“Bəxtimiz gətirdi ki, mərmi yerə dərin girdiyindən tam partlamadı”  - Topçu Mirhəsən

 

Mirhəsən qardaşı Nihatla birlikdə Vətən müharibəsində heç nədən çəkinməyərək düşməni döyüş meydanında məğlub ediblər

Hüseynov Mirhəsən Azər oğlu 2000-ci martın 15-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Muğanlı kənd tam orta məktəbində oxuyub. Sonra Qazax rayonu sosial-iqtisad kollecində təhsil alıb. 2019-cu il iyulun 29-da həqiqi hərbi xidmətə yola düşüb. Beyləqan rayonunda N saylı hərbi hissədə ağır artilleriya briqadasında top komandiri olub.

2020-ci il sentyabrın 27-də sonradan “Dəmir yumruq” adlandırılan Vətən müharibəsi başladı. Mirhəsən o zaman bir ildən artıq idi hərbi xidmətdə qulluq edirdi. O, qeyd edib ki, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayandan artıq cəbhəyə yollanmışdılar: “Cənab Ali Baş Komandan müharibə başlayan gün televiziya vasitəsilə qismən səfərbərlik elan edəndən sonra ailə üzvlərim narahat oldular ki, birdən mən də müharibəyə getmiş olaram. Harada olduğumu soruşanda yalandan deyirdim ki, narahat olmayın bizi hələ aparmayıblar. Bir dəfə evdəkilərlə danışanda mərmilər düşdü və partlayış səsini eşitdilər, onda mənim yalan danışdığımı bildilər. Ancaq buna görə peşman deyiləm. Fəxr edirəm ki, Vətən müharibəsində iştirak etmişəm və borcumu layiqincə yerinə yetirdim”.

Müharibə başlayanda biz birinci Füzuli istiqamətində Cəbrayıl xəttini yarmalıydıq: “Döyüş zamanı ilk dəfə yanıma - topun bir metrliyində lülənin qabağına mərmi düşdü. Lakin bəxtimiz gətirdi ki, mərmi yerə dərin girdiyindən tam partlamadı. Qardaşım Hüseynli Nihat 5-ci top komandiri idi. Toz-tüstü görəndə elə biliblər ki, daha salamat qalmarıq. Cəbrayıl xəttini yarib ilk dəfə o torpaqlara getmək hissini ifadə edə bilmirəm. Hər tərəf vurduğumuz düşmən tankları və canlı qüvvəsinin meyitləri ilə dolu idi. Minaları sanki əkmişdilər. Addımlarımızı ehtiyatla atırdıq və həmişə istifadə olunmuş izlərlə gedirdik. Azad olunmuş torpaqlarımızda vəhşiliklə yandırılmış, dağıdılmış evləri və qəbiristanlıqları görəndə düşmənə nifrət hissi daha da artırdı. Yaralanan döyüş yoldaşlarımıza hər şeyin yaxşı olacağını deyib təsəlli edirdik ki, ümidlərini üzməsinlər. Şəhid olan dostlarımızın, qardaşlarımızın qısasını almaq hissi ilə vuruşurduq”.

Laçının azad olunması uğrunda döyüşərkən yanıma mərmi düşdübu dəfə ağır yaralandım, huşumu itirdim: “Ayılanda qardaşım Nihatı və əsgər yoldaşlarımı yanımda görüb bir az rahatlandım. Düşmən mərmi atəşini davam etdirdiyinə görə heç bir təcili yardım maşını gəlib məni apara bilmirdi. Sonra MAXE Eminov Əmrah “KamAZla döyüş mövqeyinə gəlib məni arxaya apardı. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli hospitalına təxliyyə etdilər. Sonra müalicəmə Biləsuvarda davam etdim. Sol budum bərk əzilmişdi, həm də qəlpə dəydiyinə görə yeriyə bilmirdim. Özümkantuziya olmuşdum. Vəziyyətim dəyişmədiyi üçün Gəncə şəhər xəstəxanasına göndərildim və əməliyyat olundum. Yaralandıqdan 12 gün sonra müharibə dayandı. Ancaq könüllü olaraq yenidən qardaşım və əsgər yoldaşlarımın yanına qayıtdım”.

Mirhəsən Vətən müharibəsində topçu kimi iştirak edib. Qardaşı Hüseynli Nihat da 44 günlük Vətən müharibəsində döyüşüb. Ermənilərə qarşı çiyin-çiyinə vuruşaraq torpaqlarımızın işğaldan azad edilməsi üçün güclərini əsirgəməyiblər. Yuxusuz qalıblar, müharibənin yaşatdığı bütün təhlükələrdən keçiblər, ölümlə üz-üzə qalıblar. Ancaq qardaşlar heç nədən çəkinməyərək bütün cəbhə boyu birlikdə irəliləyiblər. Yekunda düşməni döyüş meydanında məğlub edərək evə alnı-açıq qayıdıblar.

Müharibə bitəndən sonra bir müddət Laçında qalıblar. Sonra Cəbrayılda ermənilərin hərbi hissəsinə gəliblər. Ardınca döyüş novbətçiliyi üçün Qubadlı və Laçında ermənilərin evlərində məskunlaşıblar. İki illik xidmətdən sonra isə 2021-ci il iyulun 1-də Ağdam şəhərindən evə qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hüseynov Mirhəsən Azər oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı”, qardaşı Hüseynli Nihat isə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Bəxtiyar CƏFƏRLİ

Hərbi And.- 2023.- 10 fevral.- S.9.