Zəfərimizin qəhrəmanı

15 noyabr Vətən müharibəsi şəhidi Samir Hüseynovun doğum günüdür

 

Vətənini, doğma yurdunu ilahi məhəbbətlə sevirdi. Odur ki, Azərbaycanın müqəddəs parçası olan Qarabağın düşmən tapdağına düşməsinə dözə bilmirdi. Ən böyük arzusu əsarətdə olan Vətən torpaqlarını azad görmək idi. Ana torpağının şərəfini uca tutan Samir Əlizadə oğlu Hüseynov  26 yaşında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmaqla öz istəyinə qovuşdu.

Lerik rayonunun Vov kəndində yurd salan Hüseynovların el-oba arasında böyük hörmət var. Əzəldən bu ocağının od götürüb, qeyrət içiləsi ərənləri olub. 1994-cü il 15 noyabrda  dünyaya gəlmiş Samir Hüseynov da ailə ənənəsinə sadiq böyüyüb boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir. 2013-cü ildə Milli Ordu sıralarına yola düşəndə artıq o, haqq-ədalət tərəfdarı kimi, gördüyü nəcib işlər hesabına el-oba arasında nüfuz qazanmışdı. Yaşına uyuşmayan  kamilliyi, bütövlüyü, yurd məhəbbəti Vətənə ləyaqətli xidmətdə də özünü göstərir. Samir Vətən torpaqlarının işğaldan azad edilməsini ən müqəddəs vəzifə sayır...

Bütün həyatı Vətən sevgisinə köklənən, arzu-istəyi millətinin gələcəyini çıraqban  görmək olan Samir xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Amma yağı düşmənin xəyanətkarlığı, təcavüzkar mövqeyi, Qarabağda baş verən qanlı  hadisələr həmişə onu ciddi düşündürür, narahat edir. Könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində xüsusi təyinatlı kəşfiyyatçısı kimi döyüş meydanına atılır. Samir döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə verilir. Odun-alovun içinə düşmənə meydan oxuyanda yalnız Vətən torpaqlarının azadlığını düşünür. Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada ağır müharibə meydanında intiqam hissi ilə vuruşur, düşmənə layiq olduğu cəzasını verir. Şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm Samirə əbədi həyat qazandırır. Azərbaycan var olduqca, Samir kimi igid Vətən övladlarının adı ləyaqət, sədaqət, etibar  rəmzi olaraq el-obaya başıucalıq gətirəcək.

Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda",  Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olmasına görə medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!..

 

Zəfər ORUCOĞLU

Hərbi And.- 2023.- 10 fevral.- S.8.