Gözlə bizi, tut
ağacı…
Evə
çatmağa az qalmış cib telefonuma
zəng gəldi. Tələsik ekrana
baxdım. Yaxın qohumum
Kamran idi. Salam-kəlamdan sonra dedi ki, bəs xəbərin
varmı, internetə girib kəndə baxmaq olur. Sonra da məni
heyrətləndirmək üçün hər şeyi birbəbir
izah etməyə başladı: «Sən eləcə, rayonun
adını yazıb, axtarış verirsən, bir azdan hər
şey ekrana gəlir. Diqqətlə baxanda
orada evləri, yolları, hətta cığırları belə
görmək mümkündür. Mən girib
baxdım, köpək uşağı ermənilər kəndin
bütün evlərinin
daşlarını söküb daşıyıblar. Hər yeri yandırıb dağıdaraq viran
qoyublar».
Kamrana
dedim ki, məlumata görə çox sağ ol. Amma indi yoldayam, geniş danışa bilmirəm,
evə çatan kimi internetə girib baxaram, sonra zəngləşərik.
Həyətə
girəndə adəti üzrə həmişə məni
qarşılayan oğlum
Araza dedim ki, ay bala, tez elə o kompüteri
aç internetə gir, kənddəki evimizə baxaq. Yazıq uşaq da heç vaxt biz tərəfləri
görməmişdi. Həmişə kəndimizlə
bağlı onu maraqlandıran müxtəlif suallar
verirdi. Soruşurdu ki, ata, sizin kənddə
çay var idimi, bulaq var idimi,
dağ-daş, meşə var idimi…? Məndən
bu xəbəri eşidəndə heç olmasa kəndimizi
internetdə görəcəyinə o da
sevindi.
Neçə vaxtdan bəri doğma yerlərə həsrət
qalmış qonşuları da çağırdıq
ki, gəlsinlər kəndə birlikdə baxaq. Az vaxt ərzində
hamımız kompüterin qarşısına
yığışdıq. Elə tələsirdik
ki, sanki hansısa maraqlı bir filmə baxacaqdıq.
İnternetə girib «Zəngilan» sözünü yazandan
sonra yavaş-yavaş dağlar,
dərələr gözlərimiz önündə
canlanmağa başladı. Evlər kiçik bir
nöqtə kimi, çaylar isə qələmin ağ vərəq üzərində
cızdığı nazik xətt boyda görsənirdi. Nəhayət, xeyli axtarışdan sonra
doğma kəndimizi «tapa» bildik.
O dərələri,
o torpaqları görən kimi özümdən asılı
olmadan gözlərim yaşardı.
Uşaqlığım keçən o yerlərə
neçə il idi həsrət
qalmışdım. Yaşanmış, arxada
qalmış, indi əlçatmaz olan o
çağlarda – qamış «atlara» minib
çapanda, bağ-bağatda oynayanda həmişə
gurultu eşidən kimi göydə uçan təyyarələri
axtarırdıq. Kim səmanın dərinliyində,
buludların arasında onu birinci görürdüsə qışqırıb
uca səslə «o samalyot mənimdir» – deyirdi. Daha
heç kim onun «malına» şərik
çıxa bilməzdi. Yoxsa
əməlli-başlı dava düşərdi.
Təyyarə səmanın dərinliyində
bir nöqtəyə qədər kiçilib gözdən itənə
kimi onu izləyir, sonra əl edib
«sağollaşırdıq». Həmin
illərdə təyyarələrə əlimiz
çatmırdı. Heç bilmirdik ki, onlar haradan havaya
qalxıb hara uçurlar, nədən
belə tələsirlər. Eləcə,
uzaqdan-uzağa onu «özəlləşdirirdik». Həmişə
ürəyimizdən o hündürlüyə
qalxmaq, oradan kəndimizə tamaşa etmək
keçirdi. Amma o
vaxtlar bu mümkün olan iş deyildi. Bu, sadəcə
olaraq biz uşaqların fantastik xəyalları,
ürəyindən keçən əlçatmaz, ünyetməz
arzu və istəkləri idi.
İnternetdə
kəndimizə baxanda otuz beş, qırx
il bundan əvvəlki günləri və
arzuları xatırlayıb yada saldım. Xeyli
kövrəldim, gözlərim yaşardı. O,
böyüklükdə kəndimiz indi internetdə bir
ovuc boyda, xım-xırda idi, gözümüzə çox
balaca görsənirdi. Bu anlarda
uşaqlıq arzularımdan biri – təyyarədən,
buludların arasından kəndimizə baxmaq istəyim
yadıma düşdü. Demək
olar ki, neçə illər əvvəl ürəyimdən
keçən bu arzuya çatmışdım. İndi internet vasitəsilə kəndimizə
göydən, özü də lap yuxarıdan, yüksək
bir zirvədən baxırdım. Bəlkə də
elə bu yüksəklik haradasa yerdən biz
gördüyümüz təyyarələr məsafəsi qədər olardı.
Amma mən göydə deyildim, yerdəydim, özü də
kənddəki evimizdən xeyli uzaqlarda.
Bu
tükürpədici kadrları bir az
böyüdəndə qarşımızda
açılan dəhşətli mənzərə lap
aydın görsəndi. Həkəri
çayının sahillərindən baxa-baxa
yavaş-yavaş kəndimizə tərəf «gəldik».
Ermənilər bir vaxtlar camaatın pambıq,
tütün becərdiyi tarlalarda indi nə isə
başqa bir şey əkmişdilər. Ağalı yeri
adlanan sahədə topa-topa yaşıllıqlar
gözə dəyirdi. Təbiidir ki, düşmən
burada nə pambıq, nə tütün, nə də
bostan məhsulları əkmişdi. Yəqin ki, ermənilər bizim gül kimi
torpaqlarımızı murdarlayıb burada narkotik
bitkilər becərirdilər. Başqa
nə əkəsiydilər ki?
Kənddəki evlərin divarları güclə görsənirdi. Yavaş-yavaş öz evimizə tərəf «boylandım». Başqaları kimi daşnaklar bizim də ata yurdumuzu yerlə-yeksan etmişdilər. Heç vaxt ağlıma gəlməzdi ki, neçə illər sonra evimizin uçurulub-dağılmış, xarabazara dönmüş mənzərəsini də görərəm. Demə, qismətimdə belə ağrı-acıları görmək var imiş. O vaxtlar ağlıma gəlməyənlər illərdən sonra günlərin birində başıma gəldi. Özü də çox gözlənilmədən gəldi. Oğlum Araza evimizi bu vəziyyətdə göstərdim. Nə etmək olar, yazıq uşağa kəndimizin gözəl, axarlı-baxarlı günlərini görə bilmədi. Onun da qismətinə bu faciəli səhnələri görmək düşdü.
Belə həyəcanlı anlarda çox da böyük olmayan həyətimizdə yaşıla çalan kiçik bir nöqtə diqqətimi cəlb etdi. Hər nə idisə aydın görsənmirdi. Axı, bu nə ola bilərdi? Ha fikirləşsəm də heç nə xatırlaya bilmirdim. Bir az çalışandan sonra həmin yaşıl nöqtəni böyüdə bildik. Yaxından baxan kimi yadıma düşdü, ötənlər bir an içində gözlərim önündə canlandı. Bu, mənim hələ orta məktəbdə oxuyarkən öz əllərimlə həyətimizdə əkdiyim tut ağacı idi. Ağacın yaman dadlı – bal kimi tutu olurdu, məhsulu da həmişə bol gətirirdi. Böyüdükcə də həyətə kölgəni lap gen salırdı. Qoyun-quzu da günorta istilər düşəndə tutun altına yığışıb gövşüyə-gövşüyə yatışırdı. Onun qol-budağı artıqca ev-eşiyə, qapı-bacaya yaraşıq verirdi. Yazıq anam da isti havalarda həmişə ağacın kölgəsində sac asıb çörək salardı. Sacın tüstüsü burum-burum göyə qalxar, ocaq çartaçart yanardı. Həmin gün bilirdik ki, anam axşama mütləq bizim qalın dediyimiz dadlı və yağlı çörək bişirəcək…
Tut ağacını görəndə çox sevindim. Bütün olub-keçənlər, yaşanıb arxada qalmış, yaddaşlara hopmuş günlər kino lenti kimi gözlərim önündən keçdi. Sanki bir anlıq kəndimizə baş vurub qayıtdım. Deməli, mənim sevə-sevə əkib becərdiyim, gövdəsini, budaqlarını oxşadığım tut ağacı hələ qurumamışdı. İyirmi beş ildir ki, qar-yağış suyu içə-içə susuzluğa dözüb qayıdışımızı gözləyir. Elə bil əkdiyim bu tut ağacı evimizin hələ də üst-üstdə tökülüb qalmış xırda-xuruş daşlarına, həyətin bərəkətli torpağına keşik çəkib onları qoruyurdu. Kaş biz qayıdana kimi tut ağacı saralıb qurumayaydı. Gərək biz də qaçqınlıq həyatına alışıb çox ləngiməyək…
Hərdən fikirləşirəm ki, insan üçün həyatda öz ev-eşiyindən doğma, əziz və qiymətli olan başqa bir yer varmı? Yəqin ki, hər kəs bu sualın cavabında astaca «yox» deyər. Mənim üçün də o kiçik həyətimiz, evimiz dünyada hər şeydən əziz və doğmadır. Onu heç nə ilə əvəz etmək, heç nəyə dəyişmək mümkün deyil. Bu həyətin hər tərəfində ayaq izlərim qalıb. Axı, mən o, həyətdə doğulmuşam, o həyətdə böyümüşəm. Bura mənim üçün yer üzünün ən gözəl, əvəzolunmaz bir guşəsidir. Bu həyətdə biz atamızı itirmişdik. Bütün sevincli günlərim, uşaqlığım da burada keçib. Hərbi xidmətə bu həyətdən getmiş, iki ildən sonra geri dönmüşdüm. Dünyaya göz açdığım bu həyətdə bir vaxtlar qardaşlarımın, mənim toylarımız olmuşdu. Bu evə gəlin gətirmişdik, xoşbəxtliymizi burada tapmışdıq.
İndi gözəl ev-eşiyimizin bu cür xarabalığa qaldığını, viranə olduğunu görəndə hansı hisslər keçirdiyimi yəqin çəkənlər yaxşı bilər. Mən təbiətcə qəddar insan deyiləm. Amma bu mənzərələri görəndən sonra adamın ürəyində düşmənə qarşı dəhşətli qisas hissi alovlanır. Hərdən öz-özümə sual verirəm ki, axı nəyə görə erməni gəlib bizim evimizə, həyət-bacamıza sahib durmalıdır? Buna onun nə haqqı var? Bu ixtiyarı ona kim verib, niyə verib? Nəyə görə axı erməni gəlib torpağımızı əlimizdən almalı, bizi doğma ocaqlardan didərgin salmalıdır? Dədə-babamızın məzarlarını dağıdıb təhqir etməli, evimizi uçurub dağıtmalıdırlar? Bunlara görə mən torpaqlarımıza soxulan erməni işğalçılarının başını «uf» demədən kəsər, aman vermədən gülləliyərəm.
Kəndi cəhənnəmə döndərən erməni qəsbkarları qəbristanlığa da əl «gəzdirmiş», buraları dağıtmış, ölüləri də rahat buraxmamışdılar. Quldurların ayaqları haralara dəymişdisə, həmin yerlər viran qalmışdı. Ətraf yüz ilin xarabalığına bənzəyirdi. Kəndimizi zəbt edən daşnaklar bağ-bostanların içindən bir-birinə yaxın torpaq yollar salmışdılar. Yolun biri də mənim izilərim qalmış bağımızın ortasından keçirdi. Bunu görəndə bir anlıq hiss etdim ki, ekranda gördüyüm o yol bağımızın yox, elə bil ürəyimin ortasından keçib gedir.
Burada min illər boyu dibinə qalın kölgə salmış ağaclar qırılmış, məhv edilərək yandırılmışdı. Sıx əkilmiş və başı buludlara dəyən söyüd ağaclarından, tut bağlarından və qalın kolluqlardan əsər-əlamət qalmamışdı. Yalnız uşaqlığımız keçən quzu otardığımız, futbol oynadığımız dərə-təpələr dəyişilməmişdi. Quru dərə, Gen dərə, Kiranlıq dərəsi, Qaratikan dərəsi onların yanındakı şiş təpələr, zirvələrindəki sıldırım qayalar olduğu kimi qalmışdı. Ermənilər onların üstündən heç nə qoparıb apara bilməmişdilər. Amma hiss olunurdu ki, dərə-təpələr doğma sakinləri üçün qəribsəyib. Çünki üzləri gülmür, sifətləri açılmırdı.
Öz evimizə diqqətlə baxdıqdan sonra qonşuların, qohumların da həyət-bacalarına göz gəzdirdik. Hər yerdə eyni mənzərə idi; dağıdılmış, uçurulmuş, yerlə-yeksan edilmiş, yandırılmış evlər. Kəndimiz müharibə meydanını xatırladırdı. Əslində isə burada ağır döyüş getməmişdi. Bir top, bir güllə də atılmamışdı. Eləcə, günlərin birində camaatı yalandan təlaşa salıb yerindən-yurdundan çıxarmışdılar.
Ermənilər kənddəki evlərin
daşını, dam örtüyünü, bir sözlə, nə
yararlı tikinti materialları var idisə, hamısını
söküb aparmışdılar. Apara bilmədiklərini
də yandırmışdılar. Yalnız ətrafa
dağılmış kiçik çarpanaqlardan
bilinirdi ki, burada nə vaxtsa ev olub.
Başqası baxsaydı, bəlkə də heç bunu
görməzdi. Sadəcə olaraq, biz kənd
camaatının evlərinin yerini
bildiyimizə görə axtarıb
baxırdıq ki, görək başqa həyət-bacalar
nə vəziyyətdədir. Hara, hansı tərəfə
baxdıqsa ürəkaçan bir şey görmədik.
Hər yerdə erməni vəhşiliyinin, erməni qəddarlığının
qanlı izləri var idi. Dilsiz, ağızsız daşlar da,
divarlar da yağıların əlindən qan
ağlayırdı. Uzaqdan da olsa, qulaqlarımıza onların qəmli
iniltisi gəlirdi. Dağlar, dərələr
inildəyib, pıçıldayıb öz sahiblərini səsləyirdilər.
Bizim qayıdışımızı,
dönüşümüzü intizarla gözləyirdilər.
İndi hərdən yenə də internetə girib kəndimizə,
evimizə, həyətimizə baxıram. Şükür, hələ
ki, tut ağacı qurumayıb, düşmənə təslim olmayıb. Məğrurcasına
dayanıb həyətimizə, uçurulub-dağıdılmış
evimizə keşik çəkir. Yolumuzu, gəlişimizi,
dönüşümüzü gözləməkdən
gözlərinin kökü saralıb. Ona baxdıqca
öz-özümə pıçıldayıram: “Quruma
tut ağacı, quruma! Yolumuzu gözlə, biz mütləq
qayıdacağıq,
mütləq o yerlərə dönəcək ermənilərin
söndürdükləri ocaqlarımızı yenidən
yandıracağıq…”
Vahid
MƏHƏRRƏMOV
Hərbi And.- 2022.- 7 yanvar.- S.14.