Bir ömrün
payızı
Yollar, istiqamətlər
fərqlidir. Hər kəsin doğulub
boya-başa çatdığı,
yaşadığı ünvan,
eləcə də hər kəsin fərqli arzuları, istəkləri var. Kimsə
bir-birinə bənzəməz.
Amma bu həyatda elə dəyərlər var ki, o dəyərlər
insanları özündə
bir yumruq kimi birləşdirər.
Babək
rayon Nehrəm qəsəbəsi
tarixi yaşayış
məntəqələrindən biridir. Bu tarixi
torpağın sakinləri
hələ 1918-ci ildə
ermənilərin yaxşıca
dərsini verib, elə gəldikləri yerə də yola salıblar. Silah-sursat cəhətdən zəif
olsalar da, nehrəmlilər hünərləri,
qeyrətləri və
camaatın birliyi sayəsində məlun Andranikin ayağının
Nehrəmə dəyməsinə
yol verməyiblər və ermənilər Yaycıda törətdiyi soyqırımı siyasətini
burada həyata keçirə bilməyiblər.
Bugünkü yazımızın qəhrəmanı
Ümüd Niftəliyev
20 oktyabr 1998-ci ildə
Nehrəmdə dünyaya
göz açmışdır. 1918-ci ilin hadisələrindən
illər ötsə də, ermənilərin torpaq iddiası bitməmiş, "böyük
Ermənistan" yaratmaq
xülyasından əl
çəkməmişdilər. Torpaqlarımız işğal altında
idi. Qarabağ Ümüdün yaşadığı Nehrəm
qəsəbəsindən çox-çox
uzaqlarda idi. Ümüd oxuduğu Nehrəmə qonşu olan Araz kənd tam orta məktəbində fəal şagirdlərdən
sayılırdı. O, yaxşı müəllim,
həkim, mühəndis
ola bilərdi.
Amma Ümüd artıq öz yolunu seçmişdi. Bu yoldan onu heç
bir qüvvə döndərə bilməzdi.
Sənədlərini Naxçıvan
şəhərindəki Heydər
Əliyev adına
Hərbi Liseyə verir və məqsədinə
çatır. Yüksək balla liseyə qəbul olur.
Anası Fizzə xanım deyir ki, zəif
olduğuna görə
hərbçi olmağını
istəmirdim. Həmin vaxt ağlıma
da gəlməzdi ki, bu cansız,
zəif uşaq böyüyüb qəhrəman
olacaq, Qarabağ uğrunda, torpaq yolunda canın verəcək. Demək insan
peşəsini sevirsə,
o yolda qalib olmağı da bacarır. Atası Oruc Niftəliyev oğlundan qürurla bəhs edir: "Ümüd ailəmizin ikinci övladı idi. Liseyi bitirdikdən
sonra Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbinə (indiki
Heydər Əliyev adına Hərbi İnstitut) motoatıcı
ixtisası üzrə
təhsilini davam etdirib. Müharibə başlayanda sentyabrın
29-u Ümüd mənə
zəng vurdu ki, ata, evdəkilərə
bildirmə, mən də gedirəm. Nigaran qalsam da, xeyir-duamı
verdim. Oğul düşmən çəpəridir. Bizə ancaq
onlara dayaq durmaq düşər".
Leytenant Ümüd Niftəliyev Füzuli, Cəbrayıl istiqamətlərində
gedən döyüşlərdə
iştirak edir. Son döyüş yeri Şuşada olur. Leytenant ailəsinə xoş müjdəli bir savaşdan pay verir. Zəfərdə payı olan
Ümüd Niftəliyev
"Şuşanın azad
olunmasına görə"
medalı ilə təltif edilir. Qəhrəman döyüşçü təhsilinə davam edir. 2021-ci ildə ali təhsilini
müvəffəqiyyətlə başa vuran Ümüd Naxçıvana
ailəsini görməyə
gəlir. Bacısı İlkanə
deyir ki, yoldaşlarının şəhid
olması ona çox pis təsir eləmişdi. "Burada olarkən
tez-tez şəhid məzarlarını ziyarətə
gedərdi. Kəndimiz Birinci
və İkinci Qarabağ müharibəsində
13 şəhid verib.
Şəhidlərdən biri Ümid
Məmmədov qardaşımın
yaxın dostu idi. Onun itkisini Ümüd
qəbul edə bilmirdi".
2021-ci ilin oktyabrından
leytenant Ümüd Niftəliyev Laçında
xidmətini davam etdirir. Anası Fizzə xanım
deyir ki, bizimlə tez-tez əlaqə saxlayardı.
Amma noyabrda zəngləri azalmışdı, nigaran
qalırdıq. Noyabrın 15-i son danışığımız oldu. Dedi ki, bir az baş qarışıqdı, məndən
nigaran qalmayın, özünüzdən muğayat
olun.
2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısını alarkən Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusundan biri leytenant Ümüd Niftəliyev olur. Doğulduğu torpaqda son mənzilə yola salınır. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunan Ümüdün gedişi hər kəsin qəlbində bir daha əminlik hissi yaradır. Hər kəs əmin olur ki, bundan sonra da can, qan bahasına olsa belə, düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq, sərhədlərimiz etibarlı şəkildə qorunacaqdır.
Ümüdü son mənzilə yola salanlar arasında həmin vaxt hərbi xidmətdə olan qardaşı Sərxan da olur. Qardaşının itkisi Sərxan üçün ağır olsa da, həm qardaş kimi, həm bir əsgər kimi qürur duyur. Vətən müharibəsindən qəhrəman kimi dönən qardaşı ordu sıralarında şərəflə xidmət etmiş, düşmənin qabağından geri çəkilməmiş, Vətən yolunda canını fəda edərək daha ali məqama-şəhidlik məqamına yüksəlmişdi.
Bu gün Sərxan hərbi xidmətini başa vuraraq evinə qayıdıb: "Ümüd arzusuna çatdı, torpaqlarımız işğaldan azad oldu. Ümüd yoxdursa, mən varam, hər an Vətənin müdafiəsinə hazıram".
Qapının girişində Oruc kişi Ümüdün adına bulaq tikdirib. Deyir ki, şəhid unudulanda ölür. Qoy yoldan keçənlər bu sudan icib, şəhidimi ansınlar, ruhuna dualar etsinlər. Ümüd heç vaxt unudulmasın.
Ümüd bir
payız günü dünyaya
göz açıb. Bir
payız günü də bu
dünyayla vidalaşdı, əbədiyyətə
qovuşdu. Payız ilin
elə bir vədəsidir ki,
yarpaq tökümü
başlayır, təbiət donunu dəyişir,
havalar soyuyur,
insanların canına bir üşütmə
gəlir. Lakin 2020-nin payızı qəlbimizə,
ruhumuza elə bir istilik, elə bir zəfər
sevinci bəxş etdi
ki... O zamandan payız
başqa payızdır,
yağışlı, çiskinli,
küləkli deyil, həm də qələbə
ətirlidir, zəfər müjdəlidir, gələcəyə
ümiddir. Nə qədər ki, məğrur xalqımız, yenilməz ordumuz var, Ümüdlər
də hər zaman var
olacaqdır!
Ruhiyyə RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
Hərbi And.- 2023.- 3 fevral.- S.16.