“Həmişə əsgərinin
yanında olan Polad Həşimov dünyaya böyük mesaj oldu" - Həyat
yoldaşı
General-mayor Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt
şəhərində əvvəlcə 28 nömrəli,
sonra isə 33 nömrəli məktəbdə alıb. 1992-ci ildə isə
M.Müşfiq adına 34 nömrəli tam
orta məktəbdən məzun olub. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirərək, peşəkar hərbçi olub.
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş
Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov
1995-ci ildə oranı "Motoatıcı" ixtisası
üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı
Qüvvələrin Hərbi Akademiyasına daxil olub və
2016-cı ildə "hərbi idarəetmə" üzrə
magistr dərəcəsi alıb.
Polad Həşimov 2003-cü ildə mayor rütbəsində
Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi
xidmətlərə görə” medalı ilə təltif
edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq
polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı
ilə “Vətən uğrunda” medalı ilə təltif
olunub. 2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif edilən Polad
Həşimov, 2016-cı ilin Aprel döyüşlərində
göstərdiyi şücaətə görə 2-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə
mükafatlandırılıb.
Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə
boyu baş verən döyüşlər zamanı
Talış qəsəbəsi uğrunda gedən
döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi
olub və döyüş vaxtı yaralanıb. 2019-cu il
iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi
rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin
3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. Ailəli idi, üç övladı var.
Polad Həşimov 2003-cü ilin sentyabrda Ofeliya Salmanova
ilə ailə həyatı qurub. Onların Davud və
Teymur adında oğulları, Aybəniz adında isə
qızları var.
General-mayorun həyat yoldaşı Salmanova Ofeliya
xanım Bakı şəhəri üzrə Təhsil idarəsində
məsləhətçi kimi çalışır. Həyat yoldaşı deyir
ki, onlar ailə qurduqları ilk illərdən həmişə
Polad Həşimovun yanında olub:
“Ən böyük arzum həyat yoldaşım
haqqında kitab yazmaqdır. Mən onun bütün
ömrünə şahidəm. Xoşbəxtəm
ki, onun həyatının ən qaynar, xidmətinin ən həlledici
illərində addım-addım yanında olmuşam. O,
sirr danışmağı sevməzdi, onun həyatının
ən böyük arzusu torpaqları azad görmək idi.
Həmişə deyirdim ki, mən zabitlərin
ayağında o sarı batinkaları görmüşəm
niyə onlardan geyinmirsən? Cavab vermirdi, həmişə
sadə batinka geyinərdi. Bir dəfə
evdən götürüb o batinkaları kiməsə hədiyyə
etdi. O, çox sadə insan idi, elə məhz sadəliyində
idi onun böyüklüyü.
Biz nişanlananda 10 ildi ki, Murovdağda xidmət edirdi. Həmin vaxtı batalyon komandiri
idi. O, çox sürpriz dolu insan idi. Mən
magistraturada oxuyurdum. Bir gün qapı
döyüldü, gördüm Polad. Deyir, komandir məni
Gəncəyə göndərmişdi, mən də dedim gedim
Ofeliyanı görüm. O zamanın içində zaman yaradan
və çox güclü insan idi. İstədiyi
hər şeyi əldə edə bilərdi. Əgər onun ürəyi məni istəyirdisə,
gəlib məni görüb gedəcəydi. Ailəsinə, uşağına çox
bağlı insan idi. Allah müqəddəs kitabında
buyurur: mən dilədiyim bəndəmi ucaldaram! Polad
Allahın ucaltdğı çox gözəl həyat
yoldaşı, ata,
vətəndaş və çox güclü hərbçi
idi.
Qəbələ
şəhərində Polad Həşimovun adına
ev muzeyinin olması ailəsi olaraq bizim ən böyük
arzumuzdur. Bütün formaları, kitabları,
ona aid olan əşyalar, əlyazmalar, həm hərbidə, həm
məişətdə istifadə etdiyi şəxsi əşyalar,
qazandığı medalları hamısı rayondakı evimizdədir.
Biz hər zaman şəhərdən ora gedə
bilmərik. Çox narahat oluram ki, bu
materialları gələcək nəsillərə sağlam
şəkildə ötürə bilmərəm.
Polad uşaqları çox sevirdi. Qızımızın
dünyaya gəlişilə Poladın keçirdiyi sevinci
heç vaxt unutmaram. O, ata olmuşdu axı. Uşaq doğulanda Polad Tovuzda idi,
doğulmamışdan 11 gün əvvələ kimi mən
onunla bir yerdə idim. Səhər tezdən evə gəldi . Aybənizi
qucağına alıb dolmuş gözlərini ona zilləmişdi.
Aybənizin adını Poladın atası qoyub.
Deyirdi, bu Ay bənizli qızdır... Babasından
yadigar addır”.
Qeyd edək
ki, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova
2004-cü ildə iyunun 11- də Sumqayıt şəhərində
anadan olub. 2020-2021-ci ildə Bakı şəhəri
Fizika -riyaziyyat -informatika təmayüllü liseydə təhsil
alıb. Hazırda Tibb Universitetinin Müalicə -
profilaktika fakültəsinin ikinci kurs tələbəsidir. Rus və ingilis dillərində bilir.
Aybəniz
Həşimova deyir ki, atamın mənə qoyub getdiyi ən
böyük miras onun qızı olmağımdır:
"Çox istəyərdim yanımda olsun,
qazandığım uğurları görsün. Bilirəm ki, atamın ruhu məni görür və
izləyir. Onun mənə verdiyi
öyüd- nəsihət həmişə qəlbimdədir.
O, cismani
yanımda olmasa da mənəvi olaraq həmişə
mənimlədir. Mən onunla qürur duyuram. Nə
yaxşı ki, Polad Həşimovun qızıyam! Mən atamla fəxr edirəm, onu əbədiyyən
yaşatmağa daima hazırıq. Bu, bizim
övladlıq borcumuzdur".
General Polad Həşimovun oğlu Davud
Həşimov hazırda Bakı şəhəri Fizika-
riyaziyyat -informatika təmayüllü liseydə 10-cu sinifdə
oxuyur. Həşimov Davudun arzusu kompüter elmləri
üzrə təhsil almaqdır. Digər
arzusu isə xaricdə təhsil almaqdır. Bu yöndə böyük səylə
çalışır, ingilis dilində bilir, rus dilini isə
öyrənir.
Davud Həşimov
deyir ki, onun oğlu olmaq böyük qürurdur: "Bizə qoyulan hörməti
yüksək qiymətləndirirəm. Müasir Azərbaycan
tarixində iz qoyan igid generalın oğlu olmaqla fəxr edirəm. Atam mənim
əbədi qəhrəmanımdır! 30 illik Vətən
həsrətinə son qoymağın ilk başlanğıcını
məhz Polad Həşimov qoyub, Azərbaycan tarixində tarix
boyda bir kişidir mənim atam. Çox fəxr
edirəm atamla!"
General-mayor Polad Həşimovun kiçik oğlu Həşimov
Teymur isə Bakı Oksford məktəbində 8-ci sinifdə
oxuyur. Daha çox idman və futbol üzrə maraqlanır,
Qarabağ futbol liqasinda məşq edir. O deyir ki, mənim
atam cəbhədə olmağına baxmayaraq, bizi çox
sevirdi. Atamla tez-tez şahmat oynayırdıq,
filmə baxıb, müzakirə edirdik, hərdən də
güləşirdik. O, güləş xalçası
düzəltdirmişdi hər axşam güləşirdik. O,
bizə deyirdi ki, həmişə kitab oxuyaq və müzakirə
edək. Deyirdi ki, müzakirəniz həmişə
kitab olsun. Atam Çaldıran
döyüşü, Xudafərin körpüsü adlı
kitabları çox xoşlayırdı".
Həyat
yoldaşı Ofeliya xanım deyir ki, bir gün Davud atasına
dedi ki, ata mən kompüter istəyirəm. O da dedi ki, qazan,
al:
"Dedi
necə qazanım alım? Axı mən işləmirəm.
Dedi, mən sənə göstərəcəyəm necə
qazanmaq lazımdır. Bir neçə kitab gətirdi,
çox, orta və az qalınlıqda. Dedi
ki, bunları oxuduqca sənə pul verəcəyəm, sən də
kompüter pulunu yığarsan.
Biz yeni ailə qurmuşduq, o həmişə deyirdi ki,
biz bu torpaqları qaytaracağıq. Mən onun xasiyyətinə,
qətiyyətinə əmin idim. 25 il
xidmət edib Polad Həşimov. O, bütün xidmətinin 22
ilini ön cəbhədə olub, oraları ovucunun içi
kimi bilirdi. Oranın otunu, çiçəyini,
torpağını, bulağını qram-qram bilirdi. O,
çoxlu bitkilər yığıb gətirirdi, bölgənin
hər şeyini çox gözəl tanıyırdı. Poladın Daşkəsən yüksəkliklərindən
çəkilişləri vardı, üzü Kəlbəcərə
doğru. 2016-ci il
Aprel döyüşlərində məhz Polad Həşimovun
komandanlığı altında Talış yüksəklikləri
və geniş açıq ərazi azad edildi.
Daşkəsəndən Kəlbəcərə doğru
bir yüksəkliyi azad etmişdilər. Oradan ermənilər
qızıl yataqlarını daşıyırdılar, həmin
hissələr bizdə olandan sonra daha ermənilər oradan
istifadə etməyə ehtiyat edirdilər.
Bir gün Polad gedib gecə ilə erməni postunu
almışdı. Dəfələrlə izləyib,
görüb ki, ermənilər gündüz postda olur, gecələr
isə oranı tərk edirlər. Gedib həmin
postu azad etmişdi. Onların S tipli qazma
maşınını sürərək öz postumuza gətirmişdi.
2020-ci il 14 iyul tarixli Tovuz döyüşlərində şəhid oldu. İkinci fəxri
xiyabanda dəfn edilib. Polad Həşimov həmin
günü o istehkam müdafiə tədbiri görməsəydi,
bəlkə də Tovuz işğal olunardı. Bu yolda
canından keçdi...
Biz tarixən çox mərd xalqıq, bu Vətən
Cavanşirin, Qaçaq Nəbinin, Polad Həşimovun yurdudur. Müharibə
asan deyil, minlərlə şəhidimiz var, qanı
tökülən oğullar var. Xalqı üçün
ölməyə hazır olan igid -ərənlər var. Biz həqiqətən
böyük xalqıq. Məhz General-mayor Polad Həşimovun
şəhid olması onu göstərdi ki, böyük xalq
böyük insanlar yetişdirir. Bu bütün
dünyaya bir mesaj oldu.
Qazandığımız qələbə müqəddəs
ruhlu şəhidlərimizin, ləyaqət, qeyrət simvolu
olan qazilərimizin canı-qanı hesabına əldə
edilib. Bu dövlət-xalq birliyinin qələbəsidir.
Biz tolerant xalqıq, özümüzü,
torpağımızı, milli ənənələrimizi
çox sevirik. Bizim millətimizin minlərlə
Polad Həşimov kimi yeri gəldiyində canını fəda
etməyə hazır olan oğlu var. Biz daim tətikdəyik,
daha izin vermərik
ki, bizə mənfur əllər toxuna.
Şəhidlər nə qədər müqəddəsdirlərsə, şəhid ailələri də onlar qədər hörmət sahibidirlər. Kürəyindən ata əlinin çəkildiyi övladlara səbr və dözüm arzu edirəm. Şəhidlərin müqəddəs ruhuna salam olsun! Ruhunda müharibənin ağrılı-acılı xatirələri, cismində qəlpə yaraları ilə yaşayan qazi qardaşlarmıza cansağlığı diləyirəm! Şəhid valideynlərinə uzun ömür, cansağlığı, şəhid xanımlarına güc,qüvvət arzu edirəm. Şəhid xanımlarının çiynində çox böyük əziyyət və yük var, Allah onlara kömək, dəstək olsun. Şəhid övladları üçün bu ölkədə həm dövlətimiz, həm xalqımız əlindən gələni əsirgəmir. Müstəqil Azərbaycan daim var olsun. Üç rəngli bayrağımız daim dalğalansın. Azərbayacan dövlətinin milllətinin birliyi daim var olsun!"
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirlərilmə görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralanıb.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Polad Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Polad Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb. Quba və Sumqayıt şəhərlərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib. Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.
Ruhun şad olsun, ölümü ilə yeni Zəfər
tarixinin başlanğıcını yazan, minlərlə gəncin
içindəki Vətən sevdasını oyadan, general-mayor
Polad Həşimov!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 10 fevral.- S.12-13.