“HƏYATI
İLƏ ÖLÜB, ÖLÜMÜ İLƏ YAŞAYAN”
QƏHRƏMAN
Bəzi insanlar keçmişə, keçmişdəkilərə həsədlə baxırlar. Dürüstlük ən öncə duyğusu olanlar xoş gündə dost çiyninə qoyulan əllə döyüş anında dostu hədəf alanı hədəf almaqdan çəkinməməlidirlər. I Qarabağ döyüşlərində belə qəhrəmanlar çox olmuşdur. Şərəf, namus, qeyrət kəlmələri dilindən düşməyən Cavid o qəhrəmanların yaşadığı dövrdə yaşamasa da öz dövrünə o qəhrəmanların qəhrəmanlıqlarını yansıtmağı bacarmışdı. Cavid o qəhrəmanların can verdiyi vətəndə dünyaya göz açmışdır. 1993-cü il mayın 31-də İmişli şəhərinin Əliqulular kəndində doğulan bu oğul gün gələcəkdi vətən uğruna can verənlərin qisasını alacaqdı.
Hər sözündən, hərəkətindən vətən sevgisi hiss olunur Cavidin. Qəlbində vətənə bağlılığı İlahi bir sevginin ən ülvisidir. Bir zaman sözləri vətən "qoxan" qəhrəman gün gəldi özü vətən qoxudu. İndi isə vətən Cavid kimi qoxur.
"Azərbaycan oğluyam" deyə-deyə Azərbaycan oğlu oldu. Görəsən bir insan gələcəyindən necə bu qədər xəbərdar ola bilərmiş? Bu musiqi dilinin əzbəri olan Cavid hələ I sinifdə oxuduğu zaman bu musiqini dilə gətirib oxuyanda İmişli rayon Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbində avazı əks-səda ilə yayılırmış. O zaman heç kim bilmirdi ki, gün gələcək bu səda Qarabağı bürüyəcək. Cavid 2002-ci ildə ailəsinin İmişli şəhərinə köçməsi səbəbindən təhsilini İmişli şəhər Namiq Şirinov adına 5 N - li tam orta məktəbdə davam etdirmişdir. Cavidi hər kəsdən fərqli edən davranışları olmuşdur. 2007-ci ildə "Kim təhsilini Naxçıvanski adına Hərbi liseydə davam etmək istəyir?" sualına da cavabı ilə seçilən Cavid VIII sinfi bitirdikdən sonra arzusunda olduğu hərbçi peşəsinə yiyələnmək üçün Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. 3 il orada təhsil aldıqdan sonra 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Cavid 4 il də orada təhsil aldıqdan sonra leytenant hərbi rütbəsi almışdı. Bununla da kifayətlənməyən qəhrəman Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində də 1 illik hərbi təhsil almış və sonra Bakıda yerləşən N saylı hərbi hissədə snayperçi kimi xidmətə başlamışdır.
-Mənim yaşamağıma səbəb bəlkədə qəlbimdə qisas hissinin olmasıdır. Görün qadınlarımız, kişilərimiz nə vəziyyətdə olublar. Düşmən onları nə vəziyyətə salıb. Axı onlar kiminsə anası, atası, bacısı idi... Günahsız qətlə yetirilən uşaqların qisasını almadan ölsəm məni torpağa dəfn etməyin. Mən o torpağa layiq olmaram.
Bu sözlər Cavidin illər öncə yazdığı fikirlərdən bəziləridi. Hər dəfə işğal tarixləri xatırlananda Cavidin gözlərindəki qisas qığılcımı daha aydın şəkildə görülən alova çevrilirdi. Özünü tanıdığı gündən qisas gününün çatacağı günü gözlədiyini dilə gətirər və o günün çatacağını ümidlə gözləyirdi. Hər kəs yaxşı bilirdi ki bu vətənin qeyrətli oğlu o qisası qiyamətə saxlamayacaq.
-Vətənpərvər ruhda tərbiyə alan uşaq böyüyüb boya-başa çatandan sonra bir qarış torpağını düşmənə verməz. Can verər amma torpağını verməz, xalqını satmaz!
Hər kəlməsindən,cümləsindən vətənə olan sevgisi, sədaqəti duyulan Cavid uşaqlıqdan qəlbində böyütdüyü vətən sevgisi ilə bütün çətinliklərə sinə gəlmişdir. Yara-bərə içində olan ayaqlar, cadar-cadar olan əllər peşəsinin çətinliyini gözlər önünə sərsə də bir dəfə də olsun o çətinliyi dilinə gətirməmişdi. Tabeliyində olan əsgərlərə də hərbin sirlərini öyrətmiş, onların da vətən üçün yüksək səviyyəli bir hərbçi olmaları üçün əlindən gələni əsirgəməmişdi. Hətta onun əsgəri snayper atışı üzrə birincilik qazanmış, həm həmin əsgər, həm də Cavid təltif olunmuşdu.
Cavid ildə 2 dəfə ailəsinin üzünü görürmüş. Onun məzuniyyətinin biri də 2016-cı ildə tarixin yaddaşına 4 günlük müharibə kimi düşən Aprel döyüşləri ərəfəsinə düşübmüş. İllərdi qisas anını gözləyən oğul evində bənd alıb durmamış, məzuniyyətindən imtina edərək aprelin 2-də vətən səngərinə tələsmişdir. Azərbaycan ordusunun qısa zamanda qalibiyyət qazandığı Şanlı Aprel döyüşlərində Cavidin də böyük rolu olmuşdur. O döyüşlərdə şəhidlərin şahidləri olan Cavidin illərdi qanayan vətən adlı yarasına azadlıq qismən məlhəm olmuşdur. Ancaq hələ qət ediləcək yol uzun idi...
2017-ci ildə Cavid təyinatla Qusar rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Qüsursuz xidmət edən Cavid baş leytenant hərbi rütbəsinə yüksəlmişdir. Onun arzusu növbəti dəfə kapitan hərbi rütbəsinə yüksəlmək olmuşdur. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunan zaman bir gün “Milli Qəhrəman” olmağı arzu etmişdir.
2020-ci il 26 iyunda Cavid növbəti dəfə məzuniyyət götürüb evlərinə gəlmişdi. Həmin vaxt onun cadarlı ayaqları, göyərən barmaqları Xatirə ananın nəzərindən yayınmamışdı. Anasının narahat olmağını istəməyən Cavid bəhanələr uydurmuş “Ana, sən zabit anasısan. Hər şeyə hazır olmalısan.” demişdi. Xatirə ana o sözlərlə Cavidin nə demək istədiyini 17 noyabrda anlamışdı.
Bu xalq hər
zaman birlik olmuşdu. Hələ 1990-cı il 20 Yanvar faciəsi
zamanı bu xalq birləşərək dünyanı riqqətə
gətirmişdi. 2020-cu il həmin faciənin
il dönümü günü Cavid duyğularını sosial
şəbəkə hesabında qeyd etmişdi.
-Əslində bu
gün matəm günü deyil. Mən
özümü tanıyandan bu günü matəm
günü hesab etmirəm. Bu gün Azərbaycan
xalqının azadlıq uğrunda mübarizəsinin il dönümüdür.
Mübariz xalqın mübarizəsi
2020 – ci il ermənilərin Tovuz rayonunda
törətdikləri iğtişaşlar zamanı daha da
qarşısı alınmaz həddə çatdı. Uşaqdan böyüyə hər kəs bənzər
arzuları dilə gətirir və o arzunun gerçək
olması üçün addımlar atırdılar. Qarabağı heç zaman görməyən
oğullar könüllü olaraq Qarabağda döyüşmək
üçün adlarını yazdırırdılar. Tovuz döyüşlərindən sonra Cavid təlimlərə
qatılıb. O təlimə qatılan oğullar cəmi
bir neçə gün sonra düşmənin başına od ələyib.
-Bu bayrağa, bu himnə görə
mən qanımın son damlasına kimi vuruşacam. Mənim üçün dünyanın ən
gözəl musiqisidir Üzeyir Hacıbəyovun musiqisi,
Əhməd Cavadın sözləri. Sanki
hər bir şəhidin, hər bir qəhrəmanın, hər
bir vətəndaşın adı var. Necə canımızdan
keçməyək bu vətən üçün?!
Özü vətəni sevməklə
yetinməyən Cavid vətən sevgisini ən ali
səviyyədə tərənnüm edirdi. Cavidin
yazdığı sözlərin, cümlələrin mənası
çox dərindi. Özü, sözü
vətən olan Cavid II Qarabağ müharibəsi başlayan
ilk gündən döyüşlərə qatılanlardan biri
olub. 27 sentyabrda Xaliq müəllim Beyləqana
gedən zaman artıq vəziyyətin ciddiyətinin fərqinə
varıb. Həmin an oğluna zəng edən
ata müharibənin başladığı gerçəyi ilə
yanaşı oğlunun da öndə vuruşduğunu öyrənib.
Lakin Cavidin xahişi ilə Xatirə anaya bu barədə
heçnə deməyib. Səhəri
gün Xatirə ana təsadüfən “Oğul,
özünü qoru” sözlərini eşidib. Onda bilib ki, Cavid arzularının yolunda
addımlayır. O yol Füzulidən başlayıb. Qəhrəman oğulların qədəmləri ilə
sevinən torpaqlar kənd – kənd, şəhər – şəhər
genişlənirdi. O yol Cəbrayıldan keçib Hadruta
çatmışdı. İgid oğulların
bitən nəfəsləri ilə canlanan o torpaqlar əsarətdən
qurtulduqca sanki ana vətənin üzü gülürdü.
Qubadlı uğrunda mübarizə aparan
mübarizlərdən biri idi Cavid. Qubadlının
azadlıq sevincini də yaşadıqdan sonra Xocavəndə
doğru yol almışdı qəhrəman. Xocavəndə çatana qədər neçə
qanlı döyüşdən çıxmışdı.
Komandiri 2 gün mühasirəyə düşən
zaman Cavid onun da işini icra etmişdi. Nə
qorxu bilməmişdi, nə də qisas andından dönməmişdi.
Döyüşlər zamanı öz canın
deyil tabeliyində olan əsgərlərin canlarını
düşünərmiş. Döyüşlərin
birində verilən koordinatla irəliləyən zaman ərazinin
şumluq ərazi olduğu üçün
döyüşün taktikasını dəyişmiş və
həmin döyüşlərdə itki vermədən qalibiyyət
əldə etmişdi. Daha bir
döyüş zamanı isə dəstəsi ilə birlikdə
mühasirəyə düşmüş və üç
gün mühasirədə qalmışdı. Müharibənin ən çətin
sınağı susuzluqdu. Həmin vaxt Cavid 2 litr su
tapıb gətirmiş və 70 hərbçiyə bir – bir o sudan vermişdi. Özü
susuzluqdan əziyyət çəksə də bir qurtum da
içməmişdi. ( Bu sözləri
eşidəndə gözlərim önünə səhrada
susuz qalan imamlarımız gəldi.) Mühasirəni
yarıb çıxmağı bacaran dəstə daha bir əməliyyata
başlamışdır.
-Ən azı daha
iki düşməni eyni anda məhv etməliyəm. Ən yaxın dostlarım Ramil Babayevin və Tərlan
Kərimovun qisasını almadan şəhid olmayacam.
Cavidgil oktyabrın
21-də özlərindən sayca çox olan düşmənlə
üz-üzə gəliblər. Son nəfəslərinə
qədər vuruşublar. Cavid həmin
döyüşdə düşmən gülləsinə
tuş gəlib və şəhid olub.O gündən sonra Səfərovlar
ailəsi səssizlikdə boğulmağa başlayıblar.
Caviddən heç bir xəbər ala bilməyən
ailəsi onun əsir düşdüyünü
düşünüblər. Qəribəsi
odur ki, Cavid şəhid olduğu ərazidən digər şəhidlərin
nəşləri götürülsə də Cavidin və
çiyin-çiyinə vuruşduğu Daşqının,
Rafiqin nəşlərini tapa bilməyiblər. Hər
gün “Bəlkə sağdır?” ümidi ilə yaşayan
ailə üçün səssiz ötən 25 gün bir
dustağın həbsxanada keçirdiyi 25 il
kimi uzun olub. Noyabrın 16- da Cavidin şəhid
olduğu təsdiqlənib və qohumlarına bu barədə
xəbər verilib. Onun nəşi həmin
gecə məscidə gətirilib. Ancaq heç kim şəhidin ata, anasına bu bərədə
deməyib. Ertəsi sübh səhər
oğlunun şəhid olduğu xəbərini eşidən
ata və ana üçün nə o gün, nə də o
gündən sonra aydın səhər açılmayıb.
Həmin gün yaşanılanları Caviddən
bir xəbər çıxmayan zaman yuxuda
görmüşdü Şəhid atası. Elə həmin gün olduğu kimi bir qara
maşından düşən hərbçi əlindəki
bükülü bayrağı ataya uzatmışdı.
Kaş ki, o yuxu çin olmazdı... Kaş ki, bu
yaşanılan da yuxu olardı...
-Sən üzülmə ana, bəylik
libası geyinmək şərt deyil. Şəhidlik
də oğluna gözəl yaraşar.
İki cümləyə
sığan vətən sevgisinin sonsuzluğu qədər kədər...
Əlinə xına deyil qanı ilə
qarışan vətən torpağı yaxılan, əyninə
bəylik libası deyil qürurla daşıdığı
formanı geyinən, sevdiyi yarının tellərinə duvaq
sərməyib Qarabağın zirvəsində bayraq ucaldan
Cavid ölümsüzlük qazandı. Dediyi
bir fikrin tam əksi oldu.
-Kim olursan ol, bir gün mərmər
üzərində iki kəlmə yazı olacaqsan.
Cavid qanı ilə
sonu olmayan bir əsər yazdı. Onun
Əliqulular kənd məzarlığında uclan
büstü önündə hər kəs təzim edir.
Cənnətə şəhid daxil olduğu zaman hər kəs şəhidin
önündə təzim etdiyi kimi.
28 illik ömrünün tən
yarısını vətən üçün yaşayan, vətən
sevgisindən güc alaraq düşməndən öc alan
baş leytenant Səfərli Cavid Xaliq oğlu şəhadətindən
sonra Ali Baş komandan cənab İlham Əliyevin əmrinə
əsasən “Vətən uğrunda” medalı, “İgidliyə
görə” medalı və “Füzulinin azad olunmasına
görə” medalı ilə təltif edilib.
-Bir gün mən olmayanda adım
çəkildiyi yerdə çöhrələrdə təbəssüm
yaratsın xatirələrim.
Özünün dediyi kimi indi
Cavidin adını kim çəkirsə
onun çöhrəsindən kəm olmayan təbəssümü
yansıyır çöhrəsinə. Bacısı
Şərqiyyə xanım Cavidlə olan xatirələrindən
danışarkən onun Caviddən keçmiş kimi
danışmamağı nəzərimdən yayınmadı.
Şəhidlərin geridə qalanları şəhidlərin əbədiyaşarlıq
qazandıqları üçün o acıya tab gətirə
bilirlər. Bu gün həm Şahin, həm
Şərqiyyə qardaşlarının ruhən hər an
onlarla bərabər olduqlarının fərqindədilər.
-İnsan həyatı ilə ölür,
ölümü ilə yaşayır.
Bu
cümləni Cavid sanki özünə şamil edibmiş...
Manya Səxavətqızı
Hərbi And.- 2023.- 3 mart.- S.12;13.