SƏNƏTİN
SEÇDİYİ ADAM -Şəhid
Həmdəm Ağayev
Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir
görüşə imkan yaratdığı üçün
Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız
bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə
sevinci yaşadığımız halda, digər tərəfdə
şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər,
bir gözümüzün gülüb, birinin
ağladığı bu günlərdə çox diqqətli
olmalı, bu zəfəri hansı itkilərin, necə
oğulların qanı, canı hesabına əldə
etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri
oxuyan hər bir şəxsin özünün şəxsən
tanıdığı qəhrəman şəhidimiz və ya
qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya
illərlə bir yerdə xidmət etdiyim, ya da ən
azından bir neçə saatlıq da olsa, yol yoldaşı,
söhbətdaş olduğum neçə belə igidlər
var. Elələri var ki, həyatlarını dəfələrlə
riskə atsalar da, sağ-salamt yeni döyüşlərə
canla-başla hazırdırlar. Çoxları isə ya
qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və
mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə
bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən
tanıdığım belə qəhrəmanlardan biri şəhid
polkovnik-leytenant Həmdəm Ağayevin timsalında
bütün şəhidlərimizin ruhunu şad etmək,
onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar
barədə öz subyektiv fikirlərimi sizlərlə
bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci
ilin may ayının ortalarına, səhv etmirəmsə,
16-sına təsadüf edir. Həmin gün Azərbaycanın
müxtəlif bölgələrində olan hərbi hissələrdən
komandirlərin təqdimatları ilə döyüşlərdə
və xidmətdə fərqlənmiş hərbi
qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə
qəbulda iştirak etmək üçün seçim mərhələsinə
göndərilmişdi. Bütün gələcək namizədlər
məktəbin həyətində toplanmışdı.
Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə
maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini
soruşur, yerlilər toplaşıb dərdləşirdilər.
Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin
günəşli gün indi də ən xırda detalına
kimi yadımdadır. Ağdam cəbhəsindən gələn
Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı
(Şəki) çıxmaq şərti ilə Ağdamdan olan
namizədlər; Əsgərov Əhliqar, soyadını
unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev
bir ağacın kölgəsində dayanıb söhbət
edirdik. İsgəndərov Namiqlə mən Tərtədən
gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki
vəziyyətdən danışırdı. Sahibdən (Sahib
hamıdan hündür və canlı olsa da, sən demə,
neçə illər cəbhədə döyüşən,
hələ atəşkəsdən sonra da bir il qalıb xidmət
edən bu dağ boyda igidin ürəyi xəstə imiş.
O, bu səbəblə tibbi müayinədən keçə
bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu
sıralarını qayıtdı. İndi bu yeddi nəfərin
hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə
şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər
ərzində arada-sırada görüşdüyümüz
vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan,
ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə,
o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli,
olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə
başlaya bilsən çox məlumatlı, hərtərəfli
ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin
gün də bəlkə o heç ağzını
açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi
hamını dinləmiş, kimin nə qədər
şişirtmələrə yol verdiyini özü
üçün saf-çürük etmişdi. Bizim onunla
tanışlığımız bax belə başladı.
Fakültələrimizin fərqli olması səbəbindən
sonralar da ara-sıra görüşərdik. Adətən, ya
o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov
Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib,
gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən
idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər
mümkün olurdu.
ZAUR USTAC “QƏLƏMDAR-2”
QISA ARAYIŞ
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci
ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik
illəri məlum münaqişənin ən qızğın
dövrlərinə təsadüf etdiyindən, demək olar
ki, o dövrün əksər gəncləri kimi güllə
səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır.
Onun məktəbli olduğu illəri tanınmış
söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru
Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu
deyim ki, Həmdəmin ölümü həqiqətən məni
çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin
sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox
çalışqan, məsuliyyətli, ciddi və ən əsası
isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə
gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci
heç bir vasitə ilə qərarından döndərmək
mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss
yox idi… Biz müəllimlərin belə gənclərə
ümidləri böyük idi. Bizim nəzərimizdə
onların hər biri həkim, müəllim, mühəndis
kimi gələcək müstəqil Azərbaycanın
qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət
eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və
böyüklərin müxtəlif arzularının
olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları
kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu
sıralarına qoşularaq vətənin, doğma yurdun
müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir
cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların
işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may
ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən
sonra da bir il xidmət edən Həmdəm komandirlərinin
tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə
daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə
başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq
ordu sıralarında xidmətinə davam etməyə
başladı. 9 oktyab 2020-ci ilə qədər
Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif
bölgələrində yerləşən hərbi hissələrində
fərqli vəzifələrdə xidmət etdi. Ən
böyük arzusu olan Qarabağın azadlığı
uğrunda Vətən Müharibəsinin bu günündə
amalı yolunda qəhrəmancasına şəhid oldu.
Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun
saysız-hesabsız mükafatları, təltifləri içərisində
ölümündən sonra qazandığı “Vətən
uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin
öz yeri var. Çünki bu ödülləri canından
çox sevdiyi Qarabağı düşmən
tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM)
bir özəlliyi var ki, dörd il təhsil müddətində
yeddi kursun kursantları ən azından hamısı bir-birini
üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim
olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş
olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə
çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər
şeyi gözə almış vətənə sevdalı ər
deməkdir. Təhsilin ilk illərində Həmdəmlə,
adətən, axşamlar boş vaxtda idman şəhərciyində
tez-tez görüşürdük (Yuxarı kurslarda isə o
şərq əlbəyaxa döyüş növlərinin
biri ilə şəhərdə – məktəbdən kənarda
məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən
orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir
neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu
üçlük idman edə-edə söhbətləşərdik.
Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ,
Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi
“…bu biabırçılıq nə vaxta qədər belə
davam edəcək?” Həmdəm isə deyərdi: –
”İnşallah, bir gün sonu gələr. Zalımın
zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul
olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi
və təhsil müddətində də komandir müavini
olaraq fəaliyyət göstərirdi. Dəfələrlə
onun gələcəkdə onunla çiyin-çiyinə eyni
sırada zabit kimi duracaq yaşca kiçik, hələ
dünyanın bərk-boşundan çıxmamış
öz kursantlarına sakit, aramla, yavaş səslə necə
öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn,
onun ən çox işlətdiyi bir cümlə var idi: –
“Dövlət bu ağır günündə sənə
cibindən bu qədər pul xərcləyir, yedirdir,
içirdir, geydirir, oxudur, sağlamlığını
qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu,
kişilikdən deyil. Hər işdə gərək
halallıq olsun”. Bir məqamı da nəzərinizə
çatdırım, artıq söz deməyə heç bir
ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər
qaldıqda belə Həmdəmin tağımı məktəbdə
öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan
az-çox xəbəri olanlar bilir ki, çox
haylı-küylü həyatdır. Həmdəm burada da
özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası
vaxtda və ya yeməkxanaya gedəndə nə qədər
qarışıqlıq olsa da, görürdün ki, bir
tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu
ilə bütün intizam qaydalarına ciddi riayət etmək
şərti ilə gedir. Yaxınlıqda komanda verən
heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin
tağımıdır. Diqqətlə ətrafa baxdıqda
görərdin “planşet”i çiynində,
başıaşağı, fikirli-fikirli gəlir. Gəlib
çatanda qayğılı baxışlarla süzüb,
başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi.
Buraxılışa az qalmış şanlı qələbəmizin
memarlarından olan Hikmət Mirzəyev məktəbdə
göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər
vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən
də onu hələ Tərtərdən ciddi, səliqəli,
hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq
tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi
olan zabitlərdən biridir. Doğma yaşlı atası belə
qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də
gözləməli olurdu. Hikmət Mirzəyev gənc
olmasına rəğmən yeganə zabit idi ki, sutkanın
hansı vaxtı gəlsə gözlətmədən Lənkəran
Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım.
Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət
yeni hərbi hissə yaradılacaq, kim istəyir
könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm,
Namiq və mən təxminən 100-ə yaxın gələcək
leytenantlar könüllü yazıldıq. Siyahılar
hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı
akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin
zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin
özəllikləri və bəzi məhdudiyyətlər barədə
məlumat verdilər. Bütün bunlarla tanış olduqdan
sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə
bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət
etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər
yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin
əmri gəldi (Məmmədov Rəşad – Bərdəli).
Mən də daxil olmaqla qalanları üçün izahat belə
oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail
Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla
40 nəfər mütəxəssis hazırlamışıq,
onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu
istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin
toplantıda oldu. Sonra hərə bir tərəfə – öz
xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm
istədiyi kimi həmin hərbi hissəyə
düşüb. Sonra bir dəfə eşitdim ki, artıq
Naxçıvandadır. Həmin vaxt mən də
Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox
olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi.
Həmişə ya təlimdə, ya tapşırıqda
olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi
geyimdə, əlində silah başa vurdu. Şərəflə
özü demişkən, hər kişiyə qismət olmayan
şəkildə başa vurdu. Halbuki tamam başqa cür də
ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar
zabit idisə, ondan on qat daha tanınmış müəllim,
pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər
həmyaşıdları kimi o da özünə sənət
seçə bilmədi. Onu seçən sənətin
ardınca getməli oldu. Necə ki, digər şəhidimiz
Polad Həşimovun anası demişdir: – “…o
hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu,
tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib
dedi ki, mən hərbçi olacağam, indi vətənimiz
üçün bu daha vacib peşədir…” Bu arada qısa bir
haşiyəyə çıxıb sonra söhbətimi bitirmək
istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim
üçünsə qəribə görünə bilər.
Ancaq inanın biz istəsək də, istəməsək də,
inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən,
sadəcə, (hamımızın yaxşı
tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin
adlarını xatırlatmaq kifayətdir. Məsələn,
Polad Həşimov, Şükür Həmidov (bir ildən
artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm
və hələ 1993 -94-də xüsusilə, atəşkəsə
lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam
cəbhəsində nə qədər gənc yaşda şəhid
olmuş 75-lər. Qələbəmizin digər
memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov
(şəxsən tanıyıram) və digər nə qədər
tanımadığımız qəhrəman 75-lər. Allah
hamısına can sağlığı versin. Hərbçi
olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi
və digər xüsusi istedad sahibi 75-lər. Bu adını
çəkdiyim şəxslərin hamısını
yaxından tanıyıram. Onların seçilmişlər
olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə
deyil, məsələn, tanıya biləcəklərimiz…,.
1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da
aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə
vara bilər. Həmdəm bu seçilmişlərin öndə
gələnlərindən biri idi. Onu yaxından tanıyan,
hörmət edən əsgərlərinin, döyüş
yoldaşlarının dediyi kimi, “o, şəhidlərin
sultanıdır”. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Hamısı bizim üçün əzizdir.
Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu
yazı Həmdəmin timsalında bütün şəhidlərimizə
həsr olunur. Yazının məqsədi, sadəcə, necə
igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət
çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə
eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə
bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə
anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib
bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd,
şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı
Ağayev Həmdəm həmən-həmən, hardasa
aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub…
Eləcə də Polad Həşimov, Şükür Həmidov
və digərləri… Bunları xatırlatmaqda məqsədim
odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər
ki, həyatdayıq. Çünki adları bu yazıda
anılan və digər yüzlərlə qəhrəman
oğullar bir an düşünmədən, gözlərini
qırpmadan öz həyatlarından, arzularından, üstəgəl,
yaxınlarının, doğmalarının,
övladlarının istəklərindən vaz keçiblər…
Və dahası, bu gün, bu an üçün on illiklərlə
(on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd
edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə
saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə
buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli
təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə
dolu ağır xidmət illərinə qatlaşmaq, əsl
şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir?
İllərlə bəzənib, süslənib şərəfli
anın nə vaxt gələcəyini gözləyirsən…
Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu
məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov
ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində
oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən
soruşun. Və ya Şükür Həmidovu ən azı
bir rayonun icra başçısı kimi təsəvvür
edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan
soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm
Ağayevi ali məktəblərin birində müəllim kimi
təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə
necə yaraşardı və onun öhdəsindən layiqincə
gələr, ölkəmizə, millətimizə,
xalqımıza, gələcəyimizə nə qədər
faydalı ola bilərdi. Ancaq onlar bütün bunların
hamısından bizlərə görə imtina etdilər. Ali
xüsusiyyətlərinə görə Uca Yaradan onları
seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə
götürək, onların bizə əmanət etdiyi gələcəyə
xəyanət etməyək! Ruhunuz şad olsun,
seçilmişlər…
30.12.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda
yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və
“QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil
məqalə şəklində yer almışdır. Eyni
zamanda ənənəvi qaydada aşağıdakı mətbu
orqanlarda dərc olunmuşdur:
1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm
Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
Hərbi And.- 2023.- 6 oktyabr.- S.12.