Milli Kitabxananın əməkdaşları
tərəfindən “Süleyman Ələsgərov” adlı
ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib
Görkəmli Azərbaycan bəstəkarı,
tanınmış dirijor və pedaqoq, Dövlət
mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun
anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 22 fevral
2024-cü il tarixində Xalq artisti Süleyman Ələsgərovun
100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam
imzalayıb. Bununla bağlı olaraq Milli Kitabxananın əməkdaşları
tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından “Süleyman Ələsgərov” adlı ilk
fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib.
Kitabxanadan bildirilib ki,
1945-2024-cü illəri əhatə edən biblioqrafiyada
“Süleyman Ələsgərov həyat və
yaradıcılığının əsas tarixləri”,
“Görkəmli şəxsiyyətlər və sənət
dostları Süleyman Ələsgərov haqqında” bölmələri,
sənətkarın bəstələdiyi musiqi əsərləri,
səs yazıları, həyat və
yaradıcılığı haqqında kitablar, dissertasiyalar və
avtoreferatlar, dövri mətbuatda, məcmuələrdə
çap olunan məqalələr toplanıb, müvafiq
bölmələr üzrə qruplaşdırılaraq təqdim
edilib.
Biblioqrafik göstəriciyə “Süleyman Ələsgərovun
əsərləri dünya milli kitabxanalarında” bölməsi,
həmçinin “Əlavələr” bölməsinə “Azərbaycan
Bəstəkarlar İttifaqının fondunda saxlanılan əlyazmaları”,
“Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
fondunda saxlanılan arxiv materialları və afişalar”, “Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının fondunda saxlanılan
partitura və klavir əlyazmaları” və digər alt
bölmələr daxil edilib.
Azərbaycan, rus və başqa dillərdə çap
olunmuş materialları əhatə edən biblioqrafiyada ədəbiyyat
bölmələr daxilində xronoloji prinsip əsasında
qruplaşdırılıb, daxildə əlifba sırasına
riayət edilib. Göstəricidən istifadəni
asanlaşdırmaq məqsədilə “Süleyman Ələsgərovun
əsərlərinin adlar göstəricisi” və “Süleyman
Ələsgərov haqqında yazan müəlliflərin əlifba
göstəricisin”dən ibarət köməkçi aparat
verilib.
Biblioqrafiya ilə tanış olmaq istəyənlər
linkdən istifadə edə bilərlər.
Bəstəkar 2 operanın (“Bahadır və Sona” və
“Solğun çiçəklər”), 12 musiqili komediyanın,
2 simfoniyanın (“Gənclik” və “Vətən”),
“Bayatı-Şiraz” simfonik muğamının, violonçel,
fortepiano və simfonik orkestr üçün “İkili
konsert”in, simfonik orkestr üçün “Uvertüralar”ın, 2
simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin,
tar ilə Azərbaycan xalq çalğı alətləri
orkestri üçün 3 konsertin, xor üçün, xalq
çalğı alətləri orkestri üçün bəstələnmiş
rəngarəng janrlı əsərlərin, 200-ə qədər
mahnı və romansların müəllifidir.
Xalqımızın musiqi xəzinəsinə misilsiz
incilər bəxş etmiş Süleyman Ələsgərov zəngin
musiqi irsinə malik bəstəkardır. Müxtəlif
janrlarda bəstələdiyi əsərlər respublikanın
mədəni həyatında mühüm rol oynayaraq milli musiqi
sənəti tarixinə parlaq səhifələr yazıb.
Hərbi And.- 2024.- 5 iyul,¹(24).-S.13.