Ölümü ilə əbədiyyətə qovuşan qəhrəman

 

 

Hələ 13 yaşında atasının döyüşçü vəsiqəsinə baxıb özünə də bir vəsiqə hazırlamışdı. Üzərində bu sözlər yazılmışdı: “Allahverdiyev Zöhrab Sübhan oğlu, etibarlılıq müddəti 2020-ci il”. Sözün bitdiyi və gözlərimizi yaşardan məqam. Axı necə ola bilərdi ki, 13 yaşlı bir uşaq şəhid olacağını, xüsusən də həmin tarixi illər öncəsindən dəqiqliklə bilsin?

AZƏRTAC xəbər verir ki, Zöhrab 2001-ci il sentyabrın 28-də Şamaxıda, döyüşçü ailəsində dünyaya göz açıb. Atası Sübhan Allahverdiyev Birinci Qarabağ müharibəsində döyüşüb. Zöhrabın da uşaqlıq vaxtlarından hərb sahəsinə həvəsi yaranıb. Döyüşçü olmaq onun kiçik qəlbinin ən böyük arzusuna çevrilib.

Ailəsi deyir ki, o, Vətənin hər qarış torpağına qarşı bir başqa sevgi duyurdu. Sanki böyükdən kiçiyə, irsən keçmişdi Vətənə bağlılıq... Tez-tez atasından müharibə haqqında soruşar, onu diqqətlə dinləyərdi. Savaş filmlərində belə özünə qəhrəmanlar seçər, tez bir zamanda böyüyərək səngərə getməyi arzulayardı.

Zöhrab məktəb vaxtlarından idmana da həvəs göstərib, cüdo yarışlarında dəfələrlə fərqlənib. Arzusu isə ömrünün qalan hissəsini Vətənin keşiyinə həsr etmək idi. Elə bu məqsədlə də 2018-ci ildə orta məktəbi bitirdikdən sonra səngərə yollandı.

Vətən müharibəsində neçə-neçə yüksəkliklərin, işğal altında olan rayonlarımızın azadlığı uğrunda gecə-gündüz savaşdı. Füzuli, Ağdərə və Suqovuşan istiqamətlərində böyük şücaətlər göstərərək düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv etdi, 19 yaşında tariximizin ən şanlı səhifəsinə öz adını yazdırdı. Oktyabrın 5-də anasına zəng edərək Qələbə sevincini bölüşdü. Təəssüf ki, bu zəng elə son zəngi oldu.. Oktyabrın 10-da şəhidlik zirvəsinə ucaldı...

Zöhrab ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

Hərbi And.- 2022.- 7 oktyabr.- S.12.