Etibar Vətənə etibarlı əsgər idi
Etibar Səday oğlu Məmmədov Vətənin etibarlı oğlu olmağı bacardı. Tanıyanlar onun haqqında dəyərli fikirlər səsləndirir, hər dəfə barəsində danışanda, o illərə qayıdırdılar. Qonşuları bildirdilər ki, yaxşı insan olub. Yaxşı xatırlanmaq nə qədər çətin olsa da, Etibar bunu bacardı. İndi nəinki Ağstafa, bütün Azərbaycan onunla fəxr edir.
Öyrənirik ki, Etibar Məmmədov 1994-cü ildə Ağstafa rayonunun Yaradullu kəndində anadan olmuşdu. 2001-ci ildə Yusif İsmayılov adına Yaradullu kənd orta məktəbində təhsil almışdı. Məktəbi bitirdikdən sonra 2012-2014-cü illərdə "N" hərbi hissəsində hərbi xidmətdə olub. Ailəsi bildirdi ki, komandirləri ondan razılıq edir, verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyini deyirdilər. Hərbi xidmətdən qayıtdıqdan bir il sonra valideynlərinə yenidən ordu sıralarına qayıdacağını deyir. Kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" hərbi hissəsində tuşlayıcı-operator vəzifəsində xidmətə başlayır. Xidmətini peşəkarlıqla yerinə yetirərək yoldaşlarına nümunə olmağı bacarır. "Mən də haqq savaşımız başlayanda döyüşənlər sırasında olub Vətənin harayına səs verəcəm", - deyərək daim biliklərini artırmağa çalışıb.
Anası Şahnaz Məmmədova oğlunun keçdiyi döyüş yolundan qısaca söz açdı: "Ağlıma gəlməzdi ki, hansı zamansa gələr və mən oğlum barəsində keçmiş xatirələrimi bölüşərəm. Həyatımız boyu müxtəlif çətin anlarla üzləşirik. Ancaq bir müddət sonra onlar ya unudulur, ya da həll olunur. Övlad itkisi valideynlərə qanayan yara kimidir. Lakin onun qürurla anılması mənə təsəllidir. Etibar öz istəyi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmağı seçdi. Biz də valideynləri olaraq ona razılığımızı bildirdik. 2016-cı ildə Aprel döyüşləri başlayan vaxt o da torpaqlarımız uğrunda döyüşdü. Onun evə qayıtdığını görəndə fərəhdən qanadlandım. 2020-ci ildə Tovuz döyüşlərində də iştirak etdi. Oğlumun gözlərində alışıb-yanan qisas hissini duymamaq mümkün deyildi. Həmin ilin 27 sentyabrında başlayan Vətən müharibəsində də döyüşlərə qatıldı. Füzuli istiqamətində əməliyyat tapşırığını yerinə yetirərkən döyüş yoldaşlarıyla birgə içində olduğu tank vuruldu. Sonra özünü kənara ataraq qurtulmağı bacardı. Bu dəfə də əlinə silahını alıb yoldaşlarıyla irəliyə gedərək düşməni itkilərə məruz qoydu. Ağır döyüşlərdə sentyabrın 28-dən 29-na keçən gecə şəhid oldu. Etibarın seçdiyi yol, qazandığı ada görə, həmişə qürur duyacağam".
"Mən də Birinci Qarabağ döyüşlərində iştirak etmişdim. Oğlum da uşaqlıqdan müharibənin nə demək olduğunu yaxşı anlayırdı. Həmişə deyərdi ki, mən də müharibə iştirakçısı olub torpaqları əsarətdən xilas edəcəm. Bu amalla hərbi formanı geyinərək xidmətə yollandı. O, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdi. Onun gücünə, iradəsinə bələd idim. Hamımız bilirdik ki, qorxu bilmədən döyüşəcək. Belə də oldu. Çətin döyüşlərdə ölümünü gözə alaraq daha da irəliyə getdi və şəhid oldu. Doğulduğu Yaradullu kəndində də torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medallarıyla təltif edildi. Oğlumun xatirəsini əbədiləşdirmək üçün kəndimizdə onun adına bulaq kompleksi açdıq", - deyə atası Səday Məmmədov vurğuladı.
Ramilə Əhmədova da qardaşını xatırladı: "Etibar fikirləri ilə təəccübləndirməyi bacarırdı. Qonşulardan hərbi xidmətə gedən olanda həyəcandan bir yerdə dura bilmirdi. Hər birimiz onun gözlərindəki istəyi duyurduq. Ancaq heç vaxt düşünə bilməzdik ki, bir gün o da hərbçi kimi forma geyinib Vətənin müdafiəsində dayanacaq. 2020-ci ilin Tovuz döyüşlərində digər şəhidlərlə yanaşı, general-mayor Polad Həşimovun da olması onu dərindən sarsıtmışdı. Hər dəfə deyirdi ki, vaxt gələcək, mən düşməndən qisas alacam. Uşaqlıqdan onu qorxubilməz kimi tanımışdıq. Böyüdükcə hərəkətləri və davranışıyla bunu bir daha sübut etməyi bacardı. Hərbçi kimi xidmətə gedəndən bir il sonra başlayan döyüşlərdə iştirak edib evə qayıtması bizi narahatlıqdan qurtarmışdı. Düşünürdük ki, Etibar yenə yanımıza qayıdacaq. Ancaq Vətən müharibəsində düşmənin mövqelərimizi durmadan atəşə tutması, uşaqları da, yaşlıları da qətlə yetirməsi qardaşımın da qüruruna toxunurdu. O, sonunu düşünmədən döyüş meydanında layiqincə savaşdı. Biz fəxr edirik ki, Vətən üçün qorxu bilməz döyüşçü böyütməyi bacarmışıq. Gələcəyi, azad Qarabağı düşündü. Qəhrəman bacısı olmaq mənə verilmiş ən gözəl təsəllidir".
Hüsniyyə İDRİSOVA
Hərbi And.- 2023.- 27 yanvar.- S.11.