Camaldan sonra ailəmizə
böyük bir qürur, həm də dərin bir boşluq
qaldı...
Bir ananın kədərini, qəmini, göz
yaşlarını qələmə almaqdan çətin məncə
heç nə ola bilməz. Ananın səsini, qəlbinin dərinliyindən
qopub gələn kədərli sözləri dinləyib onu
ağ vərəqə düzmək necə ağır bir
hisslərdir. Bu ağırlığın içində qəlbimdə
bir fəxr, iftixar hissi də var. Qəhrəman, mərd, vətənpərvər
Azərbaycan övladından yazmaq insanı həm də
qürurlandırır.
Cəsur, qorxmaz, igid qardaşımız öz yolunu
seçəndə qəlbinin səsini dinləmişdi.
Baxmayaraq ki, anası onu həkim kimi görmək istəyirdi.
Amma bu sənətdə özünü heç cür
görə bilməmişdi. Onun üçün yalnız hərb
peşəsi ən sevimli, ən doğma idi.
Hərbin yolları çətin, keşməkeşli
olsa da, həm də müqəddəs və şərəflidr.
Bu yola insanı vətən sevgisi aparır. Ən ülvi hiss
olan bu sevgi tükənməzdir, əbədidir. Məhz bu
sevgi hopmuşdu Camalın qanına. Çünki bu sevgi min
illərdən gəlib damarlarımıza hopub, həyat qaynağımıza
çevrilibdir. Mənəviyyatımızı zənginləşdiribdir.
Camal üçün bu sevgi sonsuz idi. Çünki bu məhəbbətin
təməli körpəlikdən ailəsindən
başlayıb onun qəlbində kök salmışdır.
Uşaqlıqdan bünövrəsi qoyulan vətən
sevgisi son nəfəsinə qədər onunla birgə addımladı.
Camal vətən sevgisini öz mənində yaşadıb. Məhz
bu sevgi onu vətənin müdafiəçisinə
çevirib. Onun uğrunda canından keçməyi öyrədib.
Əsl vətənpərvər, igid, cəsur bir
döyüşçü kimi yetişməyində
mühüm rol oynayıb.
Bu sayımızda sizi Hadrut fatehi Camal Vidadi oğlu
İsmayılovun həyat hekayəsilə tanış edəcəm.
Anası Filarə xanımla Camallı günlərə yenidən
işıq salıb, cəsur
döyüşçümüzü yad edəcəyik.
Baş gizir, Vətən Müharibəsi Qəhrəmanı
Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala
rayonunun Həsənabad qəsəbəsində anadan olub. Ailənin
ikinci övladı olan Camaldan iki yaş böyük
bacısı və 8 yaş kiçik qardaşı var. Dərin
düşüncəli, intellektual səviyyəyə malik
Camal uşaqlıqdan yaşıdlarından seçilib.
Ağıllı düşüncələri ilə müəllimlərin
sevimlisi olub:
“Camalın iki yaşı olanda Krasnoyarsk vilayətinin
İqarka şəhərinə köçdük. Bir müddət
orada yaşadıq. Baxmayaraq ki, vətəndən uzaqda
yaşayırdıq, amma qəlbimiz hər an doğma yurda
bağlı olub. Buna görə də övladlarım
uşaq yaşlarından vətənpərvər ruhda
böyüyüblər. Əsasən də Camalda mərdlik,
cəsarət, qorxmazlıq kiçik yaşlarından
özünü göstərib. Bağçada
özünü həmişə məğrur, əyilməz,
qürurlu aparıb. Buna görə də müəllimələri
onu “Azərbaycanın fəxri” adlandırırdılar”.
Camal uşaqlıqdan haqsızlıqla
barışmayıb. Xüsusən də vətəni haqqında
kiminsə düzgün olmayan fikirlər bildirməsinə
etirazını bildirib, mübahisə edərdi:
“Bir gün bağçada bir uşaqla mübahisələri
düşür. Uşaq Camala deyir ki, Azərbaycan səhralıqdır,
orada ağac bitmir. Bu da onun qəlbinə toxunur. Onun
arxasınca bağçaya gələndə çox əsəbi
formada dedi ki, ana, sən buna ölkəmizin necə gözəl
olduğunu başa sal. Baxmayaraq, Camal Azərbaycanı görməmişdi,
lakin bizim söhbətlərimizdən ölkəmizin necə
cənnət-məkan olduğunu eşitmişdi. Ümumiyyətlə
vətənimiz haqqında kiminsə mənfi fikir söyləməsini
uşaqlıqdan qəbul etməyib. Körpə
yaşlarından vətənin müdafiəçisi olub
Camal”.
Filarə xanım deyir, evlərində balaca bir
kitabxanaları var idi. Camalın ilk dəfə oxumaq
üçün seçdiyi kitab Koroğlu dastanı olur. Bu
da qəhrəmanımın daxilindəki vətənpərvərlik
ruhundan qaynaqlanırdı. Mərdlik, igidlik, cəsurluq onun
daxilində özünə yer almışdı. Sonra
Qızılbaşlar romanını oxuyur. Və Şah
İsmayılın vurğunu olur. Ümumiyyətlə Camal
uşaqlıqdan vətənpərvərlik ruhunda olan əsərləri
çox sevir. Bu əsərlərdəki qəhrəmanlar onun
gələcəkdə əsl qəhrəman olmasında
böyük təkan olur.
Camalgilin ailəsi bir müddət Rusiyada yaşasa da,
sonralar doğma vətənə qayıdır. Bu o zaman təsadüf
edir ki, artıq ölkəmizin başını qara buludlar
almışdı. Azərbaycan müharibə şəraitində
idi. Torpaqlarımız ard-ardından erməni mənfurları
tərəfindən işğal olunurdu. Camal belə
ağır günləri görə-görə
böyüyür. Düşmənə nifrət ruhunda
böyüyən vətənpərvər gəncin qəlbində
intiqam hissi getdikcə daha çox alovlanırdı. Heç
bir zaman ədalətsizliklə barışmayan Camal tezliklə
böyüyüb qisasımızı almağa tələsirdi.
Onda olan böyük intiqam hissi qəhrəmanımızı
hərbə doğru yönəldir. Hərbçi olmaq, hərbçi
forması geyinmək onun xəyalında qurduğu ən
böyük arzulardan idi. Orta məktəbi bitirdikdən sonra
da bu amalla hərbi xidmətə yollanır. Xidməti boyu bu sənətə
bağlılığı onun məsuliyyətli
davranmasında mühüm rol oynayır:
“8 ay idi ki,müddətli həqiqi hərbi xidmətdə
idi. Bir gün Camaldan mənə məktub gəldi.
Yazmışdı ki, “onları oxumağa göndərirlər.
Mənə görə narahat olmayın. Bu bir fürsətdir,
onu əldən verməyəcəm”. Mən o zaman hara gedəcəyini
bilmədim. Sonra öyrəndim ki, xüsusi təyinatlı
qüvvələr təzə yaradılmışdı.
Camalın bacarığını, hərbi xidmətində məsuliyyətini
görüb onu da xüsusi təyinatlılara seçiblər.
Camal xüsusi təyinatlı qüvvələrin təkmilləşdirmə
kursunda təhsil alır”.Bir müddət sonra Camal kursu
uğurla başa vurub XTQ-də xidmətə başlayır.
Bir çox xarici öllkədə təlimlərdə
iştirak edir. 94 dəfə paraşütdən qüsursuz
atışı olur. Xizək sürməyi,
dağçılıq və digər kursları müvəffəqiyyətlə
başa vurur:
“Diplomları, sertifikatları var idi. Oğlumun bu
uğurları bir ana kimi məni çox sevindirirdi. Onunla
qürur duyurdum. Təsadüf nəticəsində hər dəfə
8 mart qadınlar bayramında təlimlərdə olurdu. Oradan zəng
vurub uğurları ilə bayramımı təbrik edərdi.
Bu mənim üçün ən böyük hədiyyə
olurdu”.
Camal qohumcanlı, ailəcanlı insan idi. Dostları
arasında böyük hörməti var idi. Filarə xanım
deyir, hamı Camala hörmətlə yanaşardı. Ailəsinə
çox bağlı idi:
“2007-ci ildə Camalı nişanladıq. Bir il sonra
toyları oldu. 2009-cu ildə qızı Əsmət, 2011-ci
ildə ikinci övladı Əsnat dünyaya gəldi. Nəvələrimin
dünyaya gəlişi ailəmizi çox sevindirirdi. Hərbi
əməliyyata yollanmazdan əvvəl oğlunun
olacağını bilirdi. Ona Alparslan adının
qoyulmasını söyləmişdi. Onun arzusu ilə 2021-ci
ildə dünyaya gələn övladının adını
Alparslan qoyduq”.
Filarə xanım deyir, 18 il müharibə
abu-havasında olmuşuq. Bilirdik ki, müharibə nə vaxtsa
olarsa, övladımız mütləq döyüşlərdə
iştirak edəcək:
“Hər dəfə onlara gedəndə dayanıb
oğluma baxardım. Onun necə sevərək
hazırlaşdığını seyr edərdim. Əynində
hərbçi paltarı hər zaman öz səliqə-səhmanında
idi. Hər dəfə oğluma baxanda Səməd Vurğunun
bu şeiri qəlbimdən keçirdi:
Geyinib əsgər paltarını, silahlandı qəhrəman.
Onun polad sinəsinə sığışmadı
ürəyi.
Dayan! – deyib, yaxın gəldi, öpdü onun
alnından
Yaz gününün xoş səhəri, bir də
dağlar küləyi”.
18 il xüsusi təyinatlı qüvvələrin təmsilçisi
olaraq müxtəlif təlimlərdə, vacib hərbi əməliyyatlarda
iştirak edib. Rus, ingilis, erməni dillərində sərbəst
danışan Camal Aprel və Tovuz döyüşlərində
iştirak edir. Son döyüşü isə Vətən
müharibəsi olur.
Camal İsmayılov Vətən müharibəsində
öz qəhrəmanlığı, göstərdiyi
şücaəti ilə nümunəvi
döyüşçülərdən olur. Xocavənd və
Qırmızı bazar istiqamətində gedən
döyüşlərdə böyük qəhrəmanlıq
nümayiş etdirir. Düşmənlə yaxın təmasda
döyüşərək hər zaman fərqlənib.
Tapşırılan çox mühüm əməliyyatları
uğurla başa çatdırıb.
Hadrut əməliyyatı Camalın döyüş
yolunda xüsusi seçilir. Camal bu əməliyyatda
döyüş yoldaşları ilə birgə düşmənə
sarsıdıcı zərbələr endirir:
“Onunla birgə ilk Hadruta girən döyüş
yoldaşları danışır ki, Camal erməni polkovniki əsir
alır. Onun ratsiyasını ələ keçirir. 1500 nəfər
erməni hərbi qulluqçusuna öz dillərində geri
çəkilin əmrini verir. Güllə atılmadan 1500 nəfərlik
heyət geri çəkilir. Bu əməliyyat şəhid
verilmədən uğurla yerinə yetirilir".
Filarə xanım üçün müharibə ilə
bağlı danışmaq çox çətindir. Deyir,
çalışıram müharibədən
danışmayım. Çünki oğlumu itirmək istəmirəm.
O günləri xatırladıqca qəlbimdəki göynərtinin
sızıltısı məni o qədər üzür ki,
danışa bilmirəm:
“Camallı günlərin xatirəsindən
danışmaq istəyirəm. O zaman övladımın
sağ-salamat yanımda olduğunu təsəvvür edirəm.
Müharibə adı gələn kimi yenidən o dəhşətli
anlar gözlərimin önündən keçir. Müharibə
balamı məndən aldı. Mən balamı Laçın
uğrunda döyüşlərdə itirdim. Camalın qalib əsgər
olaraq qayıtmasını gözləyirdim. Amma...”.
Sentyabrın 27-də müharibənin
başlandığını eşidən andan ailənin
bütün dincliyi pozulur. Baxmayaraq ki, Camal bu vaxta qədər
bir neçə hərbi əməliyyatlarda iştirak
etmişdi, lakin ailənin narahatçılığı bir
başqa idi:
“Tez-tez zəng vurub bizimlə danışırdı.
Hər dəfə səsini eşitsəm də,
narahatçılığım keçmirdi. Hər şəhid
xəbəri gəldikcə qəlbim paramparça olurdu.
Sonuncu danışığımız oktyabrın 18-də
oldu. Nə bilərdim ki, sonuncu dəfə balamın səsini
eşidirəm. Sən demə, oğlum hamımızla
vidalaşırmış. Səhəri gün ondan zəng gəlmədi.
Düşündüm ki, yəqin vacib əməliyyatdadırlar
ona görə zəng edə bilmir. Oktyabrın 20-də də
onunla əlaqə saxlaya bilmədik.
Narahatçılığım getdikcə məni çox
narahat edirdi. 21-də mənim doğum günüm idi. Fikirləşdim
ki, bu gün mütləq zəng edəcək. Amma gözlədiyim
zəngin əvəzində hər zaman qorxduğum dəhşətli
xəbəri gəldi balamın. Axşamüstü mənim
ad günümü öz şəhadətilə təbrik
etdi Camalım. Həmin gün həyatımız bir anın
içində alt-üst oldu. Bu gün Camalsız yaşamaq
çox çətindir bizə. O gündən mənim
üçün nə fəsillər, nə illər dəyişir.
Nə günlər keçir, nə aylar gedir. Elə həmin
tarixdə donub qalmışam. Tək mən yox, bütün
ailəmiz o anın dəhşətindən ayrıla bilmir.
Balam 36 illik həyatına çox şeylər
sığışdırdı. Amma özü bu dünyaya
sığışmadı. Qəlbimdə sağalmaz bir yara
açdı balam. Bu dünyada qısa da olsa, şərəfli
bir ömür sürdü. Camaldan sonra ailəmizə
böyük bir qürur, həm də dərin bir boşluq
qaldı..."
Elnurə İSAXAN
Hərbi And.- 2024.-31 may,¹19.-S.7.