Oğlum Türkiyədən işini atıb Vətəninin harayına gəldi”

 

 

Ağdamda haqqında söz aacağım növbəti Vətən müharibəsi şəhidi Samir Vaqif oğlu Fərzəliyevdir. 

Samir Fərzəliyev 1996-cı il dekabrın  8-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 2002-ci ildə Ağdam rayon Quzanlı qəsəsbə tam orta  məktəbinin I sinfinə daxil olub 2011-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin avqust ayından  Azərbaycan Silahlı Qüvvələrində  müddətdən artıq hərbi xidmətdə olub.

Samir Fərzəliyev 2015-ci ilin aprelində Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında, Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2016-cı ilin oktyabrında hərbi xidmətini başa vurubvə bir müddət mülki fəaliyyət göstərib. Samir Fərzəliyev 7 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi döyüşlərində iştirak edib.

Şəhidin anası Fərzəliyeva Siyafər xanım deyir ki, ailədə iki oğul bir qızım var:

Böyük oğlum Bəhruz, qızım Aytac şəhi balam Samir. Oğluma deyərdim ki, polis ol, cavabı həmişə yox olardı. Balam həmişə deyirdi ki, ana, mən gedib hərbçi olacağam. Arzusu hərbiçi olmaq idi. O, hərbi formanı çox sevirdi.Vətənimizi, torpaqlarımızı düşməndən azad edəcəyəm. Mən ermənilərin Xocalıda bizə etdikərinin əvəzini çıxacağam onlardan.

Mənim balam çox mərd idi, o çox istəyirdi torpaqlarımızı azad etsin. General-mayor Polad Həşimov şəhid olanda Samir Türkiyədə idi. Xəbəri eşidən kimi, Vətənə qayıtdı. Dedi ki, ana, əgər məni hərbiyə qoymasan, birdəfəlik evdən çıxıb gedəcəyəm. Oğlum o qədər vətənpərvər ruhlu insan idi ki, fikri, xəyalı torpaqlarımızı azad etmək, ermənidən qisas almaq idi.

Deyirdim, oğul, gəl evləndirim səni, ailə-uşaq sahibi ol, onun xoş gününü görmək istəyirdim. Mənə dedi, ana, torpaqlarımızı azad edib, bayrağımız yüksəklərdə dalğalanandan sonra evlənəcəyəm. Çox kasıbçılıq içində keçib balalarımın uşaqlığı, əziyyətlərə qatlaşıb balalarımı böyütmüşəm. Birinci Qarabağ müharibəsində Qiyaslı kəndindən qaçqın olmuşam.

2020- ci il 28 oktyabr idi. Bizdə çoxlu adamlar vardı. Qohumlarımızdan biri deyib ki, Samir şəhid olub, Siyafərə deməyin. Hələ dəqiq bilinmir. Deyirlər, yaralı idi. 30 oktyabr axşamtərəfi camaat gəlirdi bizə. Gördüm adamlar çoxdu. Hiss etdim ki, balama nəsə olub. Balam nəsildə kökdə bir oğul idi, çox igid qəhrəman oğul idi. Hamı hər şeyi məndən gizlədirdi. Gecə saat 11 olardı, elə qışqırdım ki, artıq bildim oğlum Samir şəhid olub. Səhər açıldı. Çox adam gəldi getdi... ( Red. Ağlayır)

Balam Yevlaxda morqdaydə. Atası gedib oradan gətirdi. O andan bəri heçhiss etmədim. O günlər getsin, gəlməsin. ( Red.Ağlayır).

Biz şəhidlərimizlə fəxr etməli, qürur duymalıyıq. Düzdür, mənim üçün ağır dərddir. Mən fəxr edirəm ki, igid, məğrur oğlum var. O, Türkiyədən işini-gücünü atıb Vətənin harayına gəldi. Dedi, o torpaqlarımız uğrunda savaşmaq, azad etmək mənim borcumdur. Analar pis olmasın, bizim balalarımız işğalda qalan 30 illik torpaqlarımızı azad etdilər, başımızı uca etdilər.

Balamın adına bir neçə orta məktəbdə adına sinif otağı var. Həmçinin iki yerdə adına bulaq var. Çox istəyərəm adına küçə də verilsin”.

Fərzəliyev Samir oktyabr 15-də  Ağdərə rayonun Suqovuşan istiqamətində gedən döyüşlərdə   şəhid olmuşAğdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Fərzəliyev Samir ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın  azad olunmasına  görə" və “Laçının azad olunmasına  görə" medalları ilə təltif edildi.

Ruhun şad olsun, şəhid qardaşım!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.-2023.- 17 mart.- S.13.