"Qarabağın açarını
gətirəcəyəm"
İlqar Elçin oğlu
İbrahimov 2002-ci il iyun ayının
25-də Astara rayonunun
Təxtənəkəran kəndində
dünyaya gəlib.
2008-2019-cu illərdə Şişqaya
uğrunda döyüşlərdə
qəhrəmanca şəhid
olan Elşən Baxşıyev adına Rinə tam orta kənd məktəbində
təhsil alıb. Yaxşı oxumaqla yanaşı, bütün
ictimai işlərdə
fəal iştirak edib.
2020-ci ilin iyulunda xidmətə
çağırılanda İlqar
ömrünün 19-cu ilinə
yenicə qədəm
qoymuşdu. Hələ
çoxunun gözündə
"uşaq" idi.
Təhsil
aldığı məktəbin
direktoru Fikrət Kəkəyev: "Biz onlara
uşaq deyirik. İllər sonra da məzunlarımız bizim
üçün uşaq
olaraq qalır. Amma bu uşaqların arasında İlqar kimi yaşından tez böyüyənlər
də olur - düşüncəsinə, davranışına
görə. Çox zəki, boy-buxunlu, qamətli idi. O saat diqqət çəkirdi. İnanırdıq
ki, fəxrimiz olacaq. Xalqımız qürurlu xalqdır. Bu qüruru İlqar kimi oğullar qoruyub. Yaxşı oxuyardı.
Yurdunu, elini, obasını sevən biri idi".
Oxuduğu müddətdə olduğu
kimi hərbi xidmətdə də intizamı ilə seçilib. Zəfər tariximizi yazanlardandı İlqar.
2020-ci il sentyabrın 27-də başlayan
Vətən savaşının
döyüşçüsü idi. Suqovuşanın, Ağdərənin azadlığında
iştirak edib. Oktyabrın 3-də Ağdarənin
Tülküdərə kəndi
uğrunda döyüşlərdə
şəhid olub.
Anası
Tünzalə xanım:
"Oktyabrın 3-də səhər
danışdı mənimlə.
Ağladığımı hiss elədi. "Yaxşıyam.
Sənin oğluna burda qəhrəman kimi baxırlar, sən ağlayırsan. Qəhrəman anası ağlamaz" - dedi. Balamın səsini eşitmədim ondan sonra. Elə həmin gün günortadan sonra şəhid olub. Şəhid olan gün mənə deməyiblər, ayın
4-də gətirildi balam.
Boy-buxunluydu, yaraşıqlıydı
İlqarım.
Ölümü də
özünə yaraşdı".
Heykələ dönürdüm bu
anaların qarşısında.
Donub qalırdım.
Gah da əriyirdim...
Doğma
el-obasında onun adını daşıyan
abidə kompleksini və bulağı Vətən müharibəsi
qazisi, tabor komandiri Əli Səttarovla birlikdə döyüş
yoldaşları açıb.
İlqar bulağı
axır indi. İlqar, Şahnur, Fədail, Elçin, Baba adlı bulaqlar axacaq bu yurdda
həmişə. Yanğımıza
məlhəm olacaq. Doğma yurdun hər qarışına bərəkət gətirəcək,
gül-çiçək bitirəcək.
Döyüş dostları "məhz
İlqar kimi oğullara görə bu gün hamımız
qürurluyuq" - dedilər.
Nə desək, onların elədiklərinin yanında
görünmür.
Astara
rayon Təhsil şöbəsinin
müdiri Rəşad
müəllimin dediyi kimi, İlqarlar bizi boynubükük yaşamaqdan xilas etdi.
"Vətən uğrunda",
"Cəsur döyüşçü",
"Suqovuşanın azad
olunmasına görə"
medalları ilə təltif olunub İlqar Elçin oğlu İbrahimov.
"Uşaqlıqdan hərbi geyim istəyirdi məndən, almışdım.
Deyirdi gedib Qarabağın açarını
gətirəcəyəm. Bax,
ata, Mübariz də İbrahimovdur, mən də İbrahimovam. Onun kimi olmalıyam. Çox zəhmətkeş
idi. Bütün işlərdə köməkçim
olub. Hətta ona yararsız kimi hərbi bilet almaq istəyirdim,
nə gizlədim, necə həyəcanlanıb
narahat oldusa, "mən yararsız adla heç cür yaşaya bilmərəm", - deyib
utandırdı məni.
"Elə-belə sözdü
dedim" söyləyib
sakitləşdirdim onu.
İyulun 10-da çağırış
oldu. Onu çağırmadılar. Tez-tez
hərbi komissarlığa
zəng edirdi, gedirdi, niyə məni çağırmadınız
soruşurdu. Elə bil hiss eləmişdi müharibə olacaq. Hər gün gözləyirdi çağırışı,
tələsirdi əsgər
getməyə. Şəhidliyə
tələsirdi oğlum..."
- atası Elçin oğlunu belə xatırladı.
Döyüş yoldaşı, tabor komandiri
Əli Səttarov:
"Gənc idi. Amma gəncliyimizin vüqarının
təmsilçisi oldu.
Çox intizamlı, məsuliyyətli idi. Əsgərin şəhidliyini
görmək də bir ayrı əzabdır.
Çox gənc idi, axı... Ən çətin döyüş tapşırıqlarını
yerinə yetirirdik. Üçüncü tapşırığı
yerinə yetirərkən
şəhid oldu. Hərbi xidmət boyu özünü vüqarlı, cəsur biri kimi göstərdi
taborda".
Kəndin
ağsaqqalı, İkinci
Qarabağ savaşının
baş giziri, döyüş maşın
komandiri, 23 il vətənə
xidmət edən Zülfü Ağayevin atası Ağali Ağayev kövrək, amma məğrur danışdı: "Torpaq
başqa bir şeydir. Torpaq sevgisi ayrıdır. Torpaq anadır deyirik, anadan da ötədi. Çünki
hamımıza o qucaq açır. Hamımızı
o qəbul edir. Onu qorumaq hər
birimizin borcudur. Mənim də oğlum bu döyüşdə
şəhid oldu. Bu gün oğlumla fəxr edirəm".
Nə desək, onların elədiklərinin yanında
çox cılız görünür. Mübariz
İbrahimovla eyni soyadı daşımağı
ilə fəxr edən, Pəncəli Teymurovu idealı sayan İlqar onlar kimi olmaq
arzusuyla yaşayırdı.
Arzusuna çatdı İlqar.
25 iyun 2021-ci ildə 19 yaşına İlqar bulağı açdılar
doğma kəndində.
O bulaqdan elə bil Mübariz, Polad, Pəncəli olmaq arzusu axır.
Bir yeniyetmə bulaqdan su içdi. Sonra ovucları ilə ətrafa su səpdi. Aydınlıq, nur səpildi Vətən torpağına İlqar bulağından.
Kamalə
ABİYEVA
Hərbi
And.- 2023.- 17 noyabr, ¹42.- S.16.