"Şirxana məzuniyyət vermişdilər, amma o, döyüşə qayıtdı"

 

 

Bu dəfə Vətən müharibəsi şəhidi Quliyev Şirxan İsmixan oğlu haqqında söz açacağam.

Şirxan Quliyev 2 sentyabr 1995-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 2002-2013-cü illərdə əvvəlcə, Xocavənd rayon Muğanlı kənd 2 saylı, sonra isə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Şirxan Quliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduğu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbayacan Silahlı Qüvvələrinin kiçik  çavuşu olub. Manqa komandiri idi.

Tariximizə şanlı Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirxan Quliyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib.

Şirxan Quliyev döyüşlərdən sonra "kiçik çavuş" rütbəsində xidmətinə davam etmiş, hərbçilər üzrə keçirilən atıcılıq müsabiqələrində müxtəlif dərəcələr əldə etmiş, qalib olub.

Şəhidin atası Quliyev İsmixan bəy deyir ki, Şirxan çox tərbiyəli, mədəni, mərifətli oğlan idi: 

"Böyük- kiçik yeri bilən idi. Bizə çox bağlı övlad olub. Hər kəsə canı yanardı.  Xocavəndin Qızılqaya adlanan kəndində ermənilər gəzirmiş, şəhidimiz Milli Qəhrəman Həmid Şükürov Şirxana deyib ki, sənə 3 patron verəcəyəm. bunları vura bilərsənmi? Deyib, siz izin versəniz, canlarını alaram. Elə o cür edir oğlum, erməni generalını öldürür. Ermənilər bu generalın ölümünə 3 gün matəm saxladılar. Bax, bu cür qəhrəman olub mənim oğlum. AQS 30 adlı çox güclü iri silah var. Oğlum o silahla çox igidlik göstərib. General-leytenant Mais Bərxudarov da oğlumun qəhrəmanlığına görə onun xətrini çox istəyirdi.

Şirxana 1 aylıq məzuniyyət vermişdilər, amma o qalmadı, getdi döyüşə. Deyirdi ki,  əsgər yoldaşlarım orada ola-ola, mən burada qala bilmərəm.  Qubadlıda dana kəsmişdilər, yedilər-içdilər, 052-yə qoşulub Daşaltı istiqmətinə getdilər. Bunun silahına da kömək edib qaldırıblar balaca bir təpə var ora. Dostları deyir ki, çox ciyərli uşaq idi. Deyib ki, son sözümüz bura alınmalıdır. Daşaltı alınıb, yeni çıxıb gələndə minamyotun qəlpəsi qolundan dəymişdi. Qolunu sarıyanda yoldaşlarına deyirmiş ki, dəyməyin, bu qan tökülməlidir. Bizim qanımız tökülməsə, kimin qanı töküləcək?!

Müharibə başlamamışdan o, 21 sentyabrdan çıxmışdı Füzuli istiqmətində döyüşürdü. Deyirdi ki, ata, qəti narahat olmayın, siz özünüzü qoruyun. Deyirdi, bax, mən şəhid olmayım, o biri şəhid olmasın, kim şəhid olsun?! Ancaq öz bildiyi ilə gedirdi. Özü həmişə deyirdi ki, bir baxacaqsınız ki, mən şəhid olacağam!

Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Cənab Prezidentimizə cansağlığı versin. Vətən sağ olsun, Millətimiz var olsun!"

Şəhidin adına orta məktəbdə sinif otaqları var. Həmçinin şəhidlərin abidə memorial kompleksində adına abidə bulaq komplekisi var.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şirxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şirxan Quliyev 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Beyləqan rayonunda yerləşən Xocavənd şəhərciyində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Şirxan Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2023.- 27 yanvar.- S.8.