"Qüsursuz Vətən əsgəri"

 

 

Ramin Əliyev Astaranın Maşxan kəndində 4 fevral 1977-ci ildə anadan olub. Bibisi Səriyyə xanımın övladı olmadığından Ramini övladlığa götürüb, boya-başa çatdırıb. 1983-cü ildən Əfqanıstan müharibəsinin şəhidi Nizami Əliyev adına Maşxan kənd tam orta məktəbində oxumağa başlayıb. 1994-cü ildə həmin məktəbi bitirib.

Rus dili müəllimi Laçın Cəfərovun dediklərindən: "Mən Ramini məktəbli olandan tanımışam. Bu gün onun təkcə şəhid kimi deyil, ləyaqətli şəxsiyyət kimi qarşısında baş əyirəm. Çox dəyərli, tərbiyəli, təmkinli, mərd oğul idi Ramin. Şərəfimizi özümüzə qaytaranlardan biri oldu. Hər birimiz bir gün öləcəyik, amma biz öləndə dövlət himni səslənmir. Bir şəhidin məzarı önündəsə himnimiz səslənir. Bundan böyük ola bilər?"

Səriyyə xanım onun məktəb illərini ömrünün ən xoşbəxt günləri hesab edir: "Həyatım onda idi. Çox mərd, zəhmətkeş, çalışqan idi. Hərbçi olmaq istədi. Hərbçi olduğundan az-az görürdüm onu. Hər gəlişi bayram idi mənim üçün. İşini çox sevirdi. Sonda yenə məni tək qoydu".

1995-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi xidmətini XTQ- keçib. 1997-ci ildə xidmətini başa vuran Ramin Əliyev hərbi xidmət dövründə heyətin diqqətini çəkir, hörmət qazanır. Özü hərbini sevir vətən əsgəri olmağa qərar verir. 13 il Xüsusi təyinatlıların tərkibində xidmətdən sonra Milli Orduda tank vuranlar taqımına keçir Ağdamda hərbi xidmətinə davam edir.

Bacısı Dilguşə xanımın dediklərindən: "Ramin haqqında günlərlə danışaram, sözüm bitməz. Söz Ramindən düşəndə ilk ağlına gələn dürüstlük, vicdan olur. Ondan söz düşəndə ürəyim sızlayır, gözüm ağlayır, həm qürurlanıram qardaşımla".

Azərbaycan Silahlı Qüvvələrinin sırasında Ermənistanın işğalında olan ərazilərimizin azadlıq savaşında igidliklə döyüşən Ramin 2020-ci il sentyabrın 30-da şəhid olur.

Döyüş yoldaşı Rüstəm Vəliyevin dediklərindən: "Şəhidlərimiz hamısı bizim üçün əzizdir. Döyüş meydanına gedən hər bir kəs evinə şəhid kimi dönə bilər - Ramin kimi. Gözümün qarşısında olub, necə döyüşdüyünü gözlərimlə görmüşəm. Dəfələrlə onun igidliyinin şahidi olmuşam. Belə oğullar böyüdənlər var olsun. Biz həqiqətən dəmir yumruq olduq. Ramin kimi oğulların sayəsində. Hər şəhid xalqımızı Ali Baş Komandanın ətrafında daha da birləşdirdi. Xalqımızın birliyini hiss etmək başqa bir duyğudur. Bunu duyub yaşayırdıq. Bu duyğunu bizə Raminlər yaşatdı".

Azərbaycan Ordusunun baş çavuşu Ramin Əliyev Murovdağ uğrunda ağır döyüşlər zamanı şəhidliyə qovuşub. "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb. Xidmət dövründə neçə-neçə təşəkkürnamə, fəxri-fərmanları var Ramin Muxtar oğlunun.

Ömrünün 25 ilini hərbi xidmətdə keçirən Raminə hərbçi yoldaşları "qüsursuz vətən əsgəri" deyirmişlər.

Raminin iki övlad yadigarı var. Hazırda təqaüddə olan XTQ-nin baş giziri Valeh Aslanov dostunu belə xatırlayır: "Birlikdə xidmət keçmişik Ramin Əliyevlə. Qeyri-adi hərbçi idi. Fikrimizi sözlə deyirik. Ramin hərbçi kimi öz sözünü silahı ilə deyən bir zabit idi. Çox cəsur idi. Tank əleyhinə silah atıcısı idi. Bir düşmən tankını gözdən qaçırmazdı. O, gözümün qarşısında olub həmişə. Aprel döyüşlərində mərdliklə döyüşdü. Yaralanmışdı, amma onu döyüşdən çıxara bilmədilər. "Sona qədər döyüşəcəyəm" dedi".

Bu, vətən sevgisidir. Ramin kimi oğulların Vətəni həmişə var edən tükənməz sevgisi!..

 

Kamalə ABİYEVA

 

Hərbi And.- 2022.- 14 oktyabr.- S.13.