Cümhuriyyət öz
xilaskarını həbsdən necə qaçırdı?
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür. Prezident İlham Əliyevin sərəncamı ilə
Şərqin ilk demokratik respublikasının 100 illiyi Azərbaycanda dövlət səviyyəsində və təntənəli şəkildə qeyd
olunacaq. Lent.az bu böyük tarixlə bağlı silsilə yazıların dərcinə başlayır. İlk olaraq APA TV-nin Xəbər müdiri,
tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlunun qələmindən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın
həbsdən qaçırılma hekayətini diqqətinizə çatdırırıq...
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. Amma elə bir dövrdə yaşadı ki, az qala hər gün
bir neçə tarixi hadisəyə şahidlik etdi. Bu səbəbdən Cümhuriyyət
tariximizin hələ
o qədər öyrənilməli,
araşdırılmalı səhifələri
var ki... Onlardan biri də
Bakının xilaskarı,
Qafqaz İslam Ordusunun komandanı Nuru
Paşanın həbsdən qaçırılması
ilə bağlıdır.
Mondros müqaviləsi və Azərbaycan
1918-ci il oktyabrın
30-da Egey dənizindəki
Mondros limanında, ingilislərin "Agamemnon" gəmisində
ingilis admiralı Kaltorp və Osmanlı hərbi dəniz naziri Hüseyn Rauf barışıq sazişi
imzaladılar. Kaltorp bu sənədi
oktyabrın 31-də müttəfiqlərə
göndərdi. Beləliklə,
Osmanlı dövlətinin
Birinci Dünya müharibəsindəki iştirakı
başa çatdı.
Bu sazişin Azərbaycana
dair bir sıra şərtləri
vardı. 11-ci maddəyə
görə, türk orduları tezliklə Güney
Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə
görə, Güney Qafqaz dəmiryolu, Bakı və Batum azad və
tam şəkildə
müttəfiqlərin sərəncamına
verilməli idi.
Mondros barışığının 12-ci maddəsinə görə,
Güney Azərbaycandakı
və Qafqazdakı Osmanlı qüvvələri
Birinci Dünya
müharibəsi öncəsindəki
sərhədlərə qədər
çəkilməli idilər. Noyabrın
8-də ingilis hökuməti
Osmanlı dövlətindən Qafqazdakı bütün türk qüvvələrinin,
o cümlədən Nuru
Paşa komandanlığındakı
Qafqaz
İslam
Ordusunun 1914-cü il hüdudlarına geri çəkilməsini
tələb etdi. Bu dövrdə Qafqazda və Güney
Azərbaycanda təxminən 73 min nəfərə
qədər türk əsgəri vardı.
Nuru Paşa Bakıda qaçaq durumunda
İstanbul hökumətindən də Bakını tərk etmək əmri alan
Nuru Paşa faktiki olaraq qaçaq durumuna
düşmüşdü. İki ay əvvəl
əsgər və zabit silahdaşlarının
qanı hesabına azad etdiyi Bakını
tərk etməli idi. Əks halda,
ya xidmət etdiyi Osmanlı hökuməti, ya da itaət etmədiyi
müttəfiqlər tərəfindən
həbs olunacaqdı.
O, çətin seçim
qarşısında qərarını
verir: Qafqaz İslam Ordusunun komandanlığından istefa
verdiyini və Azərbaycan Ordusunun
xidmətinə keçdiyini,
yerinə isə Mürsəl Baki Paşanın təyin olunduğunu bəyan edir.
Nuru Paşa həmin günləri sonradan belə xatırlayırdı:
"Ənzəlidə olan
ingilis birləşmələrinin
komandanı
general Tomson Bakıya bir hərbi heyət göndərərək,
Bakının boşaldılmasını
tələb etdi. İngilislər Azərbaycan
hökumətini tanımaq
istəmirdilər. Osmanlı ordusu
komandanı olduğum
üçün mənə
müraciət etdilər.
Onlara
ordudan istefa etdiyimi, Azərbaycanın tabeliyinə girdiyimi və Mürsəl Paşa ilə görüşmələrini söylədim.
Həm
məktubla, həm
də nümayəndə
heyəti ilə xüsusi görüşümüzdə
Azərbaycan hökumətinin
"bir oyuncaq" olduğunu
və onu tanımayacaqlarını bildirdilər.
İngilislər Bakının boşaldılmasını
tələb edirdilər.
1918-ci il noyabrın 17-də
Bakı şəhərini işğal
edəcəklərini bizə
bildirdilər. Bakını işğal mövzusunu Azərbaycan hökuməti
ilə müzakirə
etmələrini, şəxsən
hökumətin əmrinə
tabe olduğumu və hökumət əmr edərsə, Bakını müdafiə
edəcəyimi də
bildirdim".
Cümhuriyyət Nuru Paşanı
təslim etməkdən
imtina edir
Azərbaycan hökumətinin Ənzəlidə
ingilis ordusunun komandanı general Tomsonla apardığı danışıqlar
hər iki tərəfi qane edən sonuclarla yekunlaşır. Bu səbəbdən
Qafqaz İslam Ordusunun əsgər və zabitləri noyabrın
17-də Bakını tərk edir, lakin bəraye-ehtiyat
paytaxtdan çox da uzaqlaşmayıb Biləcəri və Xırdalan ətrafında
cəmləşirlər. Nuru Paşa xatirələrində
bunu qəsdən etdiklərini etiraf edir: "Şəhəri
boşaltdıqdan sonra
qoşunlarımız
qəsdən Bakı
ətrafından uzaqlaşdırılmadı.
Qoşun birləşmələrinin
uzun müddət şəhəri mühasirə
vəziyyətində
saxlaması ingilisləri
şübhələndirdi və
bir neçə dəfə burada dayanmağımızın səbəbini
soruşdular. Biz yolun
xarab olmasını səbəb göstərdik.
Həqiqətən də bir dəmiryolu körpüsü
dağıdılmışdı".
İngilis komandanlığı Mondros sazişinin bəndlərini pozduğu
üçün Nuru Paşanın təslim olunmasını
Azərbaycan hökumətindən tələb
edir. Lakin bu tələblərə
məhəl qoyulmur.
Bu arada Osmanlı sultanı
Vəhidəddinin göstərişi ilə
Hərbiyyə Nazirliyi
25 noyabr 1918-ci il tarixli əmrində "Azərbaycan
hökuməti
xidmətinə daxil olduğunu bəyan edən Nuru Paşanın" Osmanlı
ordusundan xaric olunduğunu bəyan edir.
Topçubaşov Nuru Paşaya necə sahib çıxdı?
Versal sülh konfransına qatılmaq üçün
həmin vaxt İstanbulda olan Azərbaycan parlamentinin sədri
Əlimərdan bəy Topçubaşov
da vaxtaşırı
olaraq Nuru Paşa haqqında istər Osmanlı hökumətinin, istərsə
də yerli
mətbuatın sualları
ilə qarşılaşmaq
zorunda qalır. Onun İstanbulda nəşr olunan "Təsviri-Əfkar" qəzetinin
30
noyabr 1918-ci il tarixli sayında işıq üzü görən müsahibəsi
Osmanlı paytaxtında
soyuq duş effekti yaradır:
"Azərbaycan hökuməti-islamiyyəsi
təsis olunduğu zaman əsgəri təşkilat və idarəçiliyinə sahib deyildi. İslam
hökuməti olması
səbəbindən Osmanlı
hökumətindən yardım
istəməkdə haqlı
idi. Biz məmləkətimizdə
əsgəri
təşkilat yaratmaq üçün Nuru Paşanı cəlb etdik və ondan
həddən ziyadə
mənfəətlər gördük.
Nuru Paşa
Azərbaycan Ordusunu təşkilatlandırdı. Hal-hazırda
hökumətimizin 50 min nəfərlik
silahlı bir ordusu olduğunu
söyləyə bilərəm.
Nuru Paşanın indiki anda Azərbaycanda
olmasının səbəbinə
gəlincə, sizə
yalnız onu deyə
bilərəm ki, bu, tamamilə Azərbaycan hökuməti
ilə azərbaycanlıların
arzularından ibarət
bir şeydir və Nuru Paşa
Azərbaycanda qalacaqdır".
Əslində Ə.Topçubaşovun bu
bəyanatı o dövr
üçün həm
cəsarət, həm
də əhdə vəfa nümunəsi idi. Çünki bu
bəyanatla o, faktiki
olaraq Nuru Paşanı fərari sayan həm Osmanlı hökumətinə,
həm də müttəfiqlərə qarşı
çıxış
etmiş olurdu. Unutmaq qətiyyən olmaz ki, Əlimərdan
bəyin başçılıq
etdiyi Azərbaycan nümayəndə heyətinin
üzvləri Versal sülh konfransına qatılmaq üçün
həmin vaxt İstanbulda viza gözləyirdi və bu çıxış onlara nəyin
bahasına başa
gələ bilərdi.
Lakin Azərbaycan parlamentinin sədri Bakını işğaldan
azad edərək
Cümhuriyyətimizə paytaxt kimi ərməğan edən Nuru Paşaya vəfa borcunu heç nədən çəkinməyərək
ortaya
qoymaqdan çəkinməmişdi.
Nuru Paşa Azərbaycanı tərk edir və həbs olunur
Tədricən Bakının ingilis
işğalında olmasının
Azərbaycanın istiqlalına
xələl gətirmədiyinə
əmin olan Nuru
Paşa qüvvələrini Gəncəyə
toplayır. İngilislərə
güvənini ortaya qoymaq üçün Şuşa qalasını
ermənilərə deyil,
məhz ingilislərə
təslim edir. Lakin yaranmış şərait onu Azərbaycanı tərk etməyə vadar edir: "İstanbul
hökumətinin son əmri
ilə Azərbaycanda bir nəfər də Osmanlı zabiti və əsgərinin qalmasına
icazə verilmədiyi
üçün qalmaq istəyənlərin sayı
bir neçə nəfərə qədər
azaldı. İngilislər
Azərbaycan hökumətinə
təzyiq göstərərək
osmanlıların qalmasına
mane oldular. İngilislərin
təsiri ilə Azərbaycan hökuməti
Osmanlı komandanlığı
vasitəsilə şəxsən
özləri mənə
müraciət edərək
Azərbaycandan uzaqlaşmağımı
istədilər. Əslində
ingilis
komandanlığı Azərbaycanın
müstəqilliyini ordumuz
kimi müdafiə edirdi. Qarabağda müsəlmanlara hücum
etmək istəyən
erməniləri qorxutmuş
və uzaqlaşdırmış,
Lənkəran və Muğanın Azərbaycana
tam birləşdirilməsinə
yardım etmişdi.
İngilislərin bu əlverişli hərəkətlərinə
mane olmamaq üçün
Azərbaycanı tərk
etməyə qərar
verən
bir neçə yoldaşla, gələcəkdə
qayıtmaq fikri ilə Batuma getdik".
Batumda bir müddət qaldıqdan sonra Trabzona keçən Nuru Paşa oradan Zonquldağa, Zonquldakdan isə
İstanbula gəlir. İstanbula gəlişindən
bir neçə gün sonra Hərbiyyə Nazirliyinə
dəvət olunur və orada
qandallanaraq asanlıqla
ingilislərə təslim edilir. Bu hadisə 1919-cu ilin fevralında baş verir.
Cavid Cabbaroğlu,
Fəlsəfə doktoru
Hərbi And.- 2023.- 10 fevral.- S.10.