"Yoldaşlarına deyib ki, gəlin, paltarlarımızı təmizləyək, şəhadətə qovuşacağıq!"

 

Bu dəfə haqqında söz açacağım qəhrəmanımız Astaradan olan baş çavuş Orxan Sədail oğlu Babayevdir.

Babayev 24 dekabr 1994-cü ildə Astara rayonunun Lovayın kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə Astara rayon Aslan Hidayətov adına Lovayın kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub 2012-ci ildə məktəbi bitirib.

Təhsilin başa vurduqdan sonra bir müddət təssərrüfat işlərilə məşğul olub. 2013-2014cü illərdə həqiqi hərbi xidmətdə olub. 17 iyul 2014-cü ildə müddətdən artıq xidmət etmək üçün hərbiyə qayıdıb baş çavuş rütbəsində atıcı-qumbaraatan vəzifəsində xidmət etməyə başlayıb. 2020-ci ilin sentyabr ayında başlayan 44 günlük II Qarabağ müharibəsində Orxan da bir atıcı kimi döyüşlərdə iştirak edir Füzuli, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək, düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib.

Daha sonra qəhrəman baş çavuş Şuşa uğrunda gedən döyüşlərə iştirak edib.

Şəhidin anası Rzayeva Mayisə xanım deyir ki, ailədə 4 övladımız var. Böyük övladım İlkin, ortancıl Elvin, Şəhid Orxan balam  kiçik oğlum Qismət. Orxan  hərbini çox sevirdi, silahları sevirdi. O, millətinə, dövlətinə çox bağlı idi.

Dostları tez-tez Hacıqabuldan, Səlyandan, Neftçaladan gəlib bizi ziyarət edirlər. Oğlum dostuna yoldaşlarına çox sadiq övlad idi. Oğlum subay idi. Orxan şəhid olandan sonra bir qız gəlmişdi, dedi ki, bəs biz 3 ilə yaxındır sevgili olmuşuq. Çox mədəni, mərifətli qız idi".

Şəhidin atası Babayev Sədail bəy deyir  ki, onun ürəyinə danmışdı ki, o şəhid olacaq:

"Döyüş yoldaşı Rəsulov Fəxri bizə danışırdır ki, bir gün dedi gəl paltarlarımızı təmizləyək, üst - başmız təmiz olsun, şəhadətə qovuşacağıq.. Tank əleyhinə qumbaratan olub, bir neçə tank vurmuşdu igid balam. Döyüş zamanı yaxınlığına minamyotun zərbəsi nəticəsində minatanın döyüş vannası düşüb. Onu neçə metr uzaqlığa atmışdı, amma onda sağ qaldı, sonra şəhid oldu.  Dostları danışır ki, o odun içinə giribmiş döyüşdə, çox qorxmaz igid idi. 

Getmişdim məscidə, heç kimsə bizə ürək edib oğlumuzun şəhid olduğunu həmin gün demədi. Bacım oğlu dedi ki, yaralıdır.  Füzuli istiqamətində gedib təcili yardım maşını ilə gətirdilər oğlumu…(Red. ağlayır)

Orxan Daxili Qoşunların Xüsusi Təyinatlısı kimi xidmət etmişdi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin! Öz vətəni, torpağı uğurunda şəhid olub. Allah Prezidentimizin canını sağ etsin, onun sayəsində 44 günlük zəfəri yaşadıq!"

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Orxan Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Babayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Orxan Babayev ölümündən sonra "Vətən uğrunda" "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 

Aydın Tağıyev

Müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2023.- 7 aprel.- S.16.