“Gözümüzün qabağında yanına 82 mm-lik minamyot mərmisi düşdü”

 

Vətən müharibəsi iştirakçısı: Bizə demişdilər ki, bu ərazilər və postlar düşməndən geri alınmalıdır

 

Quluzadə Qasım Qabil oğlu 1997-ci il aprel ayının 27-də Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olub. A.Quluyev adına Hirkan qəsəbə tam orta məktəbi 9-cu sinifə qədər oxuyub. 2015-ci il 27 aprel tarixində hərbi xidmətə yola düşüb. Üç ay Sumqayıt şəhərində xidmət etdikdən sonra Qusara göndərilib. Orada yerləşən N saylı hərbi hissədə kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi qulluq edib. 2016-cı il oktyabr ayının 3-də ordudan tərxis olunub.

Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinə bir gün sonra gedib: “Sentyabr ayının 28-də işdə olan zaman zəng edib bildirdilər ki, müharibəyə çağırılmısan. Evə gələrək bu xəbəri ailə üzvlərimə dedim. Əvvəlcə narahat oldular. Lakin bildirdim ki, qismətimdə varsa şəhid olaram, yoxdursa inşallah sağ-salamat qayıdıb gələrəm. Sonra körpə qızımla, valideynlərimlə vidalaşıb Vətəni qorumağa getdim”.

İlk olaraq sentyabr ayının 29-da Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəyə gedib. Oradan Füzuli rayonuna, sonra həyəcan siqnalı ilə Alxanlı kəndinə göndəriblər: “İlk döyüşüm oradan başladı. 4-cü tabor olaraq gecə saatlarında irəli getmək əmri verildi. Müəyyən yeri maşınlarla getdik. 333 nəfər idik və döyüşə başladıq. Sonra sakitçilik oldu. Bizə demişdilər ki, bu ərazilər və postlar düşməndən geri alınmalıdır. Abu-hava çox gözəl idi, növbəti əmri gözləyirdik. Gecə yarısı yağış başladı. Asif adında əsgər yoldaşım var idi, könüllü gəlmişdi. Döyüşə gedəndə mənimlə gəlirdi. Deyirdi ki, ölüm varsa öləcəyik, qismətimizdə sağ qalmaq varsa yaşayacağıq. Səhərə yaxın ermənilər bizim taboru minamyotla vurmağa başladılar. Dağda olduqları üçün görə bilmirdik ki, atəş açaq. Salyan rayonundan Əhmədov Vidadi adlı mayorumuz var idi. Gözümüzün qabağında yanına 82 mm-lik minamyot mərmisi düşdüilk şəhidimiz oldu. Sonra daha 10-12 nəfər şəhid verdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qaraxanbəyli və Merdinli kəndlərindəki olan postları aldıq”.

Qasım hərbi xidmət zamanı kəşfiyyatçı olsa da Vətən müharibəsində pulemyotçu olub.

Müharibədə baş verən hadisələri yada salmağın çətin olduğunu bildirən Qasım deyib ki, həmin günləri yenidən yaşamaq bizlərə təsir edir: “Şirvandan olan əsgər yoldaşımın iki uşağı var idi. Gecə vaxtı oturmuşduq. Evdəkilərlə danışdı, ikinci oğlu anadan olmuşdu. Deyirdi ürəyimə damıb ki, şəhid olacam. Səhərə yaxın ermənilər bizi atəşə tutdu. İkinci şəhidimiz də bu oldu - Hüseynov Elvin. Axırıncı dediyi “məni ölməyə qoyma, iki körpəm var” sözləri idi. Bunları düşündükcə insan təsirlənir”.

Ondan sonra döyüşlərə davam ediblər. Ermənilərin açıq hədəfləri olurdudeyilirdi ki, həmin hədəfləri vurun: “Füzulidən sonra Xocavəndə getdik. Kəndin birində maraqlı anlar oldu. Bütün evləri gəzmişdim. Kənddə yerləşən məktəbdə cəmi 12 erməni oxuyurdu. Ləzzətli anlardan biribu idi ki, evlərdə hazırlanan mürəbbələr, turşular özlərinə qismət olmadı. Sanki bizim üçün hazırlanmışdı, hamısını ləzzətlə yeyirdik. Həyətlərində saxladıqları mal-qara, qoyun və toyuqları da kəsib yedik. Girdiyim evlərin birində yeni evlənənlər yaşayırdı. Sentyabrın 20-də toyları olmuşdu, ancaq evli həyat onlara qismət olmadı. 10-12 gün sonra biz kəndə girmişdik”.

Qasım deyib ki, noyabrın 5-6-da Şuşaya yola düşüblər. Həmin vaxt Daşaltı kəndi uğrunda döyüşlər gedirdi. Noyabr ayının 10-da müharibə bitəndə isə Şuşikəndə posta qalxaraq bir müddət orada olublar.

QEYD: Şuşikənd və ya bəzən Şuşakənd deyilir - Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənddir. 1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2020-ci il noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

Qasım 2021-ci il yanvarın 10-da Şuşa şəhərindən ehtiyata buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Quluzadə Qasım Qabil oğlu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

 

Bəxtiyar CƏFƏRLİ

Hərbi And.- 2023.- 31 mart.- S.16.