“Məni sakitləşdirmək üçün deyirdi ki, bizi ön cəbhəyə göndərmirlər”

 

 

 

Bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz Vətən müharibəsi şəhidi kapitan şəhid Zeynalov Azad Rafiq oğlundan bəhs edəcəyik. O, mənfur düşmənlə qəhrəmancasına savaşıb şəhadətə qovuşub.

Şəhid Azad Zeynalov 4 mart 1987-ci ildə Naxçıvan şəhəri Şərur rayonunun Çoxmaxdur kəndində anadan olunub. 2000-2004-cü ildə Heydər Əliyev adına Ali Hərbi məktəbdə təhsil alıb. Azad 2004-cü ildə “N” saylı hərbi hissədə xidmət edib. Azərbaycan ordusunun kapitanı olan Azad Zeynalov 2020-ci il sentyabrn 27-də döyüşlərə qatılıb. Ailəlidir, iki övladı var.

Şəhidin həyat yoldaşı Zeynalova Cəvahir xanım bildirir ki, onların evliliyindən iki övladları var: “Böyük oğlumuz Aslan 2011-ci il 19 avqustda anadan olub. 6-cı sinif şagirdidir, Nəsimi rayonu Texniki humaniar liseydə təhsil alır. Kiçik oğlumuz Cavad isə 2021-ci il 6 mayda Bakı şəhərində anadan olub.

Yoldaşım müharibə başlayana kimi Qusarda “N” saylı hərbi hissədə xidmət edirdi. 27-si səhər Qusarda bir yerdəydik, bizimlə sağollaşdı Beylaqana getdi. Sonra Tərtərə, daha sonra Füzuliyə getdi. Bizimlə telefonla danışanda səsi tutulmuşdu, yaxşıyam, narahat olma qabağa getməmişik, bizi qabağa aparmazlar deyirdi. Qəti narahat olma, hər şey yaxşıdır.  O, heç vaxt problemini bizə bildirməzdi. Məni sakitləşdirmək üçün deyirdi ki, biz Quru Qoşunlarındayıq,  bizi ön cəbhəyə göndərmirlər, narahat olma.

Azadın hərbi xidmət yoldaşı deyir ki o, ayağından yaralanmışdı, təcili yardımdan gəlib tibbi yardım ediblər, razı olmayıb döyüşdən qalmağa, axsaya-axsaya qayıdıb geriyə. Deyib ki, mən əsgər yoldaşlarımı qoyub gedə bilmərəm. Əsgərlərdən biri bizim qohum idi, adı da Seymur. O  deyir ki, çox ağır döyüşlərə giriblərmiş. Seymur deyir ki, Azad məndən su istədi apardım verdim, dedi elə bilirdim ölürəm...

 Azad 2020-ci il 11 oktyabrda günorta saatlarnda yaralanıb. Birinci Beylaqanda hospitala gətiriblər. 12 oktyabr günorta saat 2-də Papaninə aparıblar, sol çiynindən yaralanmışdı. Dərhal əməliyyata götürdülər. 4 qabırğası qırılmışdı, onurğası zədələnmişdi, 13 gün biz sadəcə telefonla danışdıq. Mən xəstəxananın qabağında idim, içəri burxmadılar. Dedi, yaxşıyam həkimlər məni qurtardı, Aslan necədir? Dedim, Aslan heç bilmir, sənin  yaralandığını deməmişəm. 13 oktyabrdan sonra Gömrük hospitalına köçürdülər. Orada hardasa 20-21 mart dayısı, qardaşı, əmisi, bibisi oğlu onunla görüşmüşdülər. Əmisi deyir ki, əlimi sıxıb oğlunu soruşdu. 26 oktyabr səhər saatları idi, atası zəng edib qardaşına dedi ki, Azadı əməliyyata götürdülər. Sonuncu dəfəki əməliyyatdan sonra ayılmadı, şəhadətə qovuşdu... 2020-ci il 30 oktyabr Şərur rayonu şəhidlər xiyabanında dəfn edildi.

Mənim yoldaşım 18 il dövlətimizə xidmət edib, Vətən uğrunda şəhid olub, o bizim fəxrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin! Biz şəhid ailələri bir-birmizi çox gözəl başa düşürük. Hər kəsin öz yükü, öz dərdi özünə bəsdir. Qazilərimizə cansağlığı arzulayıram! Cənab Ali Baş Komandan var olsun, qayğısı, diqqəti daim bizim üstümüzdədir. Bir də müharibə olmasın, bir də şəhid olmasın! Uşaqlarımız sağlam, xoşbəxt böyüsün!”

Hazırda şəhidin adına Bakı şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə və digər məktəblərdə sinif otaqları var.

Azərbaycan Ordusunun kapitanı olan Azad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azad Zeynalov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azad Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı,  "İgidliyə görə" medalı,  "Xocavəndin azad olunmasına görə" medalı, “Füzulinin azad olunmasına görə” və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.

Ruhun şad olsun, igid qardaşım kapitan Azad Zeynalov!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2023.- 10 mart.- S.16.