Üç boyalı sevgi

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Şəhid olan günədək sevdi, oxşadı üç boyalı bayrağı. Evinin ən gözəl guşəsində yerləşdirdi, şad günlərinə şahid tutdu. Birgə Qarabağa yola düşdülər...

Fərminin bayraq sevgisi bir ayrı idi. Həyatının ən xoş gününü - toyunu da 9 Noyabr - Dövlət Bayrağı Gününə salmışdı. Hər tərəfi üçrəngli bayrağa bürümüşdü. Və qəlbində tək arzusu qalmışdı: bu bayrağı işğal altında qalan torpaqlara sancmaq. Fərmin Əliyev 20 mart 1996-cı ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. İlk təhsilinə Şıxmahmud kənd tam orta məktəbində başlayan Fərmin 2011-2014-cü illərdə təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etmişdir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "Xüsusi Təyinatlı texnika və sistemlər" ixtisasına yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra xidmətə başlayan leytenant Fərmin Əliyev qısa zamanda məsuliyyəti, bilik və bacarığı ilə nüfuz qazanır. Həmlə kəşfiyyat taborunun üzvü kimi müxtəlif tapşırıqlar icra edir.

General-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucalması xəbəri hər kəs kimi, Fərmini də sarsıdırdı. Düşmənə intiqam hissi gündən-günə alovlanırdı. Sentyabrın 27-si başlayan Vətən müharibəsi şəhidlərimizin qisasını almağaişğalda olan torpaqlarımızı düşmənin murdar ayağından xilas etməyə zəmin yaradır. Əldə silah, ürəklərdə silahdan güclü Vətən eşqi igidləri səfərbər edir.

Döyüşlərin gedişatında Gülüstan kəndini və bir neçə kəndi işğaldan azad edirlər. Döyüşlərdən birində Fərminin də olduğu heyət mühasirəyə düşür. Fərminin xüsusi şücaəti ilə onlar günorta saatlarında mühasirədən çıxmağı bacarırlar. Talış kəndi uğrunda döyüşə davam edən heyət şəhid versə də, haqq savaşına uğurla davam edir. Bununla belə igidlər həmin kənddə mühasirədə qalan 30 nəfərin köməyinə yetişirlər. Ömrünün bahar çağını yaşayan gənc zabit uğurlu döyüşlərinə baxmayaraq şəhid olur. 1 oktyabrda öz doğma yurduna Fərmin Əliyev sevdiyi bayrağı ilə birlikdə dönür. Torpaqların işğaldan azad olunması arzusuna yelkən açan Fərminin şəhadətə qovuşmasından 23 gün sonra oğlu dünyaya gəlir.

İki bacının tək qardaşı olan Fərminin itkisi anası Fatma xanım üçün ağırdır. Sakit təbiətli Fatma ana ilə söhbətdən məlum olur ki, hərb peşəsi  Fərminin öz seçimi olub: "Birinci ili boyu düşmədiyi üçün kəsildi. Lakin peşəyə olan sevgisindən vaz keçmədi. İkinci ili yenidən sənədlərini hərbi liseyə verdi və qəbul oldu. Bizə də onun seçiminə hörmətlə yanaşmaq düşdü", - şəhidin anası dedi.

Fərminin bibisiorta məktəb müəllimi olmuş Məlahət Tağıyeva Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Qalib əsgərin müəllimi" layihəsinə qatılaraq birinci yerə layiq görülüb. Məlahət müəllimə özü  hərbçi anasıdır. Vətən müharibəsinin iştirakçısı olmuş oğlu baş leytenant Mənsur Tağızadə hazırda xidmətini ordu sıralarında davam etdirir. Məlahət müəllimə hər iki qəhrəmanla qürur duyduğunu bildirdi: "Mənsurla Fərmin eyni sinifdə təhsil alırdılar. Hələ kiçik yaşlarından hər ikisində düşmənə nifrət yaranmışdı. Xocalı faciəsində yaşananları heç cürə qəbul edə bilmirdilər. Elə o vaxtdan ikisi də hərbçi olacağına söz verdi. Onlar verdikləri sözə sadiq qaldılar. Vətənin dar günündə köməyinə yetdilər və bu gün hər ikisinin torpaqlarımızın işğaldan azad olunmasında payı var. Mən bir valideyn və müəllim olaraq hər ikisi ilə qürur duyuram. Fərminin itkisi bizi sarsıtsa da, tarix onun kimi oğulları heç vaxt unutmayacaq. Biz qəhrəman oğullarımızla hər zaman fəxr edəcəyik. Məktəbimizdə guşə yaradılıb. Kəndimizin 3 şəhidi - Birinci Qarabağ müharibəsinin şəhidi gizir Ələddin Dünyamalıyev, 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən şəhid olan kapitan Toğrul Məmmədov və Vətən müharibəsi şəhidi leytenant Fərmin Əliyevin keçdiyi şərəfli döyüş yolu haqqında şagirdlərə məlumat verilir. Gənc nəsil onları tanımalı və belə qəhrəmanlardan örnək götürməlidirlər".

Yoldaşı Fatimə xanım danışmaqda çətinlik çəkir. Deyir toyumuzdan sonra Fərminin üzünü cəmi 4 ay görə bildim. Evliliyimizin birinci ilinin tamamı isə onun şəhadətə qovuşmasının 40-cı gününə təsadüf etdi. Oğluna babası Fərmanın adını vermişik. Peşəsinə o qədər aşiq idi ki, onun üçün ailəsindən də öndə Vətən idi.

Hələ dünyanı dərk etməyən balaca Fərman babası Fərmana sığınıb. Fərman kişi qürurlu və möhkəm adamdır. Oğlunun yadigarını da vətənpərvər ruhda böyüdür. Fərmanın hamının tanıdığı qəhrəman atası Fərminlə fəxr edəcəyini deyir: "3 övladım var. Heç vaxt onları nəyəsə təhrik etməmişəm. Peşə seçimində sərbəstlik vermişəm. Sənədlərini də özü hazırladı, öz əzmi, iradəsi ilə bu peşəni haqq etdi. Təhsilini bitirdikdən sonra bir müddət Goranboyda, daha sonra Mingəçevirdə xidmət etdi. Xidməti dövründə fəxri fərmanlarla təltif olundu. Bizim başımızı heç aşağı əymədi. Uca zirvəyə yüksəldi. Vətənini, torpağını, bayrağını sevdi. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olundu. İtkisi ağır olsa da, mən qəhrəmanımla fəxr edirəm".

Hamımız fəxr edirik, Fərman ata. Bir oğulun vətənpərvərliyi həm də ailədən qaynaqlanır. Onun qəhrəman kimi yetişməsində sənin də əməyin var. Sənin kimi atalar var olduqca, bu torpağın müdafiəçiləri - cəsur əsgərləri də daim var olacaqdır. Onlar bu Vətəni qoruyacaq, sevəcək, igidlərin al qanına boyanmış üç boyalı, üç mənalı bayrağı hər zaman zirvələrdə dalğalandıracaqlar!

 

Ruhiyyə Rəsulova,

Naxçıvan televiziyasının baş redaktoru

Hərbi And.-2023.- 17 mart.- S.5.