Oğlunun şəhid xəbərini həbsdə
aldı: “Ona atalıq edə bilmədim”
Lent.az-ın
və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
– ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik. Layihəmizin növbəti
yazısı Cabbarov Şahgündüz Habil oğlu
haqqındadır.
Əslən Laçın rayonunun Oğuldərə kəndindən
olan Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə
rayonunun Mollalı kəndində anadan olub. Bərdənin
Meşəçilik qəsəbəsində yerləşən
Laçın rayon tam orta məktəbində təhsil
alıb. 2012-ci ildə Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin Qaz-neft və mədən
fakültəsinə daxil olur. Təhsilini
başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi
hərbi xidmətə yollanıb. Hərbi
xidmətdən geri döndükdən sonra Azərbaycan
Dövlət Neft Şirkətində qazmaçı kimi
işə başlayır.
Tovuz hadisələrindən
sonra hərbi komissarlığa gedərək adını
könüllü yazdıran Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də cəbhəyə yola
düşür. O, Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsi
zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və
Zəngilanın azadlığı uğrunda gedən
döyüşlərdə fəal iştirak edərək
şücaət göstərir. Şahgündüz
Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı
kəndi istiqamətində gedən döyüşlərdə
şəhid olur, Binə qəbiristanlığında dəfn
edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
Şahgündüz ölümündən sonra “Vətən
uğrunda”, “Füzulinin azad olunmasına görə” və
“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
olunub.
Kənd
qadınları mükafat alacaq – SƏBƏB
İnzibati
icraçı vəzifələr üzrə test
imtahanının nəticələri açıqlandı
Bu kəndin
sakinləri tonu 6 manata su almalı olur
2021-ci ildə Şahgündüz Cabbarovun “Gözləyin
dağlar, gəlirəm” adlı kitabı Qanun nəşriyyatında
çap olunub.
Məzar
başındakı hönkürtü…
Hava tutqun, yağış tək-tək ordan-burdan
maşının şüşələrinə döyəcləyir. Yenə
yaslı-yaralı, dərdli şəhid ailələrindən
biri ilə görüşə yollanırıq. Bu gedişimiz də bir istisna məqam var.
Şəhid
Şahgündüz Cabbarovun vaxtilə yaşadığı,
son dəfə anası, qardaşları, qohumları ilə
görüşüb sağollaşıb
ayrıldığı, sonra isə çiyinlər üzərində
tabutla gətirildiyi evdə bu gün ölümünün,
sonsuzluğa qovuşmasının üzərindən bir il ötür.
Şahgündüzgilin evinə çatanda eyvanda bizə
tərəfə boylanan uzunboylu, saçları
ağarmış, nəcim üzlü qadını, onun
simasını görən kimi onun Şahgündüzün
anası olduğunu anlayıram.
Şahgündüzün
vətən müharibəsi başlananda feysbukda
yazdığı statusları, bölüşdüyü
fikirləri xatırlayıram:
“Bunlar status xətrinə deyilən sözlər deyil. Yazdıqlarımı
sözbəsöz səfərbərlik xidmətinə istər
yazılı, istərsə şifahi şəkildə
bildirmişəm. əgər
işimlə əlaqədar müharibədə iştirak etməyimə
qanun icazə verməsə, istefa ərizəmi yazıb gedəcəm.
Allahın izniylə şəhidliyim sıradan
bir şəhidlik olmayacağına əminəm. Laçınlı günlər arzusuya”.
İyirmi
beş yaşlı gənc
Şahgündüz neftçi olduğu üçün
müharibəyə aparılmayacağından ehtiyat edir. Belə olacağı təqdirdə işdən
çıxmağa belə razı olur. Təki
döyüşsün, torpaqların alınmasında
iştirak etsin, adını atasından, anasından
eşitdiyi Laçına ayaq qoysun, hətta bu yolda şəhid
olsun.
Həyət qapısının üzərində
asılan üç rəngli bayrağın dalğasından
ötüb keçirəm. Həyətdə
qurulan mağarın ətrafına toplaşan qadınların
kədərli müşayiəti ilə evə girirəm.
Həqiqi adı Habil olan şəhid atası
özünü Kamil kimi təqdim edir və bizim də ona belə
müraciət etməyimizi istəyir.
Masa arxasında da ilk söhbətə başlayan
ağrı acılı, əziyyətli ömür
yaşamış şəhid atası, şair Kamil Vəfadar
olur.
Kamil bəyi ilk dəfə qaranlıq bir havada
Şahgündüzün məzarı başında
ağladığı yerdə çəkilən videoda
görmüşdüm. Atanın səhər yox, qaranlıqda məzar
başında ağlaması ilk anda təəccüb
doğursa da, sonradan bilmişdim ki, Şahgündüz şəhid
olan zaman Kamil bəy həbsdə olub. Həbsdən
çıxan kimi oğlunun məzarına gələn şəhid
atasının səsi, “məni bağışla oğlum”
dediyi sözləri, səsini bu günə qədər
unutmuram. Həmin səs məni fikirdən ayırır:
– Mənim
dörd oğlum olub. Gündüz ailənin
ikinci uşağı idi. O, çox məsuliyyətli,
diqqətcil, yaxşı uşaq idi. Allah elə
bil onu torpaq üçün yaratmışdı. O,
Laçını görməmişdi, amma elə
uşaqlıqdan Laçın, Qarabağ deyirdi. Həmişə mənə deyirdi ki, mən sizdən
qabaq gedib vətəni, Laçını görəcəm.
Vətənə çox bağlı idi. Xocalı qırğınının şəkillərini
görəndə hirslənirdi, özünü
bağışlamırdı. Deyirdi, nəyə
görə bizim uşaqlar belə olmalıdır. Şahgündüz elə digər şəhidlərimiz
kimi uşaqlığından fərqli olub, həmyaşıdlarından
seçilib. Onun qəribə
baxışları vardı. Həmişə
baxışlarında işıq, saflıq hiss edirdim. Sonralar döyüş dostları bizə gələndə
deyirdilər ki, torpaqlarımız işğaldan azad olunanda, hər
dəfə bir kəndi düşməndən xilas edəndə,
Şahgündüzün gözləri sevincdən, həsrətdən
alışıb yanırdı. O, ümumiyyətlə
uşaqlıqdan vətənpərvərliyi ilə
seçilirdi. Tək o, yox, uşaqlarımın
hamısını o ruhda böyütmüşəm. Amma Şahgündüz dördüncü, beşinci
sinifdə artıq mənə “biz Xocalının
qisasını nə vaxt alacayıq” kimi suallar verirdi. Məndən tez-tez soruşurdu ki, ata, biz niyə
uduzduq, necə oldu ki, oradan çıxdıq, Qarabağı
itirdik. Yəni o, bütün fikrini
Qarabağa cəlb etmişdi. Sonradan o, adi
bir telefonla Mübariz İbrahimov haqqında qısa film də
çəkdi. Orta məktəbdə oxuyan
uşağın Mübariz haqqında film çəkdiyi film
artıq onun vətənpərvərliyinin təzahürü
idi.
Gözləyin
dağlar gəlirəm…
Ölümündən sonra Şahgündüzün
haqqında “Gözləyin dağlar gəlirəm” adlı
kitab dərc olunur. Kitabda onun müharibəyə getməzdən
çox-çox əvvəl, müharibənin
başlanğıc ərəfəsində Qarabağ
haqqında yazdığı statuslar toplanıb. Üzərində Şahgündüzün şəkli
olan kitabı əlimə götürüb vərəqləyirəm.
Qarşılaşdığım sözlər,
cümlələr məni mütəəssir edir.
Kitabın
ilk vərəqi bu sözlərlə,
Şahgündüzün sözləri ilə başlayır:
“Nə farağatı, nə vətən sevgisini əsgərlikdə
komandirlərdən öyrəndim mən. Mən bu
dünyaya əsgər doğuldum. İnşallah,
Allahın köməkliyi ilə Vətən
qarşısında öz vəzifə borcumu layiqincə yerinə
yetirdikdən sonra əsgər kimi də gedəcəyəm!”
Şahgündüzün anası Simuzər xanım deyir
ki, oğlunun arzuları çox olub. Amma savada almaq, oxumaq eşqi də hər
zaman güclü olub:
– O,
çox istəyirdi ki, magistratura təhsilini başa vursun, Təhsilini
xaricdə davam etdirib alimlik dərəcəsi alsın. Həmişə
deyirdi ki, mən otuz beş yaşımda
alimlik dərəcəsi alacam. Amma bir
sözü də vardı ki, müharibə başlanan kimi hər
şeyin üstündən xətt çəkəcəm.
– Dörd
oğlunuz olub, qızını yox. Bu
baxımdan ana kimi sizin yəqin ki, məişətdə
çətinlikləriniz olub. Şahgündüz ev işlərində sizə əl tuturdu?
– O qədər
kömək edib ki. Mən belimdən əməliyyat
olunmuşdum. Bu səbəbdən də
işləyə bilmirdim, yerdə yatırdım. Səhərlər o, işə gedəndə, ürəyim
durmurdu, yerimdən qalxıb, ona səhər yeməyi
hazırlamaq istəyirdim. Çox narahat
olurdu, deyirdi niyə oyanmısan, çıx get yat. Hələ bir dəfə yadıma gəlmir ki,
Şahgündüz məni hansısa məsələdə
yorsun. Çox təmiz, səliqəli
uşaq idi. Hərdən zarafatla deyirdim ki,
evlənin, yüküm azalsın, gülürdü deyirdi,
onun da vaxtı var. Amma sən heç nə eləmə, qoy,
öz işimizi özümüz görək. Hərdən
mən özüm ona deyirdim ki, sən niyə belə edirsən,
əlli yaşlı adam kimi
özünü hər yükün altına verirsən. Çox vaxt fikri verirdim ki, Şahgündüz
işlərini tələsik edir, hər şeyə tələsir.
Ölümə
doğru
Söhbətimizə
qulaq asan, zahirən qardaşı Şahgündüzə
oxşayan, səssiz-səmirsiz Ülvi qoşulur bizə
– Şahgündüzlə yol yoldaşlığım
çox olub.
Ötən il iyul hadisələrindən
sonra onunla döyüş bölgələrinə yaxın
rayonlara getdik. O, əsgərlərlə saatlarla söhbət
edir, əlində olan pulla onlara ərzaq məhsulları
alıb verirdi. Əsgərlərə öz
doğması, yaxını kimi davranırdı. Bir neçə dəfə isə
Şahgündüz özü mənə demişdi ki, ən
böyük arzum şəhid olmaqdır.
Söhbət zamanı tez-tez Kamil bəyin dolub boşalan
gözlərinə, oğlunun ölümündən sonra
ağaran saçlarına, dərddən alacanan gözlərinə
baxıram.
Bayaqdan bəri soruşmaq istədiklərimi bir suala
sığışdırıb ona ünvanlayıram:
– Bildiyimə
görə siz oğlunuz şəhid olanda həbsdə
olmusunuz. Oğlunuzun məzarı üzərinə isə onun
qırx mərasiminə bir neçə gün qalmış gəlmisiniz…
–
Doğrudur. Mən Şahgündüz şəhid
olandan otuz altı gün sonra həbsdən
çıxdım. On bir il, altı
ay həbsxanada yaşamışam. Şahgündüz
müharibəyə gedəndə həbsxanaya gedəndə gəlib
mənimlə görüşdü, halallıq da aldı.
Açığı mən ona getmə demədim.
Heç deməzdim də. Çünki
deməyimin xeyri olmazdı. Bilmirəm, bəlkə
də olardı.
– Sizinlə
görüşəndə nə dedi?
– Dedi mənim
cəbhəyə getməyimlə bağlı bir az problem var. Neftçiləri aparmırlar. Amma çalışacam gedim. Mən də
xeyir-dua verdim, dedim, kaş ki, mən də çöldə
olardım, səni yola salardım. Amma yenə
deyirəm, getmə demədim. Çünki
balaca vaxtlarından uşaqlarımı başqa cür
böyütmüşdüm, onları hələ bir dəfə
də olsun isti su ilə yuyunmağa qoymamışam. Onlara deyirdim ki, siz gələcəyin əsgərlərisiniz.
Uşaqlarımı hər gün əlləri
ürəklərinin üstündə himn oxuda-oxuda
böyütmüşəm. O cür tərbiyədən
sonra mən Şahgündüzə getmə deyə bilməzdim.
Atasından ayrılandan sonra Şahgündüz yenidən
hərbi komissarlığa müraciət edir. Ancaq onu cəbhəyə
aparmırlar. Belə olan halda o,
doğulduğu Bərdə şəhərinə gedir və ərizə
yazaraq işdən çıxdığını,
neftçi olmadığını bildirir. Ancaq bundan sonra onu cəbhəyə qəbul edirlər.
Elə həmin ərəfədə Bərdə
şəhərinə çoxlu sayda yaralılar gətirirlər.
O, yaralı əsgərlərə qan verir, onlara köməklik
göstərir. 2020-ci il oktyabrın 1-də
çoxdan arzuladığı Qarabağ uğurundakı
savaşlara qatılmağa nail olur. Müharibə
zamanı tez-tez ailəsinə zəng vurur, narahat olmayın,
torpaqlarımızı alırıq sözlərini deyir.
Simuzər
xanım deyir ki, oğlu ona zəng edəndə, ancaq onu sakitləşdirir,
qorxmaması üçün bərk-bərk xahiş edir:
– Mənə
deyirdi ki, narahat olma, mən arxa cəbhədəyəm. Təhlükləli yerlərdən uzağam. Amma sən demə ön cəbhədə və
qabaqda gedirmiş. Sonuncu dəfə ölümündən
bir, iki gün əvvəl, oktyabrın 23-də zəng vurdu,
dedi, ana, mənə bir neçə gün zəng
çatmaya bilər, qəti narahat olma. Sonra
şəkillərini yolladı. Baxdım
ki, çox qaralıb. Dedim bəs mənə deyirsən
ki, arxa cəbhədəyik, sən nə yaman qaralmısan. Nə
bilim, məni o qədər arxayın salmışdı ki,
inanmırdım ona nə isə ola. Amma bilirdim ki, o, geridə qalan, təhlükədən
yayınan deyil, əksinə odun alovun üstünə gedəcək.
Qubadlı işğaldan azad olunan gün
çox rahat oldum. Dedim, daha balama
heç nə olmaz.
Yara
Şahgündüzün
şəhid olma xəbərini ailədən ilk alan adam isə Ülvi olur:
-Şahgündüz oktyabrın 24-də başından dəyən
qəlpə yarasından şəhid olur. Əmim oğlu Elşən
zəng vurdu, mənə dedi, Gündüz yaralanıb, dur gəl
bizə. Mən anam eşitməsin deyə bayıra
çıxdım, dedim, şəhid olubsa, de, məni aldatma,
Dedi, yox, yaralıdı. Ora gedəndən sonra bildim ki, şəhid
olub…
Simuzər xanım deyir oğlunun ölümünə
heç vaxt inanmır. Hətta oğlunun cənazəsi evə gətiriləndə
belə bu inamı qoruyub saxlamaq üçün oğlunun
üzünü açıb baxmır:
– O biri
oğlum gəldi, çox arxayın səslə dedi ki,
Gündüz yaralanıb, gedirik xəstəxanaya. Məni də özü ilə götürdü.
Heç ağlıma gəlməzdi. Getdik qaynımgilə. Yolboyu
içimdə bir ümid vardı. Deyirdim
nə yaxşı yaralanıb. Lap qolunun,
qılçının biri olmasın, amma sağ olsun. Düşündüm ki, əgər o, şəhid
olubsa, evə gətirərlər, məni aparmazlar. Qaynımgilə çatanda da inanmadım, qəbul
edə bilmirdim. Ağlayanlara
acığım tuturdu. Sonra tabutu
qapımıza gətirdilər. Mən yenə
inanmadım, dedim, onun üzünü açmayın.
– Niyə
– Ona görə ki, mənə elə gəlirdi ki, ona heç nə olmayıb, açsalar da oradakı Gündüz olmayacaqdı. Özümü aldadırdım… Onun üzünə baxa bilmədiyim üçün mən elə bilirəm ki, Şahgündüz indi haradasa yaşayır. Amma uşaqlarım, yoldaşım onun üzünü açıb baxdılar (kövrəlir). Mən elə bilirdim ki, Şahgündüzdən sonra onun ilinə qədər, bu günə sağ qalmaram. Amma hər dəfə dərd çəkəndə, ağlamaq istəyəndə, Şahgündüz gəlir durur gözümün qabağında. Elə bilirəm ki, ağlayıb, sıtqasam, onun ruhu məndən inciyər.
Həmsöhbətlərimin içərisində Şahgündüz şəhid olanda ən çətin məqamları yaşayan Kamil bəy olur. O, oğlunu itirməklə yanaşı, həm də azadlığını itirmişdi axı. Məhbəsdə o, oğul itkisinin acısını bumbuz, soyuq divarlar arasında təkbaşına qarşılayır. Bu dərdlə başbaşa qalan ata, oğlunun qoxusunu bir də otuz altı gündən sonra onun məzarı üzərində qalalanan torpaqdan alacaqdı. Ağır da olsa, ata həmin günləri yadına salır:
– Oktyabrın 26-da mənə həbsxana işçiləri Şahgündüzün yaralanması barədə xəbər verdilər. Adətən şəhid xəbərlərini onun ailə üzvlərinə yaralı adı ilə deyirlər. Mən bunu bilirdim… Evə zəng vurdum, elə bildiyim də həqiqət oldu. Onun qırxına dörd gün qalmış azadlığa çıxdım. Oğlumun məzarına gəldim. Mən Şahgündüzün şəhid olmasına zərrə qədər də heyfsilənmirəm. Amma bircə şey məni yandırır, ona atalıq edə bilmədim. Ondan başqa heç nəyə təəssüflənmirəm. Vəssalam.
Həsrət
Oğlu vətən üçündür. Mən oğul dərdinə dözürəm. Amma onu atasız qoymağıma, onun bir zamanlar mənim həsrətimlə yaşamasına dözə bilmirəm.
Övlad yarası heç vaxt qaysaq tutmur, bu yaranın qanı həmişə axır. Amma başıaşağı yaşamaqdansa, ağrı ilə yaşamaq daha yaxşıdır. İnanın ki, Şahgündüzün şəhid olma xəbərini eşidəndə, mən allaha şükür etdim ki, Allah bu xalqı başqa millətin övladının ümidinə qoymadı. Bizim oğullarımızı allah yetişdirdi, bu yaşa gətirdi çıxardı, onlar da gedib can bahasına torpaqlarımızı azad etməliydilər.
Bayaqdan biz söhbət etdikcə gözlərinin yaşını yaylığının ucu ilə silən, deyilən sözlərin hamısını başı ilə təsdiq edən yaşlı, nurani sifət qadına müraciət edirəm. Kamil bəyin xalası olan qadın Nübar xala, israrıma rəğmən danışmaq istəmir. Qapıdan çıxıb sağollaşanda, Nübar xala mənə yaxınlaşıb gözlərindəki yaş gilələri ilə bərabər pıçıldayır:
Ağam gəl, ay ağam gəl,
Ölməmişəm, sağam gəl.
Boynumda qəm zənciri,
Yolunda dustağam gəl.
Samirə
Əşrəf
Hərbi And.-
2023.- 7 aprel.- S.12-13.