Dağların arasından döyüşə girdik

 

Azərbaycan xalqı 2020-ci il 27 sentyabr gününü bir xəbərlə açdı - Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatlarına başlayıb. Həmin gün ölkədə qismən səfərbərlik elan olundu. Bu isə müharibənin başlanması demək idi. Artıq günün sonunda ilk qələbə müjdəsi gəldi - 6 kənd düşməndən azad edildi. Lakin bundan əvvəl sentyabrın 21-də ehtiyatda olan bir qrup zabit və şəxsi heyət təlimlərə cəlb olunmuşdu. Müharibənin baş verəcəyi artıq qaçılmaz idi. Ona görə də əvvəlcədən hazırlıq başlanmışdı.

Nicat da təlimlərə çağırılanlar arasında olub. Hələ 2016-cı ildə baş verən aprel döyüşlərində könüllü orduya yazılmışdı. Lakin çağırış mayın 5-də gəldiyinə görə bu döyüşlərdə iştirak edə bilməmişdi.

Quliyev Nicat Anatoliy oğlu 22 oktyabr 1992-ci ildə Gəncə şəhərində anadan olub. 29 saylı tam orta məktəbdə oxuyub. 2012-ci il 5 iyul tarixində əsgərliyə yola düşüb. Hərbi xidmətini Beyləqanda Haramı düzündə ön xətdə keçirib. Quru Qoşunlarda baş atıcı vəzifəsində qulluq edib. 2014-cü il yanvarın 1-də ordudan tərxis olunub.

2020-ci il sentyabrın 20-də evə gələndə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsinin çağırış üzrə komissarı ilə rastlaşıb. Bununla da Vətəni qorumaq üçün yola düşüb. Evdə döyüşlərdə iştirak edəcəyini ancaq atası bilib. Anasına isə sadəcə 5 günlük təlimə getdiyini deyib ki, nigaran olmasın.

Sentyabrın 20-də Səfərbərlik Xidmətinə gedib. Həmin gün axşam onları Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndəriblər. İki gün qaldıqdan sonra Seyfəli poliqonuna gediblər. Sentyabrın 27-nə qədər təlimlərdə atışları, eyni zamanda manevrləri yarmağı məşq edirdilər. Bundan başqa müharibə vaxtı əsgər yoldaşlarına yardım etmək özlərini qorumağın yollarını öyrənirdilər.

Nicat deyib ki, sentyabrın 27-də səhər Qazaxa gediblər: “Axşam vaxtı bildik ki, artıq müharibə başlayıb. Çünki həyəcan siqnalı çaldı. Bizi döyüş vəziyyətinə hazırladılar, tam olaraq silah-sursatla təmin olunduq maşınlarla Qazaxın hazırda ermənilərin əlində olan 7 kəndi tərəfə getdik. Çünki qərar var idi ki, hücum həmin istiqamətdən olmalıdır. Lakin sonra Cəbrayıl tərəfə dəyişdilər. Həmin gün axşam yola çıxdıq bir kəndə gəldik. Adı yadımda deyil, ancaq iki dağ var idi. O dağların arasından döyüşə girdik. Başqa tağımlar, artilleriya tanklar da var idi. Bir tankımızı ermənilər minamyotla vurmuşdu. Kapitan Orucov adlı zabit tankın içində şəhid oldu. İrəliləməyə davam edirdik. Artıq bir neçə kənd alınmışdı. Sonra istiqamətimizi Hadruta tərəf verdilər. Bizim tağımı ayırdılar maşınlara minərək Hadruta getdik. Orada meşəlikdə döyüşdük 6 nəfər şəhid verdik. Onu deyim ki, Cəbrayılda olanda bizim tağımdan şəhid olmamışdı. Vəfat edən kapitan Orucov isə başqa tağımdan idi. Hadrutda isə ilk şəhidimiz Abdıyev Orxan oldu, yanına minamyot mərmisi düşdü. Sonra yenə irəlilədik”.

Artıq şəhidlər artırdı. Ona görə daha da irəli getmək üçün kömək gözləyirdilər: “Yerimizə başqa tağım gətirdilər. Bizim isə istiqamətimizi Füzuliyə dəyişdilər. Maşınlarla Yuxarı Əbdürrəhmanlı kəndinə getdik başqa tağımla birləşdik. Sayımız 100-ü keçmişdi. Gəncədən olan Amal adlı əsgər Fuzülidə ilk şəhidimiz oldu. Qamışlıq deyilən yerdə tələyə düşdük. Buna baxmayaraq irəli gedirdik. Həmin ərazilərdə olan yüksəklikləri nəzarətə götürmüşdük. Yenə şəxsi heyət çatışmırdı. Orada yanmış ferma var idi. Sığınacaq kimi düşmənin arxasına əks hücuma keçmək üçün əlverişli yer idi. Bizim komandirlər bir neçə əsgərlə həmin yerə getdilər. Yolun sağsol tərəfiylə getməklə erməniləri dairəvi şəkildə dövrəyə almalı idik. Səhər tezdən 5-ə işləmiş hücuma keçdik. Kapitan Cəbrayılov adlı zabit şəhid oldu. Ermənilər bizim gəldiyimizi görüb qaçırdılar. Qarşımıza yenə qamışlıq və kolluq ərazi çıxdı. Həmin yeri sürünərək keçmək lazım idi. Yarıya qədər kolluq olduğu üçün getmək rahat idi. Çünki düşmən bizi görə bilməzdi. Ancaq necə oldusa bir əsgərimiz vuruldu. Yanıüstə düşdüyünə görə sağ olub-olmadığını görə bilmirdim. Neytral ərazidə qalmışdı. Uşaqlara dedim məni qoruyun onu ərazidən çıxardım. Sürünərək getdimçatanda gördüm ki, şəhid olub. Buna baxmayaraq onu gətirib səngərə salmaq istədim. Yavaşca yerlə gətirərək səngərə düşdüyüm an minamyot mərmisi düz səngərin üstünə düşdü. Ondan sonra birdə Papanin hərbi hospitalında ayılmışam. Hadisə oktyabrın 20-22-də baş vermişdi. 3 gün komada olmuşam. Komandirin və uşaqların dediyinə görə məni 4 saatdan sonra tapıblar. Özümdə olmamışam. Bədənimin yarı hissəsi torpağın altında olub”.

Müalicəsi tam bitməsə də noyabrın ortalarında öz arzusu ilə hospitaldan ayrılıb. Çünki döyüş yoldaşlarının yanına qayıtmaq istəyirdi. Ona 15 gün məzuniyyət verərək evə göndəriblər. Lakin evə gələndən 2 gün sonra Ağstafada yerləşən N saylı hərbi hissəyə qayıdıb: “Çünki bizi ora çağırdılar.  Döyüşdən gələn digər uşaqlarımızı da gördüm. Bura yığılmağımızın səbəbini soruşanda dedilər ki, Kəlbəcərə aparırlar. Ancaq deyim ki, əslində bizim yerimizə başqa tabor getməliydi. Lakin həmin taborun döyüş təcrübəsi yox idi. Bizi isə döyüşdən çıxdığımız üçün Kələbəcərə göndərdilər. Hərbi hissəyə yaralı kimi gəlmişdim, tam yeriyə bilmirdim. Ona görə məni aparmaq istəmirdilər. Tibb məntəqəsinin kapitanından xahiş etdim ki, mən də getmək istəyirəm. Dedi ki, yeriyə bilməyəcəksən. Mən isə əziyyət də olsa getmək arzusunda olduğumu söylədim. Kiminləsə əlaqə saxladıqdan sonra bildirdi ki, getməyinə icazə verdilər. Bu xəbərə çox sevinmişdim. Daşkəsən istiqamətindən hərəkətə keçdik. Təxminən səhər saat 6-da yola çıxdıq. Kəlbəcərin Vəng kəndinə qədər yolu piyada getmişik. Çatanda gecə saat 1-in yarısı olardı. Uşaqlar sağ olsunlar yolda mənə getmək üçün çox kömək etdilər. Komandirimiz Hüseynli Vaqifin də mənə çox köməyi dəydi”.

Nicat 40 gün Vəng kəndində qaldıqdan sonra 2020-ci il dekabrın 27-də evə buraxılıb. 44 günlük Vətən müharibəsində qara ciyər, sol ayağının diz qapağı və baş hissəsindən zədələr alıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Quliyev Nicat Anatoliy oğlu 1-ci dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Bəxtiyar CƏFƏRLİ

Hərbi And.- 2023.- 5 may.- S.10.