Şəhidlərimizi
tanıyaq, tanıdaq
Bu gün İkinci Qarabağ savaşında şəhid olan qəhrəman oğullarımızdan biri, tank bölük komandiri, baş leytenant Fərrux Hüseynovun şəhadətindən bir il ötür.
Hüseynov Fərrux Baxış oğlu 29 aprel 1995-c ildə Kürdəmirin Şilyan kəndində anadan olub. O, 2001-2012-ci illərdə
Kürdəmir rayon Rüstəm
Quliyev adına
şəhər 5 saylı
tam orta məktəbində
təhsil alıb.
2012-ci ildə Heydər
Əliyev adına
Ali hərbi məktəbə
daxil olaraq, tankşı ixtisasına yiyələnib. 2016-cı ildə Ali hərbi məktəbi bitirib, tank bölüyünün komandiri
kimi xidmətə başlayıb. Əvvəl
Tovuzda, Akstafada xidmət
edən Fərrux
2020-ci ilin yazında Bakıya – Güzdək qəsəbəsinə köçürülür.
Baş leytenant Fərrux Hüseynov 27 sentyabr 2020-ci
ildə başlayan Vətən müharibəsinə
də öz bölüyü ilə Güzdəkdən yola düşür. Döyüşlər
zamanı iki dəfə yaralanan Fərrux, həkimlərin
etirazına baxmayaraq təkrar döyüşlərə atılır.
Cəsur komandir dəfələrlə öz
həyatını təhlükəyə
ataraq rəhbərlik
etdiyi şəxsi heyyətini və onun bölüyünə
təhkim olunan zirehli texnikanı itgisiz idarə etməyə nail olur. 44 gün davam edən müharibənin bitdiyi gün – 9 noyabr 2020-ci ildə axşama doğru atılan top mərmisinin yanına düşməsi nəticəsində
Fərrux şəhid
olur. İgid komandir 10 noyabr
– Qələbə günü
Kürdəmir rayon Şəhidlər
Xiyabanında dəfn edilib.
Tank bölüyü komandiri baş leytenant Fərrux Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın
azad olunmasına görə”, “Cəbrayılın
azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
***
Asta
basın o torpağa,
Orda şəhid
nəfəsi var.
Qan
qarışmış o palçıqda,
Sönmüş
şəhid həvəsi
var...
Qarabağda elə torpaq varmı ki, sənin sərt əsgər çəkmələrində
qabar bağlamış
ayağın o yerə
dəyməsin, düşmən
təpiyinin izini silməsin, Fərruxum? Şuşaya dəmir atınla qalxa bilməsən də, Şuşaya gedən yollarda bərə oldun, bənd oldun, səngər oldun, Fərruxum. O müqəddəs şəhərdə
rəzalətlə məğlub
olan və məğlubiyyətini həzm
edə bilməyən
düşmənin yeni
qüvvə ilə qayıdışına mane oldun,
Fərruxum. Qanınla suladığın o yol, bir parça
Vətən oldu, əyninə biçilmiş
kəfən oldu, Fərruxum. Elimin-obamın
ağıllı balası,
ədəb- ərkan,
mərdlik, qeyrət qalası, ata-anasının tək
oğul payı, qürurum, fəxrim, Fərruxum!
Dəfninin 40 - cı günündə
səssiz- səmirsiz göz yaşı tökən anan Səhərin hərbçi
yoldaşlarının gətirdiyi
əşyalarını, hərbi
geyimini bağrına basıb nalə çəkdiyini görən
andan, məzarın başında göz yaşı töküb sənin əfsanəvi qəhrəmanlığından, igidliyindən, insanlığından,
etibarından danışan
döyüş yoldaşlarını
dinlədiyim andan səninlə qürur duydum, fəxr elədim, Fərruxum. O gün- bu gün
heç kəsə anlada bilmədiyim bir hiss baş qaldırdı içimdə.
Adın çəkiləndə ürəyim
çırpınır, gözüm
dolur. Mən oğul anası
olmamışam, heç
bunun fərqinə da varmamışam. O
gün- bu gün sən mənim içimdə bəslədiyim, böyütdüyüm
oğlum oldun, Fərruxum. Sən mənim bağrıma basa bilmədiyim, laylay çala bilmədiyim balamsan, Fərruxum...
Anandan üzərində müharibə
izi olan əşyalarından
birini Dövlət tarix muzeyinə təqdim etmək üçün istəyəndə, əşyalarını
düzdü masanın
üstünə. Çəkmələrinə
yer qalmadı masada. Döşəmənin üstündə qalan çəkmələri qucağına
alıb, yaylığı
ilə sildi, öpdü, öpdü...İçimdən bir göynəlti keçdi.
İstədim deyəm ki,
ver mən də...Demədim, çəkindim, düşmən
balasını əlindən
alıb, xatirəsi ilə yaşayır, onu da mən
almayım əlindən,
- düşündüm. Ancaq səsimi heç kəs eşitməsə də içimdə bir layla çaldım:
Dərya qırağın
hanı?
Gəmi, durağın
hanı?
Ayaqqabını
sildim,
Oğul,
ayağın hanı?...
Səhər Hüseynova – Fərruxun anası: 2 övladımız vardı. İlkim qızdı - Ofelya. Qızım ailə qurub, iki uşağı var. Fərrux ikinci övladım, tək oğlum idi. Hərbçi ailəsində böyüyüb, ona görə də nizam-intizamlı, tərbiyəli, mülayim, məsuliyyətli uşaq idi. Biz hərbi şəhərcikdə yaşayırıq. Orta təhsilini də şəhərcikdəki 5 saylı tam orta məktəbdə alıb Fərrux. Əlaçı idi, səliqəli uşaq idi. Atası hərbçi olduğuna görə, hərbi nizam-intizamı uşaqlarına da sirayət etmişdi. Məktəbdə yaxşı oxumaqla yanaşı, ictimai işlərdə də fəal iştirak edirdi. Atası deyirdi ki, əgər oxumaq, təhsilini davam etdirmək istəyirsənsə, əlavə məşğələlərə get, yaxşı hazırlaş. Fərrux razılaşmadı. Deyirdi ki, özüm hazırlaşacağam. Atamın pulu ilə hazırlaşıb sonra qəbul ola bilməsəm xəcalət çəkərəm. Özü sərbəst hazırlaşdı. Bəzən tərəddüd etdiyi, çətinlik çəkdiyi məqamlarda müəllimlərinə müraciət edirdi. Onlar da Fərruxun suallarını həvəslə cavablandırırdılar. Əvvəllər tarix, coğrafiya fənlərinə meyli, marağı vardı. Son sinifdə fikrini dəyişdi, hərbçi olmaq istədiyini bildirdi. Etiraz elədik. Atası dedi ki, forma geyinmək xoşuna gələ bilər, ancaq bu işin çətinlikləri, məhrumiyyətləri çoxdu. İnad elədi. Həmişə sözümüzə, tapşırığımıza əməl edən Fərrux sənət seçimində sözümüzü yerə saldı. Sənədlərini H.Əliyev adına Ali Hərbi Məktəbə verdi. İmtahan verməyə gedəndə atası ondan gizlin dua edirdi ki, kaş imtahandan kəsiləydi. Ancaq Fərrux imtahandan gülə-gülə qayıtdı. Hələ naticələri məlum olmamış deyirdi ki, mən qəbul olmuşam. Ali Hərbi Məktəbdə çox ciddi qayda-qanun var. Fikirləşirdik ki, bəlkə dözməz, ancaq tez öyrəşdi. İmtahanlarını da yaxşı verirdi.
4 ildə 1 dəfə ondan şikayət, narazılıq eşitmədik. Hərbi məktəbi bitirəndə andiçmə mərasiminə getmişdik, çox qürurlu, sevincli idi.İxtisas seçimində də atası ilə hesablaşmadı,özü qərar verdi. Quru qoşunlarında tankçı kimi xidmət edəcəyini bildirəndə atası çox təlaşlandı: - Tankçı olmaq çətindi, ağırdı, rabitəni seç, - dedi. Fərrux yenə inad etdi...
Müharibə zamanı iki dəfə yaralanmışdı Fərrux. Birinci dəfə tankı vurmuşdular, tüstüdən zəhərlənmişdi. Dartıb tankdan çıxaranda ayağını çıxarıblarmış. Hospitalda ayılan kimi israrla döyüşə qayıdacağını bildirib. Həkim deyibmiş ki, ayağını öz yerinə salmışıq, hələ bu tezlikdə sənə hərəkət etmək olmaz. Zəhərlənmə qanına keçib, qan tamamilə təmizlənməmiş durmaq olmaz. Eşitməyib həkimi, qayıdıb hərbi hissəyə. İkinci dəfə tankı təkrar vurmuşdular. Tankın içində beyin travması almışdı. Atasına zəng eləmişdi ki, Füzulidə hospitaldayam. Atası yanına getməyə hazırlaşırdı. Mən də getmək istədim,Fərrux razılaşmadı. Ağlaya-ağlaya dedım ki, məni görmək istəmirsən? Dedi ki, yox. Çox pis oldum.
Səhər tezdən atası əmisi ilə yola düşdü. Gecə yüngül yaralıları Zərdaba köçürüblər.Fərrux yolda atasına xəbər verib ki, Zərdaba gəlin. Atasıgil Zərdaba çatanda, deyib ki, görüş saat 12-də olacaq. Ata,hələ vaxt var, qayıdın anamı da gətirin. Mən də evdə oturub, gözümü telefona zilləmişəm ki, məni balamla görüntülü danışdıracaqlar. Bir də baxdım ki, yoldaşım həyətdən çağırır ki,tez geyin, gəl, Fərrux səni istəyir. Dedim, bəs... ağlamaq tutdu məni.
- Anası, Fərrux sənə qıymadı ki, gedib ordakı ağır yaralıları görüb pis olarsan, xəstələnərsən. Burda nisbətən yüngül yaralılardı...
Oktyabrın 13-ü idi. Qucaqladım, qoxladım Fərruxumu. Gözlərin qaçırdı, ağzı səyriyirdi, güclü baş ağrıları vardı. Nə biləydim ki, son görüşümüzdü. Ayrılanda bir də qucaqlaşdıq:
- Ana, məndən nigaran qalma, əgər bir şey olsa ağlama, başını dik tut,
mənimlə fəxr elə! Bircə kəlmə de ki, Vətən sağ olsun! – dedi.
Çox yalvardım ki, müalicə olmamış getmə, sağal, sonra get. Dedi ki, ana, mən komandirəm, mənsiz o əsgərlər necə olar? Onların ata-anası yoxdu bəyəm? Vətən sağ olsun!
Həkim epikriz yazmışdı ki, başından travma alıb. Bakıya getməli idi. Biz evə qayıtdıq. Gecə yarısı atasına zəng gəldi, Fərrux idi:
- Sabah yanıma gəlməyin! Yanıma ön xəttən gələn var, mən onlarla döyüşə qayıdıram. Yalvardıq-yaxardıq ki, sağal, sonra get, yaxşı deyilsən. Eşitmədi bizi. Bölüyündəki əsgərlər deyirdilər ki, qayıdandan sonra huşunu itirib. Həkim yenidən xəstəxanaya qayıtmağı tələb edib. İynə-dərman edib, yenidən xəstəxanaya aparıb. Səhər yenə xəstəxanadan qaçıb, bölüyə qayıdıb. Dərmanları qəbul edib girirmiş döyüşə. Ətrafındakılar şəhid olmasına çox heyfislənirdilər...
Şuşanın alınması xəbərini eşidən kimi Fərruxa zəng vurduq. Atası dedi ki, oğul, sən burda hamının qəhrəmanısan. Uşaqlar sənin şəkillərinlə, bayraqla gəzirlər, bayram edirlər. Dedi ki, ata, bəlkə də inanmazsan, mən elə buranın da qəhrəmanıyam. Mənimlə də xeyli danışdı, çoxlu dua elədim. Dedi ki, ana, özündən muğayat ol! Cavab verdim ki, bala, sənə qurban olum, sən özündən muğayat ol! Biz rahat, sakit, isti evimidə oturmuşuq. Fərruxun xoşuna gəlmirdi ona “qurban olum” deməyimdən.
- Allah eləməsin,
mən sənə qurban olum. Qələbə lap yaxındadır. Unutma
ha, mənə bir şey olsa, başını dik tut! - dedi.
- Səni Allaha əmanət edirəm, bala! – kövrəldim.
Sabah açıldı atası ilə onun məhləsinə getdik. Həyaətdə xırda-para işlər
qalmışdı. Evdə hər
şey qaydasında idi. Başımı işə qarışdırsam
da, ürəyim sıxılırdı. Zəng elədik,
telefonu bağlı idi. Bir neçə dəfə
zəng vurduq. Atası Fərruxun verdiyi başqa nömrəyə
də zəng vurdu. Gördüm rəngi dəyişdi.
Dedi ki, hazırlaş, kəndə
gedirik. Təlaşla soruşdum ki,
nə olub? Dedi ki, Fərrux
yaralanıb... Kəndə - qayınatamgilə çatanda,
gördüm həyət
doludu adamla. Hamı ağlayırdı. Bildim ki,
Fərrux şəhid
olub. Maşından düşmədim ki, mənim oğlum ölməz.
Mənim oğlum axşam mənə söz verdi:
- Məndən narahat olmayın, mənə heç nə olmaz, - dedi. Atası, babası, dayısı getdilər dalınca.
Gedib görüblər ki, hələ meyid istidi, qanı axır, qanı kəsmir. Noyabrın 9-da müharibə dayanıb, geri çəkilmə əmri
verilib. Fərruxgil də tankdan
çıxıblar. Üstlərindəki
silah-sursatı çıxarıblar.
Birdən mərmi atılıb,
Fərrux yerə yıxılıb. Yoldaşları deyir ki, ondan
sonra güllə atılmayıb. Demək,
müharibə Fərruxun
şəhadəti ilə
qurtardı...
(44 günlük Vətən
müharibəsinin kürdəmirli şəhidlərinin
qısa, lakin şərəfli həyatından
bəhs etdiyim “Ölümü
ömür seçənlər”
kitabından bir parça)
Yaqut BAHADURQIZI
AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran
filialının müdiri, filologiya üzrə fəlsəfə
doktoru
Hərbi And.- 2022.- 7 yanvar.- S.16.