Deyirdi, bəylik kostyumu mənə necə yaraşırsa, şəhidlik də o cür yaraşar!”

 

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsinin növbəti şəhidi Sahil Rasim oğlu Məmmədovdur.

Sahil Məmmədov 7 iyun 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Qaraçuq qəsəbəsində anadan olub. 2001-2005-ci illərdə Qaraçuq kənd orta məktəbində, 2005-2009-ci illərdə isə H.Əliyev adına tam orta məktəbdə təhsil alıb. 2009-2012-cı illərdə H.Əliyev adına Hərbi liseyə daxil olub. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə həmin məktəbin "motoatıcı" ixtisası üzrə bitirib. 2016-cı il iyul 4-də Müdafiə nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün  “N” saylı hərbi birləşmənin snayper bölüyündə bölük komandirinin müavini, 2019-cu ilin mart ayında “N” saylı hərbi hissədə Həmlə taborunda taqım komandiri vəzifəsində xidmət edib. Ailəli idi, bir qız övladı yadigar qaldı.

Şəhidin atası Məmmədov Rasim bəy deyir ki, Sahilgil 7 sentyabr 2020-ci ildə Göygölün Toğana kəndi istiqamətində təlimlərdə oldular. Mütəmadi olaraq əlaqə saxlayırdıq:

Sual edirdim vəziyyət necədir? Deyirdi, hər şey əladır. Dedi, taksiyə zəng eləmişəm evə qayıdıram bura çox dumanlıdır. Taksi gəlməyib, deyib bura qalxa bilmirəm, duman oturub yerə göz gözü görmür. 3500 metr hündürlükdə idi. Heç həyat yoldaşına deməmişdi ki, sabah müharibədir. Sadəcə bir mesaj yazmışdı ki, “mənə zəng çatmasa, narahat olmayın”. 28-i buna zəng çatmadı, gəzmədiyim yer qalmadı, balamı axtarırdım. Fikirləşdim ki, ola bilər mühasirəyə düşüblər. Şəmkir korpusunda bir nəfər naxçıvanlı zabit dedi ki, onlar neytral zonada qalıb, şəhid olublar. Balamı axtardıq, inanmadıq şəhid olar, hətta hərbi prokurorluğa getdim. Goronboya kimi getdim, orada mənə Müdafiə Nazirliyndən məlumat verdilər.

Qızım zəng etdi ki, anamın vəziyyəti yaxşı deyil. 2020-ci il 26 noyabrda qayıtdım evə gəldim. 2020-ci il dekabrın 3-də hərbi prokrorluqdan zəng etdilər ki, bəs uşaq müəyyən edilib. Oğlumla, gəlinim getdi Gəncədəki evi boşaltdılar. Balaca oğluma dedim, get, hərbi prokurorluqda gözləyirlər.

68 gün yüksəklikdə, qarın altında qalıblar. Qarşı postdan minamyotla vurmuşdular, boğazından yaralanmışdı, bronjletini deşmişdi. 10 saat atışma olub, sübh tezdən, hardasa, 6 radələrinə kimi, həmin gün şəhid olub. Bakıya gətiriləndə həyat yoldaşı deyib ki, mən görməmiş inanmaram. 2020-ci il dekabrın 4-ü tapıldı, 7-si Naxçıvanda dəfn edildi. Sahil balam 68 gün sonra torpağa tapşırıldı...”

Şəhid anası Məmmədova Sahilə xanım bildirir ki, ailədə şəhidimizlə birgə üç övladımız var, iki oğlan, bir qız:

"Böyük qızımız Rasimə, ikinci övladımız Sahil, üçüncü övladımız Amil. Şəhidimizin övladı Şəms 2018-ci ildə Naxçıvan şəhərində anadan olub, 5 yaşı var, bağçada təhsil alır. Sahil çox savadlı uşaq idi. 100 nəfərin içində ən seçilmiş uşaq idi. General-mayor Polad Həşimovla Tovuzda bir yerdə döyüşmüşdü. Deyirdi, Polad Həşimov bizim yeməklərimizi çəkir, kompotlarmıza kimi süzürdü. Çox sadə insan idi. Oğlum deyirdi ki, bəylik kostyumu mənə necə yaraşırsa, şəhidlik o cür yaraşar!

Kiçik əmisi hərbçi idi. O, polkovnik əmisini gördükcə deyirdi, mən də hərbçi olacağam. Bütün nəslin ilk oğul övladı idi. Gözəl rəssam idi, yaxşı gitara çalırdı, mükəmməl inglis dili bilirdi. Bütün qohumlarmızın toy şəkillərini qara qələmlə çəkərdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onlar bir mələk imiş, heç bilməmişik mələklə bir evdə yaşamışıq. Şəhidlər hamısı seçilmişlər idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, amin!

Hazırda Naxçıvan şəhərində adlarına heçyoxdur. Adına Bakıda yerləşən orta məktəblərin birində sinif otağı veriblər. Ailəmizin şəxsi vəsaiti hesabına Qalada adına abidə bulaq kompleksi tikdirmişik. Hazırda öz təşəbbüsümüzlə 9 nömrəli məktəbin yanında abidə-bulaq kompleksi tikdirəcəyik”.

Azərbaycan Ordusunun əsgəri Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. 28.09.2020-cu il tarixində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.. 68 gün sonra nəşi tapılaraq 07.12.2020-ci il tarixində Naxçıvan şəhəri Qaracuq qəsəbəsində dəfn olunub.

Məmmədov Sahil Rasım oğlu Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə bağlı Yubiley medalına layiq görülüb. 44 günlük Vətən Müharibəsində döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə isə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “İgidliyinə görə”, “Kəlbəcərin alınmasına görə” medalları və “3-cü dərəcəli Rəşadət medalı ilə təltif edilib.

Ruhun şad olsun, əziz qardaşım!

 

Aydın Tağıyev

Müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2023.- 14 aprel.- S.5.