə çoxlu
şəkillər çəkdirdik. Sentyabrın
16-da isə Elşad yenidən hərbi hissəyə
qayıtdı. Bizim onunla son
görüşümüz belə oldu. Biz
onu cəmi iki gün gördük. Amma evdən
çıxanda, o, təzədən evə qayıtdı,
uşaqlarla görüşdü. Onda hiss etdim ki,
Elşad ağlayıb. Ondan bunun səbəbini soruşanda,
heç nə demədi... Üz-gözündən hiss edirdim
ki, getmək istəmir. Arxasınca su atdım, dedim su kimi get,
su kimi də qayıt (ağlayır).
Sentyabrın 26-da ondan mənə uzun bir mesaj gəldi. Mesajın
sonunda yazmışdı ki, - biz çıxdıq. Səni bu dünyada hamıdan çox sevdim. Balalarımı sənə, səni də Allaha
tapşırıram. Çox pis oldum.
Zəng vurdum ki, niyə belə yazmısan?
Mənə izah et. Danışanda,
elə bil ürəyimə damdı. Onun
şəklini, son görüntüsünü telefonun
yaddaşında saxladım. Bu mənim
onunla son görüntülü danışığım
oldu.
O, əsl
peşəkar zabit idi. Döyüşə gedəndə,
heç vaxt smartfon telefon götürməzdi. Deyirdi, mən
nümunə olmalıyam ki, sabah da digər
zabitlərdən bunu tələb edim. Son
döyüşə də bu qayda ilə getmişdi deyə,
biz bir də heç vaxt onunla görüntülü əlaqə
qura bilmədik.
Elə həmin gündən sonra Aksana xanım həyat
yoldaşı ilə bir neçə dəfə telefonla
danışa bilir. Oktyabr ayının girişi ilə
Elşaddan da səs-soraq kəsilir. Aksana əvvəllər
soyuqqanlı olmağa çalışır. Ancaq saatlar
keçdikcə, Elşaddan xəbər çıxmadıqca
onun və onun ailəsini bürüyən həyəcan
çoxalır:
– Hər
gün biz onunla əlaqə saxlayırdıq. Zəng
vururdu, deyirdi, bax, mən yaxşıyam, sağ-salamatam. Həqiqətən də, onun səsində
böyük ruh yüksəkliyi vardı. Son
günlərə qədər mən onun səsində kədər,
qüssə hiss etməmişdim. Halbuki
sentyabrın 30-da qolunda qəlpə yarası olub, amma mənə
hiss etdirməyib.
Bizim evimizdə təmir gedirdi, anamgildə
qalırdıq. Hər dəfə Elşad zəng vuranda
deyirdi ki, təmiri bitirin, evə tez köçün.
Son dəfə bunu məndən soruşanda, dedim, yox vaxtım
olmadı, evə yığışmağa. Onda
çox əsəbləşdi. Dedi, işləri tezləşdir,
evə yığışın. Onunla son
danışığım belə oldu. Gecəni
rahat yata bilmədim. Çünki son
danışığımızda elə bil mənə son vəsiyyətlərini
edirdi, tapşırıqlarını verirdi. Səhəri gün ona zəng vurdum, zəng
çatmadı. Sonrakı saatlarda da o, mənə
zəng vurmadı. Bir gün keçdi yenə
xəbər çıxmadı. Qardaşım
oktyabrın 4-də getdi Toğannaya. Orda məlum
olub ki, Elşad şəhid olub. Ordan gəldi
mənə ancaq yalanlar danışdılar. Elşadgil itkinlər siyahısında idi. Düz 16 dekabra qədər 74 gün mən
Elşadı axtardım. Səhv etmirəmsə,
oktyabrın 10-da Elşadın bir dostu şəhid oldu. Mən qardaşımla Yevlaxa onun yasına getdim.
Onda hələ bilmirdim ki, Elşad şəhid olub,
oktyabrın 2-dən də mənim evim yıxılıb...
Yasdan çıxandan sonra qardaşıma dedim ki, burdan gedək
Elşadın işlədiyi hərbi hissəyə. Bəlkə ordan bir xəbər dedilər. Hiss
etdim ki, qardaşım məni yayındırır. Nə isə bir təhər onu dilə tutub hərbi
hissəyə getdik. Ora çatanda,
qardaşım maşından birinci düşdü. Orda hərbçilərə işarə edib ki, mənə
heç nə deməsinlər. Hərbçilərdən
biri ilə danışanda, dedim ki, sizin də balanız var,
nolar, mənə deyin, Elşad hardadı? O, hərbçinin
gözlərini, baxışlarını hələ də
unuda bilmirəm. O, mənə dedi ki, narahat olmayın, biz hər
gün onunla daxili telefonla danışırıq, Elşad
sağdır, sadəcə elə yerdədilər ki, hələlik,
oranı tərk edə bilməz. Evə zəng
edə bilməzlər. Sonra mən birtəhər
Elşadın iş otağına icazə alıb girdim. Elşad işdə olanda, mənə şəkillər
çəkib atmışdı. Masasında
qovluqlar, qələmlər, kitablar, telefonu vardı. Amma həmin gün onun otağına girdim,
gördüm otaq bomboş idi. Kinolarda olan
havalı adamlar kimi şkafları, siyirmələri
açıb tökdüm. Amma hər yer
bomboş idi.
Mənim səsimə korpusun təlim-tərbiyə işləri üzrə müavini gəldi. Mənim kim olduğumu biləndə, birbaşa üzümə qarşı dedi ki, siz hərbçi xanımısınız, səbirli olmağa məcbursunuz... Sənin həyat yoldaşın oktyabrın 2-də döyüş meydanında qəhrəmancasına şəhid olub. Dedim, onda verin, mənim yoldaşımı, bütün şəhidlər kimi aparıb dəfn edim. Dedilər, sənin yoldaşını sənə vermək üçün gərək ağ bayraq qaldırıb müharibəni dayandıraq. Bir zabit yoldaşı kimi sən buna razısan? Mən onda bildim Elşadın düşmən tərəfdə qalıb. Ondan sonra da başlandı axtarış dolu günlər. Özümə bağışlamırdım heç nəyi. Düşünürdüm ki, Elşad elə bir oğul idi ki, mənim başıma nə isə gəlsəydi, o, məni çoxdan tapmışdı, amma mən onu tapa bilmirəm (ağlayır).
Həlak olandan sonra ermənilər Elşadı və onunla birgə həlak olan on beş şəhidi torpağa basdırırlar. 68-ci gün onları torpaqdan çıxarırlar. 74-cü gün isə Elşad burda vətənində torpağa tapşırılır. Aksana xanım deyir ki, Elşadın itkin olması ilə barışa bilmirdi:
– Deyirdim,
nə olur, olsun bircə itkin olmasın. Şəhid
olub, gətirsinlər, torpağa tapşıraq, adı itkin
qalmasın. İnanırsınız, onun nəşi
tapılana qədər o, bir dəfə də olsun, mənim
yuxuma girməzdi. Hər gecə yatanda,
deyirdim, Elşad, sənə görə yatıram, yuxuma gir, mənə
bir işarə ver. Amma tapılan gündən bir gün əvvəl
gecə Elşad yuxuma girdi. Gördüm,
yuxuda mənə deyir ki, Gəncədə dənizin dibindəyəm.
Yuxudan zəng səsinə ayıldım. Elşadın xalası oğlu idi zəng vuran.
Ona yuxumu danışanda, dedi, Elşadın nəşini gətiriblər
Gəncədə Gülüstan qəsəbəsindəki
morqdadır. Təsəvvür edirsiniz? Tabut gələndə, məni Elşadı görməyə
qoymurdular. Ancaq israr etdim, dedim ki, mən Elşadın
üzünü görməliyəm.
–
Gördünüz?
– Hə,
gördüm (ağlayır). O günləri yada salmaq, nəql
etmək çox çətindir. Hər şey
elə bil, dünən olub. Mən indi bir
şeydə təsəlli tapıram ki, Elşad
ömrünün iyirmi ilini vətənə xidmət edən,
namuslu, sədaqətli, döyüşkən zabit oldu.
Özündən sonra mənə və övladlarına ləyaqətli
ad, irs qoyub getdi. Onun ən
böyük arzusu ondan ibarət idi ki, övladları
yaxşı təhsil alsınlar. Mən də
çalışacam bu yolda onun arzuları gerçəkləşsin.
Çünki Elşadın uşaqları onun mənə
qoyub getdiyi ən böyük əmanətlərdi.
Samirə Əşrəf
Hərbi And.- 2022.- 11 noyabr.- S.14-15.