Qürur tariximizə şərəflə yazılan şəhid adı

 

Gəncənin məşhur tarixi göz xəstəxanasının qarşısında hər kəs iftixar hissi ilə bir dəqiqəlik ayaq saxlayır. Şəhid Hüseyn Quliyevin şəkildəki əzmli duruşu, nəinki onun qonşularına, ordan ötən hər kəsə 44 günlük Vətən müharibəmizin zəfərinin səbabkarlarını xatırladır. Elə Gülxar anaya zəng edəndə "balamın şəklindən ünvanımızı tapacaqsınız" demişdi. Ananın səsindəki qürur mənim Hüseyngilə gedən addımlarımı sürətləndirdi. Söhbətə tələsirdim.

İlk dəfə görüşməyimizə baxmayaraq, Gülxar ananı uzaqdan görən kimi tanıdım. Şəhid analarının hamısı bir-birinə bənzəyir: dik qamət, bəmbəyaz saçlar, "Vətən sağ olsun" deyən baxışlar. Elə Hüseynin atası da belə dedi: "Torpaq yolunda oğul itirməyimə heyifislənmirəm, qızım". İçəri daxil olan kimi məni Hüseynin divardan asılmış böyük portreti qarşıladı. "Hüseyn qonaqpərvər oğlanıydı, hamıya canı yanırdı. Küçədə iki uşaq dalaşanda həmişə zəifin tərəfində olurdu. Məktəbdə eləydi. Ona görə evimizə çox şikayətə gəlirdilər", acı gülümsəməylə söylədi Gülxar ana. Qonaq otağı Hüseynin xatirələri ilə bəzənmişdi: şəkillər, diplomlar, idmanda qazandığı medallar, hərbi geyimi. Diqqətimi universitet diplomu çəkdi. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 2020-ci il məzunu idi Hüseyn. Uşaqlıqdan arzusu prokuror olmaq idi. Məktəb vaxtı dərs oxumaqda zirək olan Hüseyn, bütün fənlərdən əlaçı idi. Elə şəhidlik zirvəsinə yüksələndən sonra təhsil aldığı Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə onun şərəfinə guşə yaradılıb.

Balaca Hüseyn valideynlərinin onun üzərində çəkdikləri əziyyəti heç vaxt hədər verməyib. İdman sahəsində uğurları ilə fərqlənməyi bacarıb. Elə bil balaca vaxtından qəhrəman olmağa hazırlaşırmış igid şəhidim. Həsən dayı oğlunun necə ağzıbütöv, mərd, cəsur, qorxmaz olduğunu vurğulayaraq "prokuror atası" kimi fəxrlə danışırdı. "Hüseyn ali məktəbə ayaq basanda universitetin yarısı onunla salamlaşırdı", ata oğlunun hörmət sahibi olmasından qürurla söz açdı. Valideynləri onun həkim olmasını istəsələr , qəhrəmanım ədalətin keşikçisi olmağını özünə daha çox yaraşdırırdı. "Sən demə, magistraturaya da qəbul olubmuş. Amma istəmədiyi ixtisas olduğuna görə bizdən gizlədib. Dostlarına deyibmiş ki, əsgərlikdən qayıdandan sonra yenidən hazırlaşacaq. Bəlkə də vətənə borcunu ödəmək üçün o, təhsilini davam etdirmək istəməyib". Gülxar ananın sözünü Həsən dayı davam etdirdi: "Elə həvəsliydi əsgər gedəcəyinə görə. Qapıdan uça-uça çıxdı, elə bil tələsirdi". Hüseyn cənnətə tələsirdi, Həsən dayı. "Hə, heç mənimlə də düzəməlli görüşmədi, onsuz da qayıdacağını söylədi. Dedi, arxamca hərbi hissəyə gəlməyin!" Gülxar ana həyəcanlı idi. Hələ də oğlunun yoxluğunu qəbul etmir. Əsgərlikdən qayıdacağını gözləyir, çünki Hüseyn geri dönəcəyinə söz vermişdi. "İndi də görürsən ki, arada qızlarıma Hüseynin gələcəyi ilə bağlı qurduğum planlardan danışıram. Onlar oğlumun gəlməyəcəyini deyəndə əsəbləşirəm. Deyirəm ki, deyin yaxşı, ay ana, gələcək. Axı Hüseyn şəhid olub. Şəhidlər isə heç vaxt ölmür". Hüseyn XTQ-nin əsgəri idi. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edirdi. Elə şəhid olmamışdan bir neçə gün əvvəl - 20 sentyabrda ailəsi ilə uzun-uzadı danışmışdı. Təxminən iki saata yaxın davam edən sonuncu telefon söhbətindən sonra anasına "deyəsən, mənimlə danışmaqdan yoruldun, ana. Niyə sağollaşmağa can atırsan?" demişdi. Gülxar ananın qulaqlarında indi oğlunun iki saatlıq səsi də qalıb. Hələ də oğluyla daha çox danışmadığının peşmançılığını çəkir. Həsən dayının ürəyində isə bir misgili var: "Şəhid olarkən yanındakı sirdaşını tapa bilmədik. Görəsən, Hüseynin son sözü, son istəyi nə olmuşdu?!" İndi atası oğlunun son nəfəsdə demək istədiklərini heç olmasa yuxusunda görüb eşitmək istəyir. Bəlkə Hüseynin atasından bir xahişi, bir arzusu, bir istəyi vardı?! Həyat ilə ölüm təzaddır. Hüseyn qəhrəmanlıq məktəbinin imtahanından alnıaçıq, mərd və fədakarcasına keçməyi bacardı. Döyüş bölgəsində ayağından yaralanan əsgər yoldaşını xilas etmək istəyərkən düşmən snayperinin gülləsinə tuş gəlmişdi.

 

Bir saatdan çox vaxt keçmişdi, nədənsə zamanın su kimi axdığının fərqində deyildik. Hüseynli xatirələr ata-ananın dilində dastana dönürdü.

 

"Elə xatirələr var ki, danışsan, gözəlliyi gedər". Ancaq Hüseyn barəsində yada düşən ən xoş anlardan söhbət etdikcə xatirələr daha da gözəlləşir. Şəhidin bacıları - GünelGülnar qardaş həsrəti ilə barışa bilməsələr də, birlikdə keçirdikləri gözəl vaxtları sevgiylə, təbəssümlə xatırlayırlar. Evin kiçiyi olsa da, bacıları Hüseyni böyük qardaş kimi qarşılayırdılar. "Hüseyn elə kişi xarakterli, ciddi bir insan idi ki, biz onu özümüzdən yaşca böyük hesab edirdik, hörmətini saxlayardıq, məsləhət alardıq". Günelin sözləri boğazında düyünləndi. "Yaxşı ki, heç olmasa ikimizintoyunu gördü, belimizi bağladı qardaşım". Şəkil çəkdirməyi sevmədiyindən qəhrəmanımın fotoları çox azdır.

 

Ciddi, mərhəmətli, eyni zamanda, sevgi dolu bir xarakterə sahib idi. Kiçik yaşlarında atası ilə dost olan Hüseyn, böyüdükcə anasına daha çox bağlanmışdı. "Ana mahnılarına yaman çox qulaq asardı. O, mənim xarakterimi daşıyırdı. Bir-birimizə çox bağlıydıq. Amma görünür, vətəni məndən daha çox sevirmiş" - Gülxar ana oğlunun torpağa olan məhəbbətini fəxrlə vurğulayır.

 

Sağollaşıb ayrıldım. Gülxar ana məhlələrinin qapısınadək məni ötürməyə gəldi. "Hələ başım dumanlıdı. Hüseyn Bakıda oxudu, sonra əsgər getdi, yanımda olmadı deyə hələlik yoxluğunu dərk eləmirəm. Sonra necə olacağını bilmirəm". Həzin payız mehi vurdu üzümə. Qapıdan çıxanda geriyə dönüb Gülxar ananı qucaqlamaq keçdi ürəyimdən. "Tək təsəlliniz onu vətən uğrunda itirməyiniz və 2913 şəhid anasıdır" dedim və bağrına qısıldım. Şəhid Hüseynin qoxusunu anasının isti nəfəsində duydum. Asta-asta küçələrindən ayrılırdım ki, payızın soyuq yağışı çisələdi. O anda anladım: bu yağış, şəhid analarının göz yaşıdır.

 

1999-cu ilin sərin bir yaz səhəri doğulmuşdu Quliyev Hüseyn Həsən oğlu. 2020-ci ilin bir soyuq payız gecəsi isə ölümün ən ali uca məqamına - şəhidlik zirvəsinə ucaldı.

 

Ali Baş Komandan, Prezident İlham Əliyev mədəniyyət beşiyimiz Şuşa şəhəri erməni işğalçılarından azad olunanda Şəhidlər xiyabanından bu xəbəri çatdırmağı təsadüfi deyildi. Ali Baş Komandan şəhidlərin ruhu qarşısında baş əyərək, onlara təşəkkürünü bildirmişdi. O, torpaqlarımızın qəhrəman oğullarımızın sayəsində geri qaytarılmasını vurğulamaq üçün məhz belə addım atmışdı. Bu, yaşından, irqindən, cinsindən asılı olmayaraq Vətən müharibəsində can qoyanlar üçün sağol idi. Bəli, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Çünki dövlət başçısının da dediyi kimi, Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaqtam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik.

 

Prezident hərbçilərlə görüşündə şəhid ailələrinə təsəlli verərkən ürək yanğısını nitqi ilə ifadə edirdi: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin qanını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı". Daha bir çıxışında vətən uğrunda şəhid olmuş insanların xatirəsinin əziz olduğunu, onların ailələrinə xidmət etməyi hər birimizin mənəvi borcu bilib. Bu, həm də o deməkdir ki, indi hər bir Azərbaycan oğlu, qızı şəhid valideynlərinin övladlarıdır. Onların qulluğunda vətən qarşısında olduğu kimi, müsəlləh əsgər tək dayanmalıyıq. Prezident İlham Əliyev şəhidlər haqqında nə qədər qəlb ağrısı, oğul itirən ailə başçısı kimi çıxış edirsə, bir o qədər də sözlərindəki məğrurluğu ilə onlarla iftixar hissi keçirdiyinihiss etdirir: "Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir".

 

Məhz igid oğullarımızın qəhrəmanlıqlarını qiymətləndirmək üçün onların şərəfinə medallar təsis olundu. Elə Quliyev Hüseyn də dövlət başçısının müvafiq sərəncamları ilə şəhadətindən sonra "Hərbi xidmətə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Şəhidin ailəsi tarixi qələbimizdə oğullarının da payı olduğundan fəxarət hissi keçirir. Onun geridə qoyduğu şərəfli ad hər kəsin yaddaşında əbədi həkk olunacaq. Çünki Hüseyn Bakı Dövlət Universitetində öyrəndiyi tarixi, indi özü yazdı. Yazdı, Vətənimizin şərəfini, xalqımızın başını ucaltdı!

 

Firuzə ƏLİYEVA,

BDU Yeni media Kommunikasiya nəzəriyyəsi kafedrasının I kurs magistrantı

 

Hərbi And.- 2022.- 28 yanvar.- S.11.