“Deyirdi, məni yüz erməninin
içində də görsən, qorxma...”
Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan "Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Əliyar Əliyevə həsr olunub.
***
Əliyar Əliyev. 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır.
Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru” kimi da tanınır. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib, komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.
1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Pəhləvan
komandir
2017-ci ilin iyun ayı idi. Rejissor Nizami Abbasın
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev
haqqında çəkdiyi "Pəhləvan Komandir” adlı
sənədli filminin nümayişinə
toplaşmışdıq. O filmə qədər
Əliyar Əliyev haqqında məlumatım yox idi. Bəlkə də vardı, tam xatırlamıram.
Amma dəqiq bilirəm ki, Əliyara qarşı
sevgim məhz o filmdən sonra başladı. Onun
dağa-daşa, təbiətə, insanlara, bir sözlə,
bütün yaradılışa meydan oxuyacaq qədər
şahanə duruşu, qətiyyətli, bir az
dalğın baxışı, kəsərli
danışığı düşüncəmdə
bütöv bir obraz formalaşdırmışdı. Filmə
baxdıqca, adamlar onun haqqında danışdıqca, xəyalımda
yenicə yaranan obraz bir az da bütövləşir,
ətə-qana dolurdu. Bu günə qədər
hər dəfə Əliyar haqqında düşünəndə
çalışmışam ki, onu həyatda yaşayan
canlı insan kimi təsəvvür edim, amma alınmayıb.
Hər dəfəsində də bu
düşüncələrim ümidsizliyə yuvarlanıb, məni
real həyatın qaydaları ilə üz-üzə qoyub.
Ancaq heç olmasa bir dəfə onun
övladları, ailə üzvləri ilə görüşmək,
Əliyarın enerjisini onlardan hiss etmək, torpaq vətən
uğrunda bircə dəfə olsun belə tərəddüd
etmədən ölümə yollanan bu insanın
davamını yaşadan övladlarının
varlığında duymaq istəmişəm.
Qubadlının işğaldan azad olunması xəbərini
eşidən kimi də ağlıma gələn ilk isim
Əliyar oldu.
Birinci Qarabağ savaşı başlanan gündən
çiynində silah cəbhəyə yollanan, öz
el-obasını qorumaq uğrunda döyüşən,
idmançı paltarını hərbçi libası ilə
dəyişən bu vətənpərvər oğulun ailə
üzvlərini görmək, onlara ataları haqqında
söhbət etmək çoxdankı arzum olsa da,
Qubadlının qələbə xəbəri bu arzunu
reallaşdırdı.
Qismət
Əliyar haqqında onun iki övladı - Yusif, Pərvanə
və həyat yoldaşı ilə söhbət edirik. Milli Qəhrəmanın həyat
yoldaşı Pəri Əliyeva böyük həvəslə
Əliyarla tanış olduğu gənclik
illərinə qayıdır:
-
Bakıda kondisioner zavodunda işləyirdim. Əliyar
da Bədən Tərbiyəsi İnstitutunda oxuyurdu. Rus dilində çox gözəl bilirdi. Özü də deyirdi ki, ruslar rus dilinin
qrammatikasını mənim qədər bilmir. Mən Əliyarın bacısıgilin
qonşuluğunda kirayədə qalırdım.
Əliyarla tanış olmazdan əvvəl
onu yuxuda görmüşdüm. İlk dəfə
onu biz yaşayan həyətdə görəndə
öz-özümə üşəndim ki, mən bu
oğlanı yuxuda görmüşdüm axı. Sonralar da həmişə ona deyirdim ki, Əliyar, sən
mənim tanrı tərəfindən göndərilmiş qismətimsən.
Bir
gün işdən çıxanda, onu iş yerimin
qarşısında gördüm. Qonşu kimi
salamlaşıb yanından ötmək istəyəndə
gördüm yanımca gəlir. Sonra
elçi yolladı. 1979-cu il
sentyabrın 15-də biz ailə qurduq. Qubadlıda
yaşamağa başladıq, onun xətrinə mən bir
çox çətinliklərə dözdüm. Biz tərəflərdə evdə başa yaylıq
bağlamırdılar, qısaqol köynəklər, qısa ətəklər
dəbdə idi. Amma Qubadlı bir az
mühafizəkar yeri idi. Ona görə mən
oranın adətləri ilə hərəkət edirdim. Yaylığı boğazımın altında
düyünləyə bilmirdim, amma yenə də başım
həmişə örtülü olardı. Əliyar tez-tez Rusiyanın müxtəlif şəhərlərinə
idman yarışlarına gedirdi. Bizim
pal-paltarımızın hamısını oradan alıb gətirərdi.
Burada bir-iki dəfə onunla bazarlığa getdim, sonra dedim
ki, mən daha səninlə getməyəcəm,
uşaqlardan birini qoş mənə, onunla gedim.
- Niyə
getmək istəmirdiniz?
-
Çox iti gedirdi. Cüssəli adam idi,
onun bir addımı mənim iki, üç addımıma bərabər
idi. Həmişə ondan arxada qalırdım,
çata bilmirdim.
Nağıllar
- Əliyar uşaq vuran deyildi, amma uşaqlar ailədə
ondan çəkinirdi. Uşaqlardan ona ən çox
bağlı olan qızım idi. Həmişə
atasının yanında yatardı. Əliyar rəhmətə
gedəndən sonra Pərvanə üzüqoylu sərilir
Əliyarın yerinə, əllərinin hər ikisinin də yana açırdı, qoymurdu ora bir adam
yaxınlaşsın. Ona deyirdim ki, qadan alım,
o boyda yataqda tək yatmayacaqsan ki, qoy, qaqaşlarından biri gəlib
səninlə yatsın. Deyirdi, yox, mən
atam gələndə atamla yatacam. Biz
rayondakı evimizdən çıxanda, qaçqın olana qədər
o, orda tək yatdı.
Pərvanə
deyir ki, atası onun yaddaşında çox mülayim, ailəcanlı
adam kimi qalıb:
- İndi döyüş dostlarından, onu
tanıyanlardan atamın şücəatləri, ciddi
döyüşçü xasiyyəti haqqında eşidəndə,
mənə qəribə gəlir. Ona görə ki, atam
evdə bizimlə çox mehriban olub. O, uşaqla
uşaq, böyüklə böyük kimi davranırdı. Yadıma gəlir, balaca qardaşım dəcəllik
edib yatmayanda o, qolunun bir tərəfinə onu, o biri tərəfinə
isə məni alırdı. Sonra bizə
cürbəcür nağıllar danışırdı.
-
Hansı nağılları danışırdı?
- O
vaxtı məşhur bir nağıl vardı. "Əlcək”
nağılı. Ən çox onu
danışırdı. Nağılın
ortalarında atam gözləri yanan boz canavardan bəhs edirdi.
Onda qardaşım Yusif qorxudan tez gözlərini
yumub, yatırdı.
Qarmonda ifa etməyi bacarırdı. Tez-tez qarmonda
mahnılar ifa edər, bizə də deyərdi ki, oynayın,
görüm necə oynayırsınız. Özü də mütləq Məşədi
İbadın mahnısını oynadırdı, deyirdi onun
kimi oynayın görüm. Sonralar bizə gələn
dostları onun haqqında deyirdilər ki, o, həddindən
artıq utancaq, həyalı adam olub. Amma bizə qarşı sərt deyildi. Əksinə, çox həlim idi. Amma əsəbiləşəndə bircə dəfə
baxmağı kifayət edirdi ki, özümüzü
yığışdıraq. Yadıma gəlir,
uşaq vaxtı mən həmişə atamın yanında
yatırdım.
Qubadlı
Əliyar Əliyevin iki oğlu, bir qız övladı
var. Böyük oğlu hərbçi olduğu və
hal-hazırda cəbhədə olduğu üçün
onunla söhbətləşməyimiz mümkün olmur. Amma kiçik
oğlu Yusif atası ilə olan günlərini yadına
salır. Atası şəhid olanda onun beş
yaşı olub. Ona görə də atası ilə
bağlı xatirələrin azlığından təəssüflənir.
Lakin az-çox yadında qalan Əliyar Əliyevdən,
atasından danışır:
-
Müharibədən əvvəlki dövrü çox az xatırlayıram. Atam idman
müəllimi olub. Axşamlar evə gələndə
şagirdlərini evin həndəvərində
qaçırırdı. Onların
arasında bibim uşaqları, qardaşım da olurdu. Mən də uşaq olsam da, onlara qoşulub
qaçırdım. Sonralar anam deyirdi ki, sən
qaçanda məni çağırıb səni göstərirdi,
deyirdi Pəri, Yusifə bax, çalışır ki, onlara
çatsın. Evdə baş verən
bütün şuluq işləri özüm həyata
keçirirdim. O da gələndə bilirdi ki, mən nəyisə
sındırmışam, qırmışam,
çağırıb tənbeh edirdi. Bizə
heç vaxt əl qaldırmayıb, bizi döyməyib. Dəcəllik də olanda başa salırdı,
söhbət edirdi, nağıllar danışırdı.
Biz onu görəndə hər dediyinə tabe olurduq.
Üçümüz də
çalışırdıq ki, onun rəğbətini
qazanaq. Anamın dediyinə görə, evdə
ən çox məni istəyib. Mən dəcəllik
edəndə həmişə anama deyirmiş ki, Yusif mənim
uşaqlığıma oxşayır. Mən
də elə şuluq olmuşam. Bəzən bizi sakitcə
oturdurdu, deyirdi kim on dəqiqə sakit
otursa, ona 20 qəpik verəcəm.
Xalq öz qəhrəmanlarını heç zaman
unutmur, onlar haqqında əfsanələr
quraşdırır, onları öz qəlblərində
yaşadaraq bu yaşantıları həm də gələcək
nəsillərə ötürür. Əliyar isə
özü haqqında əfsanələr
yaratmamışdı. Onun müharibə
zamanı etdikləri həqiqət idi. Təkbaşına
erməni postlarını ələ keçirən, ayaq
üstə əlində silahla onların üzərinə gedən.
300 dən çox erməni öldürüb Ermənistanı
üç günlük yasa boğan qəhrəmanlıqlar
göstərmişdi. Şəkillərinə
baxdıqca onun hələ gənclik illərindən
ağırlıq qaldırmada necə hünərli, qüvvətli
olduğu görsənir. Pəhləvan komandir
adını da elə bu qüvvəsinə görə
qazanmağa nail olmuşdu. Pəri xanımdan Əliyara olan
xalq məhəbbətindən danışmasını
xahiş edirəm:
- Əliyar xalqı necə istəyirdisə, xalq da onu elə
istəyirdi. İnandırım səni, hərbidə ona verilən
azuqələrdən birini özü götürməzdi.
Onları evə gətirirdi, kimin imkanı yox
idisə, aparıb o adamlara, ailələrə verirdi. Bir də görürdüm, Əliyar evə tamam
başqa tərəfdən gəlir. Deyirdim,
ay Əliyar, hardan gəlirsən? Cavab
verirdi ki, Çərəlidən (Qubadlının kəndi -
red). Qalırdım mat-məəttəl.
Sonra məlum olurdu ki, orda olan hansısa
imkansız ailəyə yardım aparıb.
Yusif Qubadlının işğaldan azad olunma xəbərini
eşidəndə hansı hislər keçirdiyini nəql edir. Gözləri
dolur, boşalır. Onun atasız illərin
o biri üzündən boylanan həsrətini də,
Qubadlının qələbəsinə qarışan həyəcanını
da rahatlıqla hiss edirəm.
-
Qubadlının işğaldan azad olunma xəbərini
eşidəndə ilk ağlıma gələn atamın məzarı
oldu. Oralara məni bağlayan həm də
atamdı, onu uyuduğu məzarlıqdı. Bu dəqiqə mənim üçün ən vacib,
ən müqəddəs yer oradı. İnşallah,
ora gedəndən sonra mənəvi cəhətdən dincliyə
sahib olacağıq. Azərbaycanın hər
qarışı bizim üçün vətəndir. Mənim atam da Qubadlıda yox, Laçında şəhid
olub. Doğrusu, düşmənin
atamın məzarına toxunmaması barədə ümidim
çox azdır. Amma ümid də sonuncu
ölür. Hər halda, ümid edirik ki,
atamın məzarı qalıb. Burada tək
mənim atamdan söhbət getmir. O torpaqlar uğrunda
minlərlə insan canından keçib, onların qanı
axıb bu torpaqlarda, onların da ailələri başsız,
anaları gözü yaşlı qalıb. Ona
görə də vətənin hər yeri bizim
üçün müqəddəsdir. Torpaqlarımız
işğaldan azad olunduqca, fikirləşirik ki, şəhidlərimizin,
qazilərimizin çəkdiyi zəhmətlər boşuna
getməyib. Qardaşım zatən hərbin
içindədi, hal-hazırda da döyüş bölgəsindədi.
Mən özüm də könüllü
yazılmışam. Ehtiyac olanda,
çağırış gələn kimi cəbhəyə
yollanacam. Anama bu barədə deyəndə onun ilk
sözü belə olmuşdu: Bala, siz getməlisiniz də, kim getməlidir ki?!
Batalyon
Birinci Qarabağ müharibəsində Qubadlı
camaatının qəlbində bir ad vardı. O da Əliyar Əliyev idi. Hamı düşünürdü ki, Əliyar
sağdırsa, deməli, Qubadlı da işğal oluna bilməz.
Hamı istəyirdi ki, övladı
Əliyarın özünün yaratdığı "Pəhləvanlar”
adlı batalyonunda xidmət etsin. Atalar, analar
düşünürdülər ki, Əliyarın batalyonunda
döyüşən övladına heç nə ola bilməz. Bu inamı Əliyar
öz zəhməti, öz xidməti sayəsində
qazanmışdı. Xalq onu sevirdi, ona
inanırdı. Əliyar isə
çalışırdı ki, batalyona ancaq
tanıdığı adamları, tələbələrini,
şagirdlərini, qohumlarını götürsün.
O, özününkülərə ərk edirdi. Çox vaxtı onun qabağını kəsib,
bizim uşaqları niyə batalyonuna qəbul etmirsən
sözlərini də deyirdilər. Heç
bir cavab verə bilmirdi. Amma sonralar
deyirmiş ki, tanımadığım insanların balaları
şəhid olsa, mən onların valideynlərinin üzünə
necə baxaram?!
Pəri xanım Əliyarın döyüşə
başladığı, "Pəhləvanlar” batalyonunu yaratdığı
ilkin dövrləri yadına salır:
- Əliyar idman müəllimi idi. Hər gün
işə gedib gəlir, dinc həyat yaşayırdıq.
Müharibə başlananda Əliyar dedi ki, idmanı saxlamaq
lazımdır, idman vaxtı deyil. İndi vətəni
qorumaq lazımdı. Başına
yığılanların da hamısı mərd, qorxmaz
uşaqlar idilər. Onun bir videosu var, orada
deyir ki, Laçına kimlər gedəcəksə, bir
addım irəli çıxsın. Sonra
onların içərisindən də özü ilə
aparacağı adamları seçir. Onlardan
elələri olur ki, evin tək oğlu olur, onları
özü ilə ağır döyüşə aparmır,
deyir, sən evin tək oğlusan, ata-ananın yeganə
ümidisən. Ona görə camaat onu
çox istəyirdi. Uşaqları, tələbələri
də ona bağlı idilər. Öz ata və
analarından çox Əliyara rəğbət bəsləyirdilər.
Mən bunu tam məsuliyyətimlə, əminliklə
deyirəm. O, öz batalyonunda qəhrəmana, qardaşa,
şəxsiyyətə çevrilmişdi. Əliyarın
səsi, adı gələn yerə onlar gözü yumulu
gedirdilər. Elə bilirdilər ki, onlara
heç nə olmayacaq, çünki orda Əliyar var.
Əliyar həmişə deyirdi ki, mənim atam adi
poçtalyon olub, ancaq bunların atası mənəm. Bacarıqları
olsa, oxusalar, arxalarında mən dayanacam. Onların
səsi yuxarıdan gəlməlidir. Savadsızlıq
onun gözünün düşməni idi. Əliyar özü həkim olmaq istəyib. Burda imtahanda başqa adama köməklik edib
cavablarını yazanda onu imtahandan çıxarıblar.
Pəri
xanım müharibə günlərini, Əliyarın cəbhəyə
getdiyi dövrləri yadına salmağa
çalışır, o, qeyd edir ki, müharibə Əliyara
təsir etmişdi, hətta əvvəlki illərə nisbətən
daha dalğın, daha fikirli olub:
- Xasiyyəti
dəyişməmişdi, amma fikirli olurdu çox vaxt. Bir dəfə ondan soruşdum ki, Əliyar, nə
olub? Mənə dedi ki - Pəri, bu qırılanlar,
ölənlər sənin deyil, ölənlər, yaralananlar sənə
yad kimi gəlir? Sənə elə gəlmir ki,
ailə üzvlərimizin sağ olması, hər şey demək
deyil. Mən onlara görə sevinə,
şadlana bilmirəm. O vaxtlar yaşım az
idi, gənc idim, Əliyarın tam olaraq nə dediyini başa
düşməmişdim, amma sonralar anladım... O, müharibənin
içindən çıxıb evə gəlirdi, biz isə
elə evdə oturmuşduq, orada nə baş verdiyini bilmirdik.
Cəbhədə bir əsgərin ölümü
onun üçün dəhşətli hadisə idi. Əliyarın əsgərlərindən biri şəhid
olmuşdu, Əliyar ona Milli Qəhrəman adının verilməsi
təklifini vermişdi. O, oğlanın anası dedi ki, mən
öz oğlumu Əliyara qurban verməyə hazıram. Mən
adamların onu nə qədər çox istədiklərini o
an hiss edəndə
sarsılmışdım. Uşaqlarını,
bizi çox istəyirdi. Bir dəfə gecə mən alma istədim, səhəri gün taksi
sürücüsündən bir kisə alma aldırıb
göndərmişdi.
Dözüm
İndi onu tez-tez yuxuda görürəm, hər dəfə
də mənə köməyə gəlir. Ən çətin
bir işin dalınca gedəndə əgər onu yuxuda
görmüşəmsə, mütləq düzəlir.
Yuxularım həmişə elə canlı olub
ki. Ayılanda belə hiss etməmişəm ki, o, yoxdu. Böyük oğlum Emin cəbhəyə
gedib təzədən geri qayıtmışdı. Həmin vaxt Əliyarı yuxuda gördüm. Stolda oturub nə isə yazırdı. Dedim, nə
yazırsan, Əliyar? Dedi, sənə aid deyil, Eminə
yazıram. Səhər yuxudan ayıldım,
eşitdim ki, Emin yenidən cəbhə bölgəsinə
qayıdıb.
Anasının, bacısının danışdıqlarının
fonunda Yusifin fikrə getdiyini, hətta qəhərləndiyini,
bunu bizdən gizlətmək üçün eyvana
çıxdığını görürəm. Hiss edirəm ki, atası
haqqında gedən söhbətlər onda müəyyən
xatirələrin yenidən oyanmasına təkan verib. Ona
görə də Əliyar haqqında başqa bir sualı
Yusifə ünvanlayıram:
- Nə
zaman hiss etdiniz ki, Əliyar kimi bir atanın
övladısınız?
-
Yaxşı sualdı. Təbii,
özümüzü dərk edən gündən bilirdik ki,
adi adamın övladı deyilik. Amma əsasən
hansısa ən xırda səhvi edəndə belə ilk
olaraq göz önünə o gəlir. Mən
adi bir adamam, amma atam şəxsiyyətdir. Onun adını ləkələmək olmaz. Çox heyif o, kişinin belə oğlu var sözlərini
eşitməkdən hər zaman qorxmuşam. Çox şükür də ki, eşitməmişəm.
Bizə həmişə şəhid, Milli Qəhrəman
övladı kimi hörmət ediblər. Mənim
Ofeliya adlı müəllimim vardı. Mən
dərs oxumayanda, ya dəcəllik edəndə deyirdi ki, sən
adi adamın oğlu deyilsən. Vətənlə,
atamla bağlı bir çox şeyləri mənə Ofeliya
müəllimə təlqin etdi.
Pəri xanım Əliyarla bağlı son günlərini
yadına salır. Qeyd edir ki, nə o, nə də Əliyar heç vaxt həlak
ola biləcəyinə inanmırdı:
- Mənə
həmişə deyirdi ki, məni yüz erməninin
içində də görsən, qorxma, bil ki, mən
sağ-salamat gələcəm. O, ölümü nə
özünə, nə də bizə yaxın buraxmazdı.
Ancaq bir dəfə, şəhid olmazdan bir az
əvvəl mənə dedi ki, Pəri bu işlər,
ölüm-itim əvvəl olsaydı, dözməzdin, amma indən
belə həyatda nəsə olsa, dözəcəksən. Elə deyəndə ağladım, məni yaş
boğdu.
Əldə
qalan sovqat...
Son gedişini də çox pis xatırlayıram. O, getməzdən əvvəl
yuxu görmüşdüm. Yuxudan ayıldım
ki, gedim suya danışım, gördüm həyətdə
hər yer aydınlıqdı, elə bir səhər
vaxtıdı. Sən demə,
yaxınlıqdakı hərbi hissəyə silah sursat gətirirlər,
ona görə ətrafı işıqlandırıblar.
Otağa qayıtdım. Onda Əliyar da elə
bil hiss elədi, dedi, nə olub Pəri? Ona
heç nə demədim, yuxunu da danışmadım. Fikirləşdim ki, psixoloji təsir edər, fikirli
olar. Səhəri gün Əliyar yola
düşdü. Torbada ona qoz-fındıq
yığmışdım, dedim, gedəndə apararsan. Elə oldu ki, o gedəndə həmin boxça əlimdə
qaldı. Əliyarın anası dedi ki, payını
aparmadı, ona qismət olmayacaq. Elə bil hamı nə isə şübhəyə
düşmüşdü. Hamı
düşünürdü ki, görəsən o, evə gələcək,
yoxsa, yox. Həmin gün saat beşdə
onu vurdular.
Əliyarı gətirəndə xəbəri mənə
vermək üçün rayonun üçüncü katibi
olan Ceyran xanım gəlmişdi. Mən onu görən
kimi özümü qaldırıb, yerə
çırpdım. O, məəttəl qaldı, dedi, ay
qızım, qorxma, yaralanıb. Dedim, məni aldatmayın,
onsuz da yuxumu görmüşəm, Əliyar həlak olub. Onda
o, ağladı dedi, hə, qızım şəhid olub. Ondan sonra səsim bütün həyəti
başına götürdü. Həyətimiz
bir an içində adamla doldu. Sonra
Əliyarın da, sürücüsünün də cənazəsini
gətirdilər. Onu kürəyindən
vurmuşdular. Son dəfə özüm əlimlə
vurulan yeri yoxlamışdım.
Zaman keçdikcə dərdin üstü qaysaqlanır, amma mən heç cür Əliyarı yaddan çıxara bilmirəm. Bu iyirmi yeddi il mənim üçün bir-iki il kimi gəlib keçib. Mən rayonda olanda elə gün olmurdu ki, əlimdə gül onun qəbrinin üstünə çıxmayım. Bir gün kəndimizin yaşlı qadını məni saxlayıb dedi, qızım, sən belə hərəkət eləmə. Sənin üç balan var, sabah onlar ortalıqda qalar. Özünü ələ al, hər gün sənin nə işin var məzarlıqda. Başına bir iş gələr, xəstələnərsən. Mərd ol, balalarını böyütmək lazımdır. Bakıya gələndən sonra isə tez-tez Şəhidlər xiyabanına getmişəm. Hər gün işləyirdim, evə həmişə əlidolu gəlirdim. İstəmirdim onlara atasız kimi baxsınlar. Hərdən uşaqlara deyirəm ki, o vaxt pulumu yığsaydım, sizə bir neçə ev alardım. Çalışırdım ki, onlar atasızlığı xəyallarına tez-tez gətirməsinlər. Bir dəfə Emin yerdə uzanıb dərs oxuyurdu. Yavaşca gedib onun yanında dayandım, o, mənim gəlişimi hiss etmədi, sonra əlimi onun gözlərinin qarşısında bir neçə dəfə yellədim, o, yenə hiss etmədi. Yəni uşaqlar da mənimlə birlikdə çəkirdilər. Amma heç kim üzə vurmurdu. Hamı içində çəkə-çəkə fırlanırdı. Elə günümüz olub ki, soğan qızardıb onlara yedirtmişəm, özüm ac qalmışam. Belə günlərimiz də olub.
Qayıdış!
- Bilirsən, qızım, mənim indi o torpaqlara getməkdən başqa heç bir arzum ola bilməz. Mən özüm qazaxlı qızı olsam da, Qubadlını da özümə vətən hesab edirəm, oralarda yaxşı, pis günlərim keçib. Gəncliyim o yerlərlə bağlıdır. Amma məni ora bağlayan Əliyarın məzarıdı. Əliyarın ruhu dolaşan torpaqlara getməkdən qürurlu, gözəl hiss ola bilməz.
Pərvanə xanım deyir ki, atasına bağlı olduğu üçün uzun illər onun həsrətini çox çəkib.
- Atam rəhmətə gedəndə bizi bir
otağa saldılar ki, nə baş verdiyini bilməyək. Səhəri
gün gördük əmimin başına çoxlu adamlar
yığışıb. Səkkiz yaşım vardı,
dünyanı dərk etmirdim. Əmim dedi ki, atan bir az uzaq səfərə
çıxır, adamlar onu yola salmaq üçün gəliblər.
Narahat olma, ata qayıdacaq. Sonralar mən ölüm nədir dərk
edənə kimi gözümüz atamı axtardı. Həyətimizə
hərbçi maşını gələndə,
qaçıb pəncərədən baxmışıq ki, bəlkə
papa gəlib. Və yaxud da qohumlarımıza Qubadlıdan kimsə
qonaq gələndə deyirdim onların yanında
hündür bir kişi də gördünüzmü? Mən
hələ də tam dərk etməmişəm onun
ölümünü. Əmimin dediyi o uzaq səfər
sözü mənim yaddaşımda ilişib qalıb. Elə
bilirəm ki, o qayıdacaq. Mənə sual versələr ki,
qapı açılsa, atan içəri girsə, nə edərsiniz,
mənim cavabım belə olar: Belə bir şeyin ola biləcəyinə
inanıram. Bəlkə nə isə möcüzə baş
verə bilər... Bu bizim iç dünyamızdır. Onun gəlişini
görsəm, sağ qaldığına inana bilərəm.
Baxmayaraq ki, şəhid olduğunu, dəfn olunduğunu da dəqiq
bilirəm. Ona görə Qubadlının işğaldan azad
olunması bizi onlu günlərimizə qaytaracaq.
Samirə
Əşrəf
Hərbi And.- 2023.- 10 mart.- S.12-13.